Birinci fəsil: İslam, İslam inqilabı, İslam Respublikası quruluşu


Sual: İslamın beynəlxalq düşmənləri İslam inqilabını iflasa uğratmağa çalışırlar. Sizcə onlar bu sahədə nəyə ümid bəsləyirlər? Cavab



Yüklə 407 Kb.
səhifə2/62
tarix10.01.2022
ölçüsü407 Kb.
#108721
1   2   3   4   5   6   7   8   9   ...   62
Sual: İslamın beynəlxalq düşmənləri İslam inqilabını iflasa uğratmağa çalışırlar. Sizcə onlar bu sahədə nəyə ümid bəsləyirlər?

Cavab: İslamın beynəlxalq düşmənləri yalnız iki məsələyə göz dikmişlər və ümid bəsləyirlər. İran xalqı bu iki məsələyə qarşı diqqətli olmalıdır:

Biri vəhdət və birlik məsələsidir. Hələ də inqilaba və İslam Respublikası quruluşuna qarşı çirkin niyyətlərini icra etmək istəyən düşmənlər ixtilaflara göz dikmişlər. Onlar xalqın birliyindən qorxurlar. Bunu bilin. İran xalqı nəyin bahasına olursa-olsun öz birliyini əldən verməməlidir. Məmurlar bu möhtəşəm birliklə necə rəftar etməli olduqlarını bilməlidirlər.

Yazıçılar, natiqlər, tribuna sahibləri – istər İslam Şurası Məclisi, radio və televiziya kimi kütləvi, istərsə də məscid və hüseyniyyə kimi məhdud tribunalara sahib olanlar harada xalqla rastlaşırlarsa, söz və əməlləri birliyin xidmətində olmalıdır. Heç bir kəs heç zaman xalqı qarşı-qarşıya qoyan hərəkət etməməli və bu məsələdə heç bir bəhanə qəbul olunmamalıdır. Üslub və xətt fərqləri xalq arasında parçalanmaya və ixtilafa səbəb olmamalıdır. Siz xalqın müharibədə, inqilabın əvvəlində, imamın həyatı və vəfatı zamanı onu dəstəkləməkdə və bu 11 ilin bütün hadisələrində göstərdiyiniz birlik sizin ən güclü silahınız və düşmənlərinizi məyus edən ən mühüm amildir.

Düşmənin göz dikdiyi ikinci məsələ budur ki, müsəlman İran ölkə quruculuğunu layiqli şəkildə yerinə yetirə bilməsin. Bu da düşmənlərin ümid bəslədiyi məsələdir. Onlar istəyirlər ki, İslam Respublikası ölkə daxilində quruculuq işlərini görə bilməsin, xalqın vəziyyətini nizama salmasın, ümumi daxili məhsulu artırmasın, xaricdən asılılığı azalda, aztəminatlı, yoxsul və məhrum kütlələri İslamın istədiyi səviyyəyə çatdıra bilməsin. Onlar istəyirlər ki, İslam hökuməti bu böyük vəzifələri uğurla yerinə yetirməsin, bu işləri görə bilməsin. Buna göz dikmişlər. Əgər İslam ölkəsi siz xalqın səyi, Allahın lütfü ilə və sizinlə hökumət arasında olan möhkəm rabitə səbəbindən parlaq nailiyyətlər əldə etsə, müstəmləkə, Amerika, onların ağzına baxan sadəlövh düşmənlər, bəzi daxili qruplaşma və cərəyanlar tərk-silah olunacaqlar.

Bütün xalq bacardığı və vəzifəsi qədərincə ölkə quruculuğunda iştirak etməyə borcludur. İmamı sevmək belə olur. Hamı hökuməti dəstəkləməli, hökumətlə birgə müharibədən və tağut hakimiyyətindən qalan xarabalıqları düzəltməlidir. Şah rejimi on illərlə bu ölkəni iqtisadiyyat, istehsalat, mədəniyyət, əxlaq, tədqiqat və elm baxımından xaraba qoymuş, əcnəbilərdən asılı etmişdir. Bu gün İran xalqı həmin xarabalıqları düzəltməlidir. Bu iş hökumətin təşkilatçılığı, rəhbərliyi və proqramları olmadan həyata keçə bilməz. İran xalqı Allahın yardımı və söz birliyi ilə, inqilab şüarlarını, özlərinin böyük güclərə və bu xalqın köklü düşmənlərinə qarşı nifrətini qorumaqla quruculuqla məşğul olsalar, imamın müqəddəs ruhu onlardan razı olar və həzrət İmam Mehdinin (ə) duası onlara kömək edər.1


Sual: Biz həmişə İslam düşmənlərinin ruhanilərə hücumuna şahid olmuşuq. Hər bir dövrdə şəraitə uyğun olaraq bu hücum müxtəlif formalarda təzahür etmişdir. Məşrutədən sonra düşmənlərin ruhanilərə hücumu xüsusilə güclənmişdir. Lütfən düşmənin bu müqəddəs dini instituta hücumunun səbəbini açıqlayın.

Cavab: Ruhanilər inqilabın qələbəsi ilə nəticələnən 15 illik mübarizələrdə əsas amil olmuşlar. Ruhanilər həmçinin müqəddəs İslam quruluşunun yaranmasında, dünyada İslam bayrağının ucaldılmasında, düşmənlərin müxtəlif hücumları qarşısında İran xalqının fədakar müqavimətində, bunlardan öncə və uzun əsrlər boyu İslam təlimlərini, İran xalqının İslamın həyatverici məktəbinə güclü və doğruçu imanını qoruyan və hər yerdə dini düşüncələri inkişaf etdirən əsas amil olmuşlar. Amerikanın muzduru olan rejimlə mübarizənin mərkəzində öhdəçi və mübariz ruhanilərin durması xalqın müxtəlif təbəqələrini mübarizəyə cəlb etdi və ümumxalq miqyasına çatdırdı. İran xalqının yekdilliklə iştirak etdiyi bütün böyük hadisələrdə, məsələn, Məşrutə hərəkatında və Tənbəki qiyamında da din alimlərinin öndə getməsi bu ümumi iştirakın yeganə təminatçısı olmuşdur. İngiltərə müstəmləkəçiləri bu məsələni dərk edib ruhaniləri məhv etməyi İranda müstəmləkə siyasətlərini davam etdirmək üçün zəruri şərt saydılar və muzdurları Rza xanın vasitəsi ilə 1934-cü ildən etibarən uyğun plana başladılar. Həmin illərdə böyük din alimlərinə və elm hövzələrinə qarşı İran tarixində görünməmiş faciələr baş verdi. Təəssüf ki, bu faciələrin və quldur Rza xanın hakimiyyətinin son illərində din alimlərinin və hövzə tələbələrinin məzlum müqavimətinin şərhi tam şəkildə yazılmamışdır. Allaha şükür olsun ki, sayları hələ də az olmayan canlı şahidlərin bildiklərinin aidiyyəti şəxs və qurumlar tərəfindən toplanması lazımdır.

Ruhanilərin və din alimlərinin azadlıqsevərliyi, daxili və qlobal güclərin onlara təsir edə bilməməsi quldurların və özbaşına hökmdarların bu ilahi təbəqəni heç zaman öz fəsad və xəyanətləri yolundan götürə bilməməsinə bais olmuşdur. Muzdur ruhanilərdən və saray mollalarından ibarət bir qisim ruhanilər dəyərsiz dünya malından ötrü zalımların süfrəsində oturub söz və əməllə onları təsdiqləsələr də, din alimlərinin, ruhanilərin və gənc hövzə tələbələrinin əksəri gözütox, təqvalı və iffətli qalmış, sədaqətli və qüdrətli mübarizə gücünü və iradəsini qorumuş, xalqın qəlbində şiə ruhanilərinə olan güclü etimada xələl gətirməmişlər.

Məhz buna görə ruhani təbəqəsi həmişə müxtəlif düşmənlərin, müstəmləkəçilərin, əcnəbilərin və əcnəbipəsərtlərin zəhərli hücumlarına məruz qalmış və onların birinci dərəcəli düşməni sayılmışdır. Əlli il boyu İranda Pəhləvi hökumətinin və əcnəbi güclərin tamamilə müstəmləkə mahiyyəti daşıyan və ruhani təbəqəsi əleyhinə yönəlmiş planlı və düşmən təbliğatı Rza xanın dövründə və Məhəmmədrzanın dövrünün birinci yarısında din alimləri üçün çətin sınağa çevrildi və Allaha şükür olsun ki, ruhanilər bu sınaqdan başıuca çıxdılar.

Onbeşillik mübarizə çağında da Qum Elm Hövzəsi, digər elm hövzələri və məşhur ruhanilər mübarizənin və onun ardınca düşmənin vəhşi hücumlarının əsas mərkəzlərinə çevrildilər. Lakin bu sərt reaksiyalar Allahın iradəsi ilə ruhanilərin qəti dini vəzifələri olan şərəfli yoldan geri çəkilmələrinə bais olmadı, əksinə, bu dövrdə İslam düşüncəsi daha da çiçəkləndi, parladı, Quran fiqhi daha səmərəli oldu, mübariz ruhanilər daha püxtələşdilər və İslam hökumətinə şərait yarandı.1
Sual: İslam inqilabında İran xalqının əsas şüarlarından biri olan müstəqilliyin mənası nədir? Bir xalq üçün istiqlaliyyət hansı mövqeyə və dəyərə malikdir? Lütfən müasir tarixdən buna misallar göstərin.

Cavab: İstiqlaliyyət odur ki, bir xalq öz taleyinə hakim olsun, əcnəbilər ona əl uzatmasın, onun taleyini xaincəsinə və qərəzli şəkildə dəyişdirməsin. İstiqlaliyyətin mənası budur. Əgər bir xalqın istiqlaliyyəti ondan alınsa və onun xeyrini istəməyən əcnəbilər ona hakim olsalar, iki şeyi əldən verər: biri öz şərəfini, fəxrini və kimlik hissini, ikincisi isə mənafeyini. Bir xalqa hakim olan düşmən o xalqın xeyrini istəməz, onun mənafeyinə önəm verməz. Bir xalqı öz caynağına keçirmək istəyən qüvvə yalnız öz mənafeyini düşünər, istiqlaliyyətini əldən vermiş xalqın mənafeyi onun üçün heç bir əhəmiyyət kəsb etməz. On doqquzuncu və iyirminci əsrlərdə buna dair çoxlu nümunələr görmüşük.

Avropa müstəmləkəçiləri Asiya, Afrika və Latın Amerikasının bir çox bölgələrini ələ keçirib, xalqlarını xar etdilər, mədəniyyətlərini, kimliklərini, sərvətlərini taladılar, hətta dillərini, əlifbalarını, keçmişlərini və adət-ənənələrini də ayaqları altına atdılar, xalqları rəzil etdilər, var-yoxlarını taladılar, sərvətlərini qarət, mədəniyyətlərini məhv etdilər; bacardıqları qədər qaldılar, sonra da getdilər. Mən belə nümunələrin bəzisini öz gözlərimlə görmüşəm, bəzisini eşitmişəm, bəzisini isə oxumuşam.

Bir nümunə böyük Hindistan ölkəsidir. İngilislər uzaqdan gəlib əvvəlcə hiyləgərliklə, sonra isə silah və zor gücünə Hindistanı tutdular, uzun illər bu məmləkətdə hökmranlıq etdilər, xalqı alçatdılar, böyüklərini məhv etdilər, sərvətlərini taladılar. İngiltərə Hindistanın sərvəti və məhsulları ilə öz xəzinəsini və oliqarxlarının cibini doldurdu, Hindistanı isə yoxsulluq, səfalət və bədbəxtlik içərisində buraxdı. Yalnız maddi yox, onların mənəvi sərvətlərini də aldılar, öz dillərini zorla onlara sırıdılar. Hindistan, Pakistan, Banqladeş və qədim Hindistan yarımadasının hamısı İngiltərənin müstəmləkəsinə çevrildi. Bu gün ingilis dili onların rəsmi dilidir. Həmin regionun onlarla yerli dili olmuşdur. Bu dilləri bacardıqları qədər sıradan çıxardılar, məhv etdilər. Bir xalq öz dilini əldən verəndə keçmişini, tarixini, adət-ənənələrini əldən vermiş, dəyərli irsindən ayrılmış olur.

Başqa bir misal vurum. Prezident olduğum zaman Latın Amerikasında yerləşən Perunun prezidenti bir dəfə mənə dedi: “Biz bu yaxınlarda arxeoloji qazıntılar zamanı ölkəmizdə çox möhtəşəm bir sivilizasiyanın qalıqlarını aşkarlamışıq”. O deyirdi ki, müstəmləkəçilər uzun illər Peruya hakim olmuşlar, amma xalqın, ziyalıların və elm adamlarının qədimdə olmuş belə bir sivilizasiyadan xəbər tutmasına qoymamışlar. Yəni bunlar hətta xalqın öz tarixini bilməsinə, keçmişi ilə fəxr etməsinə də mane olurdular.

Başqa bir nümunə ərəb və müsəlman ölkəsi olan Əlcəzairdir. Fransalılar on illərlə bu ölkədə hökmranlıq etdilər. Oranı silahla tutdular, hökumət qurdular, öz hakimlərini və zabitlərini hökumət başçısı və komandan təyin etdilər. Onların gördüyü ilk iş İslam irsini və hətta ərəb dilini məhv etmək idi. Yenə prezident olduğum zaman Əlcəzairin ozamankı yüksək dövlət məmurlarından biri Tehranda mənimlə görüşdü. Söhbət əsnasında bir söz demək istəyirdi, amma o sözün ərəbcəsini bilmirdi; ərəb dilli bir insan mənə bir söz demək istəyir, amma ərəbcə deyilişini bilmirdi. Üzünü Xarici işlər nazirinə tutub fransızca soruşdu ki, buna ərəbcə nə deyirlər? O da dedi ki, ərəbcə belə olur. Yəni bir xalqın görkəmli və aparıcı şəxsiyyətləri müstəmləkə səbəbindən öz dillərindən ayrı düşdülər. Ondan sonra Əlcəzairin xeyirxah insanları bizimlə söhbətdə dedilər ki, biz müstəmləkədən sonra ərəb dilini bərpa etməyə başlamışıq.

Mənim əzizlərim! Mənim qardaş və bacılarım! İstiqlaliyyətin olmaması bir ölkəyə bunları edir: xalqdan milli kimliyini, fəxrlərini və tarixi keçmişini alır, maddi sərvətlərini talayır, mədəni kimliyini və dilini alır. Əcnəbi hökmranlığının axırı budur. Müstəmləkə dövründə belə oldu. İstismar dövrü adlanan müstəmləkədən sonrakı dövrdə də ayrı cür oldu. Düzdür, bizim ölkəmiz heç zaman müstəmləkəyə çevrilmədi, yəni əcnəbilər bu ölkəyə gəlib qeyri-iranlı, məsələn ingilis hökuməti qura bilmədilər, İran xalqı buna icazə vermədi, amma hakim olduqları sürədə bacardıqları qədər nüfuzlarını genişləndirdilər.

Mən son yüzillik tarixdən sizə dörd nümunə söyləmək istəyirəm. Bu dörd nümunə bizə bir ölkənin siyasi və mədəni qurumlarına əcnəbi bir qüvvənin hakim olduğu zaman o ölkənin və xalqın başına nələr gəldiyini göstərir.

Bir nümunə Məşrutə nümunəsidir. Bilirsiniz ki, Qacar rejiminin zülmü xalqı cana doyurmuşdu. Xalq və cəmiyyətin başbilənləri qiyam etdilər. Öndə gedənlər din alimləri idilər: Nəcəfdə mərhum Ayətullah Axund Xorasani kimi bir təqlid müctəhidi, Tehranda üç böyük alim - mərhum Şeyx Fəzlullah Nuri, mərhum Seyid Abdullah Bəhbəhani və mərhum Seyid Məhəmməd Təbatəbai Məşrutənin rəhbərləri sayılırdılar. Bunların mərkəzi Nəcəf Elm Hövzəsi idi. Bunlar nə istəyirdilər? Bunlar İranda ədalətin bərpa olunmasını və istibdadın sona çatmasını istəyirdilər. O zaman İngiltərənin İranda çox böyük nüfuzu vardı və ziyalılar arasında adamları çox idi. Xalqın fəallığı başlayanda İngiltərə dövləti öz proqramını onlara ötürdü. Düzdür, xeyirxah ziyalılar vardı, lakin bir qrup ziyalı da muzdur, satqın və İngiltərənin maraqlarının müdafiəçisi idi. İngiltərədə məşrutə, yəni parlamentli hakimiyyət vardı. Bu ziyalılar ədalətli kabinet qurmaq və ədaləti bərqərar etmək üçün yerli bir formul axtarmaq əvəzinə məşrutə formasına keçdilər. Nəticə nə oldu? Nəticədə arxasında din alimləri duran, din adı və din şüarı ilə meydana çıxan bu möhtəşəm xalq hərəkatı çox qısa müddətdən sonra Şeyx Fəzlulllah Nurinin Tehranda edam edilməsi ilə nəticələndi. Bir qədər sonra Seyid Abdullah Bəhbəhaniyə evində terror etdilər. Seyid Məhəmməd Təbatəbai də cəmiyyətdən təcrid olunmuş halda yalqız şəkildə dünyadan köçdü. Bununla da Məşrutə hərəkatını özləri istədikləri formaya qaytardılar və nəhayət Rza xanı hakimiyyətə gətirdilər.

İkinci nümunə Rza xan hakimiyyətinin özüdür. İngilislər Qacar rejimi ilə bir müqavilə bağlamışdılar. Bu müqaviləyə əsasən, İranın bütün maliyyə və hərbi məsələləri ingilislər tərəfindən idarə olunurdu. Ayıq alim olan mərhum Seyid Həsən Müdərris bu layihəyə qarşı çıxdı və onun ozamankı Milli Şura Məclisində qəbul olunmasına imkan vermədi. İngilislər çarəsiz qaldıqda yeni fikrə düşdülər. Başa düşdülər ki, İranda Müdərris kimiləri məhv etmək, xalqla qəddarcasına davranmaq və ingilislərin istəyini icra etmək üçün bir diktatoru iş başına gətirməlidirlər. Buna görə Rza xanı hakimiyyətə gətirdilər. İranda Rza xanın şahlığı bizim tariximizin çox ibrətli hissələrindən biridir. Bu gün ölkənin bütün gəncləri bunu bilməlidirlər. Rza xandan qabaqkı hərc-mərcliyə onun polad yumruğu və İngiltərə dövlətinin köməyi ilə son qoyuldu, ölkədə 55 il davam edən bir diktatorluq yarandı, İngiltərənin siyasi və mədəni qurumlara təsiri xalqı təzyiq altında saxladı.

Üçüncü nümunə 1941-ci ilə aiddir. O zaman Rza xan öz qabaqkı himayədarları tərəfindən taxtdan salındı və İrandan ixrac edildi. İngilislər mütləq təslimçilik şərti ilə Məhəmmədrzanı iş başına gətirdilər. Onlar istədikləri hər bir işi görürdülər, müstəmləkəyə ehtiyacları yox idi. Xain bir iranlı əcnəbilərin yardımına qarşılıq olaraq ölkədə onların istəyini icra edəndə daha müstəmləkədən ötrü özlərinə zəhmət verməyə lüzum qalmır. Onlar bu işi gördülər.

Sonra dördüncü nümunə baş verdi. Bu, 1953-cü ilə aiddir. Əvvəlcə hiylə qurub mərhum Ayətullah Kaşanini təcrid etdilər, bacarıqsız siyasət nəticəsində prosesdən kənarlaşdırdılar, Müsəddiqin hökumətini devirəndən sonra isə yenidən işlərin başına keçdilər, İrana girdilər, öz nüfuzları, əlaltıları və fəaliyyətləri ilə 19 Avqust çevrilişini edib İrandan qaçmış Məhəmmədrzanı geri qaytardılar. Qaranlıq Pəhləvi diktaturası daha 25 il də davam etdi. Bu dörd nümunənin hamısı ibrətamizdir.

Bir xalq əcnəbi bir qüvvənin onun siyasi, yaxud mədəni qurumlarına nəzarət etməsinə icazə verəndə taleyi belə olur. Əgər İslam inqilabı baş verməsəydi, bu xalq Böyük İmamın arxasında bu möhtəşəm tarixi işi görməsəydi, bilirsiniz indi İran xalqı hansı durumda idi? Bu xalq Qərbin elmi inkişaflarının heç birini öyrənməzdi, nə ixtira, nə kəşf, nə quruculuq olardı, sərvətlərini əldən verərdi, neftini həmin düşmənlərə axar çayların suyundan da ucuz qiymətə satardı; neft onlarınkı, neftayırma onlarınkı, üzünmüddətli müqavilələr onlarınkı! Bu ölkənin düşmənləri onun digər mədən və sərvətləri üçün də planlar cızmışdılar. Bu xalqın beyinlərini oğurlayıb ölkənin elmi vəziyyətini aşağı səviyyədə saxlamaq istəyirdilər.

Amerika və İngiltərənin İranda hökmranlıq etdiyi zaman İran xalqı çətin günlər yaşadı. Əvvəlcə ingilislər və sonra amerikanlar yüz il bu ölkəni geriyə saldılar. Biz bu gün hansı sahəyə baxırıqsa, onların səhlənkarlıqlarının, xəyanətlərinin və çirkin əməllərinin əlamətlərini öz gözlərimizlə görürük.

İslam inqilabının gördüyü ən böyük işlərdən biri Amerika istismarına son qoymasıdır. İslam inqilabının fəxrlərindən biri budur ki, Amerikanın bu ölkəyə uzanan əlini, bu istismarın kökünü və bütün dəm-dəsgahını darmadağın etdi. Düzdür, inqilabın əvvəllərində bu ölkədə hökumət başında olan bir qrup Amerikanı sevirdi və buna imkan vermək istəmirdi. Mən 1979-cu ildə Ali Müdafiə Şurasında bunu yaxından gördüm. Elə bir qanun qəbul edirdilər ki, ona əsasən Amerikanın hərbi müstəşar heyətləri - bütün cinayət və xəyanətləri törədənlər başqa bir ad altında İslam Respublikası ordusunda qalacaqdılar. Mən buna mane oldum. Bir qədər mübahisə oldu və məsələ dayandı. Sonra da Allah-Taala bu işi görmək üçün onlara macal vermədi və getdilər. İslam İnqilabının qələbəsindən hələ bir il ötməmiş həmin cənablar növbəti dəfə Əlcəzairdə bu xalqın qan düşmənləri olan amerikalılarla müzakirə layihəsi hazırladılar, amma imam mane oldu və qoymadı.

İnsan belə şəxslərdən "islahat" və "azadlıq" sözlərini eşidəndə bədgüman olmağa haqlıdır. İlk növbədə Amerika istismarına qarşı çevrilən belə bir möhtəşəm inqilabdan sonra müxtəlif yollarla qapıdan qovulan amerikalıları pəncərədən qaytarmaq istəyən şəxslər indi azadlıqdan və islahatdan dəm vurur, keçmiş rejimin muzdurları və tör-töküntüləri də onlara kömək edirlər. Hər bir sayıq insanın nigaran olmağa və şübhələnməyə haqqı var. İslam inqilabının şah əsəri istiqlaliyyətdir; yəni əcnəbi nüfuzunun yolverilməz olması; yəni Amerika, İngiltərə və digər supergüclərin ölkənin siyasi və mədəni məsələlərinə hər hansı müdaxiləsinin yasaq olması.1


Sual: Bu gün müzakirə olunan və müxtəlif mövzuları önə çəkən məsələlərdən biri azadlıq məsələsidir. İslam azadlığı vacib sayırmı? Başqa sözlə desək, İslamda azadlıq varmı, yoxsa bu yalnız Qərbə aiddir?

Cavab: Azadlıq məsələsi Qurani-kərimdə və imamların (ə) sözlərində dəfələrlə, özü də ciddi surətdə təkid olunan məsələlərdən biridir. Əlbəttə, burada məqsədimiz dünyada heç bir tərəfdarı olmayan mütləq azadlıq deyil. Düşünmürəm ki, dünyada kimsə mütləq azadlığa dəvət etsin. Məqsədimiz İslam dinində, xüsusən də İslam maarifinin yüksək səviyyələrində nəzərdə tutulan mənəvi azadlıq da deyil. Mənəvi azadlıq məsələsi mənəviyyata inanan bütün insanların qəbul etdiyi bir məsələdir, amma bizim söhbətimizin mövzusu bu deyil. Burada söhbət açdığımız azadlıq ictimai azadlıqdır: düşünmək, danışmaq, seçmək və bu tip işlər üçün insani haqq olan azadlıq. Bu məsələ Quran və sünnədə yüksək dəyərləndirilmişdir. Əraf surəsinin 157-ci şərafətli ayəsi buyurur: “O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsula - ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, natəmiz və iyrənc şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üzərlərindəki buxovları açar”. Allah insanların boynundan zəncirləri götürməyi Peyğəmbərin (s) xüsusiyyətlərindən biri kimi göstərir. Peyğəmbər (s) "isr"i, yəni insanlara məcbur edilən boyunduruqları onlardan götürür. Çox maraqlı və geniş anlayışdır. Əgər o dövrün dini və qeyri-dini cəmiyyətlərinə nəzərə salsanız, bilərsiniz ki, bu boyunduruqlar və insanların zorla məcbur edildiyi əhdnamələr batil inam və xurafatların, istibdad, təhrif, yaxud təhqir əllərinin insanlar üçün zorla yaratdığı yanlış ictimai şərtlərin çoxuna şamil olur. “Əğlal” sözünün "zəncirlər" demək olduğu da aydın məsələdir.

Əmirəlmöminin (ə) haqda məşhur “Ədalətin səsi” kitabının müəllifi cənab Corc Cordaq Əmirəlmömininin (ə) və ikinci xəlifə cənab Ömərin sözlərini müqayisə edir. Bir dəfə dövrünün valilərindən bir neçəsi cənab Ömərin yanına gəlmişdilər. Xəlifəyə onların pis əməllərinə dair xəbər çatmış və onu qəzəbləndirmişdi. Xəlifə onlara müraciətlə ölməz bir cümlə deyib: "Allah insanları azad yaratdığı halda, siz onları özünüzə köləmi etmisiniz?!" Digər cümlə isə Əmirəlmömininin (ə) Nəhcül-bəlağədə yer alan cümləsidir: "Başqasının qulu olma; Allah səni azad yaratmışdır!" Corc Cordaq bu iki cümləni müqayisə edib deyir ki, Əmirəlmömininin (ə) cümləsi Ömərin cümləsindən qat-qat üstündür. Ömər azadlıq və hürriyyətə heç bir zəmanət verməyən şəxslərə müraciət edir. Çünki Ömərin ifadəsinə əsasən, insanları özlərinə qul edənlər onların özləridir. Yəni ey xalqı özünə qul hesab edənlər, xalqa azadlıq verin. Bu, bir növ danışmaqdır. Əmirəlmöminin (ə) isə insanların özünə müraciət edir və icra zəmanətini kəlamının özündə göstərir: " Başqasının qulu olma; Allah səni azad yaratmışdır!"

Hər iki kəlamda azadlıq üçün iki xüsusiyyət var. Əlbəttə, Əmirəlmömininin (ə) kəlamında daha üstündür. Çünki o, icra zəmanətini də ehtiva edir. Sözügedən iki xüsusiyyətdən biri budur ki, azadlıq hissi insanın fitrətində var: "Allah səni azad yaradıb". Mən İslam təfəkkürü ilə Qərb təfəkkürü arasında müqayisə apararkən buna toxunacağam.1
Sual: Hansı qruplar İslamın azadlığa dair tərifinə müxalif olub Qərb azadlığını, yaxud on səkkizinci əsr Avropasının liberalizmini bilərəkdən, yaxud bilmədən təbliğ edirlər?

Cavab: Məncə azadlıq məsələsinin qeyri-islami və qeyri-lokal edilməsində iki qrup əlbir olmuşdur. Bu qrupların biri azadlıq məsələsinə dair son iki-üç əsrin Qərb filosoflarının deyimlərindən sitat gətirirlər: filankəs belə deyib, flankəs elə deyib. Əlbəttə, bunlar həmin filosofların adlarını çəkdikləri üçün hörmətə layiqdirlər. Çünki bəzi fəlsəfəpərdazlar Con Stüart Millin, yaxud başqa fransalı, almaniyalı və ya amerikalı filosofun sözünü deyir, amma adını çəkmir, öz adlarına yazır və saxtakarlıq edirlər. Hər halda, bu qrup azadlıq təfəkkürünün və ictimai azadlıq məfhumunun Qərb tərəfindən bizə hədiyyə edilmiş düşüncə olması haqda fikir formalaşmasına kömək edirlər.

Bir qrup da bilmədən bunlara kömək edir. Bunlar azadlığın adı çəkilən kimi qorxuya düşən, fəryad qoparıb “ay aman, din əldən getdi” - deyənlərdir. Xeyr! Din azadlığın ən böyük carçısıdır, nə üçün əldən getməlidir?! Düzgün və məntiqli azadlıq dinin bir xalqa və bir cəmiyyətə ən böyük hədiyyəsidir. Azadlığa görə düşüncələr inkişaf edir və istedadlar çiçəklənir. İstibdad istedadın düşmənidir. İstibdad olan yerdə istedad çiçəklənə bilməz. İslam insanların çiçəklənməsini istəyir. Təbii mənbələr kimi möhtəşəm insani mənbələr də çıxarılmalıdır ki, dünyanı abadlaşdırsınlar. Məgər azadlıq olmadan bu mümkündür?! Məgər əmr və qadağalarla mümkündür?! Kimlərinsə belə düşünməsi yanlışdır. Qərbpərəstlər və ehtiyatlananlar azadlıq anlayışını İslamdan tamamilə uzaqlaşdırmaqda özləri də bilmədən əməkdaşlıq edirlər. Halbuki belə bir şey yoxdur və azadlıq İslamın təsdiqlədiyi bir anlayışdır.1



Yüklə 407 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin