İsti və həyəcanlı xəbərlər şəhərin hakiminə çatdı. O imanlı insan idi. Cavanı gətirmələrini əmr etdi. Hakim böyük bir həqiqətin qarşısında olduğunu anladı. Allah-təala ölüləri diriltməyinə, qiyamətin və məadın haqq olmasına və insanların bir gün Allahın dərgahında duracaqlarına aid öz qüdrətinə əlamət və nişanə göstərmək istəmişdi.
Hakim cavandan onları həmin mağaraya aparmasını istədi. Beləliklə, o cavan yola düşdü. İmanlı hakim və əsgərlər onun ardınca hərəkətə başladılar. Mağarada olan cavanlar qorxdular. Çox nigaran oldular. Çünki, qardaşları gecikmişdi. Onların biri dedi:
-Bəlkə də tutulmuşdur.
O birisi dedi:
-Bəlkə də şəhərə girərkən gecikmişdir. Siz ki, gözətçilərin nə qədər diqqətli olmalarını bilirsiz.
O an onların biri mağaradan çıxdı. Dağın yuxarısına qalxıb, zirvəyə çatdı. Oradan şəhərə gedən yola nəzər saldı. O, öz gözləri ilə onu qorxudan bir şey gördü.
Budur, uzaqdan Roma qoşunu gəlir.
Cəld qayıdıb, dostlarına xəbər verdi. Onlara dedi:
-Bir qoşunun bizə tərəf gəldiyini gördüm. Deməli, dostumuz tutulmuş və bizim yerimizi onlara göstərmişdir.
Başqa birisi dedi:
-Məncə belə deyil. Gözləyərik. Bəlkə də qoşun başqa bir yerə gedir.
Həyəcanlı anlar keçirdi. Birdən şəhərə getmiş cavan mağaraya daxil oldu. O, həqiqəti onlara söylədi.
Onlar bir gün və ya bir neçə saat yatmamışdılar. Həqiqətən yuxuları üç əsrə qədər uzanmışdı. Allah-təala onları öz qüdrət nişanələrindən biri etmişdi.
O ölüləri dirildir. Yenidən ruhu bədənə qaytarır.
O dövrdə bə`ziləri belə deyirdilər:
-Ruh bir bədəndən çıxdıqdan sonra bir daha geri qayıtmayıb, başqa bir bədənə daxil olur. Lakin, imanlı insanlar Allahın hər şeyə qadir olmasına inanırdılar. Bilirdilər ki, insanları yaradan, onların ruhlarını öldürən və Qiyamət günü yenidən qaytaran odur.
Cavan dostlarının yanına tək qayıtmaq üçün hakimdən icazə istədi. Çünki, onlar zülm və haqsızlıqdan qaçır, hansı hadisənin baş verdiyini isə bilmirdilər.
Cavanlar məsələdən xəbərdar olarkən Allahın qorxusundan və onun görüşünün şövqündən ağladılar. Onun dərgahına münacat edərək öz ölümlərini istədilər. Çünki, onlar keçmişə - üç əsr öncəyə bağlı insanlar idilər.
Allah-təala onların duasını eşidib, ağır bir yuxunu onlara hakim etdi. Ruhları xeyir və bərəkətlə dolu olan rahat və uzaq bir aləmə qanad çaldılar.
Hakim gözləyirdi, lakin heç bir faydası yox idi. Odur ki, şəxsən mağaraya girmək qərarına gəldi. O və ətrafındakılar mağaraya daxil olduqda çox qəribə bir mənzərəylə rastlaşdılar. Yeddi cavan öz itləri ilə birgə dünyadan köçmüşdülər. Hələ bədənləri isti idi.
Hakim və möminlər böyük Allaha səcdə etdilər.
O zaman camaat arasında ruh barəsində söhbət və mübahisələr gedirdi. Bəziləri ruhun Qiyamətdə yenidən bədənə qayıdacağını və bəziləri isə onun digər bədənə daxil olduğunu söyləyirdilər. Lakin, öz gözləri ilə Əshabi-kəhfi və ruhun onların bədəninə qayıtmasını gördükdə Allahın qüdrətini dərk etdilər.
Müşriklər bu məsələyə hələ də tərəddüdlə yanaşırdılar. Odur ki, dedilər:
-Onların olduğu yerdə bir ev tikin. Rəbləri onların vəziyyətinə daha agahdır.
İmanlı insanlar isə dedilər:
-Orada məscid tikəcək və Allahın, qüdrətini göstərdiyi yerdən bərəkət istəyəcəyik.
Möminlər qələbə çalıb, həmin yerdə yalnız Allahın ibadət olunacağı bir məscid tikdilər.
Dostları ilə paylaş: |