BəxtiyarTuncay Kür-Araz mədəniyyətinin daha bir yadigarı Se Girdan kurqanları



Yüklə 52,16 Kb.
tarix22.10.2017
ölçüsü52,16 Kb.
#10895

BəxtiyarTuncay

Kür-Araz mədəniyyətinin daha bir yadigarı - Se Girdan kurqanları (e.ə. III minillik)

https://scontent-sof1-1.xx.fbcdn.net/v/t34.0-12/20786328_1526788947360287_1175928363_n.jpg?oh=4399d6d5274fa705d56fe1e906893de8&oe=59911575

Kür-Araz mədəniyyətinin dövrümüzədək ulaşmış daha bir yadigarı Se Girdan (e.ə. III minillik) kurqanlarıdır. Bu kurqanların aşkar edilərək elm aləminə tanıdılması Aurel Ştaynın adı ilə bağlıdır. Şərqi Türküstan və Cənubi Azərbaycanda parlaq tapıntıları ilə Türk tarixinə misilsiz töhfələr vermiş bu böyük alim 1930-cu illərdə Cənubi Azərbaycanda tədqiqatlar aparırdı. 25 avqust 1936-cı il tarixində o, Uşnu vadisində yerləşən Dumanca-Təpədə (Dinxa-Təpədə) apardığı qazıntı işlərini tamamladıqdan sonra diqqətini Gadar çayından 3 km şərq tərəfdə gözə dəyən, yerli xalq arasında «Üç təpə», farslar arasında isə «Se Girdan» (Üç pəhlivan) adı ilə tanınan təpələrə yönəltdi. Bu təpələr bir-birindən azca aralı olmaqla, bir xətt üzərində düzülmüşdülər və konusvari formaya sahib idilər. A. Ştayn onların kurqan ola biləcəyini hiss etmişdi. Apardığı kəşfiyyat işləri onun bu fikrini təsdiqlədi. Lakin ona həmin kurqanlarda qazıntı işləri aparmaq qismət olmadı. Alim sadəcə kurqanları qeydə aldı və öz hesabatında onlardan da bəhs etdi (Sir Aurel Stein, 1940, p. 336-377).

1966-cı ilin yayında Həsənlu layihəsi çərçivəsində Dumanca-Təpədə (Dinxa-Təpədə) qazıntılar aparan bir neçə arxeoloq Ştaynın qeydlərini əsas tutaraq, Se Girdanın ətrafında da kəşfiyyat işləri aparmağa qərar verdilər və məlum oldu ki, ərazidəki kurqanların sayı əslində 3 yox, 9-dur. 1968-ci ildə isə daha 2 kurqan qeydə alındı və beləcə onların sayı 11-ə çatdı (Jyson, Jr., 1967, p. 136; Agha Z. Rahmatian, 1968).

Dumança-Təpənin təxminən 5 kilometr uzaqlığında olan kurqanlar oradan çox aydın görünə bilinirdi. Onlar vadinin şərq sərhədini təşkil edən dağətəyində, dəniz səviyyəsindən təqribən 1 km yüksəklikdə yerləşirdilər. Yaxınlıqda qədim Urartu şəhərlərindən birinin xarabalıqları vardı. Yerli xalq o əraziyə Qalagah deyirdi. Bir qədər kənarda isə Çeşməgöl kəndi yerləşirdi.

Kurqanlarda qazıntı işlərinə rəhbərlik etmiş O. Muskarellanın yazdığına görə, tədqiqatlara 1968-ci ildə başlanılmışdır. Həmin il kurqanlardan dördünün ölçüləri dəqiqləşdirilmiş, qazıntı aparılacaq sahələr müəyyənləşdirilmişdir: «Kurqanlar latın əlifbasının hərfləri ilə (A-K) adlandırıldı və tədqiqatlara başlanıldı. Qazıntılar üçün ilk olaraq 600 kv m-lik düzbucaqlı formalı sahə seçilmişdi. Burada yer alan İ kurqanı H kurqanından 750 m şimalda, K kurqanı isə İ kurqanından 1 km aralıda yerləşirdi. Onu digər kurqanlardan müasir avtomobil yolu ayırırdı. İlkin araşdırmalar üçün böyük, orta və kiçik ölçülü üç kurqan seçilmişdi. II (D) və III (A) kurqanlarında iki məzar aşkar edilərək qeyd edildi. I (C) kurqanda qazıntını təxirə salmaq qərara alındı» (Muscarella O. W., 1971, p. 5-6).


https://scontent-sof1-1.xx.fbcdn.net/v/t34.0-12/20786425_1526788964026952_2087198730_n.jpg?oh=529598e46064dc4dcefd3b4c3c5588db&oe=59921b43
Alimin sözlərindən belə aydın olur ki, qazıntı işləri üçün eskavatorlar kirayələnmişdi. Lakin hər üç kurqanın ətrafının noxud sahələri ilə əhatələnmiş olması eskavatorların işini çətinləşdirirdi.

O. Muskarella kurqanların təsvirini belə vermişdir:



I Kurqan. Bu dəfn abidəsi Se Girdan kurqanlarından ən böyüyüdür. Onun hündürlüyü 8.5 m olub, diametri isə 60-65 m-ə çatırdı. Kurqan örtüyünün yuxarı hissəsi çınqıl və torpaqdan, bir qədər aşağı hissəsi isə iri çay daşları və gildən qurulmuşdu. Müəyyən bir nöqtədən sonra gilin rəngi dəyişirdi. Bu onu göstərirdi ki, örtüyün tökülməısində istifadə edilmiş gil iki fərqli mənbədən götürülmüşdür. Örtüyün qat-qat düzəldildiyi müşahidə edilirdi.

Arxeoloqlar bir neçə kəşfiyyat xəndəyi qazımaqla örtüyün altında daş düzümü olduğunu müəyyən etmişlər. Qəbir kamerasını isə tapa bilməmişdilər. Bununla belə, onlar II və III kurqanlarda əldə etdikləri nəticələr əsasında onun da qəbir kamerasının olduğunu, kurqanın mərkəzindən bir qədər kənarda ola biləcəyini qeyd ediblər (Muscarella O. W., 1971, p. 7-13).



II Kurqan. Bu kurqan da 1968-ci ildə qazılmışdır. Se Girdan kurqanlarından ən kiçiyi olan bu abidənin hündürlüyü 0.47 m, diametri isə təxminən 14 m idi. Arxeoloqlar onu kvadratlara bölmüş, bunlardan cənub-qərb tərəfdəki hissə qazıntılara başlamaq üçün münasib görülmüşdü.

https://scontent-sof1-1.xx.fbcdn.net/v/t34.0-12/20839436_1526788967360285_1883632593_n.jpg?oh=a8ecef61f98a15ce80903f2ed59defb5&oe=599122ef
II kurqanın qəbir kamerası
Örtüyü çınqıldan və boz-qəhvəyi rəngli torpaq qarışığından ibarət olan II kurqanın örtüyü götürüldükdən sonra 10 cm qalınlığında, 30 sm diametrində kül və kömür qalığına və aypara şəkilli daş yığınına rast gəlinmişdir. Daş yığınının altında bəzi boşluqlar aşkar edilmişdir ki, onlardan daha böyüyünün səliqə ilə düzülmüş daşlardan qurulan qəbir kamerası olduğu müəyyən edilmişdir. Kamera 78.5 sm dərinlikdə qazılmışdı.

Kamera qədimdə talan edildiyindən içində heç nəyə rast gəlinməmişdir (Muscarella O. W., 1971, p. 13-16).



III Kurqan.

Eyni ildə qazılmış III kurqanın hündürlüyü 3 m, diametri isə təxminən 35 m idi. Kurqanın vahid kompleks təşkil edən örtyü çınqıl və gildən tökülmüşdü və çox möhkəm idi. Bu da qazmaçıların işini çətinləşdirirdi. O da kvadratlara bölünmüş və qazıntıya cənub-şərq hissədən başlamaq qərara alınmışdı.



https://scontent-sof1-1.xx.fbcdn.net/v/t34.0-12/20793382_1526788920693623_1759772137_n.jpg?oh=96621be8e4d6c4e917ef9a139857146c&oe=5991023a

III Se Girdan kurqanında ölü böyrü üstdə, bükülü vəziyyətdə dəfn edilmişdi
Kurqan örtüyünü altında, təqribən 50 sm dərinlikdə 5.75-6 m enində daş yığınına rast gəlinmişdir. Daşların bir qismi sürüşmə nəticəsində yerindən oynayaraq ətrafa səpələnsə də, burada hər hansı bir talandan söhbət gedə bilməzdi.

1 m dərinlikdə qazılmış qəbir kamerası daş parçalarından qurulmuş, döşəməsinə çınqıl döşənmişdi. Önun ağac örtüyü çürüdüyündən içəri daşlarla dolmuşdu. Kamera daşlardan təmizləndikdən sonra burada böyrü üstə, bükülü vəziyyətdə dəfn edilmiş skeletə rast gəlinmişdir. Onun anatomik vəziyyəti pozulmamış, üstünə bol oxra səpilmişdi.

Kamerada rast gəlinən arxeoloji materiallar skeletin baş tərəfinin qərb və şimal-qərb tərəfində aşkar edilib. Bunlar aşağıdakılardan ibarətdir:


  1. Uzunluğu 37 sm, diametri 3.2 sm olan aslan başlı daş skipeter.

  2. Parçalanmış gümüş bəzəkli su qabı. Metaldan olan hissələr yaxşı qorunmuşdur.

  3. Uzunluğu 12.8 sm, ən enli hissəsi 1.8 sm olan tunc bıçaq.

  4. Uzunluğu I3.4 sm, eni 5.1-3.5 sm olan tunc bıçaq.

  5. İki ədəd uzun gümüş çubuq. Çubuqlar parçalanmış vəziyyətdə idilər.

  6. Çox sayda qızıl, daş və pasta muncuq (Muscarella O. W., 1971, p. 16-21).

Maraqlıdır ki, O. Muskarella Se Girdan kurqanlarının səhvən erkən dəmir dövrünə (e.ə. VII-VI əsrlər) aid etmişdir (Muscarella 1971, p. 30). O, sonralar, daha dəqiq desək, 2003-cü ildə çap edilmiş bir məqaləsində səhv etdiyini etiraf etmişdir. Bu etirafa səbəb Fransa arxeoloqu Jan Desayın 1973-cü ildə dərc etdirdiyi bir məqalə səbəb olmuşdu. Jan Desay Se Girdan kurqanlarının xronologiyasının düzgün müəyyən edilmədiyini diqqətə çatdıraraq, onların Şimali Qafqazın erkən tunc dövrü kurqanları ilə mədəni və xronoloji baxımdan bağlı olduğunu qeyd etmişdir (Deshayes 1973, p. 176-178; Muscarella 2003, p. 117-118).

N. Müseyiblinin yazdığına görə, rus «elmi ədəbiyyatında Se Girdan kurqanlarının O. Muskarella tərəfindən düzgün müəyyən edilməməsi və onların daha qədim dövrə – Maykop mədəniyyəti dövrünə aid olması barədə ilk fikri A. D. Rezepkin irəli sürmüşdür (Резепкин 1989, с. 16-17). Sonrakı nəşrlərdə də Se Girdan kurqanlarının Maykop tipli olması barədə ətraflı şərhlər verilmişdir. Belə bir nəticəyə gəlmək üçün həmin kurqanlardan aşkar edilmiş arxeoloji materiallar, xüsusilə də Leçinkay (Şimali Qafqaz) tipli metal baltalar əsas götürülmüşdür (Трифонов 2000). V. A. Trifonov Se Girdan kurqanlarının yaranmasını Urmiyaətrafı ərazilərdə və Cənubi Qafqazda Kür-Araz mədəniyyətinin meydana çıxmasından əvvəlki dövrə aid edir. O, bu kurqanların yaranmasını Şimali Mesopotamiya təsirinin şimala yayılması və “Uruk kolonizasiyası” ilə bağlı olduğunu yazır. Onun fikrincə bu kurqanlar Şimali Mesopotamiya periferiyasında son Uruk dövründə eyni mənşəli mədəniyyətlər blokuna aid qruplardan birini təmsil edə bilər (Трифонов 2000, с. 262). V. A. Trifonov əvvəlcə Se Girdan kurqanlarını Maykop tipli hesab edir (Трифонов 2000, с. 260), sonra isə belə bir nəticəyə gəlir ki, Se Girdan kurqanlarını Qafqazdan “Maykop” əhalisinin müəyyən qrupunun Urmiyaətrafı ərazilərə və ya əks istiqamətə miqrasiyası ilə bağlamaq haqqında qərar vermək tezdir. Müəllif bu kurqanları e.ə. IV minilliyin ikinci yarısına aid etmişdir» (Müseyibli, 2014, s. 79).



Qaynaqça


  1. Agha Z. Rahmatian and two members of the staff, Christopher and Carol Hamlin, on August 3 , 1968.

  2. Deshayes J. Les outils du bronz de L Indus au Danube (IY-II millenarie). Paris. Dolukhanov P., 1994, 358 p.

  3. Jyson, Jr., Dinkha Tepe // "Survey of Excavations in Iran During 1965-66," Iran 5, 1967.

  4. Muscarella O. W. The tumuli at Sé Girdan. Second report, in: Metropolitan Museum Journal 4, 1971, p. 5-28.

  5. Muscarella O. W. The Chronology and Culture of Se Girdan: Phase III // Ancient Civilizations from Scythia to Siberia. V. 9. 2003, № 1, 2. P. 29-65.

  6. Müseyibli N. Leylatəpə mədəniyyətinin qəbir abidələri və dəfn adətləri. Bakı, 2014. 140 s.

  7. Sir Aurel Stein. Old Routes of Western Iran. London, 1940.

  8. Резепкин А. Д. Северо-западный Кавказ в эпоху ранней бронзы (по материалам и погребельных памятников новосвободенского типа). Автореферат дисс. к. и. н. Лениниград, 1989. 35 c.

  9. Трифонов В. А. Курганы майкопского типа в северо-западном Иране // Судбьа ученого. К 100 – летию со дня рождения В. А. Латынина. С.-Петербург, 2000, c. 244-164.


.


Yüklə 52,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin