101-ci xütbə
İmam Əli əleyhis-salamın bu barədə deyilmiş xütbələrindəndir. (Əvvəlki xütbədə olduğu kimi ağır hadisələrdən xəbər verir, başlanğıcda qiyamət gününün çətinliklərini xatırladır.)
Qiyamət günü elə bir gündür ki, Allah-təala həmin gün hesabları çürütmək və əməllərin cəzasını vermək üçün keçmişdəki və gələcəkdəki bütün yaradılmışları toplayar. Onlar xarlıq və təvazökarlıqla ayaq üstə dayandıqları halda və (izdihamın çoxluğundan və istiliyin şiddətindən) tər cilov kimi ağızlarının ətrafını bürüyər və yerin zəlzələsi onları titrədər. Onlardan ən yaxşısı və ən çox sevinəni (dünyadakı bəyənilən əməllərinə görə) addımını sabit saxlamağa bir yer hazırlamış və öz asayişi üçün (oradakı çətinliklərdən və həmin günün iztirablarından, narahatlığından qurtulmaq üçün) geniş bir yer əldə etmiş kimsədir.
Bu xütbənin
(o böyük şəxsiyyətdən sonra baş verəcək
fitnə-fəsad, qan tökülməsi və çətinliklər barədə olan) bir hissəsidir
(Məndən sonra) Qaranlıq gecənin (xilas yolu olmayan) saatları kimi fitnələr baş verəcək, onun qarşısını almaq üçün kimsə qiyam etməyəcək. (Heç kimin bu fitnələrin alovunu söndürməyə və fitnəkarlarla döyüşməyə qüdrəti olmayacaq) və heç bir bayraq (qoşun) onları rədd etməyəcək (aradan götürüb fitnəkarları məğlub edə bilməyəcək). Bu fitnələr cilovlanmış, üzərinə palan qoyulmuş, sarbanın dartdığı, ona minmiş şəxsin çapdığı dəvə kimi sizə üz tutacaq (xülasə, sizi bədbəxt və çarəsiz etməyə hazır olacaq), fitnəkarlar elə bir dəstə olacaq ki, verdikləri əzab-əziyyət qarətlərindən daha çox olacaq (fitnə-fəsad salmaqda məqsədləri qənimət qazanmaq deyil, daha çox insanları məhv etməkdir. Nəhayət) Boyun əyməyənlərin onları zəlil və xar saydıqları, yer üzündə qədirləri və məqamları bilinməyən, səmalarda isə məşhur olan bir dəstə (xudpəsəndlərin həqarət gözü ilə baxdıqları, ilahi dərgahına yaxın və canından keçmiş Allahpərəst insanlar) Allah rizasına görə həmin fitnəkarlarla cihad edəcək. Bu fitnələrin baş verdiyi vaxt Allah-təalanın qəzəbi nəticəsində yaranan və izi, tozu, səs-sorağı olmayan (qəflətən peyda olan) qoşunun əlindən vay sənin halına, ey Bəsrə! (Onların gəlişi ilə) az sonra sakinlərin qırmızı ölümə (öldürülməyə) və toz-torpaq içində aclığa (çöhrələri bozardan və qaraldan qəhətçiliyə) düçar olarlar.
102-ci xütbə
İmam Əli əleyhis-salamın (dünyanın vəfasızlığı barədə) xütbələrindəndir.
Dünyaya ondan üz döndərib uzaq duranların nəzərlərilə baxın (mə’sum İmamların və ardıcıllarının yolundan nümunə götürün və dünyapərəstlərin ardınca getməyin). Çünki Allaha and olsun, dünya tezliklə sakinlərini özündən uzaqlaşdırar və nemət, dövlət, asayiş sahiblərini müsibətə, kədər və hüznə salar. Ötənlər və arxa çevirənlər (gənclik, sağlamlıq, güc və qüvvət) geri qayıtmaz. Sonra gələnlər isə (nemət və ya əzab, yaxşı və ya pis olacağı) məlum olmaz ki, onun (yaxşını əldə etmək) üçün gözləyəsən (çalışın ki, onun pislərindən uzaqlaşasınız). Onun sevinci kədərlə qarışıb (çünki onda şad olan sevdiyi şeylərin həmişəlik qalmayacağına görə kədərlidir) və insanlarının gücü, qüdrəti, gəncliyi zəifliyə, gücsüzlüyə və qocalığa gəlib çıxır. Dünyada xoşunuza gələn şeylərin (vəzifə, mal-dövlət, alicənablıq, qadın, zinət və bu kimi şeylərin) çoxluğu sizi aldatmasın, çünki dünyada əliniz çatan şeylərdən sizin nəsibiniz (qiyamət günündə onun hesabının əzabı və çətinliyi ilə müqayisədə çox) azdır.
Allah rəhmət etsin o kişiyə ki, (dünyanın işləri, öz əvvəli və axırı barədə) düşünür, (dünyanın müvəqqətiliyindən) ibrət götürür və gözləri açılır. (İnanır) ki, dünyada qalan tezliklə məhv olacaq. (Onda olanı yox kimi sanır.) Axirətdə mövcud olan isə sarsılmaz və əbədidir. (Onda olmayanı da olmuş sanır.) Hesaba gələnlərin (ömrün saatlarının) sonu çatar, gözlədiyiniz hər şey (ölüm və qiyamət) gələndir və bu gələcək də yaxındadır.
Bu xütbənin
(bilikli və gözüaçığın nadan və azğından
üstünlüyü barədə) bir hissəsidir
Bilikli o kəsdir ki, öz qədrini bilir (Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edir). İnsanın cahilliyi, nadanlığı üçünsə özünü tanımaması kifayət edər (azğınlıq yoluna qədəm qoyar və şeytanın təhrikinə, nəfsi-əmmarəyə uyaraq xoşbəxtlik sərmayəsini bada verər). Allah yanında ən düşmən bəndələr o bəndələrdir ki, Allah-təala onları öz başlarına buraxıb (səadətə çatmaq xoşbəxtliyini onlardan alıb). Belə ki, (onlar din və dünya işlərində) doğru yoldan çıxaraq yol göstərənsiz hərəkət edər (nadanlığın ucsuz-bucaqsız çöllərində çaşqın və sərgərdan qalaraq nə edəcəyini bilməzlər). Dünyanın əkin və zəmisinə (dünyəvi xeyri olan işlərə) dəvət edildikdə iş görər, axirətin əkin və zəmisinə (xalqa xidmət və Xaliqə ibadətə) çağırıldıqda isə tənbəllik edərlər. Sanki (dünya işlərində) gördükləri onlar üçün vacibdir (hər bir işi, hətta haram olsa belə, görməyə elə hazırdırlar ki, sanki vacib bir işi yerinə yetirir və onu tərk etməyin əzabından qorxurlar) və (axirət işlərində) təxirə saldıqları (məsuliyyət) isə boyunlarından düşmüş kimidir. (İlahinin əmr və qadağalarına elə göz yumurlar ki, elə bil bu barədə onlara göstəriş verilməmişdir.)
Bu xütbənin (fitnə-fəsadın qələbəsi və iman əhlindən qeyriləri üçün qurtuluşun olmaması barədə)
bir hissəsidir
Bir zaman gələcək ki, (məclislərdə) iştirak etdikdə heç kəsin tanımadığı və olmayanda da kimsənin axtarmaq fikrinə düşmədiyi adsız-sansız Allahpərəst mömindən başqa heç kəs ondan (zamanın fitnə-fəsadından) xilas olmayacaq. Belə insanlar (möminlər) qaranlıq gecədə hərəkət edənlər üçün yol göstərən çıraqlar və aydın nişanələrdir. Camaat arasında fitnə-fəsad və söz-söhbət yaymır, xalqın eyblərini və pisliklərini aşkar etmirlər. (Onlar) səfeh və boş söz danışan deyillər. Allah-təala rəhmət qapılarını onlar üçün açır və əzabının çətinliklərini onlardan kənar edir.
Ey camaat! Tezliklə elə zaman gələcək ki, qab çevrildikdə içindəkilər töküldüyü kimi İslam alt-üst olacaq.1 Ey camaat! Allah sizləri zülm və sitəmdən amanda saxlayıb, imtahana çəkməkdən isə sizə pənah verməyib.2 Bütün kəlam sahiblərindən daha əzəmətli və böyük olan Allah (Qur’ani-Kərimin Mu’minun surəsinin 30-cu ayəsində) buyurmuşdur: إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ «Şübhəsiz ki, (Nuhun tufanı və qövmünün qırılması) hadisəsində (başqalarına ibrət üçün) nişanələr vardır. Biz (bəndələrin yaxşısını pisini) imtahana çəkirik!» (Seyyid Rəzi buyurur)
İmam Əli əleyhis-salamın كُلَّ مُؤْمِنٍ نُوَمَةٍ kəlamı şər və fəsadı az olan adsız-sansız şəxsdir. مَسَايِيحُ sözü مِسْياحِ sözünün cəmidir və fitnə-fəsad məqsədilə camaat arasına çıxıb, söz-söhbət yayanlar barədə işlənir. مَذَايِيعُ sözü مِذْياع başqasının eybini və pisliyini eşidib faş edənlərə və hər yerdə söyləyənlərə deyilir. بُذُرُ - بَذُور sözünün cəmidir, çox səfeh və sözləri boş, mənasız olan kəs barədə işlədilir.
103-cü xütbə
İmam Əli əleyhis-salamın («Cəməl» döyüşünə gedərkən Bəsrə camaatının Təlhə və Zübeyrlə birgə Aişəni dəvəyə mindirərək onun ətrafında toplaşıb Əmirəl-mömininlə döyüşmək istədiyi vaxt buyurduğu) xütbələrindəndir. (Burada məqsəd o böyük şəxsin «Cəməl» səhabələrilə haqqı dirçəltmək və batili məhv etmək üçün döyüşdüyünü camaata çatdırmaq olmuşdur.)
Allaha həmd və şükrlər etdikdən, Xatəmün-nəbiyyinə salamdan sonra: (Agah olun!) Böyük Allah heç birisinin haqqın bir kitabını oxumadığı, peyğəmbərlik və vəhy iddiasında olmadığı halda (ki, o Həzrət barədə şəkkə düşərək ona iftira atsınlar) ərəblərin arasından Məhəmmədi (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. Beləlikə, (o, haqqı izhar və İslamı sübut etmək üçün) ardıcılları ilə birgə əleyhdarlarına qarşı döyüşüb onları nicat yerlərinə yönəltdi (haqq, səadət və xoşbəxtlik yoluna dəvət etdi). Ölüm kafir və azğınlıq vaxtlarında yaxalamasın deyə onları cəhalət və nadanlıqdan xilas etmək üçün (fitnə-fəsad və azğınlıq yükünün ağırlığından) aciz, əlacsız və çarəsiz (ağır yüklü) dəvə kimi sınana qədər çalışdı (ki, əbədi əzaba düçar olmasınlar). O Həzrət yalnız heç vaxt heç bir xeyir və yaxşılığı olmayan həlak olmuşdan başqa1 onları mənzillərinə (səadət və xoşbəxtliyə) çatdırana, azğınlıqdan xilas və qurtuluş yolunu onlara göstərənə və onları öz yerlərinə yerləşdirənə qədər yollarının üstündə dayandı (hökmlərin təbliğində səhlənkarlıq etmədi, onları fitrətləri olan İslam dininə etiqada vadar etdi). Sonra dəyirmanları fırlanmağa başladı (həyatları, işləri nizamlandı) və nizələri düzəldi (güclənərək azğınların azğınlıqlarına, zalımların zülm və sitəmlərinə boyun əymədilər). Allaha and olsun, mən İslam qoşununun önündə idim və küfr qoşununu hamılıqla arxa çevirib (öz dinlərindən əl çəkib) toplaşıb ram olana (itaət edənə) qədər qovdum. (Heç vaxt) zəif və gücsüz olub qorxmadım, xəyanət və süstlük etmədim. And olsun Allaha, (indi bu döyüşdə də) haqqı böyründən çıxarmaq üçün batili yarıram.1 (Seyyid Rəzi buyurur:).
Bu xütbə daha öncə (otuz üçüncü xütbədə) bəyan olunsa da hazırkı rəvayətin həcminin az və çoxluğu baxımından fərqli olduğuna görə yenidən qələmə alınması lazım gəldi.
Dostları ilə paylaş: |