Bir neçə söz I fəsil. DÜNya diLLƏRİNİn qohumluğu monogenez problemi



Yüklə 2,67 Mb.
səhifə49/76
tarix05.01.2022
ölçüsü2,67 Mb.
#111493
1   ...   45   46   47   48   49   50   51   52   ...   76
Sintaktik əlaqələr
Dastanların dilində cümləni təşkil edən sözlər arasında qrammatik əlaqələr müasir dildə olduğu kimidir - tabesizlik və tabelilik əlaqələrindən ibarətdir. Tabesizlik özünü sadə cümlənin həmcins üzvləri, tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında göstərir. Məs.: Qalqubanı xan Bayındır yerindən turmış, bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq dikdirmiş. Hünəri oğul atadanmı görər, ögrənər, Yoxsa atalar oğuldanmı ögrənür? - cümlələrindən birincisində həmcins üzvlər, ikincisində həmcins üzvlər və tabesiz mürəkkəb cümlənin komponentləri tabesizlik yolu ilə əlaqələnmişdir.

Həmcins üzvlərin və tabesiz mürəkkəb cümlə komponentlərinin əlaqələndirilməsində əsas vasitə prosodik vasitələrdir, fakt və hadisələrin sadalanması, qarşılaşdırılması, fərqləndirilməsi, bölüşdürülməsi üsullarıdır və bu prosesdə nitqin ritmik-melodik axını əsasdır; məs.: Mənim savaşdığım, mənim dögüşdügim, Mənim çəkişdügim, mənim qılıclaşdığım görgil, ögrəngil! (71)* (*Dastanların 1988-ci il çapının səhifələridir). Ox atdılar, batmadı. Qılıc urdılar, kəsmədi. Sügüylə sancdılar, ilmədi (99) və s. Hazırkı canlı danışıq dilində olduğu kimi, bir komponentə aid sözün öz yerində deyil, digər komponentlə işlənməsi halları da intonasiyanın təbii imkanlarından irəli gəlmişdir. Bəkil beş gün oldı, divana çıqmadı (106) - cümləsində ‘Bəkil’ sözündən sonra edilən aydın fasilə həmin sözü birinci komponentdən ayırır və ikinci komponentlə birləşdirir. Bu cür cümlələrdə sonralar canlı danışıq dilinə yol tapmış ‘amma’ bağlayıcısının işlənməsinə də ehtiyac olmamışdır.

Tabelilik əlaqələrindən ən qədimi olan yanaşma dastanların dilində ən mühüm əlaqə vasitəsi kimi çıxış edir. Müasir dildə olduğu kimi, yanaşmanın heç bir morfoloji əlaməti yoxdur və türk dillərinə məxsus «tə’yin + tə’yinlənən» modelinin yaranmasında həlledici əlaqə üsuludur: Məgər sultanım, Dəlü Qarcar dəxi ağ ban evini, ağ otağını qara yerin üzərinə qurdırmış idi. (55) Ol üç canvərin biri qağan aslandı, biri qara buğaydı, biri dəxi qara buğra idi. (85) - cümlələrində Dəlü Qarcar, ağ ban ev, ağ otağ, qara yer, ol üç canvər, qağan aslan, qara buğa, qara buğra birləşmələri yanaşma əsasında qurulmuşdur.

Bazırganlar dəxi gecə-gündüz yola girdilər. (52) Av avlarkən babasının tavlası üzərinə gəldi.(53) Bu gəz oğlan şərab içərkən içməz oldı (53) - cümlələrindən göründüyü kimi, zərfliklə fe’l arasında əlaqə natamam yanaşma şəklindədir.


Uzlaşma əlaqəsi də müasir normalara uyğundur. Şəxsə görə uzlaşma möhkəmdir. Fikir predmetini təşkil edən sözlər cəm olduqda xəbər də əksərən onunla kəmiyyətcə uzlaşmışdır. Məs.: Sayılmaqla Oğuz bəgləri tükənsə olmaz. Həb yetdilər. Ari sudan abdəst aldılar. Ağ alınların yerə qodılar. İki rük’ət namaz qıldılar. Adı görklü Məhəmmədə salavat götürdilər (50) - cümlələrində nəzərdə tutulan ‘Oğuz bəgləri’ mübtədası ilə xəbərlər arasında şəxsə və kəmiyyətə görə uzlaşma vardır.
Bu gün də arabir (daha çox rus təhsillilərin nitqində) müşahidə olunan bir cəhət - tə’yinin müəyyən miqdar sayları ilə ifadəsi hallarında xəbərin cəmlənməsinə «Dədə Qorqud»un dilində də təsadüf olunur: Yedi qız qardaşı ağ çıqardılar, qara tonlar geydilər. (57) Burada qırq yigit

Qanturalıyı ögmişlər. (88) Qalqubanı eki qardaş quca-quca görüşdilər.(115) Ol qırq namərdlər aydırlar.(37) Kök (ulu) dildən gələn bu üsul bir sıra dil ailələrində qalsa da, türk dillərində işləkliyini itirmişdir.

Xəbər şəxs əvəzliyi ilə ifadə olunduqda əlamətin daşıyıcısı ilə əlamət və hərəkəti bildirən sözlər öz yerini dəyişmiş olur, nəticədə cümlədə uzlaşma əlaqəsi əhəmiyyətini itirir, mübtəda - xəbər əlaqəsi söz sırası və intonasiya ilə tənzimlənir. Müasir dilimizdə olan bu cür ifadə tərzi «Dədə Qorqud»un dilində də vardır. Məs.: Qız aydır: «Yigit, Baybicanın qızı Banuçiçək mənəm».(55) ...altun yüzük mənimdir, ver mana, qız! - dedi.(65) Sevişdigim Bamsı Beyrək sən degilsən. (65) Sevişdigin Bamsı Beyrək mən degilmiyəm? (65) Mərə, al qanatlu Əzrayil sənmisən? - Əvət, mənəm,-dedi.(80) Bu misallarda mübtədalar 3-cü şəxsin təkində, xəbərlər 1-ci və 2-ci şəxslərin təkindədir və aralarında uzlaşma yoxdur.

Uzlaşma-idarə əlaqəli birləşmələrin birinci tərəfi cəm olduqda ikinci tərəf kəmiyyətcə tək olur. Məs.: Həm ölülərinizin yorğasın binərəm.(116) Bə’zən də birinci tərəf tək olduğu halda, ikinci tərəf cəmlənmişdir: Hər birinin başların sığadı. (107) Bunlardan birincisi dilin qanunauyğunluğu, ikincisi üslubun qüsurudur.

İdarə əlaqəsi fe’llərin adları və adların adları idarə etməsi şəklində təzahür edir. Müasir dilimizlə müqayisədə bu və ya digər halın tələb olunmasında fərqlər də vardır. Bu cəhət isim hallarının qədim dövrə məxsus sinonim müvazilikləri ilə bağlıdır, ona görə də fərqlər şumerə doğru çoxalır. Misallara diqqət yetirək:

1) sözün yerlik əvəzinə, yönlük halda tələb olunması: Bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq qurdırmışdı. «Kimin ki oğlı-qızı yoq, qara otağa qondırın...» demişdi. (34) İki talusının üstinə buğanın köpük turdı. (36)

2) yuxarıdakının əksinə olaraq, sözün yönlük əvəzinə, yerlik halda tələb olunması: Topuğında sarmaşanda qara saçlum! (35) Siz bu yolda bu taşı neçün yığırsız? (60)

3) zaman mə’nalı sözlərə artırılaraq ümumi vaxt bildirən -da,-də hal şəkilçisi əvəzinə, vasitə-birgəlik şəkilçisinin (-ın,-in,-un,-ün) işlənməsi: Bir yazın, bir küzin buğayla buğrayı savaşdırarlardı. Məgər sultanım, genə yazın buğayı saraydan çıxardılar.(36)

4) müasir dilimizdə qoşma ilə idarə olunan yönlük hal şəkilçili sözün fe’llə birbaşa (qoşmasız) idarə olunması: Buğa dəxi oğlana sürdi-gəldi. Buğa oğlana sürdi... (36) Oğlan anda yıqıldıqda Boz atlu Xızır oğlana hazır oldu. (39) Bunun əksinə olaraq, bə’zən lazım olmadığı halda, qoşma işlənməsi: Qazana qarşu gəldi. Qabaq qaldırdı. Qazanın yüzinə toğrı baqdı. (72)

5) müasir dildə müəyyən yiyəlik halda idarə olunan sözlərin bə’zən yanaşma yolu ilə əlaqələnməsi halları: Oğuz bəgləri gəlüb oğlan üstinə yığnaq oldular. (36) Bu cəhət hətta birinci tərəf xüsusi isimlərlə ifadə olunduqda da müşahidə olunur: Beyrək atı qızın atını keçdi.(55)


6) çıxışlıq hal məqamında sözün -da, -də şəkilçisi ilə işlənməsi: Dirsə xan Qorqut sinirli qatı yayın əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz atdı; oğlanı iki talusının arasında urub çıqdı, yıqdı. (37) ...otuz yeddi qəl’ə bəyinin məhbub qızlarını çalub bir-bir boynın qucan, yüzində-todağında öpən İlək qoca oğlı Alb Ərən çapar yetdi. (50)

7) məsdərin öz mühitindəki sözü idarə etmək əvəzinə, özünün idarə olunması; məs.: Daz yerdə turğay atmağa yəxşi! - dedi (63) - cümləsi müasir dildə «Daz yerdə torağaya atmaq yaxşıdır» şəklində işlənir.


 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin