Bəxtiyar Tuncay
Prototürklərin Şimali Qafqazda qurduqları daha bir möhtəşəm mədəniyyət-Maykop mədəniyyəti
Prototürklərin ilk tunc dövründə yaratdıqları möhtəşəm mədəniyyətlərdən biri də Maykop mədəniyyətidir. Şimali Qafqazın dağ ətəklərini və çay vadilərini əhatə etmiş bu mədəniyyət öz adını 1897-ci N. Veselovski tərəfindən aşkar və tədqiq edilmiş Böyük Maykop kurqanından almaqdadır. Onun əsas yayılma arealı Taman yarımadasından Çeçenistana qədər olan ərazini əhatə edir (Шишлина Н. И., 2002, c. 164-173).
Əvvəllər Novosvobodnaya mədəniyyəti də bu mədəniyyətə daxil edilirdi. Hazırda onları iki ayrı mədəniyyət kimi gözdən keçirmək daha uyğun sayılır.
Tarix elminə sözügedən mədəniyyət, yuxarıda qeyd edildiyi kimi, Böyük Maykop kurqanının açılmasından sonra məlum olmuşdur. 1910-cu ildə daha 7-8 abidə öyrənilmiş, bundan sonra Maykop mədəniyyəti son eneolit-ilk tunc dövrlərinə aid edilmiş, bununla da mədəniyyətə böyük maraq yaranmışdır. Sonradan tədqiq edilmiş bütün kurqan abidələri «Böyük Kuban kurqanları» adı altında birləşdirilmişdir (Иессен А. А., 1950). 1951-ci ildə Y. Krupnov ilk dəfə «Maykop mədəniyyəti» adını işlətmiş və həmin dövrdən etibarən bu ad elmdə möhkəmlənmişdir (Крупнов Е. И., 1951, c. 47).
1957-ci ilə qədər sadəcə kurqanlar barədə mövcud məlumatları əhatə edən bu ümumiləşdirici adın daşıdığı məzmun A. Stolyarov və A. Formozovun , eləcə də P. Ditlerin apardıqları arxeoloji qazıntılar nəticəsində daha da genişləndi və eyni zamanda, həm də eneolit-ilk tunc dövrü yaşayış məskənlərinə də şamil edilməyə başladı (Формозов А. А., 1965, c. 64-158).
1982-ci ildə yenidən kurqanların tədqiqinə start verildi və bu dəfə bu işlə A. Rezepkin məşğul olmağa başladı. Onun tədqiqatları sayəsində Maykop kurqanları haqqındakı biliklər daha da genişləndi. Onun ən maraqlı tapıntısı isə üzərində yonma naxışlar olan daş pilitə olmuşdur. Kurqanların altında eyni mədəniyyətə aid daha qədim dövrlərə aid yaşayış məskəninin tapılması isə sözün əsl mənasında sensasiya idi (Резепкин А. Д., 2008, c. 156-176). Qeyd edək ki bənzər hadisə ilə Türkiyədəki Alacahöyükdə qazıntı aparmış arxeoloqlar da üzləşmişdilər. Onlar da qazıdıqları hökmdar kurqanlarının altında daha qədim dövrlərə, yəni neolit-eneolit dövrlərinə aid qatlar aşkar etmiş və həmin ərazinin sözügedən dövrlərdən etibarən böyük yaşayış məskəni və şəhər olduğu üzə çıxmışdır.
Dostları ilə paylaş: |