Birinci fəsil: İslam, İslam inqilabı, İslam Respublikası quruluşu


Sual: Gənc həyəcana ehtiyac hissini özündə necə təmin edə və ondan yararlana bilər? Cavab



Yüklə 407 Kb.
səhifə28/62
tarix10.01.2022
ölçüsü407 Kb.
#108721
1   ...   24   25   26   27   28   29   30   31   ...   62
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: Gənc həyəcana ehtiyac hissini özündə necə təmin edə və ondan yararlana bilər?

Cavab: Yaxşı sualdır. Sözsüz ki, həm də çətindir - yəni asan suallardan deyil. Baxın, həyəcan xüsusi sahələrə aiddir. Həyəcanın aşkar göründüyü yerlər var. Misal üçün, idman, xüsusən də idmanın futbol kimi bəzi növləri həyəcanlıdır. Futbolun xisləti belədir, voleybol və tennis oyunları ilə fərqlənir. Oyunun quruluşu elədir ki, onda mübarizə, həyəcan və bu kimi amillər çoxluq təşkil edir. İdman ümumi şəkildə həyəcanlı bir şeydir. Sənət işləri də həyəcanlıdır. Bunlar həyəcanı aşkar olan yerlərdir.

Həyəcan təkcə bu məsələlərə məxsus deyil. Gənc nə olursa-olsun, özünün maraq göstərdiyi sahəni tapa bilsə, o həyəcanı asanlıqla özündə təmin edə bilər. Misal üçün, gənc vaxtı, əynimdə ruhani libası olanda, libasın və mühitin yaratdığı məhdudiyyətlər zamanı bizim də həyəcanımız vardı və o həyəcan təmin olunurdu. Necə? Mən şeiri sevirdim. Buna inanmaq sizin üçün çox çətin ola bilər. Bir şeir məcilsi vardı. Şeiri sevən 4-5 dost iki saat, üç saat oturub şeir haqda danışır və şeir oxuyurduq. Maraq göstərən adam üçün bu işin həyəcanı bir futbolçunun futbol meydançasında oynaması, yaxud bir azarkeşin futbola tamaşa etməsi kimidir; bu da öz həyəcanını onlar qədər təmin edir. Odur ki, sahələr məhdud deyil.

Sizin dediyiniz mühəndislik tələbəsinə bir misal vurum. Siz deyirsiniz ki, o, dərs oxuyur, həyəcanı yoxdur. İnsan dərs deyəndə elə bilir ki, onun həyəcanı yoxdur. Düzdür, dərs sinfinin həyəcanı yoxdur, amma onun yanında universitetdə, yaxud bayırda yaxşı imkanlarla təchiz olunmuş bir təcrübə otağı olsa, - deyəsən indi qayda belədir ki, gənclər mühəndislik təhsilinin bir dövründə gedib zavodlarda praktika keçirlər - bu gənc nəzərdə tutduğu yaradıcılığını, düşündüyü fikrini orada yarada və həyata keçirə bilsə, onda həyəcanı az olacaq? Bunda həyəcan çoxdur.

Qardaşımıza deyirdim ki, tədqiqat işi görsün. Tədqiqat işi eşqlə, həvəslə görülməlidir. İnsanın məcbur edildiyi tədqiqat əlbəttə ki, quru, həyəcansız və faydasız bir şey olar. Lakin sevdiyiniz, maraq göstərdiyiniz, qəbul imtahanında iştirak etdiyiniz, universitetdə dərsini oxuduğunuz, yaxşı müəllimini də gördüyünüz bir fənn üzrə təchizatlı bir təcrübə otağı da olsa, fikir və yaradıcılığınızı orada həyata keçirə bilsəniz, çox yaxşı olar.

Demək istəyirəm ki, gənclərin həyəcanını necə təmin etmək məsələsinə bir sual və nigaranlıq kimi baxmamalıyıq. Xeyr! Əgər müxtəlif sahələrdə şərait olsa, gənc özü maraq göstərdiyi yerdə həyəcanını təmin edəcək.

Ölkə məmurları kimi bizim, eləcə də ölkəni sevən hər bir kəsin – istər dövlət məmurlarının, istər qeyrilərin və gənclərə məxsus sahələrin görməli olduğu iş gənclərin düzgün və sağlam fəaliyyətinə şərait yaratmaqdır. Məsələn, bir gənc ədəbiyyat həvəskarıdır, yaxud birinin iqtisadiyyata marağı var. Təbii ki, iqtisadiyyatın laboratoriyası yoxdur. Lakin birdən elan olunur ki, filan yerdə İranın, yaxud xarici bir ölkənin filan iqtisadçısının dərsi, yaxud seminarı var və çıxış edəcək. Bu uyğun sahəyə marağı olan gənc üçün çox mənalıdır. Bilet alıb tez getsin, özünü çatdırsın, müəllimdən soruşsun. Bunların hamısı həyəcanlıdır. Yəni Allahın yardımı ilə inqilabın əvvəlindən etibarən yüksələn templə gedən iş və fəaliyyət prosesi davam etsə və gənclərə şərait yaradılsa, onlar gəncliyin faydalarından bu həyəcanı təmin edə bilərlər. Düzdür, qəbul edirəm ki, mövcud problemlər səbəbindən bu sahə indiyədək 19 il qədərincə inkişaf etməmişdir. Bu 19 ilin 8 ili doğrudan da müharibə etmişik. İlk 2-3 ili məmurların məlumatsızlığı və təcrübəsizliyi olub. Bunlardan sonra yavaş-yavaş başlanıb.1


Sual: Dindarlıq və sivilizasiya gənclərin beynində bir-birindən ayrı olan iki mövzudur. Siz gənc olarkən bu haqda nə düşünürdünüz?

Cavab: Mən yeniyetmə çağımda - 13-14 yaşımda bu barədə nə düşündüyümü xatırlaya bilmirəm. Həqiqətən yadımda deyil və o zamandan dəqiq bir söz deyə bilmərəm. Mən burada sizə bir söz deyim:

İndi sizi maraqlandıran bu sual və fikirlər bizim dövrümüzdə sizin yaşda olanları əsla maraqlandırmırdı. Mümkün deyildi ki, bu yaşlarda olan bir nəfər elmi işlərdə sizin indiki vəziyyətinizdən öndə olsun. Bu tamamilə məqbuldur. Mən yeniyetmə olarkən, hövzəyə daxil olandan 2-3 il sonra dərsdə çox inkişaf etmiş, qısa zamanda çoxlu dərslər oxumuşdum, savadım yaxşı idi, amma günün mədəni və ictimai məsələlərinə dair təsəvvürüm eyni yaşda olan bugünkü gənclər qədər deyildi.

Bunun səbəbi o zaman heç kimə düşünmə imkanı verməyən şəraitlə bağlı idi. Bəziləri çörək haqda düşünür, bəziləri öz problemləri ilə məşğul olur, bəziləri başqa məsələlərlə maraqlanırdılar. Şərait insana bu məsələlər haqda düşünmə fürsəti vermirdi. Buna görə o zaman dindarlığı sivilizasiya ilə uyğunlaşdırmaq üçün nə etdiyimizi deyə bilmərəm.

Yeri gəlmişkən deyim ki, sivilizasiya və dindarlığın bir-birinə zidd olması fikri çox köhnə və qədim sözlərdəndir. Bunu bilin. Bu, günün sözü deyil. Avropalılar Orta əsrlər kilsəsinin təhrif etdiyi məsihiliyin hakim olduğu zaman sivilizasiya əlamətləri ilə rastlaşdılar. Bəllidir ki, o dindarlıq sivilizasiya ilə ümumiyyətlə uyğun deyil. O dindarlığa görə Qaliley olan şəxs mütləq yandırılmalıdır. Kimsə yeni kəşf edirsə, mütləq məhv edilməli və kafir elan olunmalıdır.

Bir-biri ilə uyğunlaşmayan dindarlıq və sivilizasiya mövzusu o dövrə, həm də Avropaya məxsusdur. Avropalılar özlərinin bütün artıq və pis şeylərini qəsdən müstəmləkə altında olan ölkələrə ötürdükləri kimi, bu düşüncəni də çox hiyləgərliklə tədricən bizim cəmiyyətimizə ötürmüşlər. Cəmiyyət daxilində də bu düşüncələri yaymağı sevən şəxslər vardı. Bu, 40-50 il öncəyə aiddir. Bəzi yerlərdə indiyədək qalmışdır və bəzi şəxslər bu sözləri danışırlar. Əslində isə bu, günün sözü deyil.

Dindarlıq və sivilizasiya nə üçün bir-biri ilə ziddiyyət təşkil etməlidir?! Sivilizasiya elmi nizam-intizamla, inkişaflardan və yaxşı təcrübələrdən istifadə etməklə yaşamaqdır. Dindarlıq isə həyatda düzgün istiqamətə - ədalət, insaf, paklıq və sədaqət istiqamətlərinə malik olmaq, Allaha üz tutmaqdır. Bunlar bir-birinə ziddir?! İnsan bu istiqamətlərə malik olub o şəkildə yaşaya bilər. Bizim alim və mütəfəkkirlərimizin çoxu dindar olmuşlar. Avropanın indiki sivilizasiyasının əsasən sonrakı mərhələlərdə öncüllərinin çoxu da dindar olmuşlar.

İslam sivilizasiyası öz dövründə tarixin parlaq sivilizasiyalarından oldu. Onun əlamətləri bu gün də mövcuddur. Bu gün Allaha şükür olsun ki, müsəlman xalqların çoxu, xüsusən də bizim xalqımız günün mədəniyyətinə malikdir, günün elmindən istifadə edir və onu öyrənməyə çalışır. Harada çalışırlarsa, böyük nailiyyətlər əldə edirlər; həm də dindardırlar və bunun ziddiyyəti yoxdur.1


Sual: Gənclərin məqsədində çaşqınlıq və bəzən həyata ümidsizlik olduğu halda, sizcə necə proqram hazırlayaq, nəyi məqsəd və meyarı seçək?

Cavab: Mən sizin kimləri nəzərdə tutduğunuzu bilmirəm. Yəqin ki, məqsədiniz gənc və yeniyetmə nəsil deyil. Çünki gənclərin çoxu belə deyil; bəziləri belədirlər, bəziləri isə yox. Mən əmin deyiləm ki, özünüz də belə olasınız. Bəlkə sizin də heç bir çaşqınlığınız yoxdur. Amma təbii ki, bəzi gənclər belədirlər.

Mənim əziz övladlarım! Baxın, həyatın məqsədi həyatın özünün fövqündə durmalıdır. Bir şeyi həyata məqsəd seçmək həyatı onun üçün vasitə bilmək deməkdir. Məgər belə deyil?! Yən insanın həyatı həmin məqsəd üçün vasitə və hazırlıqdır. Əgər var-dövlətli olmağı həyata məqsəd seçsək, insanın öz həyatını, onun dəyərli anlarını pul qazanmaq üçün sərf etməsinə dəyərmi?! Pulla nə etmək istəyir? Üç-dörd gün də pullu yaşasa, nə olasıdır?!

Yəni insan həyatının bir hissəsini xərcləyir ki, onsuz da yaşayacağı digər hissəni daha keyfiyyətlə başa vursun. Bu, çox ziyanlı bir bazarlıqdır. Həyatın məqsədi bunlardan çox üstün olmalıdır.

İnsanın dünyaya gəlməsinin, bir müddət yaşayıb dünyadan köçməsinin özü insanı yaradanın bu hərəkətdə və bu yerdəyişmədə məqsədli olduğunu göstərir. Biz elə etməliyik ki, həyat məqsədimiz yaradanın məqsədinə yaxınlaşsın, uyğunlaşsın. Ən doğru olan budur. İnsan həyatı elə qurmalıdır ki, bitəndə əldə etdiyinə sevinsin, ömrünün sonlarında, bu dünyadan köçməyə hazırlaşanda əliboş olduğunu hiss etməsin.

Siz hər hansı maddi məsələni məqsəd seçsəniz və həyatı ona sərf etsəniz, dünyadan köçəndə əlinizin boş olduğunu görəcəksiniz. Sizin bu maddi dünya həyatının fövqündə duran bir məqsədiniz olmalıdır. Bu, Allahın razılığı və axirət evinin abadlığıdır. Siz bunu əsas məqsəd seçməlisiniz ki, həyat bitəndə işinizi gördüyünüzü hiss edəsiniz.

Sanki bir təlim, təhsil, iş və ya idman kursu üçün bizi 10-20 günlük bir düşərgəyə aparırlar. Məlumdur ki, düşərgəyə getməkdə insanın məqsədi var. Bu on gün bitəndə insan nə isə əldə etməlidir. Əgər əldə olunan həmin on günə aid olsa, ziyan etmiş, yəni nəticədə heç bir şey əldə etməmiş olarıq.

Düşərgə misalı əslində qüsurlu misaldır, çünki ondan sonra sizin zehninizdə başqa bir mərhələ və həyat var, bu dünyadan köçdüyümüzdə isə daha heç bir şeyimiz olmayacaq, əlimizdə bu sərmayədən heç bir şey qalmayacaq. Öləndən sonra əlimizdə burada özümüz üçün hazırladıqlarımız olacaq. Məqsəd belə seçilməlidir.

Bəs bu məqsədi necə seçmək olar? Siz öz həyatınıza xalqa xidmətin də olduğu düzən versəniz və bu məqsəd təmin olunsa, həyatı bitirdiyinizdə böyük iş görmüş olduğunuzu və əlidolu getdiyinizi hiss edəcəksiniz. Nə üçün? Çünki ömrünüzü xalqa xidmətə həsr etmisiniz.

Məqsəd mədəniyyətə, ölkəyə, bəşəriyyətə xidmət və Allah-Taalanın razı olduğu hər hansı bir iş olduqda da belədir və həyatınız bitəndə getdiyiniz an əliniz doludur. Nə üçün? Çünki cavabdehlik daşıdığınız şəxsin istəyini həyatınız dövründə təmin etmisiniz və indi Onun sorğu-sualına doğru gedirsiniz. Siz Onun istədiyi işi görmüsünüz və əldə etdiklərinizi təqdim etmək istəyirsiniz.

Şəhidlik məqamının bu qədər yüksək və dəyərli olmasının səbəbi budur ki, şəhid əslində özünün bütün həyatını Ona verir, Allah-Taalanın insanı yaradarkən nəzərdə tutduğu məqsədə - yəni ədalətin bərqərar edilməsinə, insanlar üçün xoşbəxt həyatın təmin olunmasına, insanların Allaha yaxınlaşmasına və ilahi hökmlərin cəmiyyətdə həyata keçməsinə həsr edir. Məqsəd bunlardır və gözəl həyat budur.

İnsanın Allah yolunda şəhid olması o deməkdir ki, o bu yolda mübarizə aparmış, çalışmış və nəhayət canını əldən vermişdir. Bu yolda təbii ölümlə ölsə, yenə də çox dəyərlidir. Amma öldürülsə, yəni şəhid edilsə, təbii ki, daha dəyərli və uca olar. Onun məqamı buna görə yüksəkdir ki, bütün həyatını bu yola həsr etmişdir.

Belə düzən verməlisiniz. Siz baxın, əgər öz cəmiyyətinizə, ölkənizə düzən vermək istəyirsinizsə, görün cəmiyyətdə mövcud olan, yaxud gələcəkdə olması mümkün işlərin hansı biri cəmiyyəti və insanları uca ilahi və dini məqsədlərə yaxınlaşdıra bilər; hansıdırsa, onu da seçin.

Onu seçsəniz və sözsüz ki, yolunda çalışsanız, sizin bu məqsədiniz - yəni bu düzəniniz özünüz üçün də rahat həyat yarada bilər. "İlahi məqsəd seçək" sözü o demək deyil ki, ömür boyu ac yaşamalı və pis ömür sürməliyik. Xeyr! Tamamilə ilahi istiqamətə malik olub, eyni zamanda həyati ehtiyacları təmin etmək də olar.

Siz cəmiyyətdə xalqın xeyrinə olan hansı peşəni seçsəniz, şübhəsiz, gəliri də olacaq, münasib həyat tərzini də təmin edəcək. Amma siz ilahi əmrə əməl etməniz üçün cəmiyyətə xidmət etməyi seçsəniz, özünüzü o məqsədə yaxınlaşdırmış olacaqsınız.1


Yüklə 407 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin