AYƏ 144:
﴿وَمِنَ الإِبْلِ اثْنَيْنِ وَمِنَ الْبَقَرِ اثْنَيْنِ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الأُنثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الأُنثَيَيْنِ أَمْ كُنتُمْ شُهَدَاء إِذْ وَصَّاكُمُ اللّهُ بِهَـذَا فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا لِيُضِلَّ النَّاسَ بِغَيْرِ عِلْمٍ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ﴾
TƏRCÜMƏ:
«Həmçinin, dəvədən iki baş, ya iki cüt və inəkdən iki baş, ya iki cüt (yaratdı). De: “Allah o ikisinin erkəklərini haram edib, ya dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakını?! Məgər Allah bunu (bidət olan bu dırnaqarası haramı) sizə tövsiyə edərkən yanında idiniz?! Buna görə də kim insanları nadanlıqla azdırmaq üçün Allaha qarşı yalan uydurandan daha zalımdır?! Allah zalımların dəstəsini əsla hidayət etməz.”»
TƏFSİR:
Bu ayədə digər dörd cütə işarə edilir və buyurulur: Dəvədən iki cüt (erkək və dişi) və inəkdən iki cüt (erəkək və dişi) qərar verdik. De: Bunlardan hansını Allah haram etmişdir? Erkəkləri, yoxsa dişiləri, yaxud dəvələrin və inəklərin qarnında olanları?
Bu heyvanların halal və ya haram olmasına dair hökm yalnız Allahın əlindədir ki, həm onların, həm insanın, həm də bütün dünyanın yaradanıdır.
Əvvəlki ayədə qeyd olunmuşdu ki, müşriklərin ixtiyarında bu heyvanların ətinin haram edilməsinə dair heç bir əqli və elmi dəlil yox idi. Çünki onlar nə nübüvvət, nə də vəhy iddiası edirdilər. Buna əsasən, üçüncü ehtimal qalır ki, bu fərmanın verilməsi zamanı hazır və şahid olduqlarını iddia etsinlər. Buna görə də buyurulur: Allahın bu mövzuya dair sizə tövsiyə etdiyi zaman siz buna şahid idinizmi? Sualın cavabı mənfi olduğuna görə onların bu barədə töhmət və iftiradan başqa bir şeyə əl atmadıqları sübut olunur. Buna görə də ayənin axırında əlavə edilir ki, Allahın adından yalan sözlər deyən, cəhalətdə qalanları azdırmaq istəyən kimsədən də bir zalım adam varmı? Şübhəsiz, Allah zalımları heç vaxt hidayət etməz.
Yuxarıdakı ayədən məlum olur ki, Allahın adından yalan danışmaq Onun müqəddəs dərgahında edilən ən böyük zülmlərdən biri olmaqla yanaşı, həm də Allahın bəndələrinə və şəxsin özünə edilən zülmdür.
AYƏ 145:
﴿قُل لاَّ أَجِدُ فِي مَا أُوْحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَى طَاعِمٍ يَطْعَمُهُ إِلاَّ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَّحِيمٌ﴾
TƏRCÜMƏ:
«De: “Mənə olunan vəhylərin içərisində yemək istəyən şəxsə murdar olduqları üçün ölü heyvan, (heyvanın damarlarından) tökülmüş qan və donuz ətindən, yaxud itaətsizlik üzündən Allahdan başqasının (istər bütlərin, istərsə də bütlərdən başqa şeylərin, hətta müqəddəs hesab edilən şeylərin) adı çəkilərək kəsilmiş heyvandan başqa bir haram (yemək) tapmıram. Əgər kimsə ləzzət axtarmadan, yaxud (zəruri miqdardan) həddi aşmadan (onları yeməyə) məcbur olsa, həqiqətən, sənin Rəbbin çox bağışlayan və mehribandır.”»
TƏFSİR:
Allah-təalanın haram buyurduğu şeylərin müşriklərin haqq dininə artırdıqları bidətlərdən seçilməsi üçün bu ayədə Peyğəmbərə (s) göstəriş verilir ki, onlara açıq-aşkar şəkildə belə desin: Mənə vəhy olunanlar içərisində heç bir şəxs üçün - istər qadın-kişi, istərsə də uşaq-böyük - haram bir yemək görmürəm.
Yalnız bir neçə şey istisna olunur: Onlardan birincisi özü ölmüş heyvan, yaxud heyvanın bədənindən çıxan qandır. (Heyvanın damarları şəri qaydada kəsildikdən və adi miqdarda qan çıxdıqdan sonra onun bədənindəki ətin arasında qalan qanlar nəcis deyildir.)
Növbəti haram şey donuz ətidir. Çünki bunların hamısı “rics”, yəni iyrənc şeylərdir. Sağlam insan təbiəti buna nifrətlə yanaşır və onlar müxtəlif növ aludəliklərin və ziyanların mənşəyidir.
Sonra dördüncü növə işarə olaraq buyurulur: Yaxud başı kəsilən zaman Allahın adı çəkilməyən heyvanlar. Bu da əxlaqi və mənəvi cəhətdən Allahla yadlıq və tövhid məktəbindən uzaqlıqdır.
Deməli, şəri kəsilmənin iki şərti var: Onlardan bəziləri dörd damarın kəsilməsi, heyvandan normal miqdarda qanın sıçrayışla çıxması kimi maddi yönə malikdir. Bəziləri isə üzü qibləyə olmaq, kəsərkən «Bismillah» demək, kəsənin müsəlman olması kimi mənəvi yönə malikdir.
Ayənin axırında zərurət halında və çıxılmaz vəziyyətə düşən, öz canını qorumaq üçün ondan başqa heç bir yemək tapmayan şəxslər üzərindən bu haram ətlərdən istifadə edilmənin qadağası götürülür. Bu kimi hallar istisna olunur və buyurulur: Zərurət vəziyyətinə düşənlər üçün günah yoxdur. Bu şərtlə ki, yalnız canının qorunması üçün yesin, əksinə ləzzət almaq, yaxud Allahın haramını halal saymaq, həddindən artıq yemək məqsədilə olmasın. Bu halda Pərvərdigar bağışlayan və mehribandır, onları bağışlayacaqdır.
Həqiqətdə bu iki şərt ona görə qoyulmuşdur ki, çıxılmaz vəzyyətə düşənlər Allahın qoyduğu qanunları pozmaq üçün bəhanə gətirə bilməsinlər.
Dostları ilə paylaş: |