AYƏ 146:
﴿وَعَلَى الَّذِينَ هَادُواْ حَرَّمْنَا كُلَّ ذِي ظُفُرٍ وَمِنَ الْبَقَرِ وَالْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَا إِلاَّ مَا حَمَلَتْ ظُهُورُهُمَا أَوِ الْحَوَايَا أَوْ مَا اخْتَلَطَ بِعَظْمٍ ذَلِكَ جَزَيْنَاهُم بِبَغْيِهِمْ وِإِنَّا لَصَادِقُونَ﴾
TƏRCÜMƏ:
«Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Həmçinin onlara inək və qoyundan onların bədənlərinin piyini - bellərinə və ya bağırsaqlarına yapışmış, yaxud sümüyə qarışmış (piylər) istisna olmaqla - haram etdik. Bu (haram), onlara etdikləri zülmlərinə görə verdiyimiz cəzadır. Biz həqiqətən doğru danışanıq.»
TƏFSİR: YƏHUDİLƏRƏ HARAM EDİLƏN ŞEYLƏR
Bu ayədə, bütpərəstlərin öz tərəflərindən uydurduqları qondarma hökmlər aydın olsun deyə, yəhudilərə haram edilən şeylərin bir qisminə işarə olunur. Halbuki bu qondarma hökmlər nə İslamla, nə də yəhudi dini ilə uyğundur. (Hətta məsihi dini ilə də uyğun gəlmir. Belə ki, onlar adətən öz hökmlərində yəhudilərin dinlərinə tabe olurlar). Buna görə də əvvəlcə buyurulur: Yəhudilərə hər növ dırnaqlı heyvanı haram etdik.
Sonra buyurulur: İnəyin və qoyunun bədənindəki piyləri də onlara haram etmişdik.
Bunun ardınca üç istisna hal belə qeyd olunur: Bu iki heyvanın kürəyində, yanlarında və bağırsaqlarının arasında olan, eləcə də sümüklə qarışan piylərdən başqa. Lakin ayənin axırında aşkar şəkildə buyurulur ki, bunlar əvvəldə yəhudilərə haram deyildi, amma Biz onları rəva gördükləri zülmə görə bu nemətlərdən – özlərinin də çox xoşladıqları bu yeməklərdən məhrum etdik.
Əlavə təkid olaraq buyurulur: Bu, bir həqiqətdir və Biz doğru danışanlardanıq.
AYƏ 147:
﴿ فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمْ ذُو رَحْمَةٍ وَاسِعَةٍ وَلاَ يُرَدُّ بَأْسُهُ عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ ﴾
TƏRCÜMƏ:
«Əgər səni təkzib etsələr, de: “Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz.”»
TƏFSİR:
Yəhudilərin və müşriklərin inadkarlıqları aydın bir məsələ idi. Amma onların inadlarını davam etdirəcəkləri və nəticədə Peyğəmbəri (s) təkzib edəcəkləri mümkün olduğundan bu ayədə Allah-təala Öz Peyğəmbərinə (s) buyurur ki, əgər onu təkzib etsələr, onlara belə desin: Sizin Pərvərdigarınız geniş və sonsuz rəhmət sahibidir. Sizi dərhal cəzalandırmaz. Əksinə, bəlkə öz səhvlərinizdən peşman olub pis əməllərinizdən Allaha doğru qayıdasınız deyə, sizə möhlət verir. Lakin əgər Allahın verdiyi möhlətdən istifadə etməsəniz və yersiz töhmətlərinizi davam etdirsəniz, bilin ki, Allahın cəzası qətidir və nəhayət sizi tutacaqdır. Çünki Onun cəzaları günahkar cəmiyyətdən dəf olunası deyildir.
Bu ayə Quran təlimlərinin əzəmətini gözəl şəkildə bəyan edir. Belə ki, yəhudilərin və müşriklərin bu qədər qanunsuz əməllərini şərh etdikdən sonra onları dərhal əzabla, işgəncə ilə təhdid etmir. Əksinə, əvvəlcə mehr-məhbbət dolu təbirlərlə Allah dərgahına qayıdış yollarını göstərir ki, təşviq olunsunlar və Haqqa doğru qayıtsınlar. Amma Allahın geniş rəhmətinin onların və sair tüğyançıların cürətlənməsinə səbəb olmaması, eləcə də inadkarlıqlarından əl çəkmələri üçün axırıncı cümlədə onları qəti bir ilahi cəza ilə təhdid edir.
AYƏ 148:
﴿سَيَقُولُ الَّذِينَ أَشْرَكُواْ لَوْ شَاء اللّهُ مَا أَشْرَكْنَا وَلاَ آبَاؤُنَا وَلاَ حَرَّمْنَا مِن شَيْءٍ كَذَلِكَ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِم حَتَّى ذَاقُواْ بَأْسَنَا قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا إِن تَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ أَنتُمْ إَلاَّ تَخْرُصُونَ﴾
TƏRCÜMƏ:
«Müşriklər tezliklə “əgər Allah istəsəydi nə biz, nə də atalarımız (Ona) şərik qoşardıq və nə də bir şeyi (özümüzə) haram edərdik (deməli, Allah bizim Ona şərik qoşmağımıza və bəzi şeyləri haram etməyimizə razıdır)!” deyəcəklər. Onlardan əvvəlkilər (də peyğəmbərlərini şirkin və bidətin haramlığı barədə) beləcə təkzib etdilər və nəhayət bizim əzabımızı daddılar. De: “Sizin əlinizdə (dəlil-sübutu olan) bir elm varmı ki, onu bizim üçün (qarşımıza) çıxarasınız?! Siz gümandan başqa bir şeyə tabe olmur və təxmindən başqa bir şeylə danışmırsınız.” (Çünki, Allaha şərik qoşmaq və bir sıra şeylərin əsassız olaraq haram edilməsinin qarşısının yaradılışda alınmaması, Allahın onlara razı olması demək deyildir.)»
TƏFSİR:
Əvvəlki ayələrdə müşriklər barəsində olan sözlərin ardınca bu ayədə onların puç dəlillərinə cavab verilir. Əvvəlcə buyurulur: Tezliklə müşriklər halal ruzilərin qadağan edilməsi və şirk ilə əlaqədar iradlara cavab verərkən belə deyəcəklər: Əgər Allah istəsəydi, nə biz müşrik olardıq, nə də bizim bütpərəst ata-babalarımız, həmçinin heç bir şeyi də qadağan etməzdik. Deməli, bizim əməl və sözlərimizin hamısı Allahın istəyi ilədir.
Müşriklər sair günahkarlar kimi cəbr pərdəsi altında gizlənərək öz yaramaz əməllərinə bəraət qazandırmaq və canlarını qurtarmaq istəyirlər. Həqiqətdə onlar iddia edib deyirlər ki, Allahın bizim bütpərəstlik əməllərimiz və müəyyən heyvanları haram etməyimiz qarşısında sükut etməsi Onun razılığını göstərir. Çünki əgər razı olmasaydı, müəyyən yollarla bizi bu işlərdən mütləq çəkindirməli idi.
Quran onların cavabında qətiyyətlə bəhs apararaq əvvəlcə buyurur: Belə yalanları Allaha nisbət verən təkcə bunlar deyil, keçmiş qövmlərdən də bəziləri həmin yalanları demişdilər. Lakin axırda pis əməllərinin cəzasına düçar olmuş və Bizim cəzalarımızı dadmışlar. Onlar həqiqətdə bu sözləri ilə həm yalan danışır, həm də peyğəmbərləri təkzib edirdilər. Əgər Allah bu işə razı olsaydı, onda Öz peyğəmbərini hansı əsasla tövhidə dəvət üçün göndərərdi? Ümumiyyətlə, peyğəmbərlərin dəvətinin özü insanın ixtiyar sahibi və iradə azadlığına malik olmasına ən mühüm dəlildir.
Sonra buyurulur: «Onlara belə de: Doğrusu, bu iddianıza dair qəti və danılmaz bir dəliliniz vardırmı? Əgər varınızdırsa, onda nə üçün göstərmirsiniz?»
Axırda əlavə edilir: Şübhəsiz, sizin bu iddiaya dair heç bir dəliliniz yoxdur, yalnız xam xəyallara və təsəvvürlərə tabe olursunuz.
Dostları ilə paylaş: |