Roald Dal Qurbanlıq quzu



Yüklə 31,75 Kb.
tarix13.12.2018
ölçüsü31,75 Kb.
#85842

Roald Dal
Qurbanlıq quzu

Otaq isti idi, pərdələr çəkilmişdi, iki masa lampası yanırdı. Onun arxasındakı şkafın üstündə iki qədəh var idi. Meri Meloni ərinin işdən evə qayıtmasını gözləyirdi.

Həyəcan hissi keçirmədən arabir saata baxırdı. Ərinin evə gələcəyi saata qalan dəqiqələrin getdikcə azalması onda məmnunluq hissini artırırdı. Tikiş tikərək daxilən son dərəcə rahat vəziyyət almışdı. Hamiləliyinin altıncı ayında idi. Onun indiki – sakit görünüşü onun ağzını və gözlərini əvvəlkindən daha iri və tünd göstərirdi.

Saat beşə on dəqiqə qalmışdı ki, o, diqqətlə qulaq verdi, bir qədər sonra küçədəki daşlar üzərində hərəkət edən təkərlərin səsini eşitdi, maşının qapısı bağlandı, pəncərənin yanından ayaq izləri eşidildi, qapı açarla açıldı. O, ayağa qalxdı və ərini öpərək qarşılamaq üçün onun qabağına getdi.

O dedi: “Salam, əzizim”.

“Salam” – deyə əri cavab verdi.

O, ərinin pencəyini aldı və asılqana keçirtdi. İçkiləri hazırladı, özü üçün olan içki nisbətən yüngül idi. O, kürsüyə qayıdıb tikməyə davam edərkən əri əlindəki uzun qədəhi o yan- bu yana fırladırdı, içindəki buz isə qədəhin kənarlarına dəyərək melodik səslər çıxarırdı.

Meriyə üçün bu çox gözəl gün idi. O bilirdi ki, əri əlindəki ilk içkini boşaltmadan danışan deyil, amma o yenə də uzun və tək keçirdiyi uzun gündən sonra məmnun halda sakitliyini qoruyurdu. O, əri ilə eyni otaqda olanda onlar arasındakı istiliyi xoşlayırdı. O ərinin ağız quruluşunu xoşlayırdı və onun heç vaxt işdən yorğun gəldikdən sonra deyinməməsi Merini xoşbəxt edirdi.

“Yorulmusan, əzizim?”

“Hə” – deyə o dərindən köks ötürdü. “Özü də çox”. O bunları deyərkən qəribə hərəkətlərə yol verirdi. O, qədəhini qaldırdı və birdəfəyə içkinin yarısını içdi. O, qədəhini doldurmaq üçün ayağa qalxdı.

“Mən gətirərəm” – deyə Meri ayağa sıçradı.

“Lazım deyil, özüm götürərəm, sən əyləş”.

O qayıdanda Meri gördü ki, qədəhin içindəkinin rəngi əvvəlki içkinin rəngindən daha tünd idi. O içməyə başladı, arvadı isə onu izləyirdi.

“Mənə elə gəlir ki, bu həqiqətən də çox pisdir” – Meri dilləndi. “Neçə illərdir ki, bu sahədə işləyirsən, yaxşı polissən, amma yenə də bütün günü ortalıqdasan, ora-bura qaçırsan”. Əri heç nə demədi. “Əzizim, əgər planlaşdırdığımız kimi restorana getməyə halın yoxdursa, eybi yox, mən nəsə bişirərəm. Soyuducuda çoxlu ət var”. Onun gözləri ərinin başı ilə, yaxud bir təbəssümlə cavab verəcəyini gözlədi, amma cavab gəlmədi.

O, sözlərinə davam etdi: “ Nə isə. Mən sənə indi pendir-çörək hazırlayacağam”.

Əri dilləndi:“İstəmirəm”.

Meri narahatlıqla kürsüdə o yan- bu yana fırlandı. “Amma yeməlisən axı. İndi sənə bir şey hazırlayacağam. Düz sözümdür. Quzu əti var. Nə desən var. Soyuducu ağzınacan doludur”.

“Bəsdir”.

“Əzizim, amma nəsə yeməlisən axı. Məndən hazırlamaq, özün bil, istəsən yeyərsən, istəməsən yox”.

Meri ayağa qalxdı, tikməkdə olduğu şeyi masanın üstünə – lampanın yanına qoydu.

“Əyləş” – deyə əri dilləndi. Elə o anda Merinin canına qorxu düşdü.

“Tez ol. Otur yerinə”.

Meri ona deyildiyi kimi elədi, kürsüsünə əyləşdi, iri və çaşqın gözləri ilə ərini izləyirdi. Əri ikinci qədəhi də boşaltmışdı və gözlərini boş qədəhin içinə zilləmişdi.

Əri dedi: “Qulaq as. Sənə bir söz deməliyəm”.

“Nə olub, əzizim? Nə məsələdir?”

Əri başını aşağı salaraq hərəkətsiz vəziyyət aldı.

“Məncə, bu xəbər səni şoka salacaq. Amma mən bu haqda çox düşünmüşəm və belə qərara gəldim ki, sənin dərhal xəbərinin olmağı daha yaxşıdır”. O, hər şeyi arvadına danışdı, buna maksimum 4-5 dəqiqə getdi, arvadı isə bütün bu vaxt ərzində çaşqın qorxu ilə gözünü ona zilləyərək sakitcə oturmuşdu.

“Bax belə” – deyə əri sözünə davam etdi. “ Bilirəm, bu xəbəri belə vaxtında eşitməyin pis oldu, amma başqa yolu yox idi. Əlbəttə, sənə maddi dəstək olacağam və heç nədən də korluq çəkməyəcəksən. Lakin heç bir problem olmamalıdır. Ən azından, ümid edirəm ki, olmayacaq. Əks halda bu mənim işimə də öz təsirini göstərər”.

Meri ilk olaraq, bu deyilənlərə inanmaqdan boyun qaçırtdı. Ona elə gəldi ki, bütün bunlar onun təxəyyülünün məhsulu idi. O düşündü ki, bütün bunları qulaqardına vursa, onda görəcək ki, heç həqiqətdə bunların heç biri baş verməyib.

“Mən şam yeməyi hazırlamaq istəyirəm” – deyə o pıçıldadı. O ayağa qalxıb otaqdan çıxmaq istəyəndə ayaqlarını döşəmədə gəzmədiyini fikirləşdi. Onun daxilində əzgin narahatlıq hökm sürürdü. Onun ağlı başında deyildi. Aşağı düşdü, soyuducunun buzluğunu açdı, oradan əlinə gələn ilk şeyi qapdı. Yuxarı qaldırdı, baxdı. Kağıza bükülmüşdü, kağızı çıxartdı və yenidən baxdı. Quzu budu.

Hə, onlar şam yeməyinə quzu qıçı yeyəcəkdilər. O, ətin nazik sonluğunu hər iki əli ilə tutaraq yuxarı qalxdı. Meri qonaq otağına keçdi, əri pəncərənin qabağında durmuşdu, arxası arvadına tərəf idi. Meri dayandı.

Əri dilləndi: “ Mən sənə demişdim axı, mənə heç nə hazırlama. Mən indi çıxıram”.

Elə bu vaxt Meri fasiləsiz şəkildə arxadan ona yaxınlaşaraq budu onun başı üstünə qaldırdı və var gücü ilə ərinin başına çırpdı. O, ərini dəmir parçası ilə də vura bilərdi.

Meri geri çəkildi, gözlədi. Qəribə olan şey o idi ki, əri hələ bir 4-5 saniyə də durğun vəziyyətdə pəncərənin qabağında dayandı. Daha sonra isə guppultu ilə yerə sərildi.

Yerə yıxılarkən gələn səs, stolun yerindən oynaması Merini şokdan ayıltdı. O, daxilən soyuq və təəccüblü halda dayanmışdı və beş dəqiqə elə yerindəcə qalaraq gözünü yerdəki cəsəddən çəkmədi, quzu budunu isə hər iki əli ilə möhkəm tutmuşdu.

O, özü-özlüyündə dedi: Hə, bax belə. Mən onu öldürdüm.

Bu çox qəribə bir şey idi, onun beyninin dumanı birdən birə çəkildi. Sürətlə düşünməyə başladı. Bir xəfiyyə arvadı olaraq onun cəzası məlum idi. Onun üçün bu elə də böyük əhəmiyyət daşımırdı. Əslində qalsa, bu onu yüngülləşdirərdi. Amma.. uşağın aqibəti necə olacaqdı? Bətnində uşaq olan qatillər haqqında qanunda nə deyilirdi? Onların hər ikisini də öldürəcəkdilər? Yoxsa uşağın doğulmağını gözləyəcəkdilər? Onların başına nə gələcəkdi? Meri Meloni bilmirdi və risk etmək niyyətində deyildi.

O, əti mətbəxə apardı, qazana qoydu, ocağı yandırdı, qazanı ocağın içinə qoydu. Sonra əllərini yudu, yuxarı qalxdı, güzgünün qarşısında əyləşdi, makiyajını təzələdi və gülümsəməyə çalışdı.

Təbəssümü nisbətən qəribə idi. O yenidən cəhd göstərdi. O, uca və aydın səslə dedi: “ Salam, Sem”. Səsi də təbəssümü kimi qəribə idi. “Mənə kartof lazımdır, Sem. Kartof və lobya”. Hə, deyəsən düzəlirdi. Həm təbəssümü, həm də səsi bu dəfə daha yaxşı idi. Bir neçə dəfə məşq elədi. Sonra tələsik şəkildə aşağı düşdü, paltosunu geyindi, arxa qapıya getdi, bağça ilə küçəyə çıxdı.

Saat heç 6 olmazdı. Məhəllə baqqalında artıq işıqları yandırmışdılar. O, dodağında təbəssümlə ucadan və aydın səslə dedi: “ Salam, Sem”.

“Axşamınız xeyir, xanım Meloni. Necəsiniz?”

“Zəhmət olmasa, mənə kartof verin. Hə, bir az da lobya. Patrik yorğundur, ona görə də restorana gedəsi olmadıq. Bilirsən, adətən, cümə axşamları evdə şam etmirik, indi isə tərslikdən evdə tərəvəz yoxdur”.

Satıcı soruşdu: “ Bəs ət necə, xanım Meloni?”

“Yox, ət var, sağ olun. Soyuducuda böyük quzu budu var”.

“Xanım Meloni, bu kartofdan yığım?”

“Hə, əla. İki funt, zəhmət olmasa”.

Satıcı başını bir tərəfə əyərək Meriyə baxdı. “Başqa nəsə istəyirsiniz? Çərəz? Bəs desertə ona nə verəcəksiniz? Balaca keks verim? Bilirəm, o, keks xoşlayır”.
“Hə, elədir ki, var”.

Bazarlığı qurtarıb pulu ödəyəndə Meri parlaq təbəssümlə dedi: “Çox sağ ol, Sem. Gecən xeyrə qalsın”.

Yolda tələsik addımlarla evə doğru irəliləyərkən o öz-özünə dedi ki, o, ərinin yanına gedir, çünki əri hal-hazırda oturub yemək gözləyir. O, yeməyi mümkün olduğu qədər yaxşı hazırlamalı idi, çünki yazıq əri yorğun idi, əgər o, evə çatanda qəribə yaxud dəhşətli bir şeylə üzləşsəydi, bu onun üçün şok olacaqdı və buna kədər və qorxu ilə reaksiya verəcəkdi. Amma, əlbəttə ki, onu evdə qəribə heç nə gözləmirdi. O, adi cümə axşamı günündə əllərində tərəvəz evə – ərinə şam yeməyi hazırlamağa gedirdi.

O özünə elə belə də dedi. Hər şeyi soyuqqanlılıqla elə, həmişəki kimi. Özünü təbii apar ki, hansısa rola girməyə ehtiyac qalmasın. O, arxa qapıdan mətbəxə girəndə artıq hansısa mahnını zümzümə eləyirdi.

“Patrik” – deyə o səsləndi. “Əzizim, necəsən?”

O, paketləri masanın üzərinə qoydu və qonaq otağına keçdi, ərini yerdə uzanan gördü. Bu, həqiqətən də dəhşətli şok idi. Ərinə olan sevgi hissi ona qalib gəldi və Meri onun cəsədinin yanına qaçdı, yanında oturdu və hönkür-hönkür ağlamağa başladı. Asan oldu. Rola filan girməyə də ehtiyac qalmadı.

Bir neçə dəqiqə sonra o, ayağa qalxdı və telefona yaxınlaşdı. O, polis bölməsinin nömrəsini bilirdi, telefonun digər ucundaki dəstəyi qaldırar-qaldıırmaz Meri çığırmağa başladı: “Tez! Tez gəlin bura! Patrik ölüb!”

“Kimdir danışan?”

“Xanım Meloni. Mənəm, xanım Meloni”.

“Necə? Demək istəyirsiniz, Patrik ölüb?”

“Hə, mənə elə gəlir, hə. O, döşəmədə uzanıb qalıb, mənə elə gəlir, ölüb”.

“Biz indi gəlirik” – deyə polis nəfəri dəstəyi asdı.

Çox keçməmişdi ki, maşın artıq qapıda idi, Meri qabaq qapını açdı, iki polis içəri girdilər. İkisini də tanıyırdı. O, bölmənin, demək olar ki, bütün işçilərini tanıyırdı. Özünü Cek Nunanın qolları arasına ataraq, nəzarətsiz şəkildə göz yaşı axıtmağa başladı. Cek mülayim hərəkətlərlə onu kürsüyə oturtdu.

“Ölüb?” – deyə Meri ağlaya-ağlaya soruşdu.

“Təəssüf ki, hə. Nə baş verib burada?”

O, baqqala gedib-gəldiyini və evə gələndə ərinin yerdə uzanıb qaldığını gördüyünü bir neçə sözlə nəql elədi. O, danışa-danışa ağlayırdı. Elə bu vaxt Nunan cəsədin əynindəki paltarda qurumuş qan tapdı. O, telefona tərəf yüyürdü.

Evə insanların axını başladı. Həkim, iki xəfiyyə, polis fotoqrafı, barmaq izlərininin tədqiqi ilə məşğul olan kişi. Xəfiyyələr Merini sorğu-suala tutdu. Onunla həmişə yaxşı davranırdılar. Meri xəfiyyələrə əti ocağa qoyması barədə də danışdı və hələ də orada olduğunu söylədi, sonra isə baqqala tərəvəz almaq üçün getdiyini və evə qayıdanda ərinin yerdə uzanıb qaldığını da onlara nəql elədi.

Xəfiyyələr onunla son dərəcə mülayim davranırdılar. Evi axtardılar. Cek Nunan da onunla arabir həlim danışırdı. Meriyə dedi ki, əri başının arxasından aldığı zərbədən ölüb. Onlar silahı axtarırdılar. Çox güman ki, qatil onu özü ilə aparmışdı, lakin tullamağı və ya gizlətməyi də istisna deyildi. “Bilirsən, həmişə belə olur” – deyə Cek izah etdi. “Silahı tapdınsa, deməli, qatil də ovcunun içindədir”.

Bir qədər sonra xəfiyyələrdən biri Merinin yanında oturdu. Meridən soruşdu ki, evdə elə bir alət varmı ki, qatil ondan silah kimi istifadə edə bilib və ondan xahiş etdi ki, durub evdəki əşyalara baxsın görsün və nəyin yerində olmadığını onlara desin.

Axtarışlar davam edirdi. Hava qaralmağa başlamışdı, 9-a az qalmışdı. Axtarışa cəlb olunanlar yorulmuşdular. Meri dilləndi: “ Cek, içməyə bir şey istəmirsən? Yəqin, dəhşət yorğunsan”.

Cek cavab verdi: “Bilirsən, bu iş vaxtı bu yolverilməzdir, amma sən özümüzküsən”.

Onlar əllərində içki ilə dayanmışdılar. Xəfiyyələr Meriyə görə narahat idilər və ona toxtaxlıq verməyə çalışırdılar. Cek Nunan mətbəxə girdi və dərhal oradan çıxdı, üzünü Meriyə tutaraq dedi: “Xanım Meloni, bilirsinizmi ki, ocaq hələ də yanır və ət hələ də içindədir”.

Meri dedi: “ Hə, hə. Gedim söndürüm”.

O, mətbəxdən gözüyaşlı qayıtdı. “Mənə bir yaxşılıq eləyə bilərsiniz? Siz hamınız Patrikin dostlarısınız və hamınız ərimin qatilini tutmaq istəyirsiniz. Şam yeməyindən çox keçib, indi yəqin, çox acsınız. Bilirəm ki, Patrik sağ olsaydı sizə yeməyə bir şey təklif etmədiyim üçün məni bağışlamazdı. Ona görə də istəyərdim ki, siz ocaqda bişən quzu budundan dadasınız”.

“İnanın, yemək indi heç ağlımdan da keçmir” – deyə Nunan dilləndi.

Meri yalvarmağa başladı: “Xahiş edirəm, mənim boğazımdan tikə də keçməz, amma siz yeyin. Sonra işinizə davam edərsiniz”.

Xəfiyyələr tərəddüd etdilər, lakin çox ac idilər. Mətbəxə keçdilər və yeməyə başladılar. Meri olduğu yerdə qaldı və qapıdan onların aralarında danışıqlarını dinləməyə başladı. Ağızları yeməklə dolu olduğu üçün səsləri qalın gəlirdi.

“Bir az da ye, Çarli”.

“Yox, ən yaxşısı, hamısını yeməyək”.

“O istəyir ki, biz hamısını yeyək. Elə dedi”.

“Yazıq Patriki nəsə böyük şeylə vurub öldürüblər. Həkim deyir ki, başının arxası parça-parça olub”.

“Elə ona görə də silahı asanlıqla tapacağıq”.

“Hə, mən də elə fikirləşirəm”.

“Kim eləyibsə, bu böyüklükdə silahı özü ilə daşıya bilməzdi”.

“Məncə, silahı evin yaxınlığında axtarmaq lazımdır”.

“Çox güman ki, elə burnumuzun dibindədir. Sən nə düşünürsən, Cek?”



Qonşu otaqda olan Meri bunları eşidərək xısın-xısın gülməyə başladı.

İngilis dilindən tərcümə edən:

Lalə Balabəyova
Yüklə 31,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin