Poetik-dastançılıq örnəyimiz
«Dədə Qorqud» son dərəcə kamil bir ədəbi abidədir, xalis poeziya nümunəsidir. «Bu kitabı cəsarətlə Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası adlandırmaq olar».(26; 5) M.F.Köprülüzadə daha tutarlı demişdir: «Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, «Dədə Qorqud» o biri gözünə qoyulsa, yenə də «Dədə Qorqud» tərəfi ağır gələr.» (26; 15)
Tədqiqatçıların bir çoxunun fikrincə, dastanlar bütövlükdə mənzum şəkildə yazılmış, köçürmələr, əlavələr prosesində pozulmuşdur. Bu fikirlə razılaşmaq çətindir, çünki «Dədə Qorqud» bizim bütün sonrakı dastanlarımız üçün örnək olmuş, bütün qəhrəmanlıq və məhəbbət dastanlarımız «Dədə Qorqud» ən’ənələri əsasında yaranmışdır. Sonrakı dastanlarımızda nəsrlə şe’rin növbələşməsi «Dədə Qorqud» ən’ənələrindəndir.
Dastanların müqəddiməsində Dədə Qorqudun dilindən dörd şe’r verilmişdir. Bunlardan əvvəlki üçü aşıq dastanlarındakı ustadnamələrin əcdadıdır, sonuncusu isə islamiyyətin tə’siri ilə əlavə edilmişdir, Məhəmmədin, Əlinin, Osmanın, Həsənin, Hüseynin, Qur’anın, Məkkənin vəsfinə həsr olunmuşdur. Misraların ümumiləşdirmə gücünün zəifliyi də onların eyni hikmətlə yaranmadığını göstərir. «Ustadnamələr» silsiləsi ümumilikdə dastanların - boyların hamısına aiddir. Hər bir boyun sonunda Dədə Qorqudun gəlib «yum verməsi,» xeyir-duası dastançılıq ən’ənələrindəki duvaqqapmaların inkişafına səbəb olmuşdur. Bunlar göstərir ki, dastanların müqəddəməsi sonralar əlavə edilməyib, qədimdir, lakin daha çox dəyişikliyə uğrayıb.
«Dədə Qorqud» şe’ri sonrakı şe’r şəkillərinin formalaşmasına xüsusi tə’sir göstərmişdir. «Buğac boyu»nda Dirsə xan tanımadan oğlu Buğaca müraciətlə deyir:
Boynı uzun bədəvi atlar gedərsə, mənim gedər,
Sənin də içində binədin varsa, yigit, dekil mana,
Savaşmadın, uruşmadın alı verəyim, döngil gerü!
Ağayıldan tümən qoyun gedərsə, mənim gedər,
Sənin də içində şişligin varsa, degil mana,
Savaşmadın, uruşmadın alı verəyim, döngil gerü!..
Buğacın atasına cavabı:
Boynı uzun bədəvi atlar gedərsə, sənin gedər,
Bənim də içində binədim var,
Qomağım yoq qırq namərdə!
Qaytabanda qızıl dəvə sənin gedər,
Mənim də içində yüklətim var,
Qomağım yoq qırq namərdə!..
Bir-iki bəndini verdiyimiz bu şe’r parçaları aşıq şe’rindəki deyişmələrin ilk nümunələri - ulu əcdadlarıdır. Bəndlərin sonunda təkrar olunan misralar ilk bəndinin son misrası sonrakı bəndlərdə təkrar edilən qoşma və gəraylılar üçün yol açmışdır.
Onu da qeyd etmək lazımdır ki, dastanların çapı zamanı bə’zən şe’rlə nəsrin sərhədləri düzgün müəyyən edilməmişdir. Məsələn, «Salur Qazanın evi yağmalandığı boyı»nda (1988-ci il çapı) Kafərin sözləri aşağıdakı üç misradan ibarətdir:
Qaranqu axşam olanda qayğılu çoban!
Qarla yağmur yağanda çaqmaqlu çoban!
Südi, peniri bol qaymaqlu çoban!
Bundan sonra Kafərin nitqi nəsr şəklində verilmişdir. Halbuki «Dədə Qorqud» mətnlərində şe’r texnikasını nəzərə aldıqda Kafərin sonrakı sözləri də misralara düzülməli idi:
Qazan bəgün dünligi altun ban evlərini biz yığmışuz,
Tavlv-tavla şahbaz atlarını biz binmişüz,
Qatar-qatar qızıl dəvəsini biz yetmişüz,
Qarıcıq anasını biz götürmişiz,
Ağır xəzinə, bol aqçasını biz yağmalamışuz...
Şe’r texnikasında müasir aşıq şe’r strukturundan fərqli cəhətlər - alliterasiyanın üstünlüyü, qafiyə sisteminin zəifliyi, vahid hecalanma prinsipinə əməl edilməməsi dastanların qədimliyi, ilkinliyi ilə əlaqədardır.
Boyların üzünün köçürülməsində diqqətsizlik halları da olmuşdur. Bu cəhət dastanlara əlavələr zamanı da ola bilərdi. Məsələn, Buğac boyunda birinci söyləmə - «Salqum-salqum tan yelləri əsdigində» sözləri bir qədər sonra təkrar edilmişdir. Təkrar zamanı arada yalnız təzə bir misra işlədilmişdir: «Qalın Oğuzın gəlini-qızı bəzənən çağda» və hər iki halda, şe’r bitmədən, fikrin nədən ibarət olduğu yaxşı açıqlanmadan nəsrə keçilmişdir.
Həmin boyda başqa qüsurlar və məntiqsizlik halları da vardır. Boyun əvvəlində 40 namərdin yalnız Dirsə xanı tutub Kafərə aparmaqla məşğul olduğu göstərildiyi halda, sonda Dirsə xanın oğluna müraciətindən belə çıxır ki, namərdlər onun mal-qarasını, atlarını, dəvələrini, xəzinəsini, qız-gəlinini, hətta qarıcıq olmuş anasını da yağıya aparırmışlar və bundan heç kəsin xəbəri yox imiş, bunu yalnız Dirsə xanın qadını «duymuş» imiş. O. Şaik bu boyun dastanlara sonradan əlavə edildiyini güman etdiyini bildirmişdir: «Hekayeleri bir-birine dügünleyen Bayundur hanın varlığına rağmen bu konunun (Buğac boyunun - Q.K.) dastanlara sonradan sokulmuş olması mümkündür».
«Dədə Qorqud» nəsri çox tutumludur. Sonrakı dastanlarda müşahidə etdiyimiz bol-bol təsvirlər, sözdən qənaət hissi olmadan istifadə, artıq epizodlar, uzun-uzadı təhkiyələr «Dədə Qorqud»da yoxdur. Burada sözlərin yeri son dərəcə sıx, mə’nası çox-çox zəngindir. Ona görə hətta olduğu kimi müasirləşdirmə prosesində də fikrin dəqiq ifadəsi üçün müxtəlif sözlərdən, sinonim vasitələrdən istifadə edilməsi lazım gəlmişdir. «Dədə Qorqud» şe’rləri vəzni, quruluşu, qafiyəsi kamil aşıq şe’rindən bir də onunla fərqlənir ki, burada qafiyə xatirinə, hecanı tamamlamaq xatirinə artıq sözdən istifadə edilməmişdir. Əsl sərbəst şe’r «Dədə Qorqud» şe’ridir. Dastanlarda birinci minilliyin sonlarından ədəbiyyatımızda dərin kök salmış «əruz vəzni», «heca vəzni» anlayışları yoxdur.
Şəxsən bizim düşüncəmizə görə, bu dastanları sırf şifahi ədəbi dil nümunəsi saymaqla onun ədəbi dilimizin inkişafında rolunu azaltmış oluruq. Dastanlarda mənzum parçalar çoxdur və mə’lumdur ki, yazıyaalma və sonrakı köçürmələr prosesində şe’rdə çox cüz’i dəyişiklik edilə bilərdi. Nəsr hissəsi isə elə ümumiləşdirilmiş, monolit və hikmətli cümlələrdən ibarətdir ki, üzünü köçürərkən islam dini ilə bağlı əlavələr, arxaik elementlərin əvəzlənməsi və ya sinonim vasitələrlə şərhi kifayət etməli idi. Biz «Kitabi-Dədə Qorqud»u orta üslubun nümunəsi hesab edirik. Orta üslub isə müəllifsiz deyildir. Orta üslub dedikdə Şah İsmayıl Xətainin, Qurbaninin, M.P.Vaqifin, Aşıq Ələsgərin, S.Vurğun, H.Arif və b. sənətkarlarımızın yaradıcılıq xəttini nəzərdə tuturuq. Bu xətt həqiqi şifahi ədəbiyyatla yazılı ədəbiyyatı birləşdirən və xalq ifadə tərzini daha böyük ustalıqla mühafizə edən sənət yoludur. «Dədə Qorqud» bu üslubun başlanğıcıdır, ilk misilsiz nümunəsidir. Boyları söyləyən ozanın adı qalmasa da, aydın hiss olunur ki, o, böyük sənətkar olmuşdur. Dastanlara əlavələr edən ozanlar dil və üslub ən’ənələrinə sadiq qalmış, ilkin səviyyəni qorumağa çalışmışlar.
Dostları ilə paylaş: |