Sual: Bütün bu dəstəklərlə yanaşı, İran xalqı bu böyük qələbəyə necə nail oldu?
Cavab: Əziz qardaş və bacılar! Necə oldu ki, siz qələbə çaldınız? Sizin imanınızdan, Allaha arxalanmanızdan, Allahın düşmənləri qarşısında müqavimətə qərarlı olmanızdan və heç bir vasitə ilə qıra bilmədikləri birliyinizdən, gənclərinizin qəhrəmancasına fədakarlığından, gənc olmalarına baxmayaraq, dünya ləzzətlərinə göz yumub nəfsə təslim olmamalarından, övladlarından keçən və övlad eşqinin təhrikinə uymayan ata-analardan, dünya bəzəklərinə etinasızlıqdan və uca məqsədə - yəni İslam və müsəlmanların başucalığına can atmaqdan başqa İran xalqının qələbəsinin başqa bir amili vardımı?! Düşmənin hər tərəfdən hücum etdiyi zaman İran Şərqə, Qərbə, Amerikaya, Avropaya, yaxud sovetlərə üz tutsaydı, yenə də qələbə çalardımı? Buna qoymazdılar. Müharibə qələbəsiz bitərdi və bu xalqı yenidən istismar etməyə başlayardılar.2
Sual: İran İslam Respublikası əleyhinə aparılan təlbiğatlardan biri də onun hərbi gücünə dairdir. Bu təbliğatla həm Fars körfəzi regionu ölkərini qorxudaraq orada hərbi qüvvə saxlamalarına don geyindirir, həm də bu ölkələrə silah satırlar. Onlar İranı işğalçılıqda və kütləvi qırğın silahları istehsal etməkdə ittiham etdirlər. Bu sahədə İran İslam Respublikasının mövqeyi nədən ibarətdir?
Cavab: Müdafiə canlı bir xalqın kimliyinin tərkib hissəsidir. Özünü müdafiə edə bilməyən xalq canlı deyil. Özünü müdafiə etmək haqda düşünməyən və özünü buna hazırlamayan xalq da əslində canlı deyil. Müdafiənin əhəmiyyətini dərk etməyən hər hansı xalq da müəyyən mənada canlı sayılmır. Biz hegemonluğun İslam, inqilab və İslam quruluşu əleyhinə güclü və ədavətli təxribatını görə-görə gözümüzü və beynimizi bağlayıb müdafiə haqda düşünməyə bilmərik. Allah o günü göstərməsin ki, bu xalq, onun görkəmli şəxsləri beynəlxalq hegemonluğun və ilk növbədə Amerikanın ədavətli və xəbis hücumunu yaddan çıxarsınlar.
İnqilab kimliyinə, müsəlmanlığına və hegemonların zülmü qarşısında təslim olmadığına görə dünya quldurlarının nifrət və qəzəbinə tuş gəlmişdir və gələcəkdir. Hegemonluğun bizə qarşı nifrəti və qəzəbi bitən deyil. Nə zamansa bunun faydasız olduğunu düşünüb hücumu dayandıra bilərlər. Bir zaman İslam Respublikası quruluşu güclənib dünya miqyasında çoxlarını dostluğa və yoldaşlığa vadar edə bilər. Amma dünyanın hegemon güclərinin və bəşəriyyəti azdıran şeytansifətlərin inqilaba düşmənliyinin bitməsi mümkün deyil.
Nə qədər ki, bu düşmənlik var, təhdid də var; nə qədər ki, təhdid var, müdafiə fikri və hazırlığı da olmalıdır. Bizim düşmənlərimizin hiyləgər təbliğat yollarından biri budur ki, inqilabı, quruluşu, ölkəni və xalqımızı müdafiədən danışan kimi təbliğat siqnalları işə düşür və bizi işğalçılıqda ittiham edirlər. İşğalçı dünyanı müharibələrə qərq edən sizlərsiniz. İşğalçı öz maraqlarından ötrü uzun illər xalqları məcburi müharibə alovunda yandıran sizlərsiniz.
Biz işğalçı deyilik və müdafiə haqda fikirləşirik. Biz canlı və sayıqıq. Biz böyük və qiymətli sərvətlərimiz olan inqilabımızı, İslamımızı və quruluşumuzu yaddan çıxarmayacağıq, onları müdafiə edəcəyik. Bu, işğalçılıq deyil, bizim yolumuzdur. Bütün xalq, xüsusən də silahlı qüvvələr bilsinlər ki, müdafiə üçün hazırlıq və sayıqlıq tükənməzdir. Böyük xalqın, inqilabın əsgər və müdafiəçiləri arasında İslam İnqilabının Mühafizəçiləri Korpusunun özəl yeri var.1
Sual: Bu günlərdə Bəsicin zərurətini inkar etmək və onun tərəfindən həll edilmiş böyük problemləri sual altına salmaq məqsədilə aldanmış, yaxud asılı cəmiyyətlərin proqramında ona qarşı hücumlar görünür. Əvvəldən inqilab işlərində iştirak etmiş bir şəxs kimi Bəsic təşkilatının yaradılmasının fəlsəfəsini və onun xidmətlərini necə dəyərləndirirsiniz? Siz hansı xüsusiyyətlərə malik olan şəxsi Bəsic üzvü sayırsınız?
Cavab: Bu əsrin əvvəllərindən indiyədək həmişə qlobal güc mərkəzlərinin siyasəti xalqları siyasi səhnədən çıxarmağa yönəlmişdir. Yəni Avropa ölkələrinin və sonra ABŞ-ın xüsusən bu bölgənin İslam ölkələrini ələ keçirmək, neftlərini mənimsəmək, strateji mövqelərindən, istehlak bazarlarından və ucuz işçi qüvvələrindən istifadə etmək üçün plan cızdıqları zamandan bunun yanında başqa bir əsaslı və həyati qərar da verildi. O qərar bu bölgənin xalqlarını siyasi proseslərdən kənarlaşdırmaq idi. Çünki xalqlar siyasi səhnədə olsalar, hökmranlıq istəyində olan hegemonluq məğlub olar. Xalqları proseslərdən kənarlaşdırmaq, regional məsələlərdə onların sözünü, rolunu və iradəsini heçə endirmək üçün ölkələrin başında xalqa heç bir aidiyyəti olmayan və xalq tərəfindən əsla sevilməyən tərəfdarlarını hakimiyyətə gətirməli idilər. Bunun bizim İranımızdakı nümunələri Rza xan, sonra da onun oğlu idi. Bunların xalqla heç bir əlaqələri yox idi. İranda, yaxud bəzi Şimali Afrika ölkələrində və yaxud regionun digər ölkələrində xalqlar belə insanların hakimiyyəti və başçılığı qarşısında qalanda təbii ki, onları müdafiə etməyəcəkdilər. Xalq başçını müdafiə etməyəndə onun ixtiyarı xarici güc mərkəzinin əlinə keçir, "et" dedikdə etməyə, "etmə" dedikdə etməməyə məcbur olur; “Orta Şərq sülhünü rəsmən tanı” dedikdə tanımağa məcburdur; “Neftin qitməyini bu qədər endir” dedikdə endirməyə məcburdur; “Filankəsi kabinetindən kənarlaşdır”, yaxud “Filankəsi filan vəzifəyə təyin et” dedikdə etməyə məcburdur. Nə üçün məcburdur? Çünki bunu etməsə, qlobal güc mərkəzinin qəzəbinə tuş gələr. Onu müdafiə edəcək bir xalqın da olmadığına görə nəticə belə olur: Bu ölkələrdə azğın və satqın başçılar tərəfindən verilən qərarlar əslində qlobal güclərin - xalqları heçə sayan, onların hüququna əhəmiyyətsiz yanaşan, maraqlarını nəzərə almayan və inqilabın əvvəlindən bizim Hegemonluq adlandırdığımız qüvvənin qərarı olur. Hegemonluğun siyasəti bu olmuşdur, bu işi görmüşlər. İnqilabdan öncə bizim əziz İranımızda on illərlə bu siyasət aparıldı. Mən ad çəkmir və zaman təyin etmirəm, amma düşünsəniz, digər ölkələrdə də çoxlu belə nümunələr görə bilərsiniz. Bunun əks tərəfi nədir? Əksi odur ki, bir ölkədə xalq siyasi proseslərə qoşulsun, "hə" və "yox" desin, öz istəyini bildirsin, hüququnu tələb etsin, ölkəsinin məsələlərinə açıq gözlə, möhkəm iradə ilə və qüdrətlə müdaxilə etsin. Bu işin tilsimini bu ölkədə bizim əzəmətli İslam inqilabımız və bu inqilabın misilsiz rəhbəri qırdı. İnqilabdan öncə on illərlə bu ölkədə parlamentin, seçkilərin və bu kimi məsələlərin yalnız adı vardı. O dövrdə bu xalq bir dəfə də seçkilərdə iştirak etmədi, seçkiləri tanımadı, hökuməti tanımadı, qərarlardan xəbər tutmadı. Bütün işlər xalqsız görülür, qərar çıxarılır və əməl olunurdu. İnqilabın əvvəlindən isə bu xalq səhnədədir. Ölkə məmurları qərar verirlərsə, şücaət göstərirlərsə, möhkəm addım atırlarsa, bu, xalqın dəstəyinə görədir. Bir ölkədə xalq səhnədə olanda siyasi proseslərdə iştirak edir, daha nə beynəlxalq hegemonlar onu bir şeyə məcbur edə, yaxud kimisə onların belinə mindirə bilir, nə də hakimlər zəiflik göstərib əcnəbilərin istəyinə təslim olurlar; çünki xalq tələb edir.
İranının bütün əhalisi səhnədədir. Sözsüz ki, maraq, həvəs və iradələr hər yerdə eyni deyil, ölkələrinin və xalqlarının ali məqsədləri yolunda zəhmət çəkməyə və iş görməyə hamı eyni şəkildə təşəbbüs göstərmir; biri canını verməyə hazırdır, biri malını verməyə, biri bir qədər vaxtını verməyə, biri bir neçə kəlmə danışmağa, biri tamaşaçı kimi alqışlamağa. Hamı eyni deyil. Bizim 65 milyonluq böyük xalqımız arasında can lazım olanda canını verən, mal lazım olanda malını verən, fiziki iştirak etmək lazım olanda iştirak edən, quruculuq işlərinə qoşulan, müdafiə məsələsi qarşıya çıxanda cəbhəyə yollanan, ölkənin məqsədləri naminə özünü elmi cəhətdən hazırlamaq lazım olanda bu işi görən, hansı iş istənilsə, onu görməyə hazır olan şəxslərin adı Bəsicdir. Bəsicin mənası budur ki, ölkənin yüksək qurumları böyük düyünləri açmaq, iri addımlar atmaq və ölkənin müdafiəsi üçün təkcə rəsmi və dövlət təşkilatlarına arxalanmasınlar. Müharibədə bizim güclü silahlı təşkilatlarımız vardı: ordu və Mühafizəçilər korpusu. Lakin ölkənin sərhədlərini, müstəqilliyini, başucalığını müdafiə məsələsi ortaya çıxan kimi meydana atılan təkcə rəsmi təşkilatlar deyil, bütün xalq bunlara kömək edir və işə qoşulur; necə ki, bu 20 il ərzində - müharibə dövründə, ondan öncə və sonra qoşuldular. Bəsicin mənası budur. Bəsic - xalqın möhtəşəm qüvvələrinin ən yaxşılarının, ən fəallarının və ən imanlılarının milli maraqlar və uca məqsədlər naminə onlara ehtiyac duyulan işlərə qoşulmasıdır. Həmişə ən yaxşı, ən xalis, ən şərəfli və ən uca insanlar bu xüsusiyyətə malik olurlar. Bir ölkədə Bəsic bu fəxr bayrağını ucaldan, onun üçün zəhmət çəkməyə hazır olan təbəqədir. Bu həm də asan deyil. Allaha şükür edirik ki, inqilabın ilk günündən xalqın könüllü qüvvələri bütün sahələrdə fəal iştirak etmişlər. İmam bu qüvvənin qədrini bildi; vətəndaşlar öz aralarında bu möhtəşəm və təlatümlü amilin qədrini bildilər. Özləri bu təhlükəli işlərə qoşulmayanlar, yaxud buna hazırlıqları olmayanlar fədakarlıq göstərən həmin hazırlıqlı gəncləri və qüvvələri alqışladılar, həvəsləndirdilər. Bu, beynəlxalq güc mərkəzlərini, hegemon qurumları, ölkələrin və xalqların taleyini haqsız olaraq ələ keçirmək istəyən şəxsləri qəzəbləndirir.
Bəsicə qarşı hücumların sirrini bundan anlamaq lazımdır. Nə üçün beynəlxalq mediada, radiolarda Bəsicə hörmətsizlik olunur? Nə üçün həmişə əcnəbilərin ağzına baxıb onların sözünü təkrarlayanlar Bəsicə qarşı təhqiramiz ifadələr işlədirlər, şərəfə, hörmətə və təqdirə layiq olan Bəsicə hörmətsizlik və sayğısızlıq edirlər? Onlar milli istiqlaliyyətin, milli qürurun, milli fəxrlərin qorunmasında, milli maraqların təmin edilməsində və nəhayət ən üstünü, İslamın və İslam Respublikası quruluşunun bayrağının ucaldılmasında Bəsicin rolunu bildiklərindən onunla qatı düşməndirlər. Lakin bunun heç bir faydası yoxdur.
Bu gün Allaha şükür olsun ki, bizim müxtəlif təbəqələrdən olan gənclərimiz Bəsicdə həyat və fəaliyyətin olduğunu hiss edirlər. Bizim gənc nəslimiz bunun qədrini bilirlər. Bu gün bizim böyük Bəsic təşkilatımızda hövzə və universitetin görkəmli şəxsləri, elmli və əxlaqlı hövzə tələbələri, dünyanın elm müsabiqələrinin yüksək medallarına layiq görülən ən əlaçı universitet tələbələri, liseylərin əlaçı şagirdləri, zavodların nümunə fəhlələri, müxtəlif sahələrdə çalışan nümunə şəxslər, nümunə qiraətçilər, sənət adamları, müəllimlər, müxtəlif təbəqələrin nümunə şəxsləri toplaşmışlar. Məgər düşmən özünün ədavətli və əbəs təbliğatı ilə bu uca dəyəri xalqın gözündən sala bilər?!
Mən siz əziz gənclərə, təbəqə mənsubiyyətindən asılı olmayaraq, Bəsic üzvü olan mömin oğlan və qızlara deyirəm: Mənim əzizlərim! Ölkə siz gənclərindir. Ölkə gənc nəslə məxsusdur. Siz bu ölkəni qurmalı, bu inqilabın və onun memarının bacarıqlı əllərinin ucaltdığı şərafət və əzəmət təməllərini qorumalı və yüksəltməlisiniz. Siz öz gücünüz, iradəniz, elminiz və imanınızla inqilabdan öncəki bir neçə onilliyin geriliklərini düzəltməlisiniz. Gənclərdən kim bu məsuliyyət hissini, məqsədlərə bu sevgi hissini ixlasla birgə qəlbində daşıyırsa, o, Bəsic üzvüdür; istər Müqavimət qüvvələrində olsun, istər olmasın; istər rəsmi Bəsic kartı aslın, istər almasın. Kim imanlıdırsa, kim uca məqsədləri reallaşdırmaq istəyirsə, kim ölkəsi, İslamı, İslam quruluşu və xalqı üçün bütün vücudu, bütün istedadı, öz ruhu və bədəni ilə zəhmət çəkməyə hazırdırsa, harada olursa-olsun, Bəsic üzvüdür. Bəsic batalyonlarında - Müqavimət qüvvələrinin Aşura, Ya Zəhra batalyonlarında və onun digər sahələrində rəsmi fəaliyyətlə bu hissi təcəssüm etdirən əziz gənclərimiz bununla fəxr etsinlər.1
Sual: Sionistlər tərəfindən işğal olunduqdan sonra Fələstin məsələsi daim İslam dünyasının birinci problemi olmuşdur. Fələstində sionizm dövlətinin qurulması necə baş verdi və İslam torpaqlarının bu nöqtəsində bu işğalçı dövləti nə üçün yaratdılar?
Cavab: Hadisənin qısası budur ki, dünyanın nüfuzlu yəhudilərinin bir qismi yəhudilər üçün müstəqil bir ölkə qurmaq fikrinə düşdülər. İngiltərə də bunların fikrindən istifadə edib öz problemini həll etmək istədi. Onlar əvvəlcə Uqandaya gedib oranı öz ölkələri etmək istəyirdilər. Bir müddət düşündülər ki, Liviyanın paytaxtı Tripoliyə getsinlər. Bu məqsədlə o zaman Tripolini ələ keçirmiş italiyalarla söhbət etdilər, amma italyanlar onları rədd etdilər. Nəhayət ingilislərlə razılaşdılar. O zaman ingilislərin Orta Şərqdə çox mühüm müstəmləkə planları vardı. Gördülər ki, bunların bu regiona gəlmələri yaxşıdır; əvvəlcə bir azlıq kimi daxil olsunlar, sonra tədricən artsınlar, Fələstin kimi həssas bir bölgəni tutub dövlət qursunlar, İngiltərənin müttəfiqi olub İslam, xüsusən də ərəb dünyasının regionda ittifaq yaratmasına mane olsunlar. Düzdür, digərləri sayıq olsalar, müştərək düşmən birlik amili ola bilər. Amma xaricdən bu şəkildə himayə olunan düşmən casus fəaliyyətləri və müxtəlif üsullarla ixtilaf da yarada bilər. Onlar bu işi gördülər: birinə yaxınlaşdılar, birini vurdular, birini əzdilər, biri ilə pis davrandılar. Buna əsasən, birinci dərəcədə İngiltərənin və bəzi Qərb ölkələrinin köməyi oldu. Sonra onlar tədricən İngiltərədən ayrılıb Amerikaya bağlandılar. Amerika bu günə qədər onları öz qanadı altında saxlamışdır. Onlar bu minvalla bir ölkə yaradıb Fələstini işğal etdilər. İşğal etmələri də belə oldu: əvvəl müharibə ilə deyil, hiylə ilə başladılar. Gedib Fələstinin ərəb əkinçilərinin işlədiyi böyük və çox münbit torpaqları Avropa və ABŞ-da olan əsas sahiblərindən dəyərindən bir neçə dəfə artıq qiymətə aldılar. Onların da ürəklərindən oldu və torpaqlarını yəhudilərə satdılar. Əlbəttə, onların dəllalları vardı. Deyirlər bu dəllalların biri 1900 çevrilişində Rza xanın ortağı olmuş məşhur Seyid Ziya idi. O buradan Fələstinə getdi, orada müsəlmanların torpaqlarının yəhudilərə və israillilərə satılmasına dəllalıq etdi. Torpaqlar bunların mülkü olanda həqiqətən çox qəddar, yırtıcı və daşürəkli yollarla tədricən əkinçiləri bu torpaqlardan ixrac etməyə başladılar; vurur, öldürür və eyni zamanda dünyanın ictimai rəyini yalan və hiylələrlə öz tərəflərinə çəkirdilər.
Dostları ilə paylaş: |