Dördüncü fəsil Karun çayının dalğalarına qonaq
Maşınlar yol kənarında dayandı, biz düşdük. Elə bu zaman batalyon komandiri dedi: "Buradan sonra piyada getməliyik. Minik maşınları irəli getsə, düşmən tərəfindən atəşə məruz qalarıq".
Dərhal cərgəyə düzüldük. Cərgə elə uzun idi ki, əvvəli görünsə də, sonu görünmürdü. Havadan da od ələnirdi. Bir qədər sonra paltarlarımızın rütubətli istidən bədənimizə yapışdığını hiss etdik. Beləliklə, yolumuz üstə olan bir neçə kənddən keçdik. Təxminən üç saat idi ki, piyada yol gedirdik. Çox yorulmuşduq. Getməzdən öncə bizə kifayət qədər silah-sursat verdilər. Məndə dörd ədəd otuzluq güllə maqazini var idi; üçünü daraq cibinə, digərini də qatlanan Kalaşnikovumun içinə qoymuşdum. Bir neçə otuzluq güllə qutusu da çantamın içində idi. Digərləri ilə müqayisədə mənim yüküm nisbətən yüngül idi, amma pulemyotçu qüvvələr pulemyotu və onun güllə qutularını da daşımalı idilər. Buna görə də onların işi hamıdan çətin idi. Dostlara kömək etmək istədikdə mənə mane oldular, lakin israr etdiyimi görüb qutulardan birinin qulpundan yapışmağa icazə verdilər. Əşyaların ağırlığından və havanın istiliyindən gileylənib şikayət etmədiyimi görəndə, onlar da narazılıq etməkdən utanırdılar.
Bir az sonra, Suitci kəndinə çatdıq. Kəndin girişində çox sayda meyvə ağacları var idi. Biz də fürsəti fövtə verməyib, ağacların altına tökülmüş meyvələrə hücum etdik. Meyvələrdən birini götürüb təmizlədikdən sonra dişlədim. İlk dəfə yediyim bu meyvənin dadı pis deyildi, bir az da alma dadına bənzəyirdi. Digərləri də mənim kimi doyunca yedilər. Hətta bir qədər yolda yemək üçün götürdülər.
Sakitcə dayanıb ətrafımıza baxırdıq. Qəfildən gurultu səsi eşidildi. Komandir cəld ayağa qalxıb dedi: “Dərhal dağılın, İraq təyyarələri kəşfiyyata gəlib”.
Yubanmadan kəndin evlərində gizləndik. Evin tör-töküntüsündən məlum olurdu ki, əhali tələm-tələsik, heç bir şey götürmədən evlərini tərk edib gediblər. Təhlükə sovuşduqdan sonra, evlərdən çıxıb yenə yola düşdük. Təyyarələrin gəlişi ilə beynimdə cəbhə təsəvvürü təkmilləşdi. Azyaşlı olduğum üçün ezam vaxtında o dərəcədə stress yaşamışdım ki, nəhayət, cəbhəyə ayaq basdığıma inana bilmirdim!
Adını bilmədiyimiz növbəti kənd də, digərləri kimi yaşıllığa bürünmüşdü; çox sayda əkin əraziləri və xurma bağları var idi. Yenə cəld dağıldıq. Bu dəfə təyyarələrin uçuşu daha çox çəkdi və biz daha çox gözləməli olduq. Hamımız böyük bir tövlədə toplanmışdıq. Yarım saat keçdikdən sonra, vəziyyət bir az yaxşılaşdı, biz də çölə çıxıb yola düşdük. Beləliklə, gəlib Nisarə adlı başqa bir kəndə çatdıq. Bu kənd Suitci kəndindən daha böyük görünürdü. Hər iki kəndin havası rütubətli olsa da, həmin gün vəziyyət nisbətən yaxşı idi. Komandir dedi: "Bir neçə dəqiqə burada qalıb, sonra yenə yola düşəcəyik". Başımız üstə İraq təyyarələri var-gəl edirdi. Buna görə də komandir bizi kənddə saxlamaqla gizlətmək istəyirdi. Kənddən çıxanda artıq hava qaralmağa başlamışdı. Komandirin əmri ilə yol gedə-gedə namaz qıldıq. Belə namaz qılmaq mənə qəribə gəlirdi. Bir qədər uzaqlaşdıqdan sonra, böyük xurma bağına çatdıq. Bağdan sonra dayanmaq əmri verildi. Artıq hava tamamilə qaralmışdı və ay işığından başqa ətrafımızı görə bilmək üçün heç bir işıq yox idi. Bir istehkamın yanında dayanmışdıq. Arxadan su səsi gəlirdi. Döyüşçülər yorğunluqdan istehkamın üstünə sərildilər. Suyun səsinin haradan gəldiyini bilmək üçün istehkamı sürətlə dırmandım. Bir neçə metr irəlidə qaranlıqda eni və uzunluğu bəlli olmayan axar çay var idi. Komandir cərgənin başına gələrək dedi: "Qardaşlar! Yerləşdiyimiz mövqe əslində Darxovin bölgəsinin bir hissəsidir. Bu istehkamın arxasında axan çay da, Karun çayıdır. Biz indi onun şərqindəyik, iraqlılar isə qərb tərəfdədirlər. Gördüyünüz kimi Karunun qərbində xurma ağacları var, iraqlılar da həmən ağaclığın arxasındadırlar, yəni çaydan bir neçə metr uzaqda. Onlar bizim kimi Karunun yaxınlığında deyillər, amma yenə də ehtiyatlı olmalıyıq. Əməliyyat başlayana qədər, inşallah, burada qalacağıq. Yalnız diqqətli olun, bu çay çox dərindir, həm də iraqlılar onu yaxşı görə bilirlər!"
Bunun ardınca istehkamın yanına boş kisələr gətirdilər. Onları torpaqla doldurub özümüzə səngər düzəltməli idik.
Səhər tezdən çoxlu maşın gəldi. Onlar tikinti materialı və metal parçaları verib qayıtdı. Bunları nə üçün gətirdikləri məlum deyildi. Yalnız döyüşçülərin onları çay kənarına aparıb, saatlarla məşğul olduqlarını görürdük. Bu qüvvələrdən bir neçəsi ilə dostlaşdıqdan sonra anladıq ki, onlar korpusla Cihadın mühəndislik şöbəsinin qüvvələridir, iraqlılardan xəbərsiz Karun üzərində körpü tikirlər. Bu körpü hazır olduqdan sonra diqqət çəkməmək üçün gizlədiləcəkdi. İraqlılar Karun kənarında var-gəl edən iranlılardan xəbərsiz deyildilər, lakin çayın bu tərəfində ilişdiyimizi və yaxın zamanda oradan gedəcəyimizi düşünürdülər. Bunların hamısını bizə arxayıncasına və kor-koranə atəş açmaqlarından anlamaq olurdu. Əmin idik ki, çayın bu tərəfində döyüşçülərimizin nə etdiklərindən iynə ucu qədər xəbərləri olsaydı, bir an belə sakit oturmayıb buranı cəhənnəmə çevirərdilər1. Gəlişimizdən iki gün keçirdi, hələ də körpünün tamamlanmasını gözləyirdik. Günortadan öncə çayın sahilinə getdim, paltarlarımı çıxarıb suya girdim. Məndən başqa suda dörd-beş nəfər də var idi. Bir qədər sonra havada İraq təyyarələri peyda oldu. Mənim kimi suda olanlara tərəf baxdım. Təyyarələr suya nəsə atsaydı, hamımız məhv olacaqdıq. Heç nə edə bilməzdik. Onlar uzaqlaşanadək suda hərəkətsiz qalmalıydıq. Çaya yaxınlaşdıqda, geridə olan hava müdafiəmizin atəşindən amanda qala bilmək üçün, suyun səthinə yaxınlaşdılar. Başımı bir anlıq qaldırdıqda təyyarənin üzərində Ərəb və İngilis dilində olan yazılarla yanaşı ona bağlanmış raketləri də görə bildim. Düşündüm ki, onlar bu dəqiqə raketlərindən bir neçəsini suya atacaqlar. Suyun altına girib bu gün neçə nəfərin şəhid olacağını düşünürdüm ki, qəfildən vahiməli bir səslə suya bomba atıldığını gördüm. Partlayışın dalğası və yaranan səs o qədər dəhşətli idi ki, başımın tikə-tikə olduğunu düşündüm. Nəfəsim daraldı, bir anlığına başımı sudan çıxardım, amma elə vəziyyətdə idim ki, palçıqlı sudan başqa heç nə görmürdüm. O müddətdə dilsiz yazıq balıqların başına nə gəldiyinin şahidi oldum. Təyyarələrin uzaqlaşması bir neçə dəqiqə çəkdi. Vəziyyət normallaşanda sudan çıxıb sahildə oturdum. Bombalar bizdən bir az aralıda suya düşmüşdü. Bir neçəsi də çayın kənarında paltarlarımızı çıxardığımız yerə atılmışdı. Kəndin yaxınlığında olan xurma bağlarından qalxan dumandan məlum olurdu ki, oraya da bir neçə zərbə endirilib. Həmən xurma bağlarında, əməliyyat üçün silah-sursat gizlətmişdik. İraq təyyarələrinin bunu görməməsi üçün xurma ağacının budaqlarından döşəmə düzəltmiş, yarpaqları ilə də onu örtmüşdük. Buna görə də yuxarıdan baxdıqda heç nə görünmürdü. Allahın lütfü idi ki, bombalar həmən yerə düşməmişdi. Bombalardan biri ağacların arasına düşsəydi, necə bir cəhənnəm yaranacağını Allah bilirdi.
Karun çayının kənarında keçirdiyimiz üçüncü və dördüncü gün İraq təyyarələrinin get-gəli və ətrafı bombardman etməsi öncəki günlərdən daha dəhşətli idi. Birlikdə oturub təyyarələrin şəhərlərimizə gedib bombardman etmələrinə necə mane olacağımız haqda fikirləşirdik. Qərara gəlib hava qüvvələrinin müdafiə obyektinə getdik və onlara nəyə görə uzaqdan atəş açdıqlarını soruşduq. Bəs haradan atəş açaq?
Karunun bir hissəsində, təyyarələrin sürət yığmaq üçün suyun səthinə yaxınlaşdığı yerdə, suyun ortasında kiçik bir yer var idi. Oranı göstərib Hava Hücumundan Müdafiə raketlərini oraya aparmalarını istədik. Beləliklə, onları tamamilə məhv edə bilməsək də, zərərsizləşdirəcəyimizi dedik. Bir qədər ölçüb biçdikdən sonra raketlərini orada sınamağa razı oldular.
Neçə saatdan sonra, bir neçə İraq təyyarəsi hər şeydən xəbərsizcə sürət yığmaq üçün oraya gəldi. Dostlar da yubanmadan atəş açmağa başladılar. Təyyarələr belə bir şey gözləmədikləri üçün, tələm-tələsik oradan uzaqlaşmağa çalışdılar, amma güllədən qaçıb canlarını qurtara bilmədilər. Hamımız sevinc içindəydik. Planımız səmərəli olmuşdu. Hava Hücumundan Müdafiə toplarının iri fişəng və mərmiləri var idi. Partlayış gücü raket qədər olmasa da, təyyarəyə toxunduqda dərhal onu partladırdı. Təyyarələrdən heç biri gözümüz önündə partlamadı, amma peşəkar qüvvələr deyirdilər ki, bu güllələr təyyarəyə dəydikdə onda ciddi texniki problemlər yaradır və bəzən onun bir hissəsinin yanmasına və nəticədə işdən düşməsinə səbəb olur.
Axırıncı gün, nəhayət, körpü hazır oldu. Artıq bilirdik ki, bu gün-sabah əməliyyat keçiriləcək. Çox səbirsizlənirdim; əməliyyata bir addım daha yaxınlaşdığımı hiss edirdim. İşləri qurtaranda mənim də səbrim sona çatmışdı və daha gözləyə bilmirdim.
Dostları ilə paylaş: |