Alban dilinin leksikası (xüsusi adlar)
Alban etnonim, toponim və antroponimlərinin tədqiqi onların sistemli şəkildə mənşə e’tibarilə türk dillərinə aid olduğunu göstərir.
Z.Bünyadovun qeyd etdiyi kimi, Azərbaycanın X əsrə qədərki vəziyyəti barədə fikir söyləməyə imkan verən yeganə yerli mənbə Kalankatuklu Moiseyin «Albaniya tarixi» əsəridir. (7; 7) Alban antroponim, toponim və etnonimlərinə də daha çox bu əsərdə rast gəlirik.
Kalankatuklu Moisey Albaniya ərazisində dörd knyazlığın - Uti, Girdiman, Tsovd və Qarqar knyazlıqlarının adını çəkir: Həm də göstərir ki, bu knyazlıqların hakimləri Aranın oğullarının nəslindən idi və onları da Vologez tə’yin edirdi. Albaniyanın Araz çayından Hunan qalasına qədərki ərazilərini Aran miras olaraq almışdı. (7;17) Amma hakimlərin tə’yini formal olaraq Parfiya çarından asılı idi.
Deməli, Albaniyanın şimal ərazilərində Hunan qalası varmış. - Z.Bünyadov Xram çayının Kürlə qovuşduğu yerdə ilk orta əsrlərdə belə bir qala və şəhər olduğunu təsdiq edir. (7; 208) Hunan - ‘hunlar‘ deməkdir (-an - cəm şəkilçisidir). Hunların isə türkdilli olduğuna heç kim şübhə etmir.
«Albaniya tarixi»ndə Aranın Sisakan (Sünik) soyundan olduğu göstərilir. Sisakan sözünü biz əvvəldə izah etmişik. Silər sakların bir qoludur. Sisakan - ‘si sakları’ deməkdir. Bu həm də Sünik əhalisinin türkdilli olduğunu göstərir.
Alban şəxs adlarının bir qismi oxşar formalı olub, türk mənşəyini aydın göstərir. Bu qrupa Ərbak, Əmbak, Ərnək, Parnak, Kornak, Əncak, Bazxuk, Qonaq, Xoçkorik, Pyorok və s. kimi antraponimlər daxildir. Oxşar formalı olsa da, bu sözlərdə qrammatik elementlər fərqlidir. Ərbak, Əmbak sözlərində bak - ‘bəy’ deməkdir. Birinci sözün əsası ər ‘kişi’, ‘igid’, ‘döyüşçü’, ikinci sözün əsası əm ‘bacarıqlı’, ‘məharətli’ sözüdür. Birinci söz Madada Arbak adı ilə eynidir. Ərnək, Parnak, Koynak şəxs adlarında -nak hissəsi türkcə ınaq - ‘dost’, ‘e’tibarlı adam’ mə’nasını ifadə edir. Parnak sözündə par/var ‘var olan’, ‘var’, Kornak sözündə türkcə kür ‘səbatlı’, ‘möhkəm’ sözü güman olunur. (6; 176) Əncaq - qədim türkcə əng - ‘irəlidə gedən’, ‘öndə dayanan’ və cak, sak ‘oyaq’, ‘huşyar’, ‘diribaş’ sözlərindən; Qonaq - Albaniyada süvari ordunun komandanının adı olub, skiflərdə Xonaxis adına uyğun hesab olunur. Qonmaq ‘düşmək’, ‘sakin olmaq’, ‘oturmaq’ sözü və sözdüzəldici -aq şəkilçisindən ibarətdir. Bazuk - qədim türkcə ‘iri gövdəli’, ‘dolu bədənli’ deməkdir; Hunlarda Əm-Bazuk şəxs adı. (6; 176) Xoçkorik sözünü (Tri şəhərinin yepiskopunun adı, V əsr) Q.Qeybullayev türkcə koç ‘qoç’, ‘igid’, kür ‘səbatlı’, ‘möhkəm’ və erməni şəkilçisi saydığı -ik hissələrinə ayırmışdır. Erməni dilində «ü» olmadığı üçün «u» etmişlər, yunan mənbələrində isə «u» hərfi «o» şəklinə salınmışdır - Uruz - Oroys, Kür - Kor şəklində yazıldığı kimi. (6; 180) Bizcə, -ik erməni şəkilçisi deyil, sifətdən isim düzəldən şəkilçidir. Pyorok şəxs adı (V əsr Alban ruhanisinin adı) börü ‘canavar’, ‘qurd’ və uk ‘oğul’, ‘varis’ sözlərinə ayrılır. Sözdə b>p keçidi erməni dilinə aiddir, Bərdə adını Partav yazdıqları kimi. Xncik antroponimi (Alban çarı Vaçaqanın arvadının adı - III əsrin sonu, IV əsrin əvvəli) qədim türk abidələrində qonçuy (V.V.Bartoldda kunçuy) sözündən olub, türkcə ‘xanım’, ‘knyaz’, ‘qadın’ mə’nasını verir; -ik erməni şəkilçisi kimi izah edilmişdir.(6; 183) Bizcə, bu sözün sonunda -ik yox, kiçiltmə bildirən -cik şəkilçisi işlənmişdir.
Oroys, Kozis, Urnayr, Asay kimi alban şəxs adları da türkcə izah olunur. Oroys (e.ə. I əsrdə alban çarı) şəxs adı Plutarxda Oroys, Appianda Oroz, Oriz, Dion Kassidə Oris şəklində işlənmişdir. Q.Qeybullayev Oroz formasını düzgün bilmiş, adın bu formasını «Dədə Qorqud»dakı Uruz adına fonetik cəhətdən daha müvafiq saymışdır. Türkcə orəz, oraz, orıs, oruz sözlərindən olub ‘xoşbəxt əlamət’, ‘qismət’, ‘xoş güzəran’, ‘sağlamlıq’, ‘sərvət’ mə’nalarına yozulur, «Şahnamə»də Alp-Arus (Alp Ər Tunqanın oğlu), »Dədə Qorqud»da Uruz qoca, XII əsrdə Orta Asiyada Uruzbək, qırğız sultanlığının banisi Urusxan şəxs adları ilə eyni sayılır. (6; 177) Bir fikrə görə, Xurs şəxs adı da (Girdiman əyalət hakiminin adı, V əsr) Oroz adı ilə eyniköklüdür. Ermənilər sözün əvvəlinə «h» səsini artırmış, ruslar həmin səsi «x» etmişlər. Əsli Urus, Uruzdur. (6; 180)
Türk dillərində «Kozik ulduzu» deyilən ulduz adı, Oğuznamənin uyğur variantında Kazuk şəxs adı vardır; qırğız dilində qütb ulduzu «Altın kozik», Oğlaq bürcü «Təmir kozik» adlanır. (6; 177) Kozik şəxs adı bu sözlərlə müqayisə edilir. Urnayr antroponimi (IV əsr Alban çarının adı) türkcə orun ‘taxt-tacda oturan’, ‘hakim’ və ər ‘kişi’, ‘igid’, ‘döyüşçü’ sözlərinə ayrılır. Ayr hissəsi ər sözünün erməni tələffüz forması sayılır. Xivə xanlığına aid sənəddə (XVIII əsr) Orunbəy adı ilə müqayisə edilmişdir.(6; 178) Asay sözünün türkcə as - ‘sincab’ və türk dillərinə məxsus xüsusi ad düzəldən -ay şəkilçisindən düzəldiyi göstərilir. Başqa fikrə görə, as sözü ‘iltifat’, ‘nəvaziş’, ‘mərhəmət‘ mə’nasındadır. Q.Qeybullayev göstərir ki, Asay və Esay şəxs adları Orta Asiya və Volqaboyu türk xalqlarında geniş yayılmışdır. Azərbaycanlılarda Azay, ruslarda Aseev, ermənilərdə Esayan, gürcülərdə Esaddze şəxs adları bu sözlə bir kökdəndir. (6; 179)
Qeyd etdiyimiz kimi, alban şəxs adları daha çox Moisey Kalankatuklunun «Albaniya tarixi» əsərində qalmışdır. Burada eramızın I - IX əsrlərinə aid bir sıra alban çarlarının, ruhani və feodalların adlarına rast gəlirik. Eradan əvvəl də bir neçə çar adı mə’lumdur. Bu adların türk mənşəli olduğu aydınlaşdırılmışdır. Bu sahədə yenə əsas xidmət Q.Qeybullayevindir.
Mənbələrdə elə məşhur alban adları vardır ki, onların türk mənşəli olduğunu izah etməyə o qədər də ehtiyac yoxdur. Manas, Mate, Kazan kimi şəxs adları belələrindəndir. Bu cür adlar türk tarixi və mədəniyyəti ilə bağlı ən qədim izləri yaşadır. Manas (Qəbələ şəhərinin yepiskopu, V əsr) türkcə manq - ‘bahadır’, ‘döyüşçü’ sözü ilə ədaqələndirilir, qırğızların «Manas» dastanının qəhrəmanının adı ilə eynidir. Mate (Bərdə xristian ruhanisinin adı, V əsr) - türkcə matı/batı ‘igid’, ‘qüvvətli’, ‘möhkəm’, ‘mətin’ mə’nalarında olub, Hun imperiyasının əsasını qoymuş Metenin (e.ə.209-174) adı ilə eynidir. Kazan (Albaniyaya öz tayfası ilə gəlmiş bir elbəyinin adı, V əsr) türklərdə geniş yayılmış bir addır. «Dədə Qorqud»da Qazan xan adı ilə eynidir.
Alban çarlarından ikisinin adı Vaçe, üçünün adı Vaçaqan olmuşdur. Bə’zi alimlər bu antraponimləri iranmənşəli hesab etmişlər. İran dillərində bac - ‘haqqı ödəyən’, ‘oruc tutan’ mə’nasındadır. Vaçe adını qədim türklərdə baçaq (21; 76) sözü ilə müqayisə etmək olar. Baçaq sözünü Mahmud Kaşğari ‘xristian keşikçi məntəqəsi’ mə’nasında izah etmişdir. Belə olduqda sözün kökü İran dillərindəki bac yox, türkcə ‘keşik çəkmək’ mə’nasında bac(a) sözü olur, -q isim düzəldən şəkilçidir. Baca sözündən -q şəkilçisi ilə isim düzəldiyi kimi, -qan şəkilçisi ilə sifət də düzəlmiş və substantivləşərək xüsusi ad kimi işlənmişdir. Bu nisbətlə Vaçaqan sözünü iranmənşəli saymaq olmaz, -(a)qan aşkar türkmənşəli sifət düzəldən şəkilçidir.
Asprakos, Haruxcan, Aratan, Bakur adları da türkcə izah olunur.
Asprakos (Albaniyada feodal adı, V əsr) adının sonundakı -os erməni dilinə yunanlardan keçmiş adlıq hal şəkilçisidir. Asprak isə Asparux türk adının ermənicə yazılışıdır. Asparux (müq et: Bolqar hökmdarı Asparux, VII əsr) aspar və uk hissələrindən ibarətdir; aspar titul bildirən sözdür - qədim türklərdə İşbarı xan; uk - ‘oğul’, ‘varis’ deməkdir. V.İ.Abayev sözü İran dillərində ‘işıqlı at’ kimi izah etmişdir.(6; 181) Haruxcan (Cavanşirin arvadının adı, Sünik hakiminin qızı) adına ermənicə yazılışda «h» əlavə olunmuşdur; aruq - ‘təmiz’, ‘gözəl’ sözündəndir və suvarların çariçası Buy-Arik adında (Boyariks) qalmışdır. (6; 182) Aratan (Albaniyada feodal adı, V əsr) ərə - ‘kişiyə, igidə’ tən - ‘bərabər’ sözləri ilə izah edilmişdir. Q.Qeybullayevin fikrincə, qədim türk sözü tənq - «n» samitini saxlamaqla tən, «q» samitini saxlamaqla tək sözünün formalaşmasına və qeyd edilən sözün ‘ər kimi’, ‘ərə bərabər’ mə’nalarında formalaşmasına səbəb olmuşdur. (6; 179-180) Bakur (Albaniyada xristian ruhanisinin adı, V əsr) şəxs adı türkcə bak ‘bəy’, ‘tayfa başçısı’ və ur ‘varis’, ‘oğlan uşağı’ sözlərinə ayrılır. (6; 182) Alban kilsəsinin son katalikosunun adı da Bakur olmuşdur. Güman etmək olar ki, Bağır və Bəkir adları da bu adla bağlıdır. Əsən Cəlal (Arsaxda Xaçın knyazının adı) sözünün birinci komponenti ərəbcə Həsən sözü ilə bağlı deyildir; türkcə əsən - ‘sağlam’, ‘gümrah’ deməkdir və erkən orta əsrlərdə uyğurlarda Asan, Asan-Tigin, monqollarda (XIII əsr) Əsən, Esen-Buğa, Esen-Teymur adlarına uyğun qurulmuş türkmənşəli sözdür.(6; 186) Ovxan (Alban katalikosunun və Hun yepiskopunun adı) şəxs adında xan sözü aydın seçilir, xəzərlərin Boxan adına uyğun gəlir. Maxmat, Urbat (V əsr) şəxs adlarında mat, bat sözləri ‘mətin’, ‘igid’ mə’nasındadır; birinci sözdə mağ etnonimi müşahidə olunur. Söz ‘maq-igit’ kimi dərk olunur. Xamqit sözü Maxmat adının sinonimidir - ‘qam-igit’ mə’nasındadır. Bat elementi Sunbat şəxs adında da vardır. Sunbat sözü türkcə sun ‘gözətçi’, ‘keşikçi’ və bat ‘mətin’ sözlərinə ayrılır - Babəki ərəblərə təslim edən Sünik hakiminin adı ilə eynidir. Q.Qeybullayev Xosken (Albaniyada xristian ruhaninin adı, V əsr) adının türkcə koçken - ‘qartal’ sözündən olduğunu qeyd etmiş və sözü qaraqalpaqlarda Koçqen, Koşken adları ilə müqayisə etmişdir. (6;180)
Albaniya ərazisində qeydə alınmış toponimlər də əksəriyyət e’tibarilə türk mənşəlidir. Toponimlər daha çox Klavdi Ptolemeyin (II əsr), Kalankatuklu Moiseyin, XII əsr alban tarixçisi Mxitar Qoşun («Alban salnaməsi») və ərəb alimlərinin əsərlərində toplanmışdır. Ptolemeyin qeyd etdiyi Alban, Qelda, Kamexiya, Osika, Tilbida toponimləri alban, gel, şamake, şaka, silb tayfa adlarından yaranmışdır. Kalankatuklunun əsərində qeydə alınmış toponimlərin əksəriyyəti: Habant, Arajank, Arandjinak, Aranrot, Qarqar, Qoroz, Kanqark, Kolb, Kolt, Meda-Arank, Meda-Kolmank, Pazkank, Trtu, Tuçkatak, Çol, Çur, Xarqlank, Xunanakert və s. də tayfa adlarından yaranmışdır. Bunların abant, araz, aran, qarqar, gorus, kəngər, kol (kul), çol (çul), peçeneq, tərtər, katak, xun (hun) türk tayfa adlarından yarandığı müəyyən edilmişdir. Əsərdə ərazinin relyefi ilə bağlı yaranmış toponimlər də vardır. Təbii ki, Albaniya ərazisində Lpink, Lubnas, Hereti, Xeni və s. kimi dağıstanmənşəli tayfaların adlarını əks etdirən toponimlər də mövcud idi.(6; 188-189)
Alban hidronimləri də türkcə izah olunur. Kür, Alazan, Arkuqet çay adları ilkin və ya əslinə yaxın formasını bu günə qədər saxlamışdır. Guya Kür çayının coşqun təbiətini öz təbiətinə müvafiq gördüyü üçün Əhəməni padşahı Kir öz adını bu çaya vermiş və ‘Kür’ sözü Kirin adından əmələ gəlmişdir (Ammian Marselli). Şübhəsiz, bu cür izah uydurmadır. Kür sözü türkcə ‘gur’, ‘coşqun’, ‘iti’ mə’nasındadır. (2; 150)
Kür sözünü qafqazmənşəli hesab edənlər də olmuşdur. Q.Qeybullayev Şimali Qafqazda və uzaq Sibirdə də Kür adlı çayların olduğunu əsas gətirmiş, sözü türkcə ‘bol sulu’, ‘qüvvətli’, ‘sür’ətli’, ‘məğrur’ mə’nalarında izah etmişdir. (6; 189) Bu cür izahla söz daha çox «gur» sözünə uyğun gəlir. Alazan (Albaniya ilə İberiya sərhədində çay adı) hidronimi isə türkcə al və özən (üzən) ‘çay’, ‘vadi’ sözlərindəndir. Dağlıq Altayda da belə bir çay adının olması (6;189) onun türkmənşəli qədim söz olduğunu göstərməklə yanaşı, uzaq Altaya vaxtilə Ön Asiyadan aparıldığını göstərir. Arkuqet (Sisakanda çay adı) - «Arquçay» hidroniminin ermənicə forması sayılır. Türkcə arqu - ‘yarğanlarla parçalanmış’ mə’nasındadır. Həkəri çayının yarğanlardan keçib gələn yuxarı hissəsinin adıdır. (6; 190)
Toponimlərin bir qismi saq sözünün iştirakı ilə yaranmışdır. Belə sözlərə Balasakan, Artsak toponimlərini misal göstərmək olar. Balasakan - (III əsr) türkcə pala - ‘düzən’, ‘çöl’ və sak sözlərindən ibarət olub ‘sak düzü’ deməkdir. Artsak (Yuxarı Qarabağın qədim adı) sözü türkcə art ‘dağlıq ərazi’, ‘yüksəklik’ və sak sözlərinə ayrılır, ‘sak dağlıq ərazisi’ mə’nasını verir. Artsak sözünün erməni dili ilə heç bir əlaqəsi yoxdur. Bu söz Arsakena şəklində etrusk dilində də işlənmişdir: «Etrusk mənşəli digər toponim - Arsakena Qafqaz Albaniyasındakı Arsak toponimi və qədim türk dilində adı çəkilən «arsakay» etnonimini xatırladır. ..Antik müəlliflərdən Pompey Troq albanların nə vaxtsa İtaliyadan, Alban dağlarından gəldiyini bildirir. Etrusk mənşəli Arsak adını etruskşünaslar «arz» sözü ilə bağlayırlar. Bu söz etrusk dilində «arslan» deməkdir və mə’lumdur ki, türk dillərindəki «arslan» sözünün də əsasında «ars» durur. Lakin qərb dilçiləri «arslan»ı türk dillərinə alınma hesab edir və belə güman edirlər ki, türklərin ilkin vətəni olan Asiyada aslanlar yaşamadığına görə bu söz alınma olmalıdır».(54; 92) Türklərə, türk xalqlarına, türk dillərinə münasibətdə bütün qüsurlar Hind-Avropa şovinizmi müstəsna olmaqla, türklərin Şərqdən gəlmə olduğu barədə bəşər tarixini təhrif edən yanlış müddəadan irəli gəlir.
Alban toponimlərinin bir qismi - Talqe, Tosaren, Balk, Taşton, Tapat, Tvarasatap, Barmak, Çapar, Koturçat tipli sözlər türkcə daha asan izah olunur. Bunlar bizə yaxın dövrlərə qədər işlənmiş və bir çoxları işlənməkdə davam edən xüsusi adlardır. Talqe (indiki Pirallahı adasının qədim adı sayılır) sözü Pomponi Melada (I əsr) Talqe, Ptolemeydə (II əsr) Talka kimi yazılmışdır.Türkcə tilqə ‘hissə’, ‘zolaq’, ‘kiçik torpaq sahəsi’, ‘tala’ mə’nasındadır. Plini bu adanı Zazata adlandırmışdır. Zazata - saz ‘qamış’ və ata ‘ada’ sözlərindən düzəlmişdir. (6; 190) Tosaren (Ptolemeyə görə, Kür sahili bölgələrindən birinin adı) sözü türkcə tüz və aran sözlərindən ibarət olub, ‘Aran düzü’ deməkdir. Balk (Sisakanda yaşayış məntəqəsinin adı) - türkcə balk (balık) ‘şəhər’ sözüdür. Taşton (Sisakanda kənd adı) - Q.Qeybullayev tərəfindən taş ‘daş’ və ton ‘uzunvarı təpə’ sözlərinə ayrılmışdır.(6;191) Ton sözü, ‘don’, ‘paltar’ mə’nasında olub, müəllifin dediyi mə’nanı bənzətmə yolu ilə ifadə edir. Çox maraqlıdır ki, elə həmin Zəngəzur mahalında, Meğri rayonu ərazisində 1926-cı ilə qədər azərbaycanlıların yaşadığı Taştun kəndi hazırda da qalmaqdadır. İ.Bayramov sözün tun hissəsini V.V.Radlova əsaslanaraq «keçidi, yolu, çıxacağı olmayan, bağlı, hasarlanmış yer» mə’nasında izah etmişdir (32; 541) ki, bu da don sözünün ulu dildən gələn, hələ insan paltarı mə’nasında xüsusiləşməmiş geniş mə’nası ilə bağlıdır. Tapat (Arsakda məntəqə adı) toponimində türkcə ‘təpə’ sözü aydın seçilir. Tap, Tap-Qaraqoyunlu, Qala-Tap toponimlərində də qalmışdır.(6; 191) Tvarasatap (IX əsr) sözündə də təpə sözü vardır. Borçalı qəzasındakı (XIX əsr) Tovrətəpə, Qazaxdakı Töyrətəpə toponimləri ilə lokalizə edilir. (6; 192) Barmak (məşhur Xıdırzində pirinin yerləşdiyi Beş-Barmaq qayasının adı) - Q.Qeybullayev tərəfindən ‘daş təpə’ mə’nasında izah edilmişdir, lakin sözün ilkin mə’nası elə ‘barmaq’dır - barmağa oxşarlıq əsasında adlandırmadır. Çapar sözündə türkcə çap sözü və -ar şəkilçisi (çapar düşərgəsi); Koturçat sözündə kotur ‘qotur’, ‘keçəl’, ‘tüksüz’, ‘meşəsiz’ və çat - ‘yarğan’ sözləri aydın seçilir. Xram - türk-monqol dillərində ‘qala’ deməkdir. Xramçay - ‘qala çay’ mə’nasındadır. Krapaşti - türkcə qara və baş sözlərindən -ti (-li) şəkilçisindən ibarətdir. İlk nəzərdə etimoloji cəhəti aydın görünən bu sözləri başqa müəlliflər də bu cür izah etmişlər.
Qoş, Dasxoran, Dut, Kava, Urdu, Tandzik, Adaxeray, Çula, Sanar, Kaykoy-Çor, Qaq çölü toponimlərinin əksəriyyəti Arsakda kənd adları, yaşayış məntəqəsi adlarıdır: Qoş - türkcə koş - ‘köçoba’, ‘müvəqqəti yaşayış yeri’; Dut - türkcə tut sözündən olub ‘düşərgə’ deməkdir; Urdu - türkcə ‘xan yurdu’, ‘xan düşərgəsi’ mə’nasındadır; Tandzik - tan və zik (-cik) hissələrinə ayrılır, ‘Kiçik Tan’ mə’nasında olub, indiki Bulutan (əsli: Ulu Tan) sözünün antonimi sayılır; Adaxeray sözü ata və qərəqə ‘keçə alaçıq qurulan yer’, ‘köçərilərin qış evi’ sözlərindən düzəlmişdir; Kaykoy-Çor sözündə kak-’maldarların qış düşərgəsi’ (birinci «y» ermənicə yazılışda artırmadır), oy - ‘ev’, çor ‘dərə’ deməkdir.(6; 192)
Yaşayış məntəqəsi adlarından Dasxoran - türkcə das ‘daş’ və örən ‘yer’, ‘düz’ sözlərinə ayrılır. Kava (Qərbi Albaniyada mahal adı, IX əsr gürcü mənbələrində Kavazin) - türkcə kava - ‘qaya’ və san, sın ‘dağ beli’ sözlərinə ayrılır və Göyəzən dağının adında qaldığı göstərilir. Qaq çölü (indiki Qarayazının bir hissəsi) sözündə qaq - türkcə ‘köçərilərin qış düşərgəsi’ mə’nasındadır. Kürdəmir rayonunda Kaq-Hacılı, Lerikdə Kaqoy, Yuxarı Qarabağda Kaqartsi kənd adları da bu sözlə bağlı hesab olunur. Çula (indiki Culfanın qədim adı) - cul, yul - ‘yol’, ‘keçid’ sözündəndir. Sanar (Kürlə Arazın birləşdiyi yer) - türkcə sənqər ‘burun’ (qurunun suya girmiş burun şəkilli hissəsi) deməkdir .(6; 190-193) Ər-Rub (Qarabağda mahal adı) Harov toponiminin (Cəbrayılda Horovlu kəndi) ərəbcə yazılış forması sayılır və s. (6; 192)
Q.Qeybullayev Bəylaqan (Bilaqan) (Mil düzündə qədim şəhər) toponimini türkcə pila ‘düzən’, ‘açıq yer’ sözünə və -qan şəkilçisinə ayırmışdır. (6; 193) Lakin -qan şəkilçisi adlara artırılmır. Sözün kökü fe’l olmalıdır. Bəlkə də ‘mələmək’ mə’nasında bilə (21; 93) fe’lindəndir: biləqan - (ilan)’mələyən’ (düz).
Toponim, hidronim və antroponimlərin təhlili göstərir ki, Albaniya ərazisində türk-albanlarla yanaşı, bir sıra başqa türk tayfaları da yaşamış, ölkənin əsas əhalisi türk mənşəli tayfalardan ibarət olmuşdur. Albaniyanın şimal-şərq ərazilərində yaşamış qafqazdilli tayfalar isə daha çox öz yaşadıqları ərazilərdə iz buraxmışlar.
Yeni eranın başlanğıcında Albaniya ərazisində yaşayan türk mənşəli aborigen tayfaların dilləri tədricən iki istiqamətdə inkişaf yolu keçir: bir tərəfdən, yeni gələn türk tayfalarının köməyi və iştirakı ilə Albaniya ərazisində türk-alban dili ümumiləşir, digər tərəfdən, İskəndərin yaratdığı imperiya, Parfiya və sonralar Sasanilər imperiyası tərkibində alban-aran dili Cənubi Azərbaycanla birgə canişinliyin yaratdığı zəruri imkanlar əsasında Cənubda eyni prosesi keçirən Azərbaycan dili ilə inteqrasiya prosesi keçirir və nəticədə, yeni minilliyin ortalarında şimallı-cənublu Azərbaycan ərazilərində vahid ümumxalq türk-Azərbaycan dilinin təşəkkülü başa çatır.
Dostları ilə paylaş: |