AYƏ 151:
﴿قُلْ تَعَالَوْاْ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ أَلاَّ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَلاَ تَقْتُلُواْ أَوْلاَدَكُم مِّنْ إمْلاَقٍ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ وَلاَ تَقْرَبُواْ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَلاَ تَقْتُلُواْ النَّفْسَ الَّتِي حَرَّمَ اللّهُ إِلاَّ بِالْحَقِّ ذَلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ﴾
TƏRCÜMƏ:
«De: “Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə – istər aşkar olsun, ya gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) – yaxınlaşmayın. Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı - (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin. Bəlkə düşünəsiniz deyə Allahın sizə tapşırdıqları bunlardır.”»
TƏFSİR: BİR NEÇƏ İLAHİ FƏRMAN
Əvvəldəki ayələrdə bəyan olunduğu kimi müşriklərin saxta hökmləri inkar edildikdən sonra bu ayədə və sonrakı iki ayədə İslamda haram olunan əsas şeylər və kəbirə günahlar çox qısa bəyanla, amma çox maraqlı və dolğun məna ilə on qismdə bəyan olunmuşdur. Əvvəlcə buyurulur: Onlara belə de: “Gəlin, Allahın sizə haram etdiyi şeyləri sizin üçün sadalayım:
1. Heç nəyi Allaha şərik və oxşar qərar verməyin.
2. Ata-anaya yaxşılıq və ehsan edin.
3. Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin.
4. İstər aşkarda, istərsə də gizlində olan çirkin və qəbahətli işləri nəinki etməyin, hətta onlara yaxın da düşməyin.
5. Əlinizi günahsız insanların qanına bulaşdırmayın. Allahın möhtərəm saydığı, qanının axıdılmasına icazə vermədiyi insanı qətlə yetirməyin. Yalnız ilahi qanunla icazə verildiyi hallar (məsələn, qatildən qisas alınması kimi) istisna olunur.
Bu beş göstərişin ardınca təkid üçün buyurulur: Bu işləri Allah sizə tövsiyə edir ki, başa düşəsiniz və onlara mürtəkib olmaqdan uzaq olasınız.
AYƏ 152:
﴿وَلاَ تَقْرَبُواْ مَالَ الْيَتِيمِ إِلاَّ بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّى يَبْلُغَ أَشُدَّهُ وَأَوْفُواْ الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ لاَ نُكَلِّفُ نَفْسًا إِلاَّ وُسْعَهَا وَإِذَا قُلْتُمْ فَاعْدِلُواْ وَلَوْ كَانَ ذَا قُرْبَى وَبِعَهْدِ اللّهِ أَوْفُواْ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَذَكَّرُونَ﴾
TƏRCÜMƏ:
«Və yetimin malına o, (cismani və ruhi baxımdan) həddi-büluğa çatana kimi, gözəl bir tərz istisna olunmaqla, yaxınlaşmayın. Ölçü və çəkini ədalətlə tam şəkildə verin. Biz heç bir kəsin üzərinə (əqidə və əməllərdə) öz imkanından artıq vəzifə qoymuruq. (Hakim və şahid kimi və ya fətva vermək məqsədilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun. Və (şəriətin əsas və qollarını qəbul etməkdə) Allahın əhd-peymanına kamil surətdə vəfa edin. Bəlkə öyüd götürəsiniz deyə, Allahın sizə tapşırdıqları bunlardır.»
TƏFSİR:
6. İslah məqsədi istisna olmaqla, həddi-büluğa çatdığı vaxta qədər yetimin malına yaxınlaşmayın.
7. Çəkidə aldatmayın, çəki və ölçüdə ədalətə riayət edin.
8. Mühakimə və ya şahidlik zamanı, yaxud digər sahələrdə bir söz demək istəsəniz, hətta mühakimə və şəhadətinizin sizin qohum-əqrəbanızın əleyhinə tamam olsa belə, ədalətə riayət edin. Haqq yolundan çıxmayın.
9. İlahi əhd-peymana vəfalı qalın və onu pozmayın. İlahi əhd-peyman dedikdə bütün ilahi əhd-peymanlar – təkvini və təşrii əhd-peymanlar, ilahi təkliflər, hər növ əhd, nəzir və and nəzərdə tutulur.
Ayənin axırında bir daha təkid üçün buyurulur: Allah bu işləri sizə tövsiyə edir ki, özünüzə gələsiniz, əqlinizi işə salasınız.
Dostları ilə paylaş: |