Əmr cümləsi. Cümlənin bu növü əksəriyyət e’tibarilə xəbəri fe’lin əmr formasında olan cümlələrdən ibarətdir. Xəbər əmr formasının III şəxs təkində daha çox arzu, istək, alqış mə’naları ifadə edir. Demək olar ki, əksər boyların sonunda - Dədə Qorqudun xeyir-duasında bu cür cümlələr təkrar olunur:
Qarlı qara tağlarun yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Qamın aqan görklü suyın qurımasun!
Qadir tənri səni namərdə möhtac etməsün!..(51)
Oğuz bəgləri yüz göyə tutdılar.Əl qaldırıb, dua eylədilər: «Allah-təala sana bir oğul versün!» - dedilər.(52)
Ümumən bu forma alqış və qarğışların, daxili istəyin ən münasib ifadə formasıdır.
Nə, Qazlıq tağı, aqar sənin suların,
Aqar ikən aqmaz olsun!
Bitər sənin otların, qazlıq tağı,
Bitər ikən bitməz olsun! (39)
Bə’zən eyni mə’na fe’lin arzu forması ilə ifadə edilmişdir: Allah-təala sana da bir qız verə,-dedilər. (52)
Xəbər əmr formasının II şəxs təkində olduqda cümlə, müasir dildə olduğu kimi, daha çox tə’kid, tələb bildirir: Böylə oğıl olmaqdan olmamaq yegdir. Öldürsənə!- dedilər. (37) Oğlın səni öldürmədin sən oğlını öldüri görgilə! (37)
Oğuz igidləri düşmənlə savaşdan qələbə ilə qayıtdıqdan sonra Dədə Qorqud öymələrində məsləhət və nəsihətə xüsusi yer verilir:
Hey, Dirsə xan! Oğlana bəglik vergil,
Təxt vergil! - Ərdəmlidir!
Boynı uzın bədəvi at vergil,
Binər olsun, hünərlidir!.. (36)
Xəbər II şəxsin cəmində olduqda göstəriş, tə’kid, tələb çaları daha qabarıq müşahidə olunur: Qazan oğlı Uruzı həbsdən çıqarun, boğazından orğanla asun. İki talusından çəngələ sancun, qıyma-qıyma ağ ətindən çəkün. (47)
Xəbər əmr formasının I şəxs təkində olduqda əmr cümləsi razılıq, istək çalarına malik olur: Dirsə xan: «Varın gətürün, öldürəyim!» - dedi.(37)
Xan babamın qatına bən varayım,
Ağır xəzinə, bol ləşgər alayın.
Azğın dinli kafərə bən varayın. (38)
I şəxsin cəmində də arzu, istək mə’naları üstündür: Nə eyləyəlim? Gəlün, Dərsə xanı tutalım, ağ əllərin ardına bağlayalım, qıl sicim ağ boynına taqalım, alubanı kafər ellərinə yonalalım. (40)
Nida cümləsi. Cümlənin intonasiyaya görə fərqlənən bu növü nidaların, xitabların iştirakı ilə yarandığı kimi, nəqli, sual, əmr cümlələrinin hiss həyəcanla dolğunlaşdırılması, sözlərin, ifadələrin təkrarı ilə də yaranmışdır. Məs.: Oğul, oğul, ay oğul! Toquz ay tar qarnımda götürdigim oğul! (47) «Ağac!» «Ağac!» dersəm sana, ərinmə, ağac! Məkkə ilə Mədinənin qapusı ağac! Bizim eldə gərək idin, ağac! Bəgligə toymadın özümə yazıx! Yigitliginə usanmadın canıma yazıx! (47) Çal qılıcın, ağam Qazan, yetdim! (49) Ağ saqallu baban yeri uçmaq olsun! Ağ birçəklü anan yeri behişt olsun! (60) Qarğu kibi qara saçın yoldınmı, qız!?(65) Mərə Əzrayil, aman! Tənrinin birliginə yoqdur güman! (80)
Dostları ilə paylaş: |