AYƏ 48:
﴿وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللّهُ وَلاَ تَتَّبِعْ أَهْوَاءهُمْ عَمَّا جَاءكَ مِنَ الْحَقِّ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا وَلَوْ شَاء اللّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَـكِن لِّيَبْلُوَكُمْ فِي مَآ آتَاكُم فَاسْتَبِقُوا الخَيْرَاتِ إِلَى الله مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾
TƏRCÜMƏ:
«Biz bu kitabı sənə haqq və doğru olaraq özündən əvvəlki (səmavi) kitabları təsdiq edən və onlara hakim, nəzarətçi, qoruyan və şahid kimi nazil etdik. Buna görə də onların arasında Allahın (sənə) nazil etdiyinin əsasında hökm et və heç vaxt sənə gəlmiş haqdan dönərək onların (nəfsi) istəklərinə tabe olma. Siz (ümmətlər)in hər biriniz üçün aydın bir şəriət və yol qoyduq. Əgər Allah (Öz qəti iradəsi ilə) istəsəydi, şübhəsiz, sizin hamınızı (bütün ümmətləri) bir ümmət edərdi (tarix boyu bütün bəşəriyyətə eyni durğun zehni istedad verər və hamını bir şəriətə möhtac edərdi). Lakin sizi, sizə verdiyi şeylə imtahan etmək istədi (buna görə də insanlara kamilləşməsi mümkün olan müxtəlif istedadlar verdi və onun təkamülünə uyğun olaraq şəriətlər nazil etdi). Buna görə də xeyir işlərə doğru bir-birinizi qabaqlayın. Hamınızın qayıdışı Allaha tərəfdir. O sizi, barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.»
TƏFSİR:
Əvvəlki peyğəmbərlərin səmavi kitabı zikr edildikdən sonra bu ayədə Quranın mövqeyinə işarə edilir. Əvvəlcə buyurulur: Biz bu səmavi kitabı haqq olaraq sənə nazil etdik. O əvvəlki kitabları təsdiq edir və onun nişanələri əvvəlki kitablarda gələnlərlə tam müvafiqdir və Quran onların keşikçisi, qoruqçusudur.
Ümumiyyətlə, bütün səmavi kitablar əsl məsələlərdə bir-birləri ilə uyğundur və onlar vahid bir hədəfi, yəni insanın təkamül və tərbiyəsi məsələsini izləyirlər. Sonra göstəriş verilir ki, buna görə də onların arasında sənə nazil olan hökm əsasında mühakimə yürüt. Daha sonra əlavə edilir: İlahi hökmləri öz istəklərinə uyğunlaşdırmaq istəyənlərin nəfs istəklərinə tabe olma, sənə haqq olaraq nazil olanlardan üz çevirmə. Bu bəhsin təkmilləşdirilməsi üçün buyurulur: Sizlərdən hər biri üçün aydın yol, şəriət və ayin qərar verdik. Sonra buyurulur: Allah insanların hamısını vahid bir ümmət qərar verib, hamını bir dinin ardıcılı edə bilərdi. Lakin O sizə əta etdiyi şeylərlə sizi imtahana çəkmək, nəticədə müxtəlif qabiliyyət və istedadlarınızı çiçəkləndirmək istəyir.
Nəhayət, bütün millət və qövmlərə xitab edərək buyurur ki, öz qüvvələrinizi ixtilaflara sərf etmək əvəzinə, yaxşı işlərdə yarışıb bir-birinizdən qabağa keçin. Çünki, hamınızın qayıdacaq yeri Allaha tərəfdir, O sizi Qiyamət günü ixtilaflı olduğunuz məsələlərdən agah edəcəkdir.
İNCƏ MƏTLƏBLƏR
«Şirə» suya çatan yola, «minhac» isə aydın yola deyilir. İbn Abbas demişdir: Şirə Quranda, minhac isə Peyğəmbərin (s) sünnəsində gələn hökmlərdir.1
Dostları ilə paylaş: |