ÖN SÖZ Pedaqogika sosial işin strukturunda psixologiya ilə yanaşı, izahedici funksiyaları yerinə yetirir. Sosial problemlərin həlli əsasən insanların tərbiyəsi ilə müəyyən edilir, buna görə də pedaqogika proqnozlaşdırıcı funksiyaları yerinə yetirir. Pedaqogika sosial işin subyektlərinin və obyektlərinin şəxsiyyətinin inkişafında aparıcı rol oynayır.
Sosial işdə pedaqogika sosial işin fəaliyyət komponentinin özəyi kimi çıxış edir, çünki informasiya vəzifələri, cəmiyyət haqqında biliklərin formalaşdırılması, qrupda münasibətlər, təhlükəsizliyin tərbiyəsi, fərdin özünə kömək etməyə hazırlığının inkişafı məsələləri əsasən pedaqoji metodlarla həll olunur. Bu baxımdan sosial işin pedaqoji əsaslarına sosial işin prinsipləri, məzmunu, metodları, yolları və vasitələri haqqında pedaqoji nəzəriyyənin elementləri daxildir.
Bu baxımdan hər bir şagirdə qeyd olunan məqamların pedaqoji baxımdan aşılanması sosial işdə mühüm rol oynayır. Bu məqsədlə “Sosial iş” ixtisası üzrə kadr hazırlığında “Sosial işin pedaqoji əsasları” ayrıca fənn olaraq tədris planında xüsusi yer tutur.
Bəlli olduğu kimi, hər bir tədris edilən fənn müəyyənləşdirilmiş standartların tələblərinə uyğun olmalı, yeniləşən həyatın, texnologiyaların tələbləri əsasında keçirilməlidir. Bunun üçün konkret təsdiq olunmuş proqram hazırlanır və tədris planında bu fənnə ayrılmış müddət nəzərə alınır. Elə bu məqsədlə də “Sosial işin pedaqoji əsasları” proqramını hazırlanıb və orada mövzuların saatlar üzrə təxmini bölgüsünü verilib. Proqramda tələbələrin sosial pedaqoji iş üzrə biliklərinə əsaslanaraq, onların sosial işin pedaqoji əsaslarına dair vacib məsələlərə yiyələnməsinə diqqət verilmişdir. Ona görə də dərs vəsaitində əvvəlcə pedaqoji fəaliyyətin sosial işdə rolu əsaslandırılır, sonra sosial pedaqogikada “norma” və “normalardan kənara çıxma”, deviant davranış sosial-pedaqoji problem olaraq və bəzi digər məsələlər şərh olunur.
“Sosial işin pedaqoji əsasları” adlı bu dərs vəsaiti Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına və müvafiq proqrama əsasən hazırlanmışdır. Dərs vəsaitində hər bir mövzu üzrə əhatə olunan məsələlərin planı təqdim edildikdən sonra geniş izahat verilir. Hər bir mövzunun sonunda qeyd edilən düşündürücü tapşırıqlar tələbələrin müstəqil ümumiləşdirmə və biliklərini sistemə salmalarına kömək etmək məqsədilə təqdim olunur. Eləcə də hər bir mövzu üzrə müstəqil mütaliə üçün ədəbiyyat tövsiyə edilir.
Dərs vəsaiti məlumatverici və istiqamətverici mahiyyətdədir. Ona görə də burada konkretlik əsas götürülmüşdür. Verilmiş istiqamət üzrə tələbələrin axtarıcılığı, təqdiqatçılığı onların öz üzərinə buraxılır.