Saziş üzrə yükün təyinat yerinə çatdırılıma müddəti və daşıma ödənişləri
Daşıma öhdəliyinin lazımi qaydada yerinə yetirilməsi çatdırılma müddətindən asılıdır. Buna görə də Saziş çatdırılma müddəti ilə bağlı bütün məsələlərin nizamlanmasına xüsusi əhəmiyyət verir.
Sürətə görə çatdırılma müddətinin (çatdırılma müddəti sürətdən asılı olan məsələdir) iki növü fərqləndirilir: yükün böyük sürətlə çatdırılma müddəti, yükün kiçik sürətlə çatdırılma müddəti. Belə ki, Sazişə görə yük böyük və ya kiçik sürətlə təyinat yerinə çatdırıla bilər. Buna görə də yükdaşıma iki növ sürətlə (böyük və ya kiçik sürətlə) həyata keçirilir. Sürətin növünü yükgöndərən seçir və müəyyən-ləşdirir. Yükgöndərənin seçdiyi sürət növü isə həm yükün çatdırılma müddətinə, həm də daşıma haqqının həcminə təsir göstərir.
Sürətdən başqa, daşımanın növü də yükün çatdırılma müddətinə təsir göstərir. Söhbət daşımanın xırda yükgöndərmə və vaqonla yükgöndərmə kimi iki növündən gedir. Hər iki əlamətə (sürətə və daşımanın növünə) görə yükün çatdırılma müddəti aşağıdakı normalar əsasında müəyyənləşdirilir:
1.Böyük sürət üçün:
-xırda yükgöndərmə – 1 sutkada 200 km;
-vaqonla yükgöndərmə – 1 sutkada 320 km;
2.Kiçik sürət üçün:
-xırda yükgöndərmə – 1 sutkada 150 km;
-vaqonla yükgöndərmə – 1 sutkada 200 km.
Sazişdə yükün təyinat yerinə çatdırılma müddətinin başlanğıcının müəyyən edilməsi barədə normaya da rast gəlirik. Bu normaya görə çatdırılma müddətinin axını yükün daşınma üçün qəbul olunduğu gündən sonra gələn günün 00:00 saatından başlayır (hesablanır). Bəzi hallarda çatdırılma müddəti iki sutka uzadılır. Həmin hallara aşağıdakılar aiddir:
-ölkənin dəmir yollarının eni müxtəlif olduqda, sərhəd stansiyalarında yükün boşaldılıb yenidən yüklənməsi və ya vaqonların yerlərinin dəyişdirilməsi;
-vaqonların bərə ilə keçirilməsi.
Çatdırılma müddəti həm də sərhəd, gömrük və digər prosedurların (qaydaların) həyata keçirilmə vaxtı qədər uzadılır. Belə ki, həmin prosedurların yerinə yetirilməsi, şübhəsiz ki, müəyyən vaxt müddəti tələb edir. Bu isə, məlum məsələdir ki, çatdırılma müddətinin uzadılmasına səbəb olur.
Bunlardan əlavə, çatdırılma müddəti aşağıda göstərilən hallarda da uzadılır:
a) daşıyıcının (dəmir yolunun) təqsiri olmadan daşımada yaranan fasilə (bu fasilə müvəqqəti olaraq daşımanın başlamasına və ya davam etdirilməsinə mane olur),
b) daşıma müqaviləsinin şərtlərinin dəyişdirilməsi nəticəsində yaranan ləngimə.
Sazişdə daşıma ödənişləri barədə də müvafiq hüquqi göstərişlər vardır. Daşıma ödənişləri aşağıdakılardan ibarətdir:
-daşıma haqqı (yük sahibinin yükdaşımaya görə daşıyıcıya ödədiyi haqq);
-əlavə rüsumlar;
-digər xərclər (yükün daşıyıcı tərəfindən daşınma üçün qəbul olunduğu andan yükalana verildiyi ana kimi yaranan xərclər).
Buna görə də daşıma ödənişləri dedikdə daşıma haqqı, əlavə rüsumlar və digər xərclər başa düşülür. O, daşıma müqaviləsi bağlanana kimi qüvvədə olan mövcud tariflərə görə hesablanır. Qüvvədə olan tariflər dedikdə daxili tariflər və tranzit tarifləri başa düşülür.
Daxili tariflər odur ki, bu tariflər əsasında yükün yola salındığı ölkənin və təyinat ölkəsinin dəmir yolları ilə yükdaşımaya görə daşıma ödənişləri hesablanır. Belə ki, yükün yola salındığı ölkənin ərazisində həyata keçirilən daşımaya görə həmin ölkənin daxili tarifi, təyinat ölkəsinin ərazisində isə həyata keçirilən daşımaya görə həmin ölkənin daxili tarifi tətbiq edilir. Daxili tariflər müvafiq ölkələrin daxili (milli) valyutası ilə müəyyən edilir.
Dostları ilə paylaş: |