Bismillahir rəhmanir rəhim



Yüklə 1,8 Mb.
səhifə17/23
tarix01.01.2022
ölçüsü1,8 Mb.
#105594
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

On altıncı fəsil


1984-cü ilin mart ayı idi. Bir gün səhər əməliyyat otağında ikən bacım zəng edib dedi: "Mahmud Bərəhmə şəhid oldu. Bu gün torpağa tapşırılacaq. Vaxtın olsa sən də gəl." Çox narahat oldum. Böyük qardaşı Əli də 1982-ci ildə ölkənin qərbində Bazideraz məntəqəsində şəhid olmuşdu. Halım dəyişdi və bildim ki, xəstəxanada olsam da işləyə bilməyəcəyəm. Əməliyyat otağının müdirinə dedim ki, yaxın qohumlardan birinin yas mərasiminə getməliyəm.

Mahmudun 18 yaşı vardı. Onun məzlum siması yadımdadır. Həmişə başı aşağı və üzündə təbəssüm olardı. Adətən, dizi üstə əyləşərdi. İnqilab ərəfələrində məhəllə uşaqları adını "bomba düzəldən" qoymuşdular. İçki və süd şüşələrini yığıb, onlardan alışqan qumbara hazırlayırdı. Məhəllənin bütün gəncləri gəlib, ondan alır və damların başından sabiq rejimin milli qvardiya maşınlarına atırdılar. Hələ neçə ay öncə əməliyyat otağında ikən anası mənə zəng edib demişdi ki, Mahmud yaralanıb. Ondan ötrü çox nigaran idim. Vəziyyəti ilə maraqlandıqda dedi: "Ciddi problemi yoxdur. Əhvazda xeyli müalicə alıb və indi də sizin xəstəxanaya köçürülüb." Tez araşdırıb onu təcili yardım bölməsində tapdım. Ayağına qəlpə dəymişdi və çiynin nahiyəsindən də bir sümüyü sındığından qolunu tərpədə bilmirdi. Qan azlığından rəngi tamamilə saralmışdı. Hələ bu vəziyyətdə tez cəbhəyə qayıtmaq istəyirdi. Ona acıqlanıb dedim: "Vəziyyətin yaxşı olsaydı, Tehrana göndərməzdilər! Döyüş vaxtı canı qorumaq da bir tapşırıqdır! Sağal, sonra qayıt!" Onu müayinə edən doktor Kərəmliyə dedim: "Əsla sözünə baxmayın və hökmən yatızdırın!" Həkim də dedi: "Yarasına infeksiya düşüb. Mütləq əməliyyat olmalıdır." Ardıcıl neçə gün onu əməliyyat otağına gətirib yaralarını yudular. Hər gün yaralılara baş çəkərkən ona da baş çəkirdim. Hər dəfə məni görüb and-aman edirdi ki, cəbhəyə tez qayıtması üçün bir iş görüm, daha qalmağa taqəti çatmır. Nəhayət, iyirmi gün keçdi. Otağına baş çəkərkən gördüm yatağında deyil. Otaq yoldaşı dedi: "Turabi xanım, Mahmud nəyi vardısa, torbaya yığıb yatağının altında gizlədib. Eşiklə də rabitə saxlayıb ki, dalınca gəlsinlər. Əvvəl əşyalarını aparacaqlar, sonra da özü gedəcək." Otağa qayıdarkən üzündə yenə təbəssüm var idi. Dedim: "Mahmud, belə çıxır, dələduzluğun da varmış! Qaçmaq istəyirsən?" Dostuna baxıb dedi: "Ay xain! Xəyanətmi elədin?" O da dedi: "Axı vəziyyətin hamıya bəllidir və həkim də deyir ki, canını təhlükəyə salma!" Yatağı altından torbasını götürüb dedim: "İndi mən də bunları özümlə apararam!" Aparıb öz qarderobuma qoydum. Bu macəradan da dörd-beş gün keçdi. Bir gün günorta yeməyindən qayıdırdım. Yaralılara baş çəkərkən gördüm otağında deyil. Yoldaşından soruşdum: "Bəs Mahmud haradadır?" Dedi: "Bu dəfə onu təcili yardım maşını ilə aradan çıxartdılar." Gedib doktor Kərəmliyə baş verənləri danışdım. Doktor dedi: "Belə uşağı saxlamaqmı olar! Bu iyirmi-iyirmi beş gün ərzində güclə saxlamışdıq. Xoşbəxtlikdən, vəziyyəti yaxşılığa doğrudur. Gedib cəbhədə özünü zəhmətə salmasa, tamamilə sağalacaq." Nə isə, axşam evlərinə getdim. Özü də evdə idi. Rəngi-ruhu qaçmışdı və yataqda uzanmışdı. Anası dedi: "Siz bu Mahmuda bir söz deyin! Xəstəxanadan çıxarkən “İmam Hüseyn (ə)” meydanında görüb ki, yaralılar üçün qanvermə tədbiri keçirilir. O da heç nəyə baxmadan gedib qan verib. Bir fikirləşmir ki, mən özüm yaralıyam. İndi də halı pis vəziyyətdə uzanıb."

– Yemək-içməkdən nə vermisiniz?

– Meyvə şirəsi, kompot.

– Yaxşıdır. Yenə meyvə şirəsi verin.

Üzümü Mahmuda tutub dedim: "Sabah hazır ol, səni xəstəxanaya geri qaytaracağam!" Adyalı başına çəkib dedi: "Daha məni öldürsən də ora qayıdan deyiləm! Bir daha ayağımı ora basmaram!" Ondan sonra çox tez də cəbhəyə qayıtdı.

Səhər saat 9 olardı. Xəstəxanadan bayıra çıxdım. Onların məhəlləsinə çatdıqda, mağazaların çoxunun bağlı və camaatın məscidin önünə yığışdığını gördüm. Məscidə daxil olduqda, anası ayağa qalxaraq məni qucaqlayıb dedi: "Gördünmü, zəhmətin necə heç oldu! Gördünmü, axır Mahmud da şəhid oldu!..." Ona ürək-dirək verərək dedim: "Bu çox böyük səadətdir, artıq iki şəhid anasısınız!" Mərasimdə eşitdim ki, helikopterlə "Məcnun" adasına göndərilən əməliyyatda yerə yaxınlaşarkən cəbhə yoldaşlarından biri ilə tullanmaq istədikləri vaxt atəşə məruz qalıb, hər ikisi şəhid olub. Onu, cənazəni şəhidlər xiyabanı "Behişti-Zəhra"da dolandırandan sonra iyirmi altıncı hissədə qardaşı Əlinin dəfn olduğu yerdə torpağa tapşırdılar. Həqiqətən Mahmuda layiq çox möhtəşəm mərasim keçirildi.

Mahmudun böyük qardaşı Əli ondan bir il neçə ay öncə şəhid olmuşdu. Maddi vəziyyəti nisbətən yaxşı olan ailədə böyümüşdülər. Dindar və gözəl valideynləri vardı. Ailədə sayları çox olduğu üçün Əli səkkizinci sinifdən sonra daha məktəbə getməyib, bazarda işə başlamışdı. Hətta neçə il sonra "Nasir-Xosrov" bazarında bir mağaza da almışdı. İnqilabdan sonra narkomaniya ilə mübarizə komitəsilə həmkarlıq edirdi. Kürdüstanda müharibə başladığı zaman korpus qüvvələri sırasına qoşulur və Bazideraz məntəqəsində gedən döyüşlərdə şəhid olur. O zaman cəsədini məntəqədən çıxarmaq mümkün olmur. Şəhadətindən bir il sonra həmin məntəqə azad olarkən axtarış qrupu ora gedir. O biri qardaşı Möhsün də qrupla birgə imiş. Anası hey deyirmiş: "Əlidən bir tikə sümük belə olsa, gətirin ki, "Behişti-Zəhra"da onun qəbri olduğuna arxayın olum! Gedib oğlumun qəbri üstə oturum!" Anasının Əliyə xüsusi məhəbbəti varmış. Uşaq ikən anasına deyirmiş: "Ana, qoy böyüyüm, sənə nə istəsən alacağam, hər nə istəsən edəcəyəm, sənin bütün yorğunluğunu çıxaracağam..." Axtarış qrupu bir çox şəhidləri tapıb müəyyənləşdirsələr də Əlinin cəsədi tapılmır və Möhsün çox narahat olur. Özü nəql edir ki, çox yorğun və qəm içində əliboş qayıdarkən içimdə Əli ilə danışaraq dedim: "Əli can, biz səni tapmağa gəlmişdik, birgə də qayıdacağımızı düşünürdüm və deyirdim ki, anamız da bir az aram olar! Amma sən özünü göstərmədin! Əli sən haradasan?" Danışa-danışa getdiyim halda birdən ayağım nəyəsə ilişdi və yerə yıxıldım. Dönüb nə olduğuna baxdım. Gördüm bir çəkmənin başı torpaqdan çölə çıxıb. Tez qrupu səslədim və birgə torpağı kənara çəkdik. Qazdıqca məlum oldu ki, şəhid cəsədidir. Araşdırarkən qardaşım Əlinin adı və nömrəsi həkk olunmuş nişan peyda oldu." Mən "Fəthül-mübin" əməliyyatı ərəfələrində Şuşda olarkən Əlinin cəsədini Tehrana gətirib torpağa tapşırmışdılar.





Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin