◘İmam Riza (ə) buyurur: “Bir gün Əbu Hənifə (Əhli-sünnə məzhəblərindən birinin imamı) İmam Sadiqin (ə) hüzurundan qayıdırdı. Yolda Musa ibn Cə`fər ilə (ə) rastlaşdı. Ərz etdi: “Oğul! Günah kimin tərəfindəndir?”1 Buyurdu: “Bu məsələ üç hal çərçivəsindən xaricdə deyil: Ya təkcə Allah tərəfindəndir və bəndənin buna heç bir müdaxiləsi yoxdur. Bu halda Kərim Allahın bəndəni günaha görə cəzalandırması layiq deyil. Çünki ixtiyar bəndənin əlində olmayıb. Ya Allahla bəndənin iştirakı ilə baş verib. Yenə də layiq deyil ki, qüvvətli şərik zəif tərəf müqabilini incitsin. Ya da təkcə bəndə tərəfindəndir. (Əlbəttə ki, bəndə tərəfindəndir, çünki Allah günaha razı deyil.) Bu halda əgər Allah bəndəni cəzalandırarsa, bu bəndənin yol verdiyi nöqsan və səhvlərinə görədir, yox əgər bağışlasa da, bu, Allahın kərim və bağışlayan olmasına dəlalət edir.
◘Həzrət Riza (ə) buyurub: “Bir kəsdə üç xüsusiyyət olmasa onu mö`min adlandırmaq olmaz; Allahın bəndələrlə davranma üslubu, Peyğəmbər (s) sünnəsi, imamların (ə) rəftar tərzi. Allahın üslubu gizlilik və sirr saxlamaqdır. Qur`anda buyurulur: “(Allah) qeybi (gizlində olanları) biləndir və sevdiyi peyğəmbərlərdən başqa heç kəsə də qeybdən bir şey bildirməz.” Peyğəmbərin sünnəsi xoş davranmaqdır. Allah bu barədə ona göstəriş verib buyurur: “Əfv etməyə adət et, yaxşı işlər görməyə əmr et və nadan insanlardan çəkin.” İmamların rəftar tərzi isə müharibə, çətinlik və xəstəlik zamanı səbr etməkdir. Bu barədə də Allah-təala buyurur: “Bunlardır doğru danışanlar və bunlardır pəhrizkarlar.”
◘Yeddinci imam (ə) buyurur: “Allaha itaətin kökü üç şeydir; qorxu, ümid və sevgi. Qorxunun nişanəsi günahı tərk etməkdir. Ümidin əlaməti ona itaət etməyə meyl etməkdir. Allahı sevməyin əlaməti şövq və tövbədir.”
◘Həzrət İmam Məhəmməd Təqi (ə) buyurdu: “Məhəbbəti cəlb edəcək üç şey var; insanlarla ünsiyyət zamanı onlara qarşı insaflı olmaq, çətinlik zamanında insanlarla həmdərd olub onlara təskinlik, ürək-dirək vermək, insanlarla üz-üzə gələn zaman pak və sağlam qəlbə malik olmaq. (Yə`ni, onlara qarşı heç bir kin-küdurət bəsləməmək.)”
◘Həzrət Baqir (ə) buyurub: “Allah mö`minə üç imtiyaz bəxş edib; dünya izzəti, axirət səadəti və zülmkarların qəlbində əzəmət.”
◘Həzrət Baqir (ə) buyurub: “Allahın bir behişti var ki, üç kəsdən başqa heç kəs ora yol tapa bilməz. Biri odur ki, zərərinə tamamlanacaq olsa belə haqqı deyər, digəri odur ki, Allah xatirinə mö`min qardaşını görməyə gedər və üçüncüsü odur ki, bir mö`mini Allaha xatir özündən qabağa salar. (Yə`ni, onun manafeyini öz mənafeyindən üstün tutar.)”
◘Həzrət Musa ibn Cə`fər (ə) buyurdu: “Ey Hişam ibn Həkəm! Hər kəs üç şeyi üç şeylə əvəz etsə, elə bil ki, öz əqlini əldən verməkdən xilas olar. Fikirləşmə nurunu uzun-uzadı arzularla, hikmətli mətləbləri zay və bihudə sözlərlə, ibrət və nəsihət nurunu şəhvətlərin ardınca düşməklə aradan aparan kəs öz əqli vasitəsilə həvəslərini döyəcləməklə batil edər. Hər kəsin əqli xarab olsa dini də xarab olar, dünyası da.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Üç şey uca məqamlılıq bəxş edər, üç şey günahın kəffarəsidir, üç şey həlak edər, üç şey də nicat verər. Uca məqam bəxş edən şeylər hamıya salam vermək, qonaqlıq vermək və gecə namazı qılmaqdır. Günahın kəffarəsi qışdı fərəhlə və həvəslə dəstəmaz almaq, gecə-gündüz məscidə getmək və camaata qarşı diqqətli olmaqdır. (Yə`ni, onların haqqına riayət etmək). Həlak edən şeylər simiclik, nəfsani arzu və istəklər və xudpəsəndlikdir. (Yə`ni, özünübəyənmə). Nicat bəxş edən şeylər isə gizlində də, aşkarda da Allahdan qorxmaq, istər varlı, istərsə də kasıblıq halında orta həddə riayət etmək, həm qəzəb və həm də sevinc halında ədalətlə danışmaq.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Bəndə həmişə üç şeyin arasındadır; bəla, qəza və qədər və ne`mətin. Allah tərəfindən gələn bəla müqabilində səbr etmək, qəza və qədər müqabilində təslim olmaq və ne`mət qarşısında isə şükr etmək vacibdir.”
◘Həzrət Musa ibn Cə`fər (ə) buyurub: “Allah peyğəmbərlərə, onların övladlarına və ardıcıllarına üç imtiyaz verib; xəstəlik,1 sultanlardan qorxu və yoxsulluq. (Onlar haqq fərmanına itaət etməkdə heç bir qorxu olmadan hamıdan qabağa düşdüklərinə görə bu işlərə düçar olurlar).”
◘Həzrət Riza (ə) buyurub: “İnsan üçün onun həyatının üç ən qorxulu anı var. Biri doğulan vaxt gözünü dünyaya açdığı zaman, digəri ölən vaxt o biri aləmin varlıqlarını görən zaman, üçüncüsü isə Qiyamət günü qəbirdən qalxıb yeni səhnələr müşahidə etdiyi zaman. Allah-təala Yəhya peyğəmbərə (ə) bu üç vaxtda salam göndərib buyurub: “Salam olsun ona doğulduğu gün, ölüm zamanı və (Qiyamət günü yenidən) diriləcəyi zaman.” Eyni zamanda bu üç mərhələdə İsa Məsih də (ə) özünə salam göndərərək həmin dəhşətli anlardan ötrü özünə təskinlik vermişdir: “Salam olsun mənə doğulduğum gün və öləcəyim vaxtda və bir də dirilib ayağa qalxacağım gün.”
◘Həzrət Riza (ə) buyurub: “Hər kim məni qürbətdə ziyarət etsə Qiyamət günü üç anda onun köməyinə gələrəm və onu qorxudan xilas edərəm; sağdan və soldan əməl dəftərlərinin verildiyi zaman, sirat körpüsündən keçən zaman və əməllər haqq-hesab olunan zaman.”
◘Həzrət Səccad (ə) buyurub: “Zülmkar, ona kömək edən və onların işinə razı olanın hər üçü edilən zülmdə şərikdirlər.”
◘Həzrət Səccad (ə) buyurub: “Xızr peyğəmbərin (ə) Musaya (ə) verdiyi göstərişlərdən biri də bu idi: Heç kəsi günahda ittiham etmə. Allah yanında ən sevimli əməl üçdür; varlı olduğun zamanda orta həddə yaşamaq, qüdrətli olduğun zamanda əfv edib güzəştə getmək və Allah bəndələri ilə dostcasına davranmaq. Elə bir kəs yoxdur ki, Allahın bəndələri ilə dostcasına davransın, lakin Allah onunla axirətdə dostcasına davranmasın. Bütün hikmətlərin başı Allahdan qorxmaqdır.”
◘Əbu Malik deyir: “Bir gün həzrət Səccada (ə) ərz edib dedim: “ Dinin bütün proqramlarını bəyan edin!” Buyurdu: “Haq söz danışmaq, ədalətli hökm vermək, əhd-peymana vəfa etmək dinin bütün proqramlarının əvvəlidir.”
◘Yenə də İmam Səccad (ə) buyurub: “Həyatın ən çətin vaxtları üç andır; ölüm mələyi görünən zaman, qəbirdən hərəkətə gələn zaman və Allahın hüzurunda dayanıb ya cənnət fərmanının sadir olmasını, ya da cəhənnəm göstərişinin verilməsini gözləmək.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Bu ümmətdən bizim haqqımızı tanıyıb qəbul edənlər üçün nicat yolu var. Yalnız üç kəsdən - zülümkar padşahların qapısında işləyən, həva və həvəsə (nəfsani istəklərə) tabe olan və açıq-aşkar günaha qurşananlardan başqa.”
◘Həzrət Baqir (ə) buyurub: “Nuh (ə) öz ümmətinə nifrin etdikdən sonra şeytan onun yanına gəlib dedi: “Sən mənə yaxşılıq etmisən, mən də gəlmişəm onun əvəzini verim.” Nuh (ə) buyurdu: “Sənə xidmət etməkdən Allaha pənah! Mən sənə nə yaxşılıq etmişəm?!” Dedi: “Sən nifrin etdin, Allah da sənin qövmünü qərq etdi və artıq mən çalışıb onları yoldan azdırma əziyyətindən xilas oldum. Bir də növbəti qövm gələnə qədər rahatam.” Həzrət Nuh (ə) buyurdu: “İndi mənə nə əvəz verəcəkdin?” Dedi: “Məni üç yerdə yad et. Bu üç yerdə mən insana hər zaman olduğundan daha yaxınam; qəzəblənən zaman, iki nəfər arasında hökm verən zaman və naməhrəm bir qadınla heç kəsin olmadığı bir yerdə oturduğun zaman.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Allah-təala buyurur: “Ey Adəm oğlu! Mən sənin barəndə üç lütf həyata keçirmişəm; sənin günahlarının üstünü örtmüşəm və əgər yaxınların bilsəydi səni dəfn etməzdilər, ikincisi sənə imkan verib sonra borcumu istəmişəm, amma sən axirət tədarükündən əsirgəyirsən, üçüncüsü də mal-dövlətinin üçdə birini ölümündən sonra sənin ixtiyarında qərar vermişəm, amma sən özündən qabağa göndərmirsən.”
◘Yenə də İmam Məhəmməd Baqir (ə) buyurub: “Allah mö`minə üç imtiyaz verib; dünya izzəti, axirət səadəti, ürəklərdə əzəmət.” Sonra bu ayələri oxudu: “İzzət Allaha, Onun peyğəmbərinə və mö`minlərə məxsusdur”,1 “Həqiqətən mö`minlər nicat tapdılar...”2 ◘Həzrət Riza (ə) buyurub: “Allah üç şeyi üç şeylə birlikdə vacib buyurub: “Namazı zəkatla və hər kim namaz qılıb zəkat verməsə namazı qəbul deyil. İkincisi öz şükrünü ata-ananın şükrü ilə bərabər və hər kim ki, öz ata-anasına minnətdarlıq və təşəkkür etməsə Allaha etdiyi şükrü də qəbul olmaz. Üçüncüsü də təqvanı sileyi-rəhm ilə birlikdə. Qohumlarına qarşı xoşrəftar olmayanın təqvası da yoxdur.
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Mö`min üç vaxtda şad olar; qadından kam alan zaman, mö`min qardaşları ilə zarafatlaşan zaman və gecə namazı vaxtı.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Zülm üç cürdür. Birincisi özünə olunan zülm. Bu Allah ilə öz arasında etdiyi günahdır. İkincisi, şirk vasitəsilə Allaha edilən zülm. Üçüncüsü isə camaatın haqlarını tapdalamaqla onlara olunan zülm.