Triera. Lenorman relyefi (e.ə. 410-ci il)
Gəminin burun və arxa tərəfində iki kiçik, ortasında isə bir böyük yelkəni vardı. Yelkənlər şəraitdən asılı olaraq, yığılıb-açıla bilirdi. Onlar savaş zamanı yığılardı.
Trierlərdən bəzi hallarda piyada qoşunların və döyüş arabalarının daşınması məqsədi ilə də istifadə olunurdu. Bu tip gəmilər biremalar ilə birlikdə klassik dövrün (e.ə. V-IV əsrlərin) universala gəmiləri idi. Bundan başqa, yardımçı rolunu oynayan bir mərtəbəli kiçik gəmilərdən də istifadə olunurdu.
Maraqlıdır ki, e.ə. 482-ci ildə Afinanın əhalisi 250 min nəfər idi və bu şəhərin 200 trier gəmisi vardı (Обнорский Н. П., 1907).
Dövrümüzədək qədim Roma gəmiləri və donanması barədə də çox sayda maraqlı məlumat yetişmişdir. Antik dövrün ən güclü hərmi dəniz donanmasına sahib olan bu ölkənin özü bu sahədə əslində heç bir yeniliyə imza atmasa da, işğal etdiyi ölkə və xalqların gəmiqayırma texnologiyası və donanmasının ən yaxşı ənənələrinin özündə cəmləşdirməyi bacarmış və nəticədə dövrünün ən böyük dəniz gücünə çevrilmişdi. Flaviy Vegetsiy Renatın yazdığına görə, onun sərəncamında köləyə çevirdiyi ölkə və xalqların gəmi və donanmaları həmişə hazır vəziyyətdə durmaqdaydı və bu sahədə heç bir problemi yox idi. Əlindəki donanma ona qurduğu böyük imperiyanın bütün ərazilərini nəzərdə saxlamağa və lazım gəldiyində üsyanları yatırtmaq üçün həmin ərazilərə cəza dəstələri və ya yeni ərazilər işğal etmək üçün düşmən ərazilərə ordu birlikləri göndərməyə imkan verməkdəydi (Флавий Вегеций Ренат, 1940).
Roma hərbi dəniz donanmasının tarixi e.ə. V əsrdən başlayır. Romalıların hərbi gəmilərdən ilk istifadəsinə aid qeydlərə Tit Liviyin 426-cı ildə qələmə aldığı “Şəhərin, əsası qoyulduğu andan tarixi” adlı əsərində rast gəlinməkdədir. Burada söhbət romalıların Fadey yaxınlarında veylərə qarşı savaşından gedir (Тит Ливий, 1897, s.6-7). Doğrudur, müəllif həmin müharibədə bir neçə kiçik gəminin iştirak etdiyini yazır, lakin bu, işin mahiyyətini qətiyyən dəyişmir.
Roma gəmilərinin quruluşu Finikiya və yunan gəmilərinin quruluşundan, demək olar ki, heç nə ilə fərqlənmirdi. Bununla belə, bəzi dəyişikliklər də yox deyildi. Belə ki, həmin gəmilər daha böyük idilər və artilleriyaya (lat. Tormenta), hücum nərdivanlarına - "qarğalar"a (lat. Corvus), döyüş qüllələrinə və dəniz piyadalarının daimi dəstəsinə (lat. Manipularii və ya Liburnarii) sahib idilər.
Dostları ilə paylaş: |