Beşinci fəsil Yara üstünə yara
Məzuniyyəti qurtaran bir neçə döyüşçü avtobusla cəbhəyə qayıdırdı. Mən və dayım oğlu Həsən də həmin avtobusa mindik. Səmimi və rahat bir fəzada idim. Belə bir gün üçün ürəyim çox darıxmışdı. Dostlarla deyib-gülürdük. "Müslim ibn Əqil" əməliyyatında yaralandıqdan və üzüm o vəziyyətə düşdükdən sonra, gözlərimin də yeri dəyişildiyi üçün, evdən bayırda gün eynəyi taxırdım. O eynək gözümdə ikən yatdım. Oyandıqda gördüm ki, eynək yoxdur. Yanımda olan Həsəndən soruşdum: "Eynəyim haradadır?"
–Onu sındırdım.
–Aaa! Niyə?
–İki gözün olanda da səndən xoşum gəlmirdi, indi dörd gözlü olmusan. O eynək nədir taxırsan gözlərinə?!
Həsənin zarafatı səbəb oldu ki, eynək taxmağı həmişəlik tərgidim.
Avtobus Gilanqərbə çatdı, döyüşçülərin qərargahı olan bazaya getdik. Aşura briqadası "Vəl-fəcr hazırlıq" əməliyyatından öncə, 1983-cü ildə Aşura diviziyasının rəhbərliyində dəyişiklik etmişdi. Diviziya Gilanqərbin 6-7 km-liyində, Kasəgəran adlı məntəqədə yerləşirdi. Ora dörd tərəfi meşəli dağla əhatə olunan bir dərə idi. Döyüşçülər hər tərəfdə çadır qurmuşdular. Həsən istəyirdi ki, İbrahim Nəməkinin olduğu İmam Hüseyn (ə) batalyonuna getsin. Mən də tez razı oldum və birlikdə İmam Hüseyn (ə) batalyonuna getdik. Şücaətli bir batalyon idi. Komandiri Əli Əkbər Rəhbəri və komandir müavini Məhəmmədbaqir Məşhədi İbadi idi. Həmişəki kimi ilk üç-dörd gün bizimlə işləri yox idi. Adımız batalyonun siyahısına verildi və get-gedə proqramlar başladı.
Məhərrəmlik ayı yaxınlaşırdı və cəbhədə məhərrəmə bir neçə gün qalmış əzadarlıqlar başlayırdı. İmam Hüseyn (ə) batalyonunun məscidi bu mərasimlərin məkanı idi. Məscid zirzəmi kimi bir yerdə idi. Divarları daşdan idi və yerdən hündür olan bir hissəsi açıq fəza idi. Şaxsey əzadarlıq dəstələri orada təşkil olunurdu.
Bir gün məsciddə tanış bir sima gördüm. Çox diqqət etdim, o Həsən Şirəfkən idi. Kürdüstanda ilk dəfə yaralandığımda, o da xəstəxanada yatırdı və böyrək ağrısından nalə çəkirdi. İndi isə necə əhval-ruhiyyə ilə qarşımda dayanmışdı. Onu görməyə çox sevindim. Tanış olduqdan o günədək bir-birimizi görməmişdik. Bilmirdim ki, hərbi təlimi qurtardıqdan sonra Təbrizdə öz məhəllələrinin qərargahının məsulu olub və sonra şəhərdə davam gətirməyib cəbhəyə gəlib. Mən onu görməyimə nə qədər şad idimsə, o da mənim vəziyyətimə bir o qədər narahat oldu. Məsciddə başqa dostlar da tapdım. Məsələn, Səməd Nikpiran. Öncədən onun qardaşı Yəqubla dost idim.
Batalyonun proqramlarının başlaması ilə bizə dedilər ki, alpinistlik təlimi də keçməliyik. 1 Daş-kəsəkdən yuxarı çıxmaq mənim üçün çətin idi. Dostların kollektivində məşqlərdə hazır olmağa çalışırdım. Əlbəttə, mənə çox təzyiq göstərmirdilər. Baxmayaraq ki, Kürdüstanda daim dağlara dırmaşırdıq, lakin o vəziyyətdə dağa çıxmağım ilk dəfə idi. Döyüşçülər dağın başından sallanan iplərdən tutub yuxarı çıxırdılar. Çox çətin bir iş idi. Batalyonun komandiri Rəhbəri qardaş bizim üzərimizdə çox işləyirdi. Növbəti dağ əməliyyatında "İmam Hüseyn (ə)" batalyonu hamıdan əvvəl yuxarı çıxmalı idi. Ona görə də batalyonun komandirləri biz döyüşçülərin üzərində həssas və ciddi davranırdılar. Rəhbəri qardaş deyirdi ki, kim bu bölgədən səssiz-səmirsiz keçə bilsə, əməliyyat gecəsi də düşmənin ayaqları altında bu hündürlüyü çıxıb onu qəfildən təhlükəyə sala bilər.
Məşqlər hər gün davam edirdi. İşə başlayan dostlar ilk dəqiqələrdən qeyrəti coşduran şüarlar deyir və səsləri daşların arasında yayılırdı:
Dağda-daşda gəzər İslam ordusu,
İslam ordusunun yoxdu qorxusu.
Çox vaxt Rəsul adlı döyüşçü şüar deyir və qalan döyüşçülər də sıra ilə dağa çıxaraq onun cavabını verirdilər. Döyüşçülərin zarafat və əyləncəsi mənim çətin yaralı günlərimi unutdururdu ki, bir gün başqa bir hadisə baş verdi.
Həmin gün həmişəki kimi yerdən təxminən bir km yuxarı çıxmışdıq. Döyüşçülər həmişə müəyyən fasilələrdə toplanırdılar və növbəti mərhələyədək bir az istirahət edirdilər. O dayanacaq yerinə çatmazdan öncə, dağa çıxarkən mənim önümdə olan Mirməhəmməd Səttarinin1 ayağı altından bir daş qopdu və mənim başıma dəydi. Başım bir az gicəlləndi və çox çətinliklə də olsa, özümü dostlara çatdırdım. Halım çox da yaxşı deyildi. Yaralandıqdan sonra hamıdan tez yorulurdum. Əslində normal vəziyyətə qayıtmamışdım. Dostlar yola düşdükdə və mənim növbəm çatdıqda hələ halım düzəlməmişdi. Qayanın başında dayanan Əli Əkbər Rəhbəri məni çağıraraq dedi:
–Nurəddin! Çıx yuxarı!
–İcazə verin mən qalım. Hamıdan axırda gələcəyəm.
–Yox! Çıx yuxarı.
–Başıma daş dəyib, halım çox da yaxşı deyil, qoyun...
–Bəhanə gətirmə, çıx dedim!
Əl çəkmirdi. Yardımçı kəndirə əl atdım. Adətən, o kəndiri belimizə bağlayırdıq ki, yuxarı dırmaşdıqda əlimizlə tutduğumuz ip boşalsa, qırılsa ya da başqa bir hadisə baş versə, əmin olaq ki, yıxılmayacağıq. Amma Rəhbəri qardaş məndən çox arxayın idi. Dedi: "Yox! Kəndirsiz gəl yuxarı!" Heç nə demədim. Ürəyimə dammışdı ki, bu gün nə olursa-olsun başıma bir bəla gələcək. İpdən tutub yuxarı dırmaşdım. Bir neçə metr qalxmışdım ki, birdən mənim üçün hər şey qurtardı. Gözümü açdıqda səngərin içində idim. Anladım ki, dağdan yıxılmışam. Allah rəhm etmişdi və tərpəndiyimiz yerdən bir az aşağıda, dağın bir hissəsində yıxılarkən dayanmışdım. Bilmirəm, dostlar bir km-lik məsafəni məni necə aşağı gətirmişdilər – qatırla, yoxsa öz bellərində. Mən o müddət ərzində özümdə deyildim. Səngərdə anladım ki, qarnımın yarası açılmaq üzrədir. Məni Tibb Məntəqəsinə apardılar və orada da dərhal əməliyyat otağına girməyimin lazım olduğunu dedilər. Həmin gecə məni Kirmanşaha, oradan da Təbrizə göndərdilər. Əməliyyat başlamazdan öncə yara payımı alıb qayıtmışdım. 2
Təxminən iki həftə Təbrizdə xəstəxanada qaldım. Hər gün vəziyyətim ötən gündən daha da pis olurdu. Həqiqətən vəziyyətim ağır idi və sağalmaqdan əsər-əlamət görünmürdü. Bütün həkimlər sağalmağımın mümkün olmadığını deyirdilər. Yadımdadır ki, bir gün bir həkimlə universitet tələbələri ətrafıma yığışmışdılar. Həkim onlara izah edirdi ki, bu xəstənin bağırsaqları çürüyüb bu vəziyyətə düşüb. Bir nəfər "bu xəstə nə qədər yaşayacaq" –deyə soruşduqda həkim açıq şəkildə dedi: "Uzağı iki-üç gün." Mən də eşidir və anlayırdım. Lakin heç nə edə bilmirdim. Hətta bir neçə dəfə özümə də dedilər: "Sənin üçün heç nə edə bilməyəcəyik, qalmayacaqsan!" Onların sözü məni incidir, amma ümidim kəsilmirdi. Bir gün anama həkimin dediklərini danışdım. O isə çox inamla dedi: "Xeyr! Sən heç də o vəziyyətdə deyilsən, özün nə düşünürsən?"
–Vallah, özümə elə gəlir ki, bu dünyadan belə tez ayrılan deyiləm.
Anam mənim ən böyük ümid mənbəyim idi. Həmin gün keçdi və bir gün sonra Korpusdakı qardaşlar xəstəxanaya gəldilər və mənə xəbər verdilər ki, Korpusun bölgə üzrə komandiri Həmid Çitçian yaralılara baş çəkməyə gəlib. O məni tanıyırdı və yanıma gəlib halımı soruşdu. Mən də ona həkimlərin dediyini dedim.
–Kim deyib?
–Həkim...
Çitçian dərhal xəstəxananın rəisi, doktor Tufanı çağırıb dedi: "Bu yaralı üçün nə edə bilərsinizsə edin!" Öz aralarında danışdılar və qərar oldu ki, sabah tezdən məni əməliyyat otağına götürsünlər.
Səhər ətrafım dolu idi; ailə üzvlərim, məhəllədəki dostlar, qohumlar, tanışlar və s. Çoxu son görüş niyyəti ilə yanıma gəlmişdi. Həkimlər hələ tərəddüddə idilər. Əməliyyatdan sağ çıxmayacağımı deyirdilər. Hamı nigaran idi. Lakin bu hay-küyün içində qəlbimdə bir şey mənə deyirdi ki, bu işin axırı yaxşıdır. Məni əməliyyat otağına apardılar. Başımın üstə gələn ilk şəxs anesteziya həkimi idi. Dezfuldan idi və gəlib Təbrizdə işləyirdi. Görünürdü ki, ürəyi hərbiçilərin əlindən yaman yanıqlıdır. Mənə anesteziya iynəsini vurarkən dedi: "Bilirsən də bu əməliyyatdan sağ çıxmayacaqsan!" Onun sözü həqiqətən də məni təəccübləndirdi.
–Axı belə vəziyyətdə bu nə sözdür deyirsən?!
Ağlım başımda olan son saniyələrdə ona dedim: "Bilirsən nə var? Dünyam mənə bəllidir, nə etdiyimi də bilirəm. Allah qəbul etsə, Onun üçün yaşamışam və o biri dünyam da aydındır. Amma sən həm bu dünyada cəhənnəmdəsən, həm də o dünyada!" Həqiqətən onun sözü qəlbimi çox pis qırdı.
Özümə gəldikdə halım yaxşı idi. Hiss edirdim ki, daha da yaxşı olacağam. Əməliyyatdan iki gün keçmişdi və ümumilikdə halım daha yaxşı idi. Amma yaramın infeksiyası artırdı və çirk axıntıları hər sarğıda görünürdü. Onun pis qoxusu hamını nigaran edirdi. Mənə dedilər: "Səni yenə əməliyyat otağına aparmaq istəyirik." Amma mən razı olmadım. Nə etsələr də qəbul etmirdim. Əməliyyat otağının adından ürəyim bulanırdı. Nəhayət, sarğımı dəyişən bir feldşer mənə dedi: "Keçən əməliyyatda sənin sağalmayacağını düşündükləri üçün, bağırsaqlarına sadə sapla tikiş vurublar. Amma indi əməliyyat otağına getməsən və tikişlərini dəyişməsələr, həqiqətən öləcəksən!" Mən də ona dedim: "Əgər məsələ yalnız tikişləri dəyişməkdirsə, elə burada həmin işi görün, başa çatsın."
Keçən əməliyyatda doğrudan da psixi gərginliyim artmışdı və anesteziyasız ağrılara dözməyə razı idim. Məndən soruşdu: "Dözə biləcəksən?" Bilmirdilər ki, qabaqlar başıma nə bəlalar gəlib. Həmin yerdə şərait yaradıb yaramı açdılar. Üfunətin pis qoxusu otağı bürüdü. Əvvəlcədən mənimlə birgə olan xəstələri başqa otaqlara aparmışdılar. Orada qərara gəldilər ki, yaranın üstünü açıq qoysunlar. Çünki çoxlu əməliyyatlara görə, qarnım tikilmirdi və tikildikdə də bitişmirdi. Ondan sonra hər gün yaramın üstünə oksigenlə zənginləşdirilmiş bir şüşə su töküb, sterilizasiya edib sarıyırdılar. Bu işin təsiri var idi və vəziyyətim get-gedə yaxşılaşırdı. Lakin hələlik yeməyə icazə verilmirdi.
Bir gün dostlarımdan birinə əməliyyat otağında baş verən macəranı və anesteziya həkiminin sözlərini deyərək gileyləndim. Ertəsi gün səhər anesteziya həkimi görünməyə başladı. Guya üzr istəməyə gəlmişdi. Mən ona dedim: "Doktor, sizə bir sözüm var: Biz Təbrizdən durub Xuzistana gedib döyüşdə yaralanmışıq. Əgər millətçiliyə görədirsə, siz özünüz dezfullusunuz. Bu isə həqiqətən insafsızlıqdır ki, sizin bölgənizdə yaralanan bir insana belə deyəsiniz. Özü də əməliyyat otağında, anesteziya zamanı!"
–Xeyr! Xətrinə dəyməsin, mən zarafat elədim.
–Belə zarafatmı olar?!
Bir az dayanıb könlümü almağa çalışdı. Mən onun sözünü nadanlıq güman edib bağışladım. Amma sonralar eşitdim ki, onu xəstəxanadan qovublar.
Yenə xəstəxananın fəzasından sıxılmağa başladım. Xəstəxanadan buraxılmağa israrlarım başlamışdı. Qarnımın yarasının hələ də açıq olduğunu deyirdilər. Lakin mən yaralara öyrəşmişdim və bilirdim ki, çıxsam vəziyyətim daha yaxşı olacaq. Nəhayət, evə qayıtdım və hər gün Korpusdan yaralarımın sarğısını dəyişməyə gəlirdilər. Elə yaralar ki, aylar idi mənə əzab verirdi və sağalmağı düşünmürdüm. Bir yandan da cəbhəyə darıxırdım.
Yenə də briqadaya qayıtmaq söhbətini açdım. Anam nigaran idi və qəti şəkildə etiraz edirdi. Mənə deyirdi: "Axı bu vəziyyətlə ora gedib nə edəcəksən?!"
–"Ay ana! Mən burada qalsam qarnım heç vaxt sağalmayacaq, amma ora getsəm öncə ruhiyyəm düzələcək, sonra da yaram sağalmağa başlayacaq!"
Mənimlə bacarmadılar. Öncədən aldığım qarınabağlayanı belimə sarıdım və aptekçəmi çantama qoyub, cəbhəyə yola düşdüm. Orada məni qane etdilər ki, bu vəziyyətlə cənuba getməyim. Onların tövsiyəsi Piranşəhr idi. Onlar deyirdilər: "Piranşəhrdə qərargahın içində qalıb ürəyin istədiyi vaxt döyüş məntəqəsinə gedə bilərsən."
Mənə isə cənuba, ya da qərbə getməyin çox da fərqi yox idi. Hansı cəbhə olur-olsun evdə oturmaqdan daha yaxşı idi.
Təbrizdən bir neçə nəfərlə Piranşəhrə doğru yola düşdük. 1 Təxminən ilk on beş gün qərargahda qaldım. Görüləsi çox da iş yox idi. Amma gecələr döyüşçülər pusquya yollanırdılar və son günlərdə mən də onlarla birgə gedirdim. Günün son saatları çıxıb o bölgədə əks-inqilabçı qüvvələrin yolunda pusquda dayanırdıq. Get-gəllər mənə əziyyət verirdi. Xüsusilə, çox vaxt dağa çıxdığımız üçün, hər dəfə qayıtdıqda yaramın ağrısı bir neçə qat artırdı. Hər gün yaramın sarğısını dəyişirdim. Yaramı oksigenlə zənginləşdirilmiş su ilə o qədər yumuşdum ki, artıq ət gətirmişdi. Yaramın açıq olan hissəsindən bəzi şeylər çıxırdı. Sonralar anladım ki, bağırsaqlarımın tikildiyi saplardır. Eşitmişdim ki, daxili orqanlarda vurulan tikişlər elədir ki, sağaldıqca get-gedə bədənə cəzb olur, onları çıxarmağa ehtiyac yoxdur və infeksiya vermirlər. Amma görünürdü ki, mənim əməliyyatımda sadə sapdan istifadə etmişdilər və indi hər dəfə sarğını dəyişdikdə, Allahın mənə lütfündən, bu saplar mənim başıma oyun açmadan, özləri yaranın açıq hissəsindən çıxırdı. Hər gün payıma iki dənə sap düşürdü. Bədənimdən çirk və tikiş sapı ilə o qədər maye çıxdı ki, hiss edirdim get-gedə yaramın üstünə bir pərdə gəlir və zamanla qalınlaşırdı. Bu yaxşı bir əlamət idi. Qərargahın işçilərindən Baqir Niki sarğıları dəyişməkdə mənə çox kömək edirdi.
Təxminən iki ay yarım orada qaldıq. Piranşəhrin mühiti Məhabada –ilk təcrübə günlərimə – oxşayırdı; şəhərdə çoxlu qərargahlar, pərakəndə döyüşlər, ətrafda və dağlarda olan döyüşlər. Döyüşlərin çoxu şəhərin ətrafındakı pusqularda və demokratların əli çatan yerlərdə baş verirdi. Demokratlar da bu məsələni bildikləri üçün, şəhərin ətrafında içindən daha çox döyüş baş verirdi. Bunu da qeyd edim ki, Kürdüstan problemi nəzərə çarpacaq qədər həll olduğu üçün, döyüşlərin sayı və şiddəti mən Məhabadda olduğum vaxtlardakı kimi olmurdu. Bunlara baxmayaraq, Piranşəhr İraqla sərhəddə olduğu üçün, düşmənin də orada müdafiə cəbhəsi var idi və orada da ardıcıl döyüşlər olurdu.
Həmin qərargahda döyüşçülərin arasında bəzi hadisələr baş verirdi ki, uzun müddət zehinlərdən çıxmırdı. O ərəfədə qərargaha yeni gələn bir əsgər var idi və çox vaxt qorxurdu. Dostlar mənə dedilər: "O hətta gecələr tualetə getmir və işini qərargahın yaxınlığında edir!" Ayaqyolu qərargahdan yüz metr aralı idi və o da gecə qaranlıqda demokratların qəfil hücumundan qorxurdu. Qərara gəldim ki, onun bu işinə son qoyum. Bir gecə aftafaların hamısını boşaltdım və cəmi birini nöyütlə doldurdum. Dostlar macəranı bildikləri üçün axşamdan zarafatlaşıb gülürdülər. Saat təxminən axşam 10-da bu qardaş qərargahdan çıxdı. Qərargahın ətrafı işıqlandıran, fırlanan çırağı altında gördük ki, o, ayaqyoluna tərəf getmədi. Dostların qəhqəhələri aləmi götürmüşdü. Beş dəqiqə sonra bayırdan bir səs gəldi. Tez özümüzü ora çatdırdıq: "Nə olub?" O, yana-yana vurnuxub deyirdi: "Heç nə!" Qərargaha tərəf qayıtdıq. Yolda bizdən soruşdu: "Burada nə vaxt hamama getmək olar?"
–Səhərə kimi gözləməlisən. Sabah get baş qərargaha, hamam oradadır.
Səhər hamı oyandıqda, o da getməyə hazırlaşırdı. Getdi və bir daha qayıtmadı.
Günlərimiz beləcə keçirdi. Bizim kollektivdə dörd nəfər Təbrizin Şənbqazan məhəlləsindən idilər. Həmid adlı biri yeməkdən doymazdı. Qarnımın vəziyyətinə görə az yemək yediyim üçün mənə deyirdi ki, sən iki nəfərin yeməyini al, ver mən yeyim.
Piranşəhrdə olduğum müddətdə "Vəlfəcr-4"1 əməliyyatı başladı. Dayım oğlu və qədim dostum Həsən Nəməkinin həmin əməliyyatda şəhadəti tayfamızı ailənin ikinci gənc şəhidinin mərasimini qeyd etməklə məşğul etmişdi.2 Məhabad gecələrinin əksinə, Piranşəhrdə gecələr çox vaxt gecə namazı qılanlar qərargahın yanında olan məscidə yığışırdılar. Əzadarlıq və dua mərasimləri də olurdu və mən Piranşəhrdə olduğum müddət bu macəralarla keçdi və sonra Təbrizə qayıtdım.
Dostları ilə paylaş: |