Cahana sığmayan şair. (İmadəddin Nəsimi -650)



Yüklə 26,18 Kb.
tarix10.01.2022
ölçüsü26,18 Kb.
#110612

Cahana sığmayan şair. (İmadəddin Nəsimi -650)

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2018-ci il .

Nəsimi özündən sonra zəngin br irs qoyub getmişdir. O, Azərbaycan poeziyasına ictimai-fəlsəfi ideyalar gətirmiş, ədəbi dilin təməl daşını qoymuşdur. Azərbaycan ədəbiyyatında ana dilində yazılan ilk fəlsəfi qəzəlin müəllifidir. Nəsimi həm məzmun, həm də formaca böyük poeziyanın yaradıcısı olmuşdur. Yalnız Azərbaycan ədəbiyyatının deyil Yaxın Şərq ədəbiyyatının qızıl fonduna daxil olan, əsərlərilə öz mövqeyini saxlayan misilsiz şairdir.

Həyat və yaradıcılığı.

Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi 1369-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Seyid Əli onun adı, İmadəddin (dinin sütunu, dayağı) ləqəbi, Nəsimi (xəfif səhər küləyi) təxəllüsüdür. Bir çox tədqiqatçılar onun Şamaxıda, bəziləri Bursada, Təbrizdə, Bakıda, Diyarbəkirdə, Şirazda anadan olduğunu iddia edirlər. Atası Seyid Məhəmməd dövrünün tanınmış şəxslərindən olmuşdur. İlk təhsilini Şamaxıda alan Seyid Əli elmi biliklərə can atmış, islam tarixi, şəriət, məntiq, astronomiyanı öyrənmiş, fəlsəfi, dini cərəyanları öyrənməyə həvəs göstərmişdir. Hələ mədrəsədə oxuduğu müddətdə klassiklərin əsərlərinə dərindən yiyələnmiş, özü də şeir yazmışdır.

Gənclik illərində Nəsimi sufi cərəyanına meyl etmiş, məşhur sufi şeyxi Hüseyn İbn Mənsur Həllacın fəlsəfi fikirləri ilə yaxından maraqlanmışdır. İlk şeirlərini Hüseyni təxəllüsü ilə yazmışdır.

Sufilik (yun əbalı) islam dinində cərəyan, təlim idi. Sufi təriqətinin müridləri yun əba geyir, Allaha qovuşmaq üçün tərki-dünya olur, insanlardan uzaqlaşır, gecə-gündüz ibadət edirdilər. Sufilərin fikirlərinə görə bu yolla insanlar saflaşır və Allaha qovuşur. Nəsimi bu dünyanı puç, müvəqqəti hesab edirdi. Bu təlimin müsbət və mənfi cəhətləri mövcuddur. İnsanları tərki-dünyalığa çağırması mənfi, saflaşmağa, pisliklərdən uzaq olmağa çağırması müsbət cəhətləri idi. Lakin yetkinləşdikcə Nəsimini Mənsur Həllacın fəlsəfəsi qane etmir, bir çox suallara onun təlimində cavab tapa bilmirdi.

XIV əsrin sonlarında Azərbaycan Əmir Teymurun hücumuna məruz qalmışdır. Ölkədə ictimai-siyasi vəziyyət, xalq kütlələrinin ağır həyatı, sosial bərabərsizliyə qarşı mübarizə özünü hürufilik adı altında göstərirdi. Bu təriqətin başçısı Azərbaycan şairi, alimi Fəzlullah Nəimi (1339-1394) idi. Hürufilik (hərflərin cəmi) təliminə görə Allah yaratdığı hər bir cisimdə, canlıda və insanda təcəssüm olunur. İnsan özündə olan ilahi nuru dərk etmək üçün kamilləşməli, saflaşmalıdır. Kamil insan ilahi varlıq səviyyəsinə yüksələ bilər. İnsanın mənəvi aləmində Allaha məxsus keyfiyyətlər mövcuddur. Ona görə də insan müqəddəsdir, onu incitmək olmaz. Fəzlullah bu təriqətin nəzəri əsaslarını özünün “İsgəndərnamə”, “Cavidnamə”, “Məhəbbətnamə”, “Novnamə” kimi əsərlərində şərh etmişdir. Fəzlullah 1386-cı ildə Şirvana gəlmiş, Bakı şəhərində özünə tərəfdarlar toplamışdır. Nəsimi də Nəiminin hürufilik görüşlərini qəbul etmişdir.

1394-cü ildə Fəzlullah tərəfdarları ilə birlikdə işgəncə ilə edam olunmuşdur. Yazdığı Vəsiyyətnaməyə əsasən Nəsimini öz davamçısı elan etmişdir. Fəzlullahın vəsiyyətinə əsasən yaxınları buradan uzaqlaşmışdır. Nəsimi Fəzlullahın qızlarının biri ilə evlənib əvvəlcə İraqa, Türkiyəyə, daha sonra Hələb şəhərinə getmişdir. Nəsimi Hələb şəhərində ətrafına tərəfdarlar toplamış, hürufi ideyalarını yaymışdır.

Nəsimi dünyanı iki yerə bölürdü: aləmi-fəna, aləmi-bəqa. İnsanda iki cahan-maddi və mənəvi dünya görür, təbii və qüdsi ruh olduğunu iddia edirdi. Nəsimiyə görə iki dünya insanı Allahla eyniləşdirir. Bütün canlılardan fərqli olaraq yalnız insan Allahlıq məqamına yüksələ bilər. Çünki öz ağlı və xəyalı ilə kainatı dolaşır, aya, günəşə yüksəlir, Allah ilə üluhiyyət aləmində birləşir. Nəsimi insana əzab-əziyyət verən hökmdarları ədalətə, insanlığa çağırır, insana qarşı çıxmağı Allaha qarşı çıxmaq kimi qiymətləndirirdi. Nəiminin başqa şeirləri kimi “İki cahan” şeirinin əsasında da insan məsələsi durur.

Şairin zindanda yazdığı cəsarətli şeirləri, mühakimə zamanı mərdanə davranışı, məntiqi cavabları, mətin iradəsi uzun müddət xalq arasında danışılmış, nağıl kimi dillərdə söylənilmişdir. İllər keçdikcə şairin həyatı, ölümü rəvayətlərə qarışaraq əfsanələşdirilmişdir.

Nəsimi yaradıcılığa lirik, aşiqanə şeirlərlə başlamışdır. Onun şeirlərində məhəbbət, insan gözəlliyinin tərənnümü əsas yer tutur. Şair acgözlük, paxıllıq, riyakarlıq, vəfasızlıq kimi sifətləri pisləmişdir. Nəsimi öz əsərlərində siyasi, ictimai, əxlaqi mövzulara da yer ayırmışdır. Hakim təbəqənin zülm və ədalətsizliyini, özbaşınalığını cəsarətlə göstərən şair haqsızlıqlara qarşı üsyan edirdi. O, insanı yaradıcı varlıq kimi göstərmək istəyir, ilahiləşdirirdi.

Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. Nəsimi lirik şairdir. Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi, sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur. Gənclik illərində yazdığı əsərlər içərisində insani məhəbbət, insan gözəlliyinin tərənnümü xüsusi yer tutur. Həmin şeirlərdə şairin sevgilisi dünyanı işıqlandıran ayla, günəşlə müqayisə olunur, ayın da, günəşin də insan gözəlliyindən nur aldığı poetik dillə təsvir edilir. Nəsimi həm məhəbbət, həm də didaktik-tərbiyəvi mövzulu şeirlərində acgözlük, paxıllıq, xudpəsənlik, riyakarlıq, vəfasızlıq kimi yaramaz sifətləri qətiyyətlə pisləmişdir. O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləmişdir.

Nəsimi hakim təbəqənin zülm və ədalətsizliyini, özbaşınalığını cəsarətlə qamçılayır, hünərsiz adamların mənsəb başına keçdiyi, hünər sahiblərinin isə ehtiyac və səfalət pəncəsində əzildiyi, elmə, istedada qiymət verilmədiyi feodal dünyasının haqsızlıqlarına qarşı üsyan edirdi. Nəsiminin lirikasında insana məhəbbət, insan şəxsiyyətinin azadlığı mövzusu başlıca yer tutur.

İnsan zəkasının varlığın sirlərini açmağa qadir olduğuna dərin inam bəsləyən Nəsimi şeirlərində insanı özünü, beləliklə də həqiqəti dərk etməyə çağırırdı. Nəsimi həyat gözəlliklərini təsdiq edən, ondan bəhrələnməyə çağıran nikbin ruhlu sənətkardır. Şair təbiətin təsvirinə həsr etdiyi şeirlərində də onun gözəlliklərinin qədrini bilməyə, dərindən duymağa, ondan zövq almağa çağırır. Nəsiminin yaradıcılığında bəzən dərin kədər, dünyadan narazılıq və şikayət motivlərinə də rast gəlinir. İstilaçıların zülmü, hakim təbəqənin azğınlığı, mübarizədəki müvəffəqiyyətsizliklər şairi müvəqqəti olaraq sarsıdır, bəzən onun haqqın qələbəsinə inamını zəiflədir. Yaradıcılığındakı bununla əlaqədar bədbinlik motivləri Nəsiminin mübariz poeziyası üçün səciyyəvi olmasa da, sənətkarın keçirdiyi mənəvi həyacanların təsirli ifadəsidir.

Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm mərhələdir. Şairin dili olduqca zəngin və orijinaldır. O, canlı xalq danışıq dilinin imkanlarından bacarıqla istifadə etməklə yanaşı, klassik şeir dilinin çox yayılmış bədii ifadələrini də məharətlə işlətmiş, ərəb, fars şeirinə xas obrazları uğurla tərcümə edərək (şəhla gözlər, fitnəli gözlər, eşq odu, şəkər dodaq, qəmər üzlü və s.) doğmalaşdırmışdır. Bu cəhətdən Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan dilinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyəyə malikdir. Nəsimi Azərbaycan şeirinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. Nəsimi şeirin qafiyəsinə xüsusi əhəmiyyət vermiş, Azərbaycan, eləcə də fars və ərəb dillərindəki şeirlərində orta əsr poetikası tələblərinə uyğun olaraq, uğurlu qafiyələr (o cümlədən daxili və rədif qafiyələr) işlətmişdir.

Nəsiminin ölümü haqqında bir çox rəvayətlər vardır. Hələb şəhərində gənc bir hürufi Nəsiminin şeirini uca səslə oxuyurmuş. Gənc həbs edilir. O, şeiri özü yazdığını söyləyir. Onu dar ağacından asmağa məhkum edirlər. Hadisədən xəbər tutan Nəsimi özünü cəza meydanına yetirir və şeirin müəllifi olduğunu bildirir. Nəsimi həbs edilib zindana salınır. Zindanda qaldığı müddətdə qazi və ruhaniləri, müftiləri ifşa edən şeirlər yazır, ölümündən qorxmadığını, məsləki uğrunda hər cür əziyyətə hazır olduğunu ifadə edən əsərlər yaratmışdır. Rühanilər onun hürufi mürşidi olduğunu öyrənib diri-diri soyulmasına fitva verirlər. 1417-ci ildə Hələb şəhərində faciəli şəkildə edam edilir.

Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsimiyə bir sıra əsərlər (Qabilin “Nəsimi” poeması, İ.Hüseynovun” Məhşər” romanı, M.Abdullayevin “ Nəsimi” portreti, F.Əmirovun “Nəsimi dastanı” xoreoqrafik poeması, C.Cahangirovun “Nəsimi” kantatası, A.Rzayevin “Nəsimi” simfonik poeması, “Nəsimi” filmi (ssenari müəllifi İ.Hüseynov, rejissor H.Seyidbəyli) və s.) həsr olunmuş, şeirlərinə musiqi bəstələnmişdir.

Azərbaycanın ən əsrarəngiz mütəfəkkir şairi Seyid İmadəddin Nəsimi haqqındakı bioqrafik xarakterli məlumatları, əsasən, tarix kitabları, hürufilik risalələri, təzkirələr və qismən öz əsərlərindən alırıq. Ümumilikdə isə orta çağ qaynaqlarında (bədii əsərlər, təzkirələr, tarix kitabları..) onun mənqəbəvi şəxsiyyəti daha da ön plandadır.

İlk olaraq qeyd etməliyik ki, mənaqibnamə bir vəlinin həyatı çərçivəsində yaranmış mənqəbə və ya kəramətlərini bildirən dini-təsəvvüfi əsərlərə deyilir. Bir sıra övliya və şeyxlər haqqında sistemli, bəziləri haqqında isə dağınıq mənqəbələr mövcuddur. Mənqəbələr mənzum və mənsur olmaqla iki qismə bölünür.

Nəsiminin əsərlərinin Yaxın Şərqdə geniş yayılmasına baxmayaraq bu vaxta qədər bütövlükdə toplanıb, mükəmməl şəkildə nəşr edilməmişdir. Onun əsərləri ilk dəfə 1844-cü ildə, 1871-ci ildə, 1880-cı ildə İstanbulda çap edilmişdir. Bu nəşrlərində şairin fars dilində yazdığı şeirlərindən də nümunələr vardır. Şairin ana dilində yazmış olduğu divanın elmi-tənqidçi müəllifi ilk dəfə Azərbaycan alimi C.Qəhrəmanov tərəfindən mətnə hazırlanmış, Həmid Araslının redaktəsilə 1973-cü ildə nəşr edilmişdir. Belə bir elmi işlə gənc türk alimi Hüseyn Əyan istifadə etdiyi əlyazmaların ikisinin surətini Azərbaycana göndərmiş, həmin əlyazmalar Nizami adına muzeydə saxlanılır. YUNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Azərbaycanda və Moskvada keçirilən yubiley təntənələrində dünyanın bir çox ölkələrindən gəlmiş nümayəndələr iştirak etmişlər.

Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazları yaradılmış, Bakı rayonlarının birinə Nəsiminin adı verilmiş, şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır.

2012-ci ilin sentyabr ayında H.Əliyev Fondu fransız dilində Nəsiminin poeziyasına həsr olunmuş kitab nəşr etdirmişdir. Kitabda şairin qəzəlləri, məsnəviləri, rübailəri toplanmışdır. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun Baş qərargahında Nəsiminin 650 illiyinin qeyd edilməsi, 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi şairin xatirəsinə dərin ehtiramın ifadəsidir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nəsimi-şeir, incəsənət Festivalının keçirildiyi dörd gün ərzində Bakıda, Şamaxıda şairin ruhunu, yaradıcılığını yaşadan, incəsənəti tərənnüm edən müxtəlif tədbirlər, sərgilər, ədəbi-bədii gecələr təşkil olunmuşdur.

Bir çox klassiklərimiz kimi Nəsimi irsinin ölməzliyi hər bir dövr də kəsb etdiyi yeni ictimai-fəlsəfi məzmun və sənətkarlığı ilə bağlıdır. Şairin qabaqcıl ideyaları ən çox dövrün mürtəce ruhaniləri tərəfindən şiddətli müqavimətə rast gəlirdi.

Nəsiminin əsərləri hələ sağlığında Azərbaycanda, Yaxın Şərq, İraq, Kiçik Asiya, Suriya, Orta Asiyada geniş yayılmışdır. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şeirinin inkişafına, Şah İsmayıl Xətai, M.Füzuli, M.P.Vaqif kimi böyük sənətkarların yaradıcılığına təsir göstərmişdir. Şairin əsərlərinin əlyazmaları dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanılır.

Böyük şairin və mütəfəkkir Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş şəkildə qeyd ediləcəkdir.

Yubiley tədbirləri.

İ.Nəsimi üç dildə-Azərbaycan, fars, ərəb dillərində yazmışdır. Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə qəsidə, müstəzad, mürəbbe, tərcibəndlər qələmə almışdır. Onun rübailəri, tuyğuları bədii quruluş və məzmunca orjinal və qiymətlidir. Rübailərdə hürufiliyin müddüəaları, şairin fəlsəfi görüşləri, həyat və kainat haqqında düşüncələri yığcam və məntiqi şəkildə ifadə olunmuşdur.

Nəsimi allahsızlıqda ittiham olunur, panteist fikirləri yanlış izah edilirdi. Ona görə Nəsimi dini ifadələrdən geniş istifadə yolu ilə öz fikirlərini yaymağa çalışırdı. Humanist şair şər qüvvələrin məhv edilməsinə hökm vermir, islah, tərbiyə yolu ilə onların özlərini tanımasına, insan olduqlarından qürur duymalarına çalışmağı məsləhət görürdü. Nəsiminin şeirlərində dini rəvayətlər, əfsanələr bütün ifadələri, mənaları ilə insanın böyüklüyünü, gözəlliyini ifadə edir. Nəsiminin əsərlərində Musa, İsa, Məhəmməd, Əli, Məryəm, Mehdi kimi dini adlar, Tövrat, İncil, Quran, Hədis kimi dini sözlər, ayətlər, ifadələr tez-tez işlənir, ancaq hər yerdə onların əsl mənaları insanın gözəlliyini və böyüklüyünü göstərir.

Nəsiminin hərflərə verdiyi yüksək məna və məzmun onun insanları qaranlıqdan işıqlığa dəvəti kimi anlaşılmalıdır. O dövrdə insan cəlladların ayaqları altında tapdalanırdı, insana heç bir qiymət verilmirdi. Nəsimi tam əksinə, insanı Allah adlandırır, həqq zülm deyil, həqq mənəm, həqq insandır deyirdi. Hürufiliyin mənası bu olmasaydı, qara qüvvələr ondan qorxmazdılar. Nəimi və Nəsimini, yüzlərcə hürufiləri məhv etməzdilər. O dövrün mürtəce qüvvələri, hürufilərin təlim və təbliğatından öz edam əmrlərini görürdülər və hürufiləri məhv etməklə özlərini bəlalardan qurtarmağa çalışırdılar.

Nəsiminin dünyagörüşünün və istedadının parlamasında Azərbaycanın şifahi və yazılı ədəbiyyatının böyük rolu olmuşdur. O, müdrik atalar sözləri, nağıl, dastanlarla yanaşı, Qətran Təbrizi, Xəqani, Şirvani, N.Gəncəvi, Şeyx Məhəmməd Şəbüstəri, Marağalı Əhvədi kimi sənətkarların əsərlərini dərindən öyrənmişdir.

Nəsiminin əsərlərində həyata, dünyaya bağlılıq, ictimai mühitə tənqidi münasibət, feodal ideologiyasına qarşı mübarizə motivləri xüsusi əzəmətlə səslənirdi. Orta əsr dünyasının inkişafı, xeyir və gözəlliyin təsdiqi, insana məhəbbət və ehtiram Nəsimi poeziyasını mənaca dolğunlaşdırırdı.

Nəsimi anadilli şeir tariximizdə qəhrəmanlıq nümunəsi göstərmiş, şeirimizi yeni-yeni zirvələrə qaldırmışdır. Nəsimi şeiri bədii dilinə görə də diqqətəlayiqdir. Şair fəlsəfi, humanist fikirləri poetik forma və üslubda qələmə almışdır. Nəsiminin hər bir şeiri bədii-poetik gözəlliklərinə görə yüksək zövq və kamillik nümunəsidir.

Belə bir sənətkarın yeni nəslə tanıdılması əsas vəzifələrdən biridir. Bu işdə kitabxanalarda keçirilən tədbirlərin rolu böyükdür. Keçirilən maraqlı tədbirlərdən biri icmallardır. İ. Nəsiminin seçilmiş əsərlərinin icmalının keçirilməsi oxucular üçün daha maraqlı olar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004-cü il sərəncamı ilə İmadəddin Nəsiminin əsərləri “Lider Nəşriyyat” tərəfindən nəşr olunmuş, ölkə kitabxanalarına hədiyyə olunmuşdur.

Nəsiminin əsərlərilə oxucuları tanış etmək ücün kitab sərgisi də çox maraqlı olur. Sərgidə şairin şəkli, kitabları, onun haqqında olan kitablar, məqalələr göstərilir. Sərgiyə aşağıdakı başlıqları vermək olar.

1.Sufi-hürufi şairi 4.Lirik şair

2. Fədakar şair 5.Humanist şair

3.Mütəfəkkir şair 6.Əsrarəngsiz şair

Şairi oxuculara tanıtmaq üçün sual-cavab gecələri də təşkil etmək olar. Gənc nəslin şair haqqında biliklərini yoxlamaq üçün test tərtib edilməsi də məqsədəuyğundur.

Bu il İmadəddin Nəsiminin 650 illiyi qeyd olunur. Bu münasibətlə bir sıra yerlərdə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Vəsaiti kitabxanalara təqdim etməkdə əsas məqsədimiz oxucuları Azərbaycan dilində şeirin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirlərini yüksək bədii dillə ifadə edən qüdrətli sənətkar İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə yaxından tanış etməkdir.

Metodik vəsait iki hissədən ibarətdir. Birinci hissə “Həyat və yaradıcılığı” adlanır. Adından da göründüyü kimi bu hissədə İmadəddin Nəsiminin həyat və yaradıcılığından söhbət açılır.

Vəsaitin “Yubiley tədbirləri” adlı ikinci hissəsində kitabxanada mövzu ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat verilir.

Şair haqqında ədəbi-bədii gecələrin keçirilməsi, görüşlərin keçirilməsi də oxucuların marağına səbəb olur. Belə görüşlərə şair və yazıçıların, ədəbiyyatşünasların dəvət edilməsi tədbirin daha maraqlı keçməsinə səbəb olur. Vəsaitin məzmunlu olması üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə olunmuşdur.

1.Fars divanı İmadəddin Nəsimi. Azərnəşr Bakı-1972

2. İ.Nəsimi. Seçilmiş əsərləri Azərbaycan Dövlət nəşriyyatı. Bakı-1973

3.Azərbaycan klassik ədəbiyyatından seçmələr C-2. Şərq-Qərb nəşriyyatı. Bakı-2005

4.İmadəddin Nəsimi seçilmiş əsərləri C-1-2.Lider nəşriyyatı. Bakı-2004

5.Azərbaycan Sovet Ensiklopdiyası 10 cilldə. C-7.- Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası. Bakı-83



6.Təqvim-2019.

Hazırladı: Metodika biblioqrafiya şöbəsinin müdiri S.Nuriyeva, informasiya-resurs şöbəsinin müdiri Z.Nəcəfova, sistem inzibatçısı S.Əhmədova
Yüklə 26,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin