Covid-19 pandemiyasinda distant təHSİL



Yüklə 18,84 Kb.
tarix01.01.2023
ölçüsü18,84 Kb.
#121911
covid 19 da distant təhsil


COVID-19 PANDEMİYASINDA DİSTANT TƏHSİL


Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Bu proses dünya ölkələrinin əksəriyyətini əhatə etdiyindən, YUNESKO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramlarından istifadəni tövsiyə edib.
Bəs distant təhsil nədir?
Distant təhsil – tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunması formasıdır. Distant təhsil – müəllim və tələbələrin bir-biriləri ilə məsafədən qarşılıqlı əlaqəsidir ki, burada təhsil prosesinə xas olan bütün komponentləri (məqsədləri, məzmunu, metodları, təşkilati formaları, tədris vasitələri) əks etdirən və internet texnologiyalarının xüsusi vasitələri və ya interaktivliyini özündə cəmləşdirən digər vasitələrdən istifadə olunur.
Azərbaycanda isə distant təhsilin rəsmi yaranma tarixini “Təhsil haqqında” yeni qanunun təsdiq edildiyi 19 iyun 2009-cu ili hesab etmək olar. Qanunun 13-cü maddəsinə əsasən, əyani və qiyabi təhsil formaları ilə yanaşı, distant təhsil forması da qəbul olunmuşdur. Distant təhsilin aktual olduğu bir dövrdə valideynlər arasında sorğu aparılmışdır. Aparılan sorğu bu tədris formasının valideyn və müəllimlər üçün yaratdığı üstünlük və çatışmazlıqları müəyyən edib, distant təhsildən daha səmərəli istifadəni təşkil etmək məqsədi daşımışdır. Onlardan 39,6%-i distant təhsili xüsusi hallar üçün faydalı hesab etsələr də, 31%-i yaxşı və 18,9%-i isə əla olaraq dəyərləndirmişlər.
Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Distant təhsil formasının müsbət cəhətləri çoxdur. Həm ölkə vətəndaşları, ailələr, gənclər üçün, həm universitetlər üçün, həm də dövlət və bütövlükdə cəmiyyət üçün distant təhsil əlverişli təhsil formasıdır. Belə ki, övladları distant təhsili seçən ailələr əlavə bir çox xərclərdən (kirayə haqqı, nəqliyyat xərcləri və s.) azad olur. Bu da maddi vəziyyəti aşağı olan ailələrin övladlarının daha az xərclə ali təhsil almasına imkan verir. Ailəsinə kömək üçün işləmək məcburiyyətində olan bir çox gənc də distant təhsil vasitəsilə ali təhsil əldə edə bilirlər. Əlilliyi, müxtəlif xəstəlikləri olan gənclər, vətəndaşlar üçün də distant təhsil forması əlverişlidir.
Demək lazımdır ki, distant təhsil yaranan şəraitlə bağlı tədrisin davam etdirilməsi üçün təxirəsalınmaz qərar olaraq verilmişdir. Qəbul etməliyik ki, nə müəllimlər, nə valideynlər və nə də şagirdlər bu təhsil formasına hazır deyildilər, hətta məlumatsız da ola bilərdilər. Buna görə də respondentlərin 10%-i distant təhsilə qənaətbəxş olmayan bir forma kimi yanaşmışlar.
Distant təhsil zamanı onlayn dərs prosesində müəllimlərin kameranın arxasında qalması, onların təhsilalanlarla canlı ünsiyyət qura bilməməsi, həmçinin emosiya və duyğuların nisbətən az ötürülməsinin şagirdlərə təsiri necədir, onlarla canlı ünsiyyəti əvəz edirmi? Bu suallara respondentlərin 69,4%-i canlı ünsiyyətə ehtiyac duyduqlarını, 21,6%-i virtual ünsiyyətin yetərli olduğunu, digərləri isə cavab verməkdə çətinlik çəkdiklərini söyləmişlər. Ənənəvi təhsil zamanı qarşılıqlı emosional əlaqənin və duyğuların ötürülməsi onlayn dərslərə nisbətən daha güclü olsa da, bu dərslərin də şagirdlər arasında müəyyən marağa səbəb olduğu, onlarda texnologiya ilə əlaqələndiyi üçün dərslərə daha həvəslə yanaşılması müşahidə edilmişdir. Onlayn tədrisin metodologiyası tamamilə fərqlidir. Düzdür, ənənəvi üsullardan da istifadə edilir, amma müəllim eyni yanaşmanı sərgiləyərsə, dərsinin alınmayacağına əmin olmalıdır. Virtual şəkildə şagirdi idarə etmək müəllimdən tamam başqa bacarıqlar istəyir. Burada yenə bizim üçün aydın olan bir məsələ yada düşür: yaradıcı müəllim. Yaradıcı müəllim operativ şəkildə vəziyyətdən çıxmağı bacardığı üçün onlayn dərslərdə də problem yaşamayacağı bəllidir.
Heç şübhəsiz, cəmiyyətdə distant təhsil mədəniyyətinin formalaşdırılması da zəruri amillərdən biridir. Təhsil Nazirliyinin şagirdlər və tələbələr üçün təşkil etdiyi onlayn layihələr də göstərdi ki, xüsusilə bəzi valideynlər onlayn tədrisin mahiyyətini tam mənimsəyə bilmədiklərindən valideyn nəzarəti ilə valideyn məsuliyyətinin sərhədini düzgün müəyyənləşdirə bilmir, övladının tədris prosesinə yersiz müdaxilə edir, sualların cavablandırılmasına kömək edir, hətta bəzi dərsləri çəkərək sosial şəbəkələrdə paylaşırlar. Distant təhsil şagird və tələbələrə bir çox üstünlüklər versə də (dərslərə hazırlıq, sual-cavab reqlamenti, interaktivlik, materialın təqdim edilməsi, dərsləri yenidən izləmək imkanı və s.), eyni zamanda bu zaman sakit mühitin və sərbəstliyin olması zəruridir. Bu amili nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən distant təhsillə bağlı maarifləndirici videoçarxların hazırlanması və cəmiyyəti (valideynləri) tədricən bu prosesə hazırlaması məqsədəuyğundur.
Distant təhsildə 30-40 dəqiqə ərzində müəllim hər hansı bir mövzunu tədris edərək şagirdlərini öyrədir və ev tapşırığı verərək bu prosesin daha dərindən öyrənilməsini təmin edir. Distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün inkişafının təmin edilməsi də artıq vacib hal alıb.
Yüklə 18,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin