Uşaqlıq çağının bağ küçələri
Şəxsiyyət vəsiqəmə əsasən, 1964-cü ilin sentyabr ayının 6-sı anadan olmuşam. Hərçənd atam deyirdi ki, şəxsiyyət vəsiqəmi bir neçə ay gec alıblar.
Doğulduğum yer Təbriz şəhərinin yaxınlığında, çoxlu bağları Xəlcan adlı böyük kənd idi.
Atam Seyid Hüseyn Afi bu kənddə əkinçiliklə məşğul idi. Biz də bütün əhali kimi çətinliklə dolanırdıq, həm də böyük ailə sayılırdıq. Ağacanla xanım1 (Nəməki xanım) altı övlad sahibi idi: Mirrəhim, Fəridə, Mirböyük, mən, Sadiq və Ləya. Yaşamımız əkin və bağ işləri ilə keçirdi. 1967-ci ildə evimizdə xalça toxuma işləri də başladı. Və zamanla yaşamımıza dəstək olmaq üçün, mən də xalça toxumağa başladım. Get-gedə maddi durumumuz yaxşılaşdı. Sonra ağacanla xanım həcc səfərinə getdilər. 1969-cu il idi və o zamanlar həcc səfəri iki ay yarım çəkirdi. Qayıdarkən, Kürdüstan məntəqəsində yolkəsən oğrular karvanın bütün yükünü oğurlamışdılar və bizim gözümüz sovqat gözləyərək yollarda qaldı.
Elə uşaqlıqdan ağacanla aramızdakı münasibət digər övladlara müqayisədə fərqlənirdi. Bir-birimizi həddən artıq çox istəyirdik. Səhərlər biz xalça toxumağa başlayanda o da bağa gedər, üzümləri yığıb Sərdruda aparardı.2 Həmin an mənə işarə edərdi ki, tez gəlim. Mən də çox vaxt ayaqyolu bəhanəsi ilə toxuma işindən qaçardım. Evlə bağın arasındakı təxminən 2 km yarımlıq məsafəni qaçıb görərdim ki, ağacan məni gözləyir. Çox vaxt mənim sevdiyim yağlı qoğaldan alardı. Bu əlaqə elə olmuşdu ki, böyüdükdə də yenə ağacanın yanında yatırdım. Bəzən gecələr yuxuda görürdüm ki, ağacandan uzaqlaşmışam, həmin an ağlamağa başlayırdım. Uşaqlıqdan həmişə Allahdan istəmişəm ki, məni ondan heç vaxt ayırmasın və Allaha şükür ki, bu duam qəbul olub, baxmayaraq ki, müharibə illəri ikimizə də çox çətin keçdi. Yay fəsli bağın mövsümü idi, hər gecə bir nəfər bağda qalmalı idi. Bir gecə əmim, bir gecə də atam bağ evində növbə ilə qalırdılar. Mən də hər ikisi ilə qalırdım. Evdən uzaqlığım bir həddə çatırdı ki, hacı xanım bəzən mənə xəbər yollayırdı ki, kələm supu bişirir. Mən də bu xörəyi sevdiyim üçün özümü tez evə çatdırırdım. Bir gecə əmim də, atam da, hər ikisi qarşı tərəfin növbəsi olduğunu düşünür və nəticədə mən bağ evində tək qalıram! Gecə yarısı yuxudan oyanıb tək olduğumu gördüm; qaranlıq bir gecə idi. Qorxdum. İtimiz qapının ağzında yatmışdı. Çox vəfalı it idi. Gecələr onu açıb buraxırdıq, o da bağda gəzirdi. Heyvan tək olduğumu hiss etmişdi. Düşündüm ki, bibimin evi bizim bağa ən yaxın olan bağdır və oraya gedim. İt də mənimlə gəldi. Gecənin qaranlığında 700-800 metr gedib bibimin evinə çatdım. Qapını döydüm, amma heç kim qapını açmadı. Yazıq bibimlə uşaqları da qorxmuşdular. O vaxtlar mənimlə yaşıd olan uşaqları "cuhudla" qorxudurdular. Bir yerə getməməyimizi istədikdə deyirdilər; "Ora getməyin! Cuhud gəlib qanınızı soracaq!" Doğrusu, məndə belə bir sual yaranırdı ki, məgər cuhud ağcaqanaddır?!
O gecə bibimin uşaqlarının cuhudun qorxusundan bağırları yarılmışdı. Nəhayət, getmədiyimi gördükdə dama çıxıb məni görmüşdülər. Qapı açıldıqda nənəm Fatmanın qucağına atıldım. Qoca qarı oğullarının arxasınca deyinərək deyirdi: "Özləri şirin-şirin yatıblar, uşaq isə tək qalıb!" Yeddi yaşında uşaq idim və o gecənin qorxusunu heç vaxt unutmaram.
Bütün çətinliklərə rəğmən, xoş günlərimiz var idi. Ağacan səhərlər bizə beş qiran1 xərclik verirdi; beş qiran böyük qardaşa, beş qiran da digər üç oğulun hamısına. Mən, Mirböyük və Sadiq məcbur olub bu beş qiranı üç yerə bölürdük. İki nəfər iki qiran götürür və bir qiran da növbə ilə hər dəfə birimizə çatırdı. Hər dəfə mənim növbəmə bir qiran düşəndə, cığallıq edirdim. Ən çox birgə vaxt keçirdiyim qardaşım Sadiqdən əlavə, həmişə bir yerdə oynadığımız başqa dostlarımız da var idi. Həsən Nəməki, iki qardaş Seyid Məhəmməd və Əli Hüseynian, Seyid Məhəmməd İzzətxah və başqa üç nəfər vardı ki, sonralar yolları bizdən ayrıldı və narkotik maddələrin istifadəçisi oldular.
Qəribədir, elə uşaqlıqdan bəzi şeylərdə onlarla sözümüz çəp gəlirdi. Adətən, bağ-bağatda gəzişərkən camaatın mülkündə üzüm, gilas və s. meyvələr bizə gəl-gəl desə də, əl vurmazdıq. Amma o üç nəfər çox rahat dərib yeyirdilər. Yadımdadır, gilası çox sevirdim, amma bizim bağda gilas yox idi. Ona görə də ağacan nə vaxt "nə alım" - deyə soruşsaydı, tez deyirdim: "Gilas!" Dostlarımla dərs və işlə yanaşı, futbol da oynayırdıq. İnqilabdan iki-üç il öncəyədək "Rəstaxiz" adlı futbol komandamız var idi. Xəbərimiz yox idi ki, siyasi bir partiyanın da adı belədir. Bu partiya hətta reklam məqsədilə üzərinə "Rəstaxiz" yazılan köynəklər gətirib kəndin uşaqlarına paylamışdı. Biz də futbol oynayanda onları əynimizə geyinirdik.
Uşaqlıq xatirələrimin arasında bütün uşaqlar üçün xüsusi yadda qalan anlar olan məhərrəmlik günləri idi. Bizim evimizlə kəndin məscidi arasında təkcə əmimin evi var idi. Ona görə də məsciddə bir mərasim olan kimi, biz də gedirdik.
Dayım Əli Əkbər Nəməki kəndin ağsaqqalı, savadlı və risalədən başı çıxan bir şəxs idi. Çox vaxt məsciddə uşaqlardan namaz və şəri hökmlərlə əlaqədar suallar soruşurdular, namazını da düz qılana hədiyyələr verilirdi. Bir qiran, ya da iki qiran. 1 Məhərrəmlikdə məscidin fəzası tamamilə dəyişilərdi. Uşaqlıqdan məhərrəm ayını çox istəyirdim və bir səbəbi də böyük ehsan süfrələri ilə plov buludları idi. O vaxtlar düyü o qədər istifadə edilmirdi və ilboyu iki-üç dəfədən artıq plov yemirdik. Bəzən əriştəni plov kimi dəmə qoyub yeyirdik. Amma əmin idik ki, məhərrəmliyin ilk günündə düz-əməlli plov yeyəcəyik.
Uşaqlıq günlərində bəzən elə sözlər eşidirdik ki, bizim kiçik beynimizdə böyük suallar yaradırdı. Ağacan cavan vaxtı bir partiyanın üzvü idi. Bir köhnə mizrağı var idi ki, onu həmişə gizlədirdi. Bizim də belə şeylərə həvəsimiz var idi deyə, maraqlanırdıq və onu əlimizdə tutmaq istəyirdik. Lakin o deyirdi: "Şahın adamları görüb taparlar!" Biz də "Məgər şahın adamlarının qeybdən xəbərləri var?" –deyə soruşarkən cavabında "Hə, var!" –eşidirdik. Bu sözlərlə şah və onun adamlarından qorxmağımız təbii idi.
1971-ci ildə bizim ailənin kənd əhalisindən olan başqa bir ailə ilə su üstə davası oldu. Onlar kəndxuda ilə yaxın olduqları üçün, bizdən şikayət edib şahı söydüyümüzü demişdilər. Nəticədə atamla əmimi tutub qırx-əlli gün həbsdə saxladılar. O hadisələrlə qəlbimizdə şaha qarşı qorxu dolu nifrət yaranmağa başlamışdı.
Yadımdadır, neçə dəfə əsgər aparmaq üçün kəndə gələnlərin şahidi olmuşam. Şahın adamlarından olduğu deyilən Şükür adlı bir kişi var idi. O bəzən bir neçə nəfərlə kəndə gəlib əsgər aparırdı. Ağacan özü əsgərliyə getməmişdi. Hər dəfə Şükür gələndə, canımıza qorxu dolurdu. Ağacan neçə uşaq atası olduğu üçün gizlənirdi. Amma anam Şükürün qarşısında dururdu, zirək qadın idi və kənd əhalisi də ona hörmətlə yanaşırdı. Çox adam Şükürə pul verirdi ki, onları aparmasın. Anam isə heç vaxt çəkinməzdi və həmişə onu əliboş geri göndərərdi. Mən həmişə öz-özümə deyirdim: "Axı, şahın adamları belə şeyləri haradan bilirlər?!"
O vaxtlar təbrizli Ayətullah Xosrovşahi bizim təqlid-mərcəmiz idi. Evimizdə onun çoxlu moizə kasetləri var idi və hələ də var. Uşaq idim və böyük qardaşım Mirrəhim onun çıxışlarını dinləmək üçün məni də Təbrizə aparardı. Xosrovşahi ağa elə sözlər deyirdi ki, bir çox alimlərin onları deməyə cürəti yox idi. Bir dəfə elə məzəli şey danışdı ki, hələ də səsi qulağımdadır. Deyirdi: "Bir dəfə şah əmr edir ki, ona yorğan tiksinlər. İlk dərzi yorğanı tikib gətirəndən sonra gördülər ki, şaha qısa gəldi və şahın ayaqları çöldə qaldı. Şah əmr verdi ki, dərzini öldürsünlər. İkinci dərzi də yorğanı tikdi və yenə qısa oldu. Onu da öldürdülər. Üçüncüsü gəlib dedi ki, mən yaxşı tikəcəyəm və tikdi də. Amma şahın ayaqları yenə çöldə qaldı. O isə dedi: "Yorğanın nöqsanı yoxdur. Nöqsan şahın hər dəfə uzanan ayaqlarındadır. Siz şahın ayağını kəsməlisiniz!"
İbtidai təhsili kəndin məktəbində almışam. 1980-ci ildə qərara gəldim ki, işləmək üçün Təbrizə getməliyəm. Daha dərs oxumağa marağım yox idi. 1 Bir müddət iş axtardım və nəhayət, Qonqa meydanında "Novin" adlı akkumlyator təmiri yerində şagirdliyə qəbul oldum. Ora Mahmudla Səməd adlı iki qardaşın idi. Təbriz-Xəlcan yolu 15-20 dəqiqə idi. Mən də bəzi gecələri elə mağazada yatırdım. Bir gün səhər Mahmud mağazaya gəlib yüksək tonla mənə dedi: "Eşitmişəm mən burada olmayanda qızbazlıq edirsən!" Qətiyyən bu sözü gözləmirdim. Cavab vermədən ağlamağa başladım. Bir saat sonra qardaşı Səməd könlümü almağa gəlib dedi: "Təbrizə gələn uşaqların çoxu bu yola düşürlər. Səndən ötrü nigaran olduğu üçün belə deyib. Gərək ayıq olasan. 2"
Həmin illərdə ağa Məhəmməd Nəməki – kəndin məclislərini idarə edən dayım oğlu – Qumda tələbə idi və biz də ilk dəfə İmam Xomeyninin adını ondan eşitmişdik. O imamın moizə kasetlərini, elanları və şəkillərini kəndə gətirərdi və mən də paylamaqda ona kömək edərdim. Ağa Məhəmməd deyirdi ki, elə edin ki, onları çap edib çoxaltmağın pulunu da əldə edəsiniz. Əvvəllər şəkilləri üç qirana satırdıq və bəziləri hələ beş qiran da verirdi. Şəkillərin pulunu əldə etdikdən sonra qalanını camaata pulsuz paylayırdıq. Neçə dəfə də bir neçə şəkillə elanı Xəlcandan Təbrizə aparmışdım. O vaxtlar Xəlcanın mikroavtobus vağzalı Təbrizin Əhməqiyyə adlı bir yerində idi. Bir dəfə imamın bir neçə şəklini pencəyimin altına qoyub Təbrizə doğru yola düşdüm. Mikroavtobus vağzala çatdıqda gördüm ki, orada bir neçə əsgər dayanıb və hamını yoxlayırlar. Qorxsam da heç nə edə bilməzdim. Mənim də növbəm çatdı. Əsgərlərdən biri məni yoxlayarkən şəkilləri gördü. Ürəyim qorxudan üzülürdü. Əsgər üzümə baxıb astadan dedi: "Tez düymələrini bağla, qaç!" Paltarımın önünü bağlayıb, tez aradan çıxdım. O gün etiraz aksiyası Əhməqiyyə ilə çox da aralı olmayan "Nesfe-rah" meydanında idi. Camaata qoşulandan sonra tez şəkilləri paylayıb həmin mikroavtobusla kəndə qayıtdım.
Mübarizələrin şiddətlənməsi və xalqın aksiyalarda ardıcıl iştirak etməsi səbəb oldu ki, İmam Xomeyni İrana gəlsin. Fevralın biri Təbrizdə aksiyada idik. Şəriəti dördyolundan Gülüstan bağına doğru gedirdik ki, radiodan imamı gətirən təyyarənin Tehranın "Mehrabad" aeroportuna endiyi xəbərini eşitdik. Yadımdadır, "Azadlıq" klubunun qarşısında idik və camaatın sevincini vəsf etmək olmazdı. Orada dostuma dedim: "Heyf, daha aksiyalar qurtardı!"
–Yox əşi. Hələ macəralar təzə başlayır.
Düz deyirdi. O gündən fevralın 11-nə kimi və inqilabın qələbə çalmasınadək camaat var gücü ilə mitinqlərdə iştirak etdilər. Hətta bizim kənddə də mitinqlər olurdu. Camaat kəndin qəbiristanlığının yanında olan "Əbu Dücanə"nin1 ziyarətgahına kimi yürüş edir və orada daşdan düzəlmiş qəbiristanın şirlərini daşlamaqla mərasimi başa vururdu. Daşdan düzəlmiş şirlər şeytanın simvolu idi və bir növ həcdəki cəmərələrin2 daşlanması əməlini xatırladırdı. Bəzən kəndin əhalisi mikroavtobusla kollektiv şəkildə Təbrizə mitinqdə iştirak etməyə gedirdilər.
İnqilab qələbə çaldıqdan sonra iş üçün Tehrana getdim. Məndən öncə qardaşım Mirböyük iş üçün Tehrana getmişdi və orada tək yaşayırdı. Mənim gedişimlə Xavəran məhəlləsində başqa bir ev kirayələdik. Mən də "Əfsəriyyə" üçyolunda akkumlyator təmiri yerində işə başladım. O dövrdən olan gözəl xatirəm, övladı olmayan Abdullah adlı, əraklı, ailəli bir şəxslə qonşuluq münasibətimizdir. Abdullahın yoldaşı bizə yaxşı baxırdı. Bəzən israrla paltarlarımızı da alıb yuyurdu. Onlarla yaşamağımızı istəyirdilər. Bir dəfə cümə günü hamama gedərkən Xavəranda bir mikroavtobus məni vurdu. Xəstəxanada məlum oldu ki, qabırğa sümüyümün biri sınıb. Yataqda yatdığım on-on beş gün ərzində ağa Abdullahın yoldaşı bir ana kimi mənə baxırdı.1
Tehranda işlədiyim doqquz ay müddətində iki-üç dəfə qardaşımla kəndə baş çəkdik. "Xəlqi-müsəlmani-Təbriz" cərəyanından xəbərdar idik. O cərəyan Azərbaycanın digər məntəqələri kimi bizim kəndin əhalisini də iki hissəyə ayırmışdı. Vəziyyət elə həddə çatdı ki, kənddə kim cümə namazına getsəydi, həmin partiyanın tərəfdarları onu incidirdi. Özünü daşla vurub ailəsini də hədələyirdilər. Bir neçə dəfə bizə görə hacı xanımı da hədələmişdilər. O vaxtlar cümə namazı Təbrizin dəmir yolunun böyük sahəsində qılınırdı. Bir dəfə cümə namazından sonra partiyanın tərəfdarları namaz qılanlara hücum etdilər, daş və oxlovla camaatı vurdular. Xüsusilə də dəmir yolu meydanındakı "Taliqani" xəstəxanasının həyətindən camaata daş atırdılar. Biz hizbullah dəstəsi ilə yürüş edirdiksə, onlar da başqa yerdə mitinq keçirirdilər və fitnə yaradan şüarlar verirdilər. O gün cümə namazı qılınan yerə od vurdular. Bu çaxnaşma və ixtilaflar şəhəri bir-birinə vurdu. Hətta bir ailədə dava-dalaş düşdü və qardaş qardaşının üzünə durdu.
Bir gün çaxnaşmalarda dostlarımdan birinin Ayətullah Behiştini söydüyünü eşitdim. Soruşdum ki; "Onu tanıyırsanmı?" Dedi: "Bütün bu ixtilafların baisi odur!" Siyasi hadisələrdən çox da başım çıxmırdı. Amma sözünə inanmadım. Yaşıdlarımın çoxu bu vəziyyətdə idi. Bununla belə o şəraitdə bütün camaat kimi nə vaxt lazım olsa canla-başla meydana çıxırdıq. Bir gecə kənddə idik və radiodan eşitdik ki, qan yardımına ehtiyac var. Bütün əhali məscidə yığışmışdı. O gecə mənimlə qardaşlarım başqaları kimi qan vermək üçün Təbrizə getdik. Nəhayət, Təbrizin "xəlqi-müsəlman" fitnəsi də sona çatdı və uzun illər Azərbaycan əhalisində çox pis təsir qoydu.
Bir müddət idi ki, Təbrizə qayıdıb orada işləmək istəyirdim. Amma bugün-sabah edirdim. Axır ki, 1980-ci ilin sentyabr ayının 22-si gəlib çatdı. O gün avtobusda, radiodan müharibənin başladığı barədə ilk xəbəri eşitdim. Radio ardıcıl olaraq İraqın ölkəmizin sərhəd şəhərlərinə hücum etdiyini məlumat verirdi. Hamı bu haqda danışırdı. Avtobusun hay-küyündə əyləşənlərdən birinin sözü diqqətimi cəlb elədi. Deyirdi ki, artıq Şuş şəhərini də mühasirəyə alıblar.
Bu cümləni eşitdikdən sonra ilk stansiyada düşdüm. Öz-özümə dedim: "Şuş ki, elə bu yaxınlıqdadır, gedib görüm nə olub!" Şuş meydanına çatıb gördüm ki, müharibədən xəbər-ətər yoxdur. Heç kimdən heç nə soruşmadan işə getdim. Amma gecə baş verənləri qardaşıma danışarkən anladım ki, Şuş Xuzistan vilayətinin şəhərlərindən biridir və təkcə Tehranda meydan adı deyil. O gecə yenə də Təbrizə qayıtmaq fikri yuxumu qaçırdı. Öncə qardaşıma, sonra da iş müdirimə qayıtmaq istədiyimi dedim. Müharibənin başlamasından üç-dörd gün keçirdi ki, Tehranla vidalaşıb kəndimizə qayıtdım.
Xəlcanda anladım ki, dostlarım Korpus üzvü olublar. Müharibə hər yerə kölgəsini salmışdı və dostlarımın bəzisi cəbhəyə göndərilmək üçün yol axtarırdılar. Mən də iş axtarmadan Korpusa getdim, çünki ağlıma gəlirdi ki, cəbhəyə getmək üçün ilk addım bu olmalıdır.
Korpusun qəbul idarəsində Məhəmmədrza Basir1 adlı bir keşikçi məni sorğu-suala tutdu. Çətin duruma düşmüşdüm. Verdiyi siyasi, əqidə və şəriət sualları mənim məlumat dairəmdən xaric idi... Qəbul olmadığımı deyərkən inana bilmədim. Doğrusu, sualların çoxunun cavabını bilmirdim, amma düşünmürdüm ki, bu sual-cavaba görə mənim müharibəyə getməyimə mane olalar. Evə də qaşqabaqlı gəldim.
Gecə-gündüz dilimin sözü cəbhə olmuşdu. Gündüzlər özümü dağa-daşa vururdum ki, göndərilmək üçün bir yol tapım. Gecələr də evdə əlimdən gələni edirdim ki, cəbhəyə getmək üçün ailəmin razılığını qazanım. Axşam yeməyinə də süfrə başına gəlmirdim və deyirdim ki, cəbhəyə getməyimə icazə verməsəniz heç nə yeməyəcəyəm. Bəzən dava-dalaşımız şiddətləndikdə, küsüb gedib gecəni qəsəbənin məscidində yatırdım. Bəzən də bağa sığınırdım. Nə qədər dalımca gəlsələr də, qayıtmırdım.
Günlük planım bəlli idi, hər səhər Təbrizdəki könüllülərin qeydiyyat şöbələrinə gedirdim. Bir neçə dəfə bazara getdim. Çünki oranın bəsic komitəsinin məni qəbul etməsinə ümidim daha çox idi. Amma hər dəfə məni əliboş qaytarırdılar. Deyirdilər, yaşın azdır, olmaz!
Korpusdan isə ilk gündən ümidimi üzmüşdüm, bəsicdə də bir çoxları kimi yalvar-yaxarlarım və ağlamağım səmərəsiz idi. Lakin evdə müvəffəq olmuşdum və hacı xanım razılıq vermişdi. Bəlkə də mənim hərəkətlərimdən yorulmuşdu və düşünürmüş ki, getməyim belə qalmaqdan daha yaxşıdır. Korpusla bəsicdən ümidim üzüləndən sonra orduya yazılmaq ağlıma gəldi. Məni dinləmələri üçün anamı da özümlə apardım. Sərdruddakı ən yaxın polis idarəsinə getdik. Anamın hüzuruna görə sözümə qulaq asmalı oldular. Dedim ki: "Əsgərliyə getmək istəyirəm."
–Neçə yaşın var?
–On altı.
–Get işinin dalınca, ay bala, olmaz!
–Məgər cəbhədə döyüşçüyə ehtiyac yoxdurmu?
–Var, amma döyüşçü lazımdır, 15-16 yaşlı uşaq yox! Get böyüyəndə gələrsən.
Əliboş və kefsiz halda evə qayıtdıq. Bu dəfə hacı xanım da razı olmuşdu ki, mənim cəbhəyə getməyim üçün dua etsin. O günlər cəbhəni görən ən yaxınımız dayım oğlu İbrahim Nəməki idi. Onun vasitəsilə müharibə ilə əlaqədar çox şeylər eşidə bilirdik. Süsəngirddən qayıtdıqdan sonra sanki mənim sual bombardmanıma məruz qalmışdı: "Cəbhədə nə edirsiz? Necə savaşırsız? Hansı silahla?" Onun cavabları mənim həvəsimi artırırdı: "Orada düşmənlə üz-üzəyik və onları vurmalıyıq. Onlar da bizi hədəfə alırlar. Tank adlı böyük maşınlar var ki, mərmisinin çəkisi 10 kq-a çatır və bəzən onu birbaşa adama vururlar və s."
–İndi mən cəbhəyə getmək istəyirəmsə, nə etməliyəm?
–Gərək güclü olasan, yorulmadan tez qaçmağı bacarasan.
O gündən sonra məşqlərim başladı. Qəsəbəmizin yeganə futbol meydanının ətrafında qaçırdım və çalışırdım ki, hər gün keçən gündən bir dövrə artıq qaçım. Bir daş dolu çantanı da çiynimə atırdım və hər gün bir daş artırırdım. Guya silah-sursat çantasıdır. Kəndin uşaqları mənim nə ilə məşğul olduğumu öyrənmişdilər və ona görə də məni izləməyə gəlirdilər. Bəzən məcbur olurdum ki, onların da maneələrindən keçib paylarını verim. Lakin hələ də əsas problem cəbhəyə bir yolun açılmaması idi.
Axırıncı dəfə Təbriz bazarının könüllülərin qeydiyyat şöbəsinə gedib çox inadkarlıq etdim, qəbul etmək istəməsələr də əl çəkmədim. Axır ağlamağım tutdu və dedim: "Nə edim? Axı könüllülər də məni qəbul etmir, Korpus da! Bəs, mən necə gedim?!" Qəfildən ağzımdan belə bir söz çıxdı: "Onda özüm cənuba gedəcəyəm! Orada yəqin bir nəfər tapılar ki, soruşsun niyə gəlmisən!" Bir az yumşaldılar. Dedilər: "Nə olar, get ananı gətir, görək nə edə bilərik."
Ertəsi günün səhəri mənimlə hacı xanım Təbriz bazarının bəsicində idik. Yol boyu tapşırmışdım: "Nə soruşsalar, ancaq "bəli" de. Əgər sussan, ya da yox desən, məni göndərməyəcəklər. Mən də evə qayıtsam, yenə köhnə hamam, köhnə tasdır..."
Anamdan soruşdular: "Hacı xanım, siz özünüz razısınız?" Anam dərhal "Bəli!" –dedi. Amma səbəbini soruşduqda, elə bil dərdini deməyə yer tapdı: "Axı bu uşaq bir aydır bizi bezdirib! Evdə oturmağa imkan vermir, məni dartıb aparmadığı yer qalmayıb. Əgər razılıq verməsəm ha..."
O gün cəbhəyə getməyə icazə vermədilər və hətta ora ayaq basmağa haqqım olmadığını bildirdilər. Gecə düşündüm ki, son şansım Təbrizin imam cüməsinin ətəyindən yapışmaqdır. Dostlardan eşitmişdim ki, Ayətullah Mədəni yardım edə bilər. Gedib, dərdimi dedim. Həqiqətən də onun təklifi çıxış yolu idi. Dedi: "Bu həftənin cümə günü, namazdan sonra dəmir yolunun məscidində cəbhəyə ezamla bağlı sual-cavab formasında bir kağız paylayacaqlar. İnşallah get sən də al."
Cümə günü səhər çağı sevinc və həyəcanla cümə namazı qılınan "Dəmir yolu" meydanına doğru yola düşdüm. Namazdan dərhal sonra məscidə getdim. Amma məndən qabaq nə qədər adam ora toplaşmışdı. Bir az dayanandan sonra məlum oldu ki, cəmi qırx nəfərə kağız veriləcək. Çətinliklə də olsa özümü cərgənin başına çatdırdım və kağızı alan beşinci nəfər oldum. 1 Bu qırx nəfər könüllü öncə təlimə göndərilməli idilər. Amma ilk növbədə məhəllələrinin məscidi onları təsdiqləməli idi. Kağızı məscidin dini şurasına verdim. Dayım Hacı Ələkbər Nəməki onun üzvlərindən idi və heç bir problem olmadan məni təsdiq etdilər. Nəhayət, cəbhə yolu üzümə açıldı və mən 1980-ci ilin payız günlərində könüllü qüvvələrlə birgə "Xaseban" adlı bir təlim bazasına doğru yola düşdüm. Xasebanın hərbi təlim rəisi Tehrandan bazaya göndərilən Əli Təcəllayi idi. Birinci gün səhər bizi 8 km qaçırdanda işimiz artıq aydın idi. Tərpənməyə belə taqətimiz qalmamışdı. Amma bu hələ başlanğıc idi. İlk günün yorğunluğunu sonrakı günlərin ardıcıl qaçışları və müəllimlərin çətin məşqləri unutdurdu. O qədər təzyiq altında olurdum ki, bütün gücümü itirmişdim. Heç bir bəhanə ilə təlimlərdən yayınmaq olmurdu.
Bir gecə yoldaşlarımdan biri vəziyyətimi görüb dedi: "Əgər ayaq barmaqlarından biri çıxsa, üzürlü sayılaraq bir müddət qaçmaqdan azad olacaqsan."
Ağılsızlıq edib onun köməyi ilə ayağımın baş barmağı ilə o qədər əlləşdim ki, çıxmasına əmin olduq. Ağrısını və şişməsini də canla-başla qəbul etdim ki, bəlkə məşqçi müəllim vəziyyətimi görüb məndən əl çəkə.
Ertəsi gün səhər baş verən yeganə hadisə bu oldu ki, ayaqlarıma zorla çəkmələri geyindirib məni bazanın ətrafındakı eniş-yoxuşlarda həmin 8 km məsafəni qaçmağa məcbur etdilər. Amma bu dəfə həmişəkindən daha çox ağrılarla. Bəxtimə lənət oxuyaraq səsimi çıxarmadan hamı kimi qaçırdım. Digər təlimlərdə də iştirak etdim və barmağımın nə vaxt sağaldığını heç anlamadım.
On beşinci gün xəbər gəldi ki, cəbhədə yüksək hazırlıqlı yeni qüvvələrə ciddi ehtiyac var. Qırx nəfərin arasından əvvəl təlim almış, ya da hərbi xidmətini bitirmiş iyirmi nəfəri seçib cəbhəyə göndərdilər. Biz isə qayda üzrə nəfəs kəsən təlimlərimizi davam etdirirdik. Təlimlər daha da çətinləşirdi. Hələ bizi iki-üç dəfə də gecə poliqona apardılar ki, çətinliyi ilə yanaşı olduqca qorxulu idi. Hətta asudə yemək yeməyə imkan olmurdu. Qəfildən yeməkxananın içinə gözyaşardıcı qaz buraxırdılar, bəzən gecələr keşik çəkəndə, qəfil gəlib silahımızı alırdılar və biz də nə zülmlə olsa onu geri almalı idik. Əlbəttə get-gedə təlim öz nəticəsini göstərirdi və daha ilk günlərdəki xam qüvvə deyildik.
Bir dəfə poliqondan bazaya qayıdarkən yolda dedilər: "Kimdə artıq patron qalıbsa, elə buradaca havaya atəş açsın." Hamı atəş açıb silahında qalan patronları boşaltdı. Mənə isə dəli şeytan dedi ki, saxla. Bazanın yaxınlığına çatdıqda göstəriş verdilər ki, baza ətrafı şərti düşmənə hücum edək. Hərəkətə başladıq və neçə metr irəlidə maneə olaraq qurulan partlayıcı tələlərlə qarşılaşdıq. O tərəfdən bir silahlı bizə atəş açırdı. O qarışıqlıqda mən də maneələrdən neçəsini keçərək ona yaxınlaşıb, atəş açdım. Yazıq özünü itirmişdi. Tez qışqırdılar ki: "Bəsdir, qayıdın."
Manevr qurtardıqdan sonra bildirdilər ki, az qala aramızdan bir nəfər əsgər həlak olacaqdı. Çox çalışdılar ki, atəş açanı tapsınlar. Amma mən özümü elə apardım ki, guya heç xəbərim yoxdur. O gecə heç bir nəticə əldə etmədikdən sonra bizi yataqxanaya göndərdilər. Lakin sorğu-sualın ardı səhərə qaldı. Səhər proqramından sonra bir daha soruşdular: "Kim əsgərə doğru güllə atıb?" Heç kim heç nə demədi. Mən də səsimi çıxarmadım. Bir sutka yeməkdən məhrum edildik və o gecə də qışın soyuq şaxtasına baxmayaraq bizi ayaqyalın bayıra çıxartdılar. Sanki bu əlavə zəhmətlərin səbəbkarı heç mən deyildim. Axırda heç kimdən bir səs çıxmadığını görüb, naçar hadisənin başını buraxdılar.
Xasebanda bir aylıq təlim sona çatdı və bizi Təbrizə göndərdilər. Deməli, iki gündən sonra cəbhəyə getməli idik. Artıq arzuma çatırdım...
Dostları ilə paylaş: |