Dünya əhalisinin 23 faizini təşkil edən Çinin, dünya Ümumi Daxili Məhsulu və Ticarət Səviyyəsi içərisindəki payı da bununla eyni nisbətdə olmadıqca, Çində yüksək məhsuldarlıqdan danışmaq tez olardı

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 90.14 Kb.
tarix20.10.2017
ölçüsü90.14 Kb.

Dünya əhalisinin 23 faizini təşkil edən Çinin, dünya Ümumi Daxili Məhsulu və Ticarət Səviyyəsi içərisindəki payı da bununla eyni nisbətdə olmadıqca, Çində yüksək məhsuldarlıqdan danışmaq tez olardı. Belə ki, Çin dünya ÜDM-sinin 12.6 faizini, ixracatının 5.2 faizini və idxalatının da 4.2 faizini təşkil etməkdədir. Yəni Çin hələ beynəlxalq əmək bölgüsündə ona məxsus olan təbii paydan aşağı səviyyədə faydalanmaqdadır.

Başqa bir rəqəm də aqrar sektordan verilə bilər. Belə ki, sənaye inkişafını tamamlamış və bilgi çağına keçmiş olan inkişaf etmiş ölkələrdə toplam məşğulluq səviyyəsinin çox azı aqrar sektorun payına düşməkdədir. ABŞ-da bu rəqəm 2 faiz, Avropa Birliyində (25 ölkə) isə 5 faizdir. Çində isə aqrar sektorda çalışan iqtisadi fəal əhali 50 faizdir. Ayrıca Çində 1.3 milyard əhalinin 800 milyonu kəndlərdə yaşamaqdadır. Yəni Çin nəinki Bilgi Çağına keçməyib, hətta aqrar inqilabı belə tam olaraq tamamlamadığı kimi sənayeləşməyə də davam etməkdədir. Yəni Çin iqtisadiyyatına baxdığımızda daha çox aqrar sektora dayanan, qismən sənayeləşən və çox az olaraq da bilgi çağı vasitələrindən istifadə edən üçlü bir quruluşa sahib bir iqtisadiyyat görərik. Çinin başlıca sənaye sahələrinə baxdığımızda dəmir-polad, kömür, makinalar, silah, trikotaj, neft malları, sement, kimyəvi gübrə, ayaqqabı, oyuncaq, qida maddələri, avtomobil, elektronika vasitələri, rabitə vasitələri kimi sahələri görürük. Başlıca ixracat məhsulları isə, qida maddələri, tütün, makinalar, rabitə cihazları, trikotaj və geyim əşyası, ayaqqabılar, mineral yanacaqlar, kimyəvi mallardır. Bunların hansının və nə qədər bilgi ilə əlaqəli olduğu mübahisəlidir. Yəni Çinə investisiya yatıran firmalar burada bilgi olduğu üçün deyil ucuz və bol əmək olduğu üçün gəlirlər.

Məncə Çinin inkişaf etməkdə olan ölkələrə örnək olacaq ən böyük müvəffəqiyyəti, Yaponiya və Cənubi Koreya təcrübəsindən fərqli olaraq, idxalatı və birbaşa xarici investisiyanı sərbəst buraxmasıdır. Listgil politikalar çərçivəsində qismi proteksionizm tətbiq edən Yaponiya və Cənubi Koreyadan fərqli olaraq, Çin iqtisadiyyatını xaricə açmaqla əslində üçüncü bir böyümə tərzi icad etmiş oldu. Belə ki, indiyə kimi bizə idxalatı əvəzləyici böyümə və ixracata dayanan böyümə tərzləri məlum idi. Çin isə daha fərqli və yeni bir iqtisadi böyümə tərzini xarici ticarətə dayanan böyümə tərzini ortaya çıxardı. Belə ki, aparılan araşdırmalar nəticəsində bəlli olub ki, ölkədə məhsuldarlıq artımına idxalat ixracatdan daha çox faydalıdır. Çünki idxalat ölkə içində rəqabəti artırır və istehsalçıları daha keyfiyyətli malları daha ucuza istehsal etməyə məcbur edir. Məncə Çin sürətli böyüməsini ən çox bu faktora borcludur.


Joseph Stiglitz* Çinin revalvasiyası haqqında

(“Amerika Çinə stabil iqtisadiyyat dərsi deyə bilməkdən uzaqdır”, Financial Times, 27 iyul, 2005)

Çinin revalvasiyasının oyatdığı hiss burulğanı səngidikcə – axır ki, (böyük olmasa belə) qazanc əldə edən alverçilərin (1) canfəşanlığı da daxil olmaqla – bunun Çin, ABŞ və dünya iqtisadiyyatı üçün nə mənaya gəldiyi və gəlmədiyini qərəzsiz qiymətləndirməyin vaxtı gəlmişdir.

Məsələdə xeyli qeyri-müəyyənlik qalmaqdadır. Çinin öz valyuta məzənnəsini uyğunlaşdırmaq (adjustment) istəyi nümayiş etdirdiyinə baxmayaraq, hadisələrin sonrakı gedişi bilinməməkdədir. Üzümüzə gələn iki il ərzində ümumi uyğunlaşma 10 faiz, yoxsa 40 faiz olacaq? Sözsüz ki, alverçilər bu rəqəmlərdən daha böyüyünü gözləyəcəklər. Və Çin ölkəyə (bundan doğan – K.M.) kapital axınlarının qarşını müdrikcəsinə aldıqca, bu ölkənin xarici valyuta ehtiyatını davamlı olaraq artırmasını gözləyə bilərik. Bu isə, alverçilər və onların həmfikirləri tərəfindən revalvasiyanın davamı üçün əsas kimi istifadə olunacaqdır. Lakin Çin bunları, ümidvaram ki, sezə biləcəkdir.

Burada əsas məsələ dəyər almanın qlobal iqtisadi natarazlıqlara, Cinin ticarət artığına və ABŞ-ın ticarət kəsrinə necə təsir göstərəcəyi və yan effektlərin, əgər olarsa, nə olacaqdır. Amerikanın 700 milyard dollarlıq ticarət kəsri Çinin ticarət artığından 9 dəfə böyükdür. Çinin iqtisadiyyatı indiyə qədər sürətlə artmaqda idi – söhbət inflyasiya təzyiqindən az qala azad, sürətli iqtisadi artımdan gedir. Revalvasiya buna çətin ki, əngəl olsun. Hətta daha da böyük revalvasiyaların qlobal natarazlıqlara təsir göstərməsi ehtimalı böyük deyildir.

Birincisi, Çinin ticarət artığının dəqiq məbləğini bilmirik (2). Çünki, valyuta tənzimləməsi sədlərini aşmaq üçün firmalar ixracatlarını şişirdib, idxalatlarını kağızda [yəni süni olaraq] azaldırlar ki, bu da alver axınlarının bir hissəsidir. Çin ixracatının (xüsusilə də Amerikaya yönəlmiş olanının) yüksək idxal tutumu (3) ölkənin rəqabət qabiliyyətinin cüzi dəyişəcəyini göstərir. İqtisadçılar Amerikaya ixracatın idxal tutumunun 70 və ya 80 faiz olması üzrə razılaşmırlar. Ancaq bu rəqəm nə olursa olsun, bu o deməkdir ki, effektiv (4) dəyərlənmə demək olar ki, tam müəyyənliyi ilə 1 faizdən aşağı olmuşdur. Daha böyük revalvasiya yer alsaydı, Çin firmaları, güman ki, rəqabət qabiliyyətinin azalmasına qiymət-xərc aralığını (5) azaltmaqla cavab verərdilər ki, bu da revalvasiyanın təsirini daha da azaldardı. Bu revalvasiya – hətta ardından daha kiçikləri gələrsə belə – Çinin yüksəlməkdə olan ixracat dalğasını yalnız cüzi şəkildə kiçiltmək ehtimalı daşıyır.

Lakin bunun və ya ardıcıl revalvasiyaların Çinin ticarət artığını azaldıb azaltmaması daha vacib problem olan qlobal ticarət natarazlıqlarına və xüsusən də ABŞ-ın ticarət kəsrinə az təsir edəcəkdir. Çinin son vaxtlarda, məsələn, keçən ilin dekabrında kvotaların ləğvindən sonra (6), toxuculuq sənayesi mallarının satışından əldə etdiyi gəlir digər inkişaf etməkdə olan ölkələrin itkiləri hesabına qazanılmışdır. Amerika yenə də onlardan alacaq və deməli, ümumi ixraclarında az dəyişmə olacaqdır.

Daha köklü şəkildə yanaşsaq, ticarət kəsri ölkəyə kapital axınları məbləğinə, bunlar isə öz növbəsində daxili investisiya ilə daxili yığımın fərqinə bərabərdir (7). Buna görə də, normal halda, büdcə kəsri artdıqda (yəni daxili yığım azaldıqda) ticarət kəsri də artır (8). Nə prezident George W.Bush, nə də ABŞ Xəzinədarlığı katibi John Snow Çin revalvasiyasının bu təməl tənlikləri necə dəyişdirəcəyini izah etməmişlər. Ölkədaxili investisiya aşağı düşmədikcə və ya ölkədaxili yığım yüksəlmədikcə ticarət kəsri azalmayacaqdır. Ticarət kəsri azala bilər, ancaq bu halda vəziyyət elə də yaxşı olmayacaqdır. Əgər arzumuz həyata keçərsə və Çinin bizimlə ticarət artığı yox olarsa, daxili investisiya, misal üçün, aşağı düşə bilər. Yəni, Çin öz ticarət artığından gələn pulu bizim nəhəng büdcə kəsrimizi maliyyələşdirməyə (9) artıq yönəltmədiyi halda orta və qısamüddətli faiz dərəcələri yüksələ bilər. Əgər bu yüksəlmə ev alqısı köpüyünü sancsaydı (10), investisiya azalması artım tempinin azalması ilə birləşə bilərdi.

Ağıllarda qarşılıqlı asılılıq əfsanəsi gəzir: Çinin ABŞ-a mal ixrac etmək ehtiyacı, ABŞ-ın isə büdcə kəsrini maliyyələşdirmək üçün Çinin puluna ehtiyacı vardır. Ancaq, əgər Çin ABŞ-a borc verdiyi pulu öz inkişafına yönəldəsi olsa, mal ixracından doğan itkinin əvəzini asanlıqla çıxa bilərdi – və vətəndaşlarının rifahı bundan hətta bəhrələnə də bilərdi. Əgər hökumət onsuz da bu pulu borc verəcəkdisə, niyə də elə öz inkişafını maliyyələşdirməsin? Çində sərmayə qoyuluşuna nəhəng bir tələbat vardır. Dünyanın ən varlı ölkəsində istehlakın, dünyanın ən varlı ölkəsinin ən varlı adamları üçün vergi güzəştlərinin və ya əksəriyyətin yersiz və məntiqsiz kimi gördüyü bir müharibənin xərclərini ödəməkdənsə, niyə də özlərinin artmış olan istehlakını maliyyələşdirməsinlər ki? Lakin ABŞ faiz dərəcələrini xeyli yüksəltmədən maliyyələşmə uçurumunu elə də asanlıqla örtə bilməyəcəkdir ki, bu da iqtisadiyyata böyük zərbə vura bilərdi.

Digər bir əfsanə də vardır: Çin milli valyutasının məzənnəsini başlı-başına buraxıb (yəni, tam üzən məzənnəyə keçib) qiymətin əmələgəlməsini bazar qüvvələrinə həvalə etsəydi bundan xeyir görə bilərdi. Heç bir bazar iqtisadiyyatlı ölkə valyutasının məzənnə işlərinə qarışmayacağına əhd etməmişdir. Daha konkret desək, heç bir bazar iqtisadiyyatlı ölkə makroiqtisadi intervensiyalara əl atmayacağına əhd etməmişdir. Hökumətlər mütəmadi olaraq maliyyə bazarlarına – məsələn, faiz dərəcəsini təyin edərək – intervensiya edirlər. Bəzi bazar fundamentalistləri hökumətin bunların heç birini etməməli olduğunu deyirlər. Ancaq günü-bu gün bu görüşləri heç bir ölkə və çox az iqtisadçı qəbul edir. Onda məsələnin qoyuluşu belədir: bazar müdaxiləsi tədbirlərinin ən yaxşı yığını hansıdır? Məzənnənin qeyri-stabilliyi böyük itkilərə səbəb ola bilər və hökumətləri valyutalarının məzənnəsini stabilləşdirmək üçün ağıllıca müdaxilə etmiş ölkələr, ümumi götürəndə, bunu etməyənlərdən daha uğurlu olmuşlar.

Məzənnə riskləri şirkətlərin boynuna ağır yük qoyur: bu riskdən qurtulmaq, xüsusilə də İnkişaf Etməkdə Olan Ölkələrdə, baha başa gəlir və çox vaxt mümkün olmur. Valyuta məzənnəsinin idarə olunması məsələsi daha geniş bir mövzuya gətirib çıxarır: iqtisadiyyatın idarə edilməsində dövlətin roluna. Hazırda, demək olar ki, hamı dövlətin iqtisadiyyata lazımından əskik müdaxiləsinin xələl gətirdiyini qəbul etdiyi kimi, lazımından artığının da zərərli olduğu ilə də razılaşırlar. Çin uzun zamandan bəri qüvvələr tarazlığını dəyişdirməkdədir və son iki onillik ərzində bazarlar xeyli əhəmiyyət qazanmış, dövlətin iqtisadiyyatda çəkisi isə azalmışdır. Ancaq hökumət hələ də həlledici rolu oynamaqdadır. Çinin bu özünəməxsus yolu Çinlilərə böyük xeyir gətirmişdir. Söhbət təkcə gəlirlərin başgicəlləndirici 9 faizlik artım sürətindən və bu sürətin 20 ildən çox saxlanılmasından yox, bu artımın bəhrəsinin geniş kütlələrə yansıdığından gedir. 1981-2001-ci illər arasında 422 milyon Çinli (mütləq) yoxsulluqdan yaxa qurtarmışdır.

ABŞ iqtisadiyyatı Çin artımının üçdə biri sürəti ilə artır. Yoxsulluq artmaqda, orta ev təsərrüfatı gəlirləri isə, real vahidlərlə ifadəsində (11) azalmaqdadır. Amerikanın toplu xalis yığımı (total net savings) Çininkindən xeyli aşağıdır. Çin dünya iqtisadiyyatında rəqabət aparmaq üçün lazım olandan xeyli artıq sayda mühəndis və alim yetişdirir (12). Eyni zamanda, Amerika təməl tədqiqatlara ayrılan vəsaiti azaldaraq, hərbi xərcləri artırmaqdadır. Bu arada isə, Amerikanın [xarici] borcu şişməyə davam etdikcə, onun prezidenti ən varlı adamlar üçün nəzərdə tutulmuş [keçici] vergi güzəştlərini həmişəlik bərqərar etmək istəyir. Bütün bunları nəzərə alaraq, Çinin rəhbərləri istər valyuta məzənnəsi, istərsə də iqtisadiyyatın idarə edilməsində ABŞ-dan məsləhət almaq ehtiyacını duymaya bilərlər.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

* Müəllif Nyu-Yorkun Kolumbiya Universitetinin professorudur. 2001-ci ildə Akerloff və Spenselə birgə informasiya asimmetriyaları üzrə tədqiqatlarına (80-ci illər) görə iqtisad elmində Nobel mükafatına layiq görülmüş, 1993-cu ildə ABŞ prezidenti yanında İqtisadi Məsləhətçilər Şurasının rəhbəri, 1997-ci ildən Dünya Bankının vitse-prezidenti və baş iqtisadçısı vəzifələrini icra etmişdir. Amerika hökumət dairələri və onlardan asılı olan başlıca beynəlxalq maliyyə qurumlarının fəaliyyətinə etiraz edərək vəzifəsindən üç il sonra çıxıb elmi fəaliyyətinə qayıtmış və bu müddətdə yaşadıqlarını bütün dünyada məşhurlaşmış “Qloballaşma və ziddiyyətləri” kitabında qələmə almışdır (qeyd və izahlar mənimdir - K.M.).

(1) Valyutanı ucuz alıb, dəyər aldığından sonra satışından gəlir qazananlar (əksi də doğrudur) nəzərdə tutulur.

(2) Bu fikrə qüvvət verərək qeyd edək ki, “Time” jurnalı (13 iyun, 2005/165(24)) bu rəqəmin bu il 200 milyard dollara çatacağını göstərir (fərq cəmi 3,5 dəfəyə enir, bu isə artığın daha böyük olduğunu göstərir).

(3) Yəni, Çin hər hansı bir ölkəyə ixrac etdiyi malların orada emalından sonra hazır malları yenidən idxal edir. Dolayısı ilə, renminbinin dəyər qazanması ixracı nə qədər çətinləşdirirsə, idxalı bir o qədər asanlaşdırdığından, yüksək idxal tutumlu ixracata malik Çinin ticarət dövriyyəsi göstəriciləri az dəyişəcəkdir.

(4) Yəni real iqtisadiyyatın hiss etdiyi xalis dəyərlənmə.

(5) Xatırladım ki, iqtisad elminin sənaye təşkilinin iqtisadiyyatı adlı qolunda qiymət-xərc aralığı hər hansı bir şirkətin öz malının satışında qiyməti azad bazar qiymətindən (azad rəqabətli bazarın bütün şərtlərinin ödənildiyi təqdirdə bazarda bərqərar olacaq qiyməti nəzərdə tuturam) yuxarıda tuta bilməsi imkanını əks etdirən mənfəət göstəricisidir. Aşağıdakı kimi ifadə olunur: ( P – C'q )/P; Burada P-cari (azad bazar qiyməti olmayan) qiymət; C'q –marjinal xərcdir. Hər ehtimala qarşı azad bazar rəqabəti şəraitində bu iki dəyərin üst-üstə düşdüyünü yada salıram.

(6) Söhbət inkişaf etmiş ölkələrin özlərinin rəqabətə tab gətirməyən toxuculuq sənayesini qorumaq məqsədilə “Multi-Fibre Agreement” sazişi çərçivəsində üçüncü dünya ölkələrindən toxuculuq mallarına qoyduğu məhdudiyyətlərdən gedir. Bunlar 2004-cü ilin dekabrında aradan qaldırılmışdır.

(7) Riyazi eynilikləri bir qırağa qoyub məntiqlə fikirləşsək, ölkədə mənfəətli sərmayə qoyuluşuna olan tələbi ödəmək üçün yerli resurslar bəs etmədiyi təqdirdə ölkəyə xarici sərmayə yönələcəkdir. Söhbət geniş mənada investisiyadan (maliyyə aktivləri daxil olmaqla) gedir.

(8) Deyilənləri əyani şəkildə qavramaq üçün sözügedən bərabərlikləri riyazi şəklini yadınıza salıram:


tədiyyə balansının təhlilindən, ∆R* - ticarət artığı/kəsri ilə xalis kapital axınlarının fərqi müqabilində dövlət valyuta ehtiyatlarının dəyişməsi, KX - kapital ixracı, KM - kapital idxalı olmaqla: (X – M) – (KX – KM) – ∆R* ∆ 0; Tam üzən məzənnə rejimində saxlanılması istənilən paritet olmadığından dövlət valyuta bazarına müdaxilə etmir: ∆R*=0, buradan (M – X) = (KM – KX), yəni, ticarət kəsri ölkəyə kapital axınına bərabərdir.
Digər tərəfdən Y - milli məhsul, C – istehsal mallarının daxili istehlakı, I – daxili investisiya, G – dövlət xərcləri olmaqla: Y = C + I + G ; R-milli gəlir, C - hazır malların ölkədaxili istehlakı, S - ölkədaxili yığım, T - yığılan vergilər (adətən dövlətin başlıca gəlir mənbəyi) olmaqla : R = C + S + T; Əgər beynəlxalq ticarətə açıq iqtisadiyyatı nəzərə alsaq bu bərabərliklərin sağ tərəflərinə müvafiq olaraq X-ixracat, M-idxalat əlavə edə bilərik. R və Y pulla ifadələrinin milli hesablar sistemində şərti qəbul olunmuş hər hansı zaman aralığının (çox vaxt bu 1 il olur) sonunda ekvivalent olduğunu nəzərə alsaq: C + S + T + M = C + I + G + X; qruplaşdırma aparıb aşağıdakı eyniliyi alırıq: (X – M) = (S – I ) + (T – G) (üç aralıq modeli (“three gaps model”) məhz bu qədər sadədir); hər üç üzvü müsbət qəbul ütsək sağ tərəfdə ticarət artığı (ixrac idxaldan böyükdür), sol tərəfdə isə müvafiq olaraq xalis yığım (sərmayə qoyuluşu və istehlakdan sonra yerdə qalan yığım) və dövlət gəliri (yığılan vergi xərcləri tam ödəyir) durur. Hər iki tərəfin üzvlərini mənfi qəbul etsək müvafiq olaraq ticarət kəsri, sərmayə tələbi artığı və büdcə kəsrini alırıq.

(9) Məsələn, ABŞ Xəzinədarlığı borc vərəqələri və ya dövlət istiqrazlarını almaqla. Nisbətən aşağı faizli olsa da, belə maliyyə investisiyası (arxasında ABŞ-ın az qala tükənməz maliyyə qüdrətinin doğurduğu güvən durduğu üçün) dünyada itkisiz gəlir mənbəyi sayılır.

(10) Söhbət Amerikada hal-hazırda genişlənməkdə olan ipoteka bazarına faiz dərəcəsi yüksəlməsinin mənfi təsirindən gedir. Məsələ burasındadır ki, zirvə nöqtəsini yaşayan hər bir gəlirli və yüksək tələbli bazar kimi burada da köpük fenomeninin üzə çıxma qorxusu vardır. Yəni, ev qiymətlərinin alverçilik (intensiv alınıb-satılma xətti ilə, həmişəki kimi aradakı fərqdən qazanc əldə etmək məqsədilə) nəticəsində bazarda əsl dəyərlərindən yuxarı çıxması evləri girov kimi qoyub kredit almanı asanlaşdırır. “Köpük partladıqda” (yəni, bazar iştirakçıları qiymətlərin əsassız şişirdildiyini anladıqda) girovun qiyməti təməl dəyərinə enir və borcluların vəziyyəti birdən-birə xeyli pisləşir.

Köpüyün partlamayıb, sadəcə “dəlindiyi” və “havanı tədricən buraxdığı” hal məhz Stiglitzin təsvir etdiyinə uyğun gəlir. Hadisələrin ardıcıllığını belə görmək olar: faiz dərəcəsi yüksələndə mənzil alqısı kreditləri üzrə daha yüksək faiz ödəməli olan ev təsərrüfatları bu halda istehlaklarını azaldacaq, onlara kredit ayıran bankların balansının aktivində isə ümidsiz və şübhəli kreditlərin payı artacaqdır. Təbii ki, banklar kreditlərini xeyli kəsməklə itkilərini məhdudlaşdırmağa çalışacaqlar. Bu isə bir sıra səmərəli investisiya layihələrinin gerçəkləşdirilə bilməməsi və ən başlıcası, maliyyə akseleratoru effekti ilə (banklar bir-biri ilə vahid ödəmə sistemi ilə bağlı olduğundan) ölkədaxili kredit həcminin sərt daralması ilə nəticələnəcək (credit crunch). Faiz dərəcəsinin gözlənilməz real (effektiv) yüksəlməsinin uzunmüddətli zaman aralığında istənilən sərmayə qoyuluşunun “bu günə görə” hesablanmış (aktualize edilmiş) dəyərini azaltdığını və bütün söylənənlərin ölkədə iqtisadi qeyri-müəyyənliyi artırdığını nəzərə alarsaq iqtisadi geriləmənin labüd olduğunu görmək olar. (Təbii ki, bunların hamısı məşhur ceteris paribus şərti altında keçərlidir.)

(11) Yəni, inflyasiya, faiz dərəcəsi dəyişməsi və digər monetar amillərin təsirini çıxmaqla.

(12) Hesab edirəm ki, bu fakt forumda səsləndirilən fikirlərin çoxunun əksinə olaraq, Çinin bilik çağına artıq keçdiyini və bu sahədə hətta rəqabət aparmaq imkanın da böyük olduğundan xəbər verir. Mən bilən, gərək məsələyə statik bucaq altından yox, dinamikası ilə baxaq. Yəni əsas olanı modernizasiya meylinin olması və bu prosesin sürətidir. Bu şərtin ikisi də Çin misalında ödənilir.






















Əlbəttə ki, hər bir dövlətin arzu etdiyi super qüdrətli olmaq üçün əsas şərtlərdən biri, hal-hazırda bəlkə də birincisi surətli iqtisadi inkişafdır. Konkret olaraq Çinlə bağlı onu demək istəyirəm ki, Çin artıq bir sıra məsələlərdə super dövlətə çevrilmişdir. Bunlardan ən başlıcası 1 milyard 300 milyon nəfərdən artıq əhalisinin olmasıdır. Doğrudur keyfiyyət heç də həmişə kəmiyyətdən asılı deyil. Xüsusi ilə də indiki zamanda.

Hesab edirəm ki, Çin əgər hazırkı, sürətli inkişaf tempini davam etdirə bilsə təqribən 2020-ci ildə dünyanın super qüdrətinə çevrilə bilər. Onun bu nailiyyətinin qarşısını ala biləcək əsas faktorlar məncə aşağıdakılardır:
- təbii fəlakətlər;
- daha müasir terrorizm;
- xarici ölkələrin, xüsusi ilə də ABŞ, Qərbi Avropa ölkələri, Türkiyə, Yaponiya, Rusiya, İsrail və digərlərinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti;
- dünyada ümumi iqtisadi böhranın yaranması;
- milli-mənəvi problemlərin meydana çıxması;
və digərləridir.
2000-ci ilin sonunda bir müddət Ağ Evdə məsləhətçi işləmiş məşhur Amerikalı futurist Alvin Toffler ilə yeni ictimai sistemi biologiyanın qaydaları ilə açıqlayan Kevin Kelly “Ulusal Kalite Kongresi”ndə çıxış etmək üçün Çindən İstanbula gəlmişdilər. Toplantıda, "Türkiyə ənənəvi addımları tərk edərək üçüncü dalğaya (bilgi çağına) keçə bilərmi?" şəklində bir sual verildi. Belə bir sualın Çində də ona verildiyini qeyd edən Alvin Toffler, “900 milyon kəndli, 200-300 milyon sənaye işçisi, 10 milyon da üçüncü dalğa işçimiz var. Birinci dalğadan üçüncü dalğaya keçə bilərikmi?” deyə soruşdular. “Bəli keçə bilərsiniz. Texnologiya olaraq keçə bilərsiniz, amma təhsil mərhələlərini keçə bilməzsiniz. Bunun üçün təhsil sistemində inqilab etmək lazımdır." deyə qeyd etmişdi.

Çinin super dövlət olması ilə bağlı məsələyə gəlincə isə, xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu qədər güclü iqtisadi inkişafa baxmayaraq nə Yaponiya, nə də Almaniya super dövlətə çevrilə bilmədi. ABŞ-ın və bir vaxtlar SSRİ-nin super dövlət olmasının səbəbi isə bu ölkələrin sadəcə iqtisadi qüdrəti ilə bağlı deyildi, dünyaya təqdim etdikləri dəyərlər sistemi ilə bağlı idi. Birisi sosializmi-kommunizmi təlqin etdiyi halda, digəri liberal-demokratiyanı önə sürürdü. İndi internetdə “azadlıq” kəlməsinin istifadəsini yasaqlayan Çin görəsən bəşəriyyətə hansı dəyərlər sistemini təlqin edəcək? Nə qədər iqtisadi cəhətdən inkişaf edirsə-etsin bu zehniyyətlə nə bilgi çağına keçə bilər, nə də super güc ola bilər. Zehniyyət dəyişikliyi olmadan sadəcə iqtisadi dəyişikliklərlə bilgi çağına keçmək olmaz.


Çinin qarşısındakı sədlər haqqında bəzi qeydlər etmək istərdim:

- Ümumdünya iqtisadi böhranı uzaqbaşı ixracat sənayesinə tələbin azalması ilə nəticələnə bilər. Böhrandan bu baxımdan bütün ölkələrə eyni dərəcədə zərbə dəyəcəyi üçün "super" dövlət olmaq potensialı azalmır.

Böhranın yayılmasının ən sürətli yolu maliyyə kanalıdır. Ya kredit sistemi, ya da ki milli valyuta xətti ilə. Çin isə hələ ki, dünya maliyyə bazarlarına o qədər də sıx inteqrasiya olmayıb. Bank sistemi dövlətdən asılıdır, renminbi isə tam dönərli deyil. Kapital hesabına böyük məhdudiyyətlər qoyulmuşdur. Çində aşağıdakı hallarda maliyyə böhranı ola bilər:

milli valyutasını tam üzən məzənnəyə keçirib (bu zəruri şərt deyil, indiki şəklində bir valyuta səbətinə bağlı qalsa da olar, hətta bu təqdirdə alverçi (spekulyativ) hücumu nəticəsində böhran daha da sürətlənir), tam dönərliliyini təmin edərsə;

maliyyə bazarlarını xarici investorlara tam açarsa (məsələn, qiymətli kağız alqısına məhdudiyyətlərin qaldırılması və s.);

kredit bazarını sərbəstləşdirərsə (xüsusən də xarici banklardan xarici valyutada istənilən məbləğdə kredit alınmasına icazə verərsə). Bir sözlə maliyyə sərbəstləşməsini həyata keçirərsə, "yoluxma" (contagion) effekti üzündən böyük çətinliklərlə üzləşə bilər. Asiya maliyyə böhranının Hindistana o qədər də zərər vurmadığını məhz bu səbəblərlə izah etmək olar. Təbii ki, bu halları qısamüddətli kapital axımlarının qarşısını almaqla, tam olmasa da, zərərsizləşdirmək olar (məşhur Çili-Kolumbiya ikilisinin təcrübəsi).


Qeyd edim ki valyuta alveri ilə böhran ehtimalı Çinin artmaqda olan böyük xarici valyuta ehtiyatlarının olması ilə kiçilir.

- Milli-dini hislərin oyanması ssenarisi doğru ola bilər. Xarici rəqiblər (xüsusən də belə işlərin mahir ustası olan ABŞ) də bundan sözsüz ki, faydalanacaqlar. Uyğurların lideri (qadındır, adi yadıma düşmür) hal-hazırda ABŞ-dadır. Tibetlilərə üstəlik Hindistan da dəstək verir. Hələ oyanmamış xalxa-monqolları, mançurları demirəm. Bir qığılcım kəşfiyyat idarələrinin fəaliyyəti üçün bəsdir. Bap-balaca Azərbaycanda bunu edirlər, Çində fürsəti əldən verməzlər. Burası ilə razıyam.

- Təbii fəlakətlər məsələsi ilə razı deyiləm, ABŞ-da dənizdə hər il dəhşətli fırtınalar olur, hələ quruda tornadoları demirəm. Yaponiyada olan zəlzələlərin sayı-hesabı yoxdur, buna baxmayaraq hər ikisi qüdrətini saxlaya bilir.

- Daha müasir terrorizm dedikdə, Tərxan, nəyi nəzərdə tutursunuz? Kim tərəfindən? Milli azlıqlar? CIA? Uyğurları müdafiə edən Əl-Qaidə? Kimyəvi, bioloji silahların istifadəsi? İnanmıram...

Məncə qarşıdurmalar daha strateji olub diplomatik müstəvidə həll olunacaq...
Ümumdünya iqtisadi böhranının əsas səbəbkarı Çin ola bilər. O zaman Çin dünya dövlətlərinə külli miqdarda kompensasiya ödəmək məcburiyyətində qalacaq ki, heç Çin səddi də ona kömək edə bilməyəcək.

- Tarixdə təbii fəlakətlərin məhv etdiyi dövlətlər az olmayıb. 12 min il bundan əvvəl Yer üzündən silinmiş Atlantidanı və digərlərini, həmçinin bizə məlum olmayan "n" sayda dövlətləri buna misal göstərmək olar.

- Daha müasir terrorizm hələ mövcud deyil. Onu kimlərin və kimin vasitəsilə törədəcəyinə gəldikdə isə bunu Siz özünüz qismən ətraflı formada milli-dini hisslərin oyanması ssenarisi ilə bağlı olan hissədə açıqlamısınız.

Bir şeyi də qeyd edim ki, heç də bütün problemlər danışıqlarla həll edilmir. Fələstin, Kipr, Qarabağ, eləcə də Çinin Tayvan problemi və digərləri buna gözəl misal ola bilər.


Nədənsə Çinə münasibətdə qərb iqtisadçıları kəskin şəkildə mövqe tuturlar. Yəni bir qrup Çinin ya ümumiyyətlə güclü bir qüvvəyə çevriləcəyini, digərləri isə heç bir qüvvədən söhbətin getməyəcəyini vurğulayırlar. Əslində bu başa düşüləndir. Çünki Çinin, Hindistanın timsalında yeni bir rəqabət mərkəzinin yaranmasını "qısqanclıqla" qarşılayırlar və situasiyaya real qiymət verərkən öz subyektiv "qorxularından" qaça bilmirlər. Elə bilirəm üçüncü tərəf iqtisadçılar bu debatda daha obyektiv qiymətləndirmə etməkdədirlər.

Təbii fəlakətlər faktoruna gələndə bu ekzogen bir amil olaraq o qədər də maraqlı deyil. Söhbət Çinin real olaraq hansı sürətlə getməsi, bunun nəyin hesabına olması və Çin üçün xarakterik olan qarışıq bir sistemdə hansı tərəfin hansı tərəfi sonunda vurması maraqlı olacaq. Yəni həqiqətənmi bazar münasibətləri bu şəkildə inkişaf etmək qabiliyyətində olacaqmı? Bəzi iqtisadçılar bunun müvəqqəti bir hal olduğunu vurğulayırlar.

Natiqin yazısında hələ bilgi çağının özünün sırf göstəricilərini götürmədən belə Çinin hansı çağda olması aydındır


İlk növbədə demək istərdim ki, super dövlət olmaq üçün ölkə hərtərəfli inkişaf etməlidir. Çinə nəzər saldıqda görərik ki, bu dövlətin inkişaf prosesi çox surətlidir. Amma bu prosesdə qüsurlar olmamış deyil.

Çində sosializm rejiminin mənfi cəhəti olan mərkəzləşmiş idarəçilik sistemi hökm sürur. Hətta sadə insanlar 14 təbəqəli bir idarəçilik sisteminə tabedirlər!!! Bu da bürokratiyanın və rüşvətxorluğun baş almasına gətirib çıxarır. Bu ölkədə rüşvət adi bir haldır. Əlbəttə ki bununla mübarizə aparılır. İqtisadi Kooperasiya və İnkişaf Təşkilatının apardığı tədqiqatlara görə, 2003-cü ildə Çində pul yuyulmasında və rüşvətxorluqda təqsirlənən 15000-ə yaxın insan saxlanılmışdır. Ölkəni ən azı $8,75 milyard qanunsuz pul tərk etmişdir (bəzi mənbələrdə bu məbləğ qat-qat çox göstərilir).

Başqa bir misal: intellektual mülkiyyətin qorunması. Bu sahədə Çin qanunvericiliyi qabaqcıllardan olsa da, qanunları tətbiq etmək asan iş deyil. Burada istehsal olunan saxta malların həcmi $19-24 milyard aralığındadır.

Başqa çatışmazlıqlar da var ki daha sürətli inkişafı zəiflədir.

Çin dövləti haçansa super dövlət olmaq istəyirsə, hökumət bu mühüm nöqsanları aradan qaldırmalıdır. Zənnimcə bu ölkənin daha da güclü inkişaf potensialı var...





















Keçən il George Sorosun şəriki birjaçı Jim Rogersin, "uşağınıza Çincə danışmağı öyrədin, 21-ci əsrin dili Çincə olacaq" şəklində açıqlaması olmuşdu. Jim Rogers, Çinin çox yaxında siyasi qeyri-stabillik nəticəsində iqtisadi bir durğunluğa daxil ola biləcəyinə də diqqət çəkərək, "bu il və ya gələn il qəzetlərdə "Çində qarışıqlıq" kimi başlıqlar görəcəyik. Məhz bu vaxt Çində mal satın almaq zamanıdır" deyə ifadə etmişdi.

Doğrudan da hər kəs Çinə fərqli prizmadan baxır. Jim Rogers də riskləri sevən adamdır, çünki risk nə qədər yüksəkdirsə qazanmaq və itirmək şansınız da o qədər yüksəkdir.

Yeni bir xəbər: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Çinin 2010-cu ildə ABŞ və Almaniyanı arxada qoyaraq dünyanın ən böyük ixracatçısına çevriləcəyini açıqladı.

Daha ətraflı məlumat burada: http://www.oecd.org/document/15/0,2340,en_2649_201185_35363023_1_1_1_1,00.html




Çində kredit və milli valyuta mənbəli böhran haqqında deyilənlərə əlavəm olacaq. Məncə qlobal kapital hərəkətləri özbaşına böhran yaratmaq iqtidarında deyildir və belə bir potensialları da yoxdur. Sadəcə olaraq, gələcəkdə baş verəcək olan daha şiddətli böhranın daha tez, yumşaq və qısa müddətli olmasına səbəb olurlar. Unutmayaq ki, Asiyada böhran zamanı Cənubi Koreyanın ifrat dərəcədə dövlət təminatsız qısa müddətli xarici borcları vardı. Bu borcların ödənməsinin qarşısında ciddi kredit riskləri vardı. Böhranla birlikdə bu bazar riskinə döndü. Tailandda da milli valyuta süni şəkildə (indi Çində olduğu kimi) dəyərli tutulurdu. Nə vaxtsa bundan vaz keçilməliydi. Eyni şəkildə Çin də indiki pul səbətinə bağlı sabit kurs sistemindən çıxmalıdır.

Ayrı-ayrı ölkə təcrübələri göstərir ki, inkişaf etmiş ölkələrdə tam sərbəst dəyişkən kurs sistemi, inkişaf etməkdə olan ölkələrdə isə idarəli sərbəst kurs sistemi daha müvəffəqiyyətli olur. Bu BVF-nin vitse-prezidenti Stanley Fisherin söylədiyi "sabit və sərbəst kurs sistemlərindən başqa sistemlərin ömrü uzunmüddətli olmaz" tezisini də çürüdür. İnkişaf etmiş ölkələrin xarici borc problemi yoxdur. Çünki bu ölkələr öz milli valyutaları cinsindən borclanırlar. Məsələn, ABŞ dollar, Avropa ölkələri avro, Yaponiya yen kimi. Dolayısilə bu ölkələrdə valyuta kursu dəyişəndə borc ehtiyatında heç bir dəyişiklik meydana gəlmir. Təbii ki, burada xarici ticarət və kapital axımlarının təsirini bir tərəfə qoyuram. İngiltərə və Avstraliya kimi inkişaf etmiş ölkələrin həm tam sərbəst dəyişkən kurs sistemini tətbiq edib, həm də müvəffəqiyyətli inflyasiya hədəfləməsini tətbiq etməsi dediklərimizə örnəkdir.

Fəqət önəmli xarici borc problemi olan inkişaf etməkdə olan ölkələrdə isə, valyuta kursundakı dəyişiklik, xarici ticarət və kapital axımı təsirlərindən başqa, bir də xarici borc ehtiyatı üzərində təsir göstərir. Dolayısilə bu ölkələr idarəli sərbəst kurs sistemini tətbiq etməlidirlər. Sabit kurs sistemini tətbiq edən inkişaf etməkdə olan ölkələrin (Argentina) yaşadığı uğursuzluq bunun nəticəsidir. Bu ölkələrdə sabit kurs sistemi əgər müvəqqəti olaraq tətbiq edilmişsə (inflyasiya ilə mübarizə məqsədilə), o zaman "pul qurulu" şəklində olur və müvəffəqiyyətli olur (Estoniya, Bolqarıstan, Argentina). Fəqət dediyim kimi bu müvəqqəti olmalıdır.

Son olaraq, Çinin süper dövlət olması nominal dəyişkənlərdən çox real dəyişkənlərdən asılıdır. Bu baxımdan ölkə əhalisinin demoqrafik və sektoral quruluşuna, ümumi daxili məhsulun sektoral formasına, dijital texnologiyaya sahib olmasına, araşdırma-inkişaf fəaliyyətlərinə və s. baxmaq gərəkir. Ayrıca, 2010-da dünyada ixracat həcminə görə birinci sıraya çıxacaq olan Çində, total ixracatın içində yüksək texnologiya məhsullarının ixracatının payı da araşdırılmalıdır.























Çinin inkişafı olduqca sürətlidir, əlbəttə buna ABŞ bir quyruq (maneələri nəzərdə tuturam) qoymasa. Mənim hər zaman Çin ilə ABŞ-ı müqayisə etməyim o qədər mənə zövq verir ki, Çini başqa ölkələrlə müqayisə etmək istəmirəm. Nə isə, bu gün ABŞ-ın büdcəsinin əksər hissəsini Çin təmin edir desəm, əsla yanılmaram. Doğrudur, Çin ucuz ixracatı ilə qabaqcıllıq təşkil etsə də, idxal olunan istiqrazlar, portfel investisiyaları (bonds, shares, stocks) ABŞ-ı dünyada ən diqqətcil sahəyə çevirir və büdcəsində məhz xidmət sahəsi (service export) hər zaman malların ixracatından (good export - BOT) yüksəkdə durur.

Əgər Çin durub neçə milyon dollarlıq ehtiyatlarını (reserves) avroya və yaxud yuana çevirsə, ona olduqca çox çətin olar. Necə ki, bir neçə ölkə cəhd göstərdi, ağır oldu. Səbəb, yuxarıda qeyd etdiyim kimi ABŞ-ın istiqraz xəzinəsinin (treasury bonds) daha yüksək və etibarlı olması dünyada xüsusi diqqət mərkəzindədir. Bundan başqa, ABŞ dolları hər zaman digər valyutalara nisbətən çox etibar qazandı (nümunə: Yeganə valyuta ABŞ dolları idi ki, qızıla çevriləcək qədər gücü elində saxladı, neçənci ildə olduğunu xatırlamıram) və hələ də etibarlıdır.

Buna baxmayaraq, Çinin ABŞ-dan idxal etdikləri (dünyanın gözü ABŞ-ın etibarlı səhmlərində və istiqrazlarından söhbət gedir “idxal etdikləri” deyəndə) ehtiyat şəklində saxlaması (ağıllı metoddur, sabah ABŞ-ı susdura biləcək amillərdən biri) Çinin iqtisadi cəhətdən yüksək inkişaf etməsinin bariz nümunəsidir


Son dövrlər sürətlə qloballaşan dünya iqtisadiyyatında aparıcı rolu və fəaliyyəti ilə seçilən Dünya Ticarət Təşkilatının (DTT) əhatə coğrafiyasının genişlənməsi məsələləri müxtəlif səviyyəli elmi-praktiki müzakirələrdə nəinki tədqiqatçıları, hətta praktikləri belə cəlb edən və düşündürən mövzulardan ən aktualı hesab olunur. Bu ərəfədə bizim vəziyyətimizi çətinləşdirən başqa səbəblər vardır. Birincisi danışıqlara başlayarkən start imkanlarımızın əlverişli olmamasıdır. Hazırda Azərbaycanda idxala gömrük rüsumları 0-15 faiz, onların ortalama dərəcəsi isə 10 faiz ətrafında dəyişir, hazırda ölkəmiz BVF qarşısında ortalama faiz dərəcəsinin 5-6 faiz diapazonuna uyğunlaşdırılması barəsində öhdəliyə də malikdir. Çində isə gömrük rüsumları 0-65 faiz arasında dəyişirdi və qəbul zamanı həmin səviyyəni saxlamaq üçün bu ölkəyə 2010-cu ilədək güzəşt müddəti verildi. Ümumiyyətlə, məlumat üçün qeyd edək ki, DTT qəbul zamanı tarif güzəştlərinə görə keçid dövrü üçün Latviyaya 9 il, Qırğızıstana 7 il, Gürcüstana 5 il və Moldovaya 4 il vaxt ayrılmışdır. Bu müddət bəzi ölkələr üzrə (Çin, Hindistan və s.) 15-25 ili əhatə edir. Amma nə isə...

Məncə gələcək 10 il ərzində dünyada yeganə aparıcı dövlət olacaq: Çin! Sizi yaxından qaytarım. Aldığınız əksər malın etiketinə bir baxın! Made in China. Yüksək ixrac var, başqa nə lazımdı?!


Çin dollardan imtina edərmi?

Dünya Bankının və Bretton Woods sisteminin qurulduğu dövrdə dünya qızıl ehtiyatının 70 faizindən yuxarısı ABŞ-da cəmləşdiyi və aparıcı ölkələr artıq qızıl standartını da tərk etmiş olduqlarından dolları “açar pul” (key currency) statusunda qəbul eləməyə başladılar. Dollar qızıla indekslənərək dəyəri sabitləndi. Digər ölkə pulları da dollara indeksləndi...

Ta ki, Charles De Gaulle içi dollarla dolu bir təyyarəni ABŞ-a apararaq əvəzi olan qızılı tələb edənə qədər... 1965-ci ildə ABŞ dollar əvəzində qızıl ödəyə bilməyəcəyini bəyan etmək məcburiyyətində qaldı. Ardından 1968-ci ildə isə CIA-nın De Gaulle üçün 3 sui-qəsd hazırladığı, amma müvəffəq olmadığı irəli sürüldü.

Və ardından neft böhranları ortaya çıxdı. 1970-ci illərin əvvəllərində meydana gələn neft böhranında Amerika Birləşmiş Ştatlarının neftin qiymətindəki yüksəlmənin tərəfdarı kimi davranması belə bir sualın ortaya çıxmasına səbəb olmuşdu: ABŞ neft qiymətlərinin yüksəlməsində niyə maraqlı idi?

Çünki həmin dövrdə Bretton Woods sistemi çökmək üzrə idi. ABŞ dolları da bu sistemin «əsas pul» funksiyasını yerinə yetirdiyindən dolların gələcək aqibəti sual altına girmişdi. Əgər Dünya Bankının qurulduğu dövrdə dünya qızıl ehtiyatının 70 faizindən yuxarısı ABŞ-da cəmləşmişdisə, sonradan bu nisbət kəskin şəkildə ABŞ əleyhinə dəyişmişdi. Ona görə də 70-ci illər üçün dalğalı valyuta məzənnəsi sisteminin keçərli olduğu beynəlxalq valyuta sistemində dolların əsas pul funksiyasını qoruya bilməsinin ən əlverişli yolu neft böhranlarından istifadə etmək idi. Çünki ABŞ-nın əlində çox əhəmiyyətli bir vasitə var: neft ödəmələri dollarla həyata keçirilir. Beləliklə neftin qiymətlərindəki yüksəlmə neft idxal edən ölkələrin dollara olan tələbini artırdı ki, bu da ABŞ dollarının beynəlxalq valyuta sistemindəki çəkisini qorumaqda bir vasitəyə çevrildi.

Yaşadığımız dövrdə ABŞ-ın yüksək tədiyyə və büdcə kəsirləri fonunda dolların dəyər itirdiyini nəzərə alan Səddam Hüseyn liderliyindəki İraq kimi ölkələr nefti artıq dollarla satmayacaqlarını bəyan etdilər. Və sonrası da məlumdur.

Fikir verirsinizsə, yenə ABŞ dollarının zəiflədiyi məqamlarda neftin qiymətləri yüksəlir. Təbii ki, neft qiymətlərinin yüksəlməsinin bir çox səbəblər var. Bunların başında da qlobal risk gözləntiləri gəlir. Lakin açıq şəkildə bəyan edilməsə də neft qiymətlərinin yüksəlməsində ən az neft ixrac edən ölkələr qədər Qərb neft şirkətləri də maraqlıdırlar. OPEC səbəbsiz yerə hər toplantısında neft qiymətlərindəki yüksəlmənin tələb-təklif tarazlığından deyil, ABŞ-ın neft emalı müəssisələrinin (refinery) yetərli olmamasından qaynaqlandığını irəli sürmür. ABŞ-ın dünya neft rezervlərinə nəzarət uğrunda başlatdığı savaşlar isə sərhəd tanımır və bu formada dollar üçün neft ixrac edən ölkələr baxımından yarana biləcək təhlükələrin də aradan qaldırılacağına inanılır.

Dollar üçün yarana biləcək bir başqa təhlükə kimi Blerinin mesajında qeyd edildiyi kimi ciddi dollar rezervinə sahib ölkələrin bu valyutadan imtina etmə və ya ən azından ciddi səviyyədə portfel çeşidləndirmələrinə gedə bilmə ehtimalları göstərilir. Lakin ABŞ bu təhlükəni real təhlükə kimi qəbul eləmir. Çünki ciddi dollar rezervinə sahib olan ölkələr (Yaponiya, Çin və s.) əslində ABŞ ilə eyni gəmidə olduqlarından gəminin batmasını istəməzlər. ABŞ-ın batması isə gəminin batması demək olardı. Diqqət edin, neçə ildir dollar dəyər itirdiyi halda Çin öz milli valyutasının dəyərlənməsini, yəni revalvasiyasını israrlı bir şəkildə əngəlləyir (sadəcə keçən ilin yayından etibarən çox cüzi və simvolik dəyişikliklərə imkan verir). Dolayısilə Çin pulu da dollarla birlikdə dəyərdən düşür. Çin bir tərəfdən də dollarla rezervlərini artırır. Çünki dolların düşməsi Çinin ixracatına böyük zərbədir.

Bənzər situasiyanı Yaponiya üçün də söyləmək mümkündür. Məsələn, 2004-cü ilin mart ayında milli valyutasının həddindən artıq dəyərlənməsi səbəbindən ixracatda ciddi bir krizin yaşanmasını əngəlləmək üçün Yaponiya külli miqdarda dollar alaraq ABŞ dolları cinsindən rezervlərini artırmış və dolların müəyyən qədər güclənərək özünə gəlməsinə imkan yaratmışdı.

Qısacası, Amerikan xalqı yüksək istehlaklarını cilovlaya bilmədikləri üçün ticarət balansı və neft şirkətləri neft ehtiraslarını cilovlaya bilmədikləri üçün savaş xərcləri səbəbindən büdcə balansı rekord səviyyədə kəsrlər verir. Nəticədə ABŞ-da bu kəsri maliyyələşdirmək üçün mətbəələr gecə-gündüz çalışaraq dollar çap edir, Çin və Yaponiya kimi ölkələrin xalqları isə gecə-gündüz çalışaraq bu dolların müqabilində amerikan xalqını bəsləyir.





Çinin super dövlət ola bilməsi, iqtisadi gücündən ayrı, onun dünyaya bəxş edəcəyi dəyərlərlə də birbaşa bağlı olacaq. İndiki halda ABŞ-da sözdə liberalizmin (çünki ABŞ gerçək liberal dəyərlərdən çox uzaqdır) içinə düşdüyü çıxmaz da göz önünə alındığında Çinin dünyaya verəcəkləri və ya verə biləcəkləri daha da önəm daşıyır. Aşağıdakı xəbər, son illərdəki iqtisadi dirçəlişə baxmayaraq, Çinin hələ universal dəyər istehsalından çox uzaqda olduğunu göstərir.

Nəhəng internet şirkəti Yahoo, bir Çinlinin həbs cəzası almasında artıq üçüncü dəfə Çin hökumətinə yardım etməklə günahlandırılmaqdadır. Belə ki, 39 yaşındakı Jiang Lijun, Çinin iş başındakı Kommunist Partiyasını iqtidardan salmaq məqsədilə rejim əleyhdarlığı fəaliyyəti göstərmək cinayəti ilə 2003 noyabrda 4 il həbsə məhkum edilmişdir.

Yahoo-nun Honq-Konq departamentinin, Jiangın e-poçt hesabında qeyd edilmiş bir e-poçtu hökumətə verdiyi iddia edilməkdədir. İddiaları gündəmə gətirən Paris mərkəzli Reporters Without Borders təşkilatı, dəlilləri Pekinin iki nömrəli xalq məhkəməsindən aldığını bildirməkdədir.

Çin, təhsil və iş sahələrində internet istifadəsini güclü bir şəkildə təşviq edərkən, eyni zamanda qatı bir kontrol da tətbiq etməkdədir. Kontrol üçün qurulan özəl vahidlər, Kommunist Partiyası üçün kritik və ya təhdid ünsürü ola biləcək hər cür qaynağa senzura tətbiq etməkdədir.










Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə