Qurbanlıq
Bir
para ailələrdə, uşağa xüsusilə, uşaq oğlan doğulanda qurbanlıq kəsmək vacib sayılırdı. İnanırdılar ki, uşağa kəsilən qurbanlıq qiyamət günü bir dəvəyə çevrilər, uşağı dalına mindirib, Sirat körpüsündən keçirdər. Uşaq üçün kəsilən qurbanlıq evdə, ya evə yaxın yerdə kəsilərdi. Onun qanını, dərisini, içalatını haman yerdə qoyurdular. Onun ətindən yekə qazanda bışirib, ona istiot, sarıkök töküb kasa-kasa paylayardılar. Bu qurbanlıq sümüklərini qurbanlıq kəsilən yerdə basdırardılar.
Dayə
Uşaq yuyundurulub bələndikdən sonra bir ağbəxt ana barmağının ucu ilə uşağın ağzına kərə sürtərdi. Onun ardınca uşağa çay qaşığı ilə qəndab verirdilər. Bu işi edən adam az yeyən olmalı idi ki, uşaq böyüyəndə yeyimcil qarınqulu olmasın.
Üç gün uşağa kərə ilə şuvərən, türüncü, nabat xakəsi verirdilər. Kərə uşağın qarnını təmizləmək üçün verilirdi.
Dördüncü gündən uşağa süd verilərdi. Bir neçə gündən sonra ana südü gəlirdi. Ana südü gec gəlsə, ya uşaq əmcəyi tutmasa o ac qalır, çığır-bağır salırdı.
Əyanlar körpə uşağı saxlamaq üçün taya (dayə) tutardılar. Uşağa inək südü vermək istəməzdilər. Bu süd uşağın sağlamlığını pozurdu.
Belə bir inancdan asılı olaraq, uşağa dayə axtaranda çalışırdılar dayə mümkün qədər nəcib, xoşxasiyyət, sağlam, boy-buxunlu, südlü olsun.
Dayənin yeməyinə çox diqqət yetirər, ona qüvvətli yeməklər verirdilər. Başının üstə noğul, paxlava, peşmək, mürəbbə, bu kimi enerji doğuran yeməklər qoyardılar.
Dayələri uşağı olub qalmayan, südü aşıb-daşan, öz uşağından əlavə ayrı uşağı da əmizdirən anaların içərisindən seçirdilər. Bu dayələr uşağın süd anası kimi tanınardı.
Uşağı öz doğma anasından savayı öz uşağına süd verən qadın əmizdirəndə, bu uşaq həmin arvadın yaşıd qızı, ya oğlu ilə süd bacısı, ya süd qardaşı sayılırdı. Bir sira ailələrdə bu qardaş-bacılığa çox hörmət qoyulardı.
Qulaq dəlmək
Uşaq qız olursa, elə həmin gün, ya ad qoyma axşamı mama, ya zahının yaxınlarından biri uşağın hər iki qulağını dəlirdi. Qulağı dəlmək üçün
əvvəl onu yumşaq kül ilə ovur, sonra yeməlı yağla sarı küldə yoğrulmuş sapı iynəyə saplar, qabaqcadan ucu odda yandırılmış iynənin ucu ilə qulağı dələr, sapdan qırıb halqa kimi düyünləyirdilər. Bu iş deşiyin yenidən örtülməməsi üçün idi. Neçə gün sonra uşağın anası sapı kəsib uşağın qulağını təmizləyirdi.
Ölüm və cəza
İnsan həyatında doğum şadlıq yaratdığı halda, ölüm həsrət, qəm gətirir. İnsan iki yolla dünyadan gedir: Biri yatdığı yerdə, yataq içində yaşın çoxluğundan. Ya sağalmaz naxoşluqdan vücudun sarsılması, ölgünləşməsi ilə, ikincisi, ayaq üstə vücudunda həyat çağladığı halda ölür. Bu ikinci yolla ölənlərin içində təsadüfə uğramaq kimi gözlənilməz ölümlər olduğu kimi, bu saya göz yumanların çoxunu, din, haqq, xalq, vətən yolunda canından kecən şəhidlər təşkil edir. Doğmaq halında dünyadan gedən analar, səğir uşaqlar da bu şəhidlər sırasında olur. İnanclara görə şəhidlər bağışlanmış olur, onlar sual-sorğusuz behiştə gedir. Kərbala şəhidləri övliyaların himayəsi altında yer tuturlar. Din, haqq, vətən yolunda şəhid olanların torpağa tapşırılma, əza mərasimi el mərasiminə çevrilir, bunların cənazəsini el yola salır, əzasını da el saxlayır.
Bir adamın can üstə olduğunu duyunca, istər kişi olsun, ya qadın, xüsusən, yorğan-döşək olsa, mümkün surətdə onu təmizləyir, alt paltarlarını dəyişir, əl-ayağına həna qoyarlar. Çünki həna peyğəmbərdən qalmadır. İnkir-minkir ölünün sorağına gələndə hamıdan qabaq onun əlinə-ayağına baxır, əgər həna qoyulmuşsa onun peyğəmbər ümməti, Əli şiəsi olduğuna inanıb qayıdır. Bir para dünya görmüşlər can üstə olan adamın simasında, səsinin xırıltısından onun canını tapşırmaqda olduğunu bilirlər. Can verməkdə olan adamı üzü qibləyə üzadır, yastığı onun başının altından götürürlər. Can tapşırmaqda olan adamı tək başına buraxmaq olmaz. Lakin arvad xeylağı onun yanında tək olmamalıdır. Can verməkdə olanın yanında ucadan danışmaq, ya bərkdən ağlamaq olmaz. Onda can bezikməsi yaratdığına görə caiz sayılmaz. Bu halda ölüm yatağında olan adamın dişləri qayırma olsa, ağzından çıxarırlar. Çay qaşığı ilə ağzına suda çalınmış Kərbala türbəti damızdırarlar. Kəlmeyi-şəhadəti ona dedirdirlər, ruhun bədəndən rahat çıxması üçün mümkün qədər ona əl vurmazlar.
Can bədəndən çıxanda, ulduz göy üzərindən axandan sonra, onun gözlərini, ağzını yumar, çənəsi düşməsin deyə bağlarlar. Ayaqlarını, əllərini düz uzadırlar. Ayaq-baş barmaqlarını bir-birinə bağlayıb üstünə ağ parça çəkib, üstündən bir tirmə şal salırlar. Bütün bu işləri yerinə yetirəndə, çalışarlar əlləri ölüyə toxunmasın. Əlin, ya bədənin ölüyə toxunması ölü qüslü tökməklə pak ola bilər.
İnsan axşam öləndə, onu məhəllə, ya kənd məscidinə aparıb, orada əmanət qoyurdular. Lakin gecə ölsəydi, evdə saxlayıb, səhər tezdən evdən çıxardırdılar. Ölünün yerdən tez qalxmasına tələsir, onun yüngül qalxması savabkarlıq əlaməti sanılırdı.
O gecə ölənin yaxınları, qohum-qardaşları səhərə kimi ayıq qalıb ağlayıb-oxşayırdılar. Ölü gecədən evdə qalmalı olsaydı, onun sinəsı üstə Quran qoyar, başı üstə də Quran oxuyardılar. Məsciddə Allahın evi olduğu üçün şeytan oraya yol tapa bilməzdı. Məsciddə ölü tək qalmasın deyə, bir Quran oxuyanı onun başı üstə oturdardılar. Quran oxuyan gecə yuxuya getməsin, ya durub getməsin deyə, dəfələrlə ona baş vurardılar. Ölü istər evdə saxlanıla, ya məsciddən aparıla, onun otağında səhərəcən çırağ, ya şam yandırardılar.
Ağlamaq, sıtqamaq ölünün can bağışlamasından başlayar, əza mərasiminə qədər davam edərdi.
Ölünün yaxınları, uşaqları, qardaş-bacıları, hamıdan çox arvadı şıvən qoparır, başına- döşünə vurur, özündən gedərdi.
Bu bir də ona görə idi ki, arvad ərinin dalınca şivən qoparmasaydı, dalınca dodaq büzər, olmazın dedi-qodular deyərdilər. Ölünün ardınca ağlayıb sıtqamaqda arvadlar kişilərdən irəli gedirdi. Ölü torpağa tapşırılanda bərk qışqırıq qoparır, qəbrin üstünə sərilir, torpağı başlarına sovurur, tüklərin yolur, üzlərinə dırnaq çəkərdilər. Bununla belə, bir inanc da bunda idi ki, əzizlərinin qəbri üstə getməyincə soyumazdılar.
Ölünün evdən çıxarılması nə qədər lazımdırsa, onun tez yuyunub-təmizlənməsi, kəfənə tutulması da bir o qədər lazımdır. Qəbiristanlıqda ölü yumaq yeri olmurdu. Hal-hazırda bir cox kəndlərdə ölü evdə yuyulur. Ölü evdə yuyulanda həyətin açıq yerində çadır qurulurdu.
Ölü adi camaatdan olanda parçadan, ya çadradan bir pərdə çəkilirdi ki, gəlib-gedənin gözü ölüyə sataşmasın.
Ölü məhəllə məscidindən əmanət gətirilən taxta tabut üstə yuyulurdu. Əgər ölü yuyan olmasa, bir nəfər yaxın adamlarından soyunub, belinə fitə tutar, lazım gəlirsə, bir ayrıca adam da ona su tökməyə yardımçı olardı.
Qüsl başlamamış ölünün yaxınlarından biri ölünü soyundurub, yuyulmasına icazə verir. Ölünün üstünə suyu ilk dəfə onun yaxınlarından biri töküb, ölünün adını çağırıb deyərdi: – Heç qorxma, biz sənin qohumların, yaxınların, hamımız burdayıq.
Bu sözdən sonra ölünü yuyub-arıdıb, əvvəl sidr suyu, sonra kafur suyu, üçüncü dəfə xalis su ilə qüsl verirlər. Qüsl qurtarandan sonra bir miqdar kafur onun alnına, əllərinin içinə, dizlərinin gözünə, ayaq barmaqlarına sürtürlər. Bu kafur ölüdən yaxşı qoxu qalxmaq, qəbr evində həşaratların ona yaxın düşməməsi üçün sürtülür. Ölünün lazım olan yerlərinə pambıq qoyurlar, sonra da söyüd ağacından bir cüt qoltuq ağacı onun sağ ilə sol qoltuğu altına qoyurdular ki, sual-cavab başlayanda onlara dayansın. Kişi ölüsünü kişi, arvad ölüsünü arvad yuyardı. Ölü kişi olanda yanına möhür qoyur, arvad olsa, boynuna türbət təsbehi salardılar.
Qüsl mərasimi qurtarandan sonra ölü kəfənə tutulurdu. Kəfən hətmən ağ çəlvardan olmalı idi. Kəfən kişilərdə beş tikədən, arvadlarda yeddi tikədən təşkil olunurdu. Bir çox möminlər ölməkdən qabaq Məşhəd, Kərbala, Məkkə kimi müqəddəs yerlərə ziyarətə gedəndə özləri, yaxınları, habelə tapşıranlar üçün apardıqları, ya aldıqları kəfən parçasını təbərrük etməyə (zərihə sürtməklə) lazım olan günə qədər saxlayırdılar.
Ölünün əynindən çıxarılan paltarlar ölü yuyanlara çatır. Onlar qabaqcadan həmin paltarların cibinə qoyulmuş pulu muzd olaraq götürürlər. Bundan əlavə ölü yiyəsi bacardıqca onları razı salır.
Qüsl, kəfən işi qurtarandan sonra ölünü əbədi evinə aparmaq üçün tabuta, ya taxtadan qayrılmış qutuya qoymazdan qabaq üç kərə onu yerdən qalxızıb tabuta yaxınlaşdırır, yenidən yerə qoyurlar.
Dördüncü dəfə qaldırıb tabuta qoyur, üstünə bir taqə, şal, ya bir xalça salırlar. Cənazəni üç kərə qaldırıb, yerə qoymağın səbəbi budur ki, onun ruhu tabutun üstündə uçur və deyir:- Məni ev-eşiyimdən, əhli-əyalımdan ayırıb hara aparmaq istəyirsiniz?
Tabut, ölünün yaxın adamları, onu uğurlamağa gələnlərın birgə “Lailəhəillah” səsilə dörd tərəfdən qaldırılır, ona yapışanlar tez- tez bir-birlərini dəyişir. Yoldan ötənlər savab qazanmaq üçün yoldan ayrılıb, 7 qədəm tabuta yardım göstərir, yenə qayıdıb yollarına davam edirlər. Qəbiristanlıq yaxın olanda, xüsusilə, kəndlərdə cənazə çiyində aparılır. Uzaq olanda maşınla, kəndlərdə bu kənddən o biri kəndə dəvə, ya at üstə aparılırdı.
Qəbrin dərınliyi 2 metr olur. Arvad qəbri kişi qəbrindən bir az da dərin qazılır.
Ölünün namazı evdə qılınmamış olsa, bir axund onun namazını qılır. Namaz qurtarandan sonra ailə adamlarından birisi ölü qadın olursa, mərhəm kisilərdən biri ayaqyalın-başıaçıq qəbrin içinə girir, o biriləri cənazəni tabutdan qaldırıb, yenə üç dəfə yerə qoyub, götürürlər. Dördüncü dəfə baş tərəfdən qəbrin içindəki adama verirlər. O da cənazəni sağ böyrü üstə, üzü qibləyə yatırdır, başı altına da bir kərpic qoyur, kəfənin ölünün üzünə tərəf hissəsini açır, sonra qəbrin aşağısından çıxır. Axund təlqın verir. Sonra qəbirqazanlar böyük daş, ya kərpic ilə qəbrin üstünü örtürlər. Dəfndə olanlar da hər biri qəbrin üstə bir miqdar torpaq atırlar. Arvadlardan qəbir üstünə gələn olsa, qəbrin üstünə döşənib, şivən qoparır, ondan ayrılmaq istəmirlər. Baş barmaqlarını qəbir torpağına qoyub, fatihə oxuyurlar.
Sonra qəbrin üstünə su səpib, qayıtmaq istəyəndə, bir neçə adam qəbirdən uzaqlaşıb, yenə qayıdır. Kəndlərdə çox vaxt qəbrin üstündə od yandırırlar ki, torpaq qurusun, yerin təzə qazıldığı bilinməsin. Ölünün torpağa tapşırıldığı günün axşamı məhəllə mollası, ya hər mömin hazır olsa, ölüyə məhşət namazı qılır ki, ölü təklikdən, yaxınlarından uzaq düşdüyündən vəhşətə düşməsin.
Haman gecə yenə ölənin evində, bəzən də məsciddə “şamı-qəriban” məclisi qurulur. Məclisdə “Quran”oxunur, qapı-qonşu, eşidib-bilənlər baş sağlığı verirlər.
MƏMMƏDƏLİ FƏRZANƏ
(1923-2006)
A
ltmış ildən bəri Məmmədəli Qövsi Fərzanə adı ilə tanınan ədəbiyyatşünas, tənqidçi və ictimai xadim 1923-cü ildə elm və mədəniyyətin beşiyi olan Təbriz şəhərində çoxuşaqlı və yoxsul bir ailədə həyata göz açmışdır. İqtisadi cəhətdən kasıb, mənəviyyatca zəngin olan bu ailə balaca Fərzanə üçün ilk məktəb rolunu oynamışdır. Belə ki, bu məktəbdə doğma ana dilimizin incəliklərinə yiyələnmiş, bu dilin əzəmətini uşaq yaşlarından dərk etmişdir.
M.Ə.Fərzanə gənc yaşlarından xalq ədəbiyyatı xəzinəmizin zənginliklərinə heyran qalmış, milli-mənəvi dəyərlərimizi böyük məhəbbətlə sevərək təbliğ etmişdir. O, Təbrizdə orta məktəbi bitirmiş və burada da pedaqoji texnikuma daxil olmuşdur. Fərzanə 1942-ci ildən əmək fəaliyyətinə başlamış, Təbriz kitabxanasında işə girmişdir. Kitabxanada işləmək, çoxsaylı ədəbiyyatla tanışlıq onun həyata baxışında, dünyagörüşünün formalaşmasında yeni bir səhifə açmışdır. Elə həmin illərdən elmi və bədii yaradıcılığa başlayan M.Ə.Fərzanə müxtəlif mövzularda dəyərli elmi məqalələr yazaraq çap etdirmişdir.
Uzunömrlü “Varlıq” dərgisi nəşrə başladığı 1979-cu ilin ilk günlərindən M.Ə.Fərzanə bu dərgi ilə əməkdaşlıq etmiş, klassik və müasir ədəbiyyatın, folklorun toplanılıb araşdırılmasında böyük xidmətləri olmuşdur. O, by fəaliyyəti ilə yanaşı, milli mədəniyyətin digər sahələri ilə bağlı dəyərli elmi məqalələri ilə “Varlıq” dərgisində tez-tez nəşr olunmuşdur.
İlk məqalələrindən özünəməxsus üslubu ilə seçilən M.Ə.Fərzanə getdikcə daha çox ictimai-siyasi, ədəbi yaradıcılığı ilə tanınmağa başlamışdır. Onun ilk məqalələrindən sayılan “Füzuli lirikasına bir baxış” və “Divani-lüğət-it-türk” əsərində olan atalar sözü və məsəllər “Vətən yolunda” (bu qəzet 1941-ci ilin oktyabrında nəşrə başlamışdır) qəzetində nəşr etdirmişdir.
M.Ə.Fərzanə iyirmi yaşından milli azadlıq hərəkatının iştirakçısı olmuş, qələmi ilə də bu yolda xalqına xidmət etmişdir. Milli azadlıq hərəkatının canlanması ictimai fikir və xəyalların gerçəkləşməsi dövrü olmuşdur. Həm də bu dövrdə milli ədəbiyyatın və incəsənətin, ən başlıcası doğma dilimizin inkişafı üçün hər cür şərait yaranmışdır.
M.Ə.Fərzanə bu dövrdən istifadə edərək (1945-1946-cı illərdə) daha böyük vüsətlə yazıb-yaradaraq Azərbaycan dastanları və Azərbaycan şifahi xalq ədəbiyyatının digər sahələri ilə bağlı silsilə məqalələrini qələmə almışdır. O, təkcə bu bir il içərisində həmin mövzuda 40-a yaxın məqalə yazıb çap etdirmişdir. O, İranda, eyni zamanda, Bakıda da nəşr olunurdı. “Azərbaycan ədəbiyyatı tarixi”nin iki cildliyinə dair araşdırma xarakterli məqalələr yazıb həmin məqalələri “Şəfəq” jurnalında çap etdirmişdir.
Bu bir ildə xalqımız böyük nailiyyətlər qazanmış, lakin buna baxmayaraq milli hökumətin süqutu çoxları kimi M.Ə.Fər- zanənin də həyatına öz təsirini göstərmiş, o, Təbrizdə işlədiyi kitabxana işindən kənarlaşdırılmışdır. Bütün kitabları anbara yığıb kitabxananın qapısını möhürləmişlər. Lakin gənc Fərzanə təkcə “Kitabi-Dədə Qorqud” dastanlarını gizli şəkildə əldə edərək qoruyub saxlaya bilmişdir (Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən sayılan Məhəmmədəli Tərbiyət “Dədə-Qorqud” dastanlarını İrana gətirmiş və yeni üslubda qurulmuş bu kitabxanaya vermişdir). Bu elə bir zaman idi ki, dilimizin yasaq olunması və bir dil kimi aradan çıxarılması üçün çox şey edilir, ana dilində olan bütün kitablar müxtəlif yollarla məhv edilir və yandırılırdı. Amma bunu edənlər bilmirdilər ki, millətimizin, xalqımızın ana dilini unutdurmaq mümkün deyil.
Folklorşünas alim, fədakar tədqiqatçı M.Ə.Fərzanə İkinci Dünya savaşından sonra ədəbi-bədii düşüncəmizin əksi qaynaqlarından olan “Kitabi-Dədə Qorqud” dastanı barədə ilk söz deyənlərdən olmuşdur. Belə ki, o, “Azərbaycan milli dastanları” adı altında dastanın xeyli hissəsini çap etdirərək İranda tanınmasına səbəb olmuşdur. Çətin dövr olsa da, Fərzanə bu illərdə bir neçə kitab və monoqrafiya, ictimai-siyasi mövzularda məqalələr də nəşr etdirmişdir.
Milli hökumətin süqutu, onun nailiyyətlərinin məhv olunması, ana dilli ədəbiyyatın, dərs vəsaitlərinin tonqallarda yandırılması, Fərzanənin həyatında heç vaxt unudulmayan acı xatirələr kimi “Ana dilimiz və varlığımız uğrunda mübarizələr” adlı xatirələr kitabının yazılmasına səbəb oldu. Belə silsilə yazıları ilə Fərzanə ana dilimizin zənginliyindən, milli-mənəvi dəyərlərindən, folklorundan bəhs edərək xalqımızın qarşısına sipər çəkənlərə cavab vermişdir.
Onun folklorla bağlı yazılarına diqqət etdikdə bir neçə cəhətdən özünəməxsus keyfiyyət kəsb etdiyini görərik. Hər şeydən əvvəl, onun məqalələrində dərin müşahidəçilik özünü büruzə verir. Bu müşahidənin arxasında isə milli bədii təfəkkürə dərindən bələdlik açıq hiss olunur. Buna misal olaraq qeyd etmək lazımdır ki, o, anasını xatırlayaraq yazırdı: “Anam savadlı olmadığı halda, sinəsi tükənməz söz xəzinəsi idi. Əqlə sığmaz qədər nağıl, dastan, məsəl, bayatı, tapmaca, qoşma, gəraylı, daha nə bilim nə... bilirdi”.
Məhz elə bu xüsusiyyətlər nəticəsində də onun yazılarında elmiliklə bədiilik, xatirə düzümü ilə publisist çalar bir-birini tamamlayır. Belə ki, onun doğma xalqına bağlılığını əks etdirən belə silsilə məqalələrində dərin milli ruh duyulur.
Fərzanə o illəri ürək sıxıntısı ilə belə xatırlayırdı: “Bir para alim və tədqiqatçı adı daşıyanlar, kimlərinsə diktəsi ilə yazılan kitablarında Azərbaycana qondarma tarix yazaraq ana dilimizi rabitəsiz bir dil, ləhcə adlandırmışlar”.
M.Ə.Fərzanə onu da qeyd etmişdir ki, Cənubi Azərbaycanda xalq ədəbiyyatının nisbi halda olsa da, səmərəli toplanıb çap edilməsi 1945-1946-cı illərdə olmuşdur. Bu illərdə Güney və Quzey Azərbaycanı birləşdirən musiqi, teatr, mətbuat və nəşriyyat körpuləri yaranmışdır. Təbrizdə dərc olunan “Vətən yolunda” qəzeti xalqa yadırğamış olduğu dilini anlatmışdır. Fərzanə həm də onu xatırlatmışdır ki, azərbaycanlıların dilinin və mədəniyyətinin yasaq edildiyi illərdə onu yaşadıb qorumaqda xalqın, xüsusilə də, anaların rolu çox böyük olmuşdur. Başqa nə qədər dözülməz olsa da, xalq küçə-bacada, iş yerlərində bayatı, qoşma, yetim sevdalı təranə və tiringə oxumaqla, analar evdə öz körpələrinə layla çalıb nağıl deməklə bu milli varlığı qoruyub yaşatmışdır.
Folklorşünas alim 1948-ci ildən sonra bir neçə kitab və monoqrafiya, ictimai-siyasi mövzularda məqalələr yazmış, həm də fars dilli mətbuatda dəyərli kəskin yazıları ilə də nəşr olunmuşdur. O, həm də bu illərdən başlayaraq tərcüməçilik sahəsində də qələmini sınamışdır.
Azərbaycanın dahi klassik şairi N.Gəncəvinin 850 illiyi ilə bağlı yazdığı və Təbriz qəzetində nəşr etdirdiyi məqalələr elmi dəyərinə görə maraqla qarşılanmışdır. Fərzanə o vaxt Təbriz Universitetinin nəşr etdirdiyi “Nəşriyyə” haqqında tənqidi məqalələrini yazmışdır ki, həmin məqalələrdə Azərbaycan əleyhinə olan fikirlər tənqid olunurdu.
Fərzanənin xalqına olan xidmətlərindən biri də böyük çətinliklər bahasına yaranmış, iki qardaşı ilə birlikdə açdığı “Fərzanə” nəşriyyatı olmuşdur. Bu nəşriyyatın yaranmasında əsas məqsəd qırxıncı illərdə məhv edilmiş dərs vəsaitlərinin, milli-mənəvi dəyərlərimizi əks etdirən əsərlərin çap olunması olmuşdur. M.Ə.Fərzanə bu yolda yorulmadan çalışaraq mövcud boşluğu doldurmaq üçün əlindən gələni əsirgəməmiş, 30-dan artıq kitabın çapına nail olmuşdur. Fədakar alim özünün neçə-neçə kitabının çapa ehtiyacı olduğu halda, digər müəlliflərin kitablarını ön plana çəkmişdir ki, bu da onun xalqına xidmətinin, nəcib hisslərinin bariz nümunəsidir.
1964-cü ildə Məmmədəli Fərzanə uzun illərin zəhmətinin bəhrəsi olan “Bayatılar” kitabını geniş müqəddimə ilə nəşr etdirmişdir. Elə həmin ildə həmçinin “Azərbaycan dilinin qrammatikası” kitabının iki cildliyini çap etdirmişdir. Bu nəşrlər müxtəlif mübahisə və rəylər doğurmuşdur. Kitabı M.Ə.Fərzanə böyük məhrumiyyətlər içərisində-həbsxanada yazmışdır. Fər- zanənin bu kitabı böyük marağa səbəb olmuşdur. Hətta onun sorağı Almaniyaya da gedib çatmışdır. Burada kitabın dəyəri haqqında fikirlər və mülahizələr söylənilmiş, kitab alman dilinə tərcümə edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu da bu əsərə müsbət rəy vermişdir. Onun istər “Bayatılar”, istərsə də “Azərbaycan dilinin qrammatikası” kitabları Pəhləvi rejimi şəraitində yalnız bir dəfə nəşr edilmişdir. 1979-cu il inqilabından sonra isə ayrı-ayrı vaxtlarda “Bayatılar” doqquz, “Azərbaycan dilinin qramma- tikası” kitabı dörd dəfə nəşr edilmişdir. Fərzanə “Azərbaycan dilinin qrammatikası” kitabında ilk dəfə olaraq dilin fonetik səs tərkibini latın qrafikası ilə vermişdir.
1964-cü ildən sonra Azərbaycan dili İranda yenidən qadağan olunduğu üçün M.Ə.Fərzanə də fars dilində yazmağa başlamış, xüsusilə, tərcüməçilik sahəsində fəaliyyətini davam etdirmişdir. 1963-cü illərin sonu, 1970-ci illərin əvvəllərində “M.H.Şəhriyarın “Heydərbabaya salam” mənzuməsinin bədii xüsusiyyətləri” adlı geniş məqaləsini, habelə Səhəndin “Sazımın sözü” kitabına həm farsca, həm də azərbaycanca müqəddi- mələrini yazmışdır.
1979-cu il inqilabından sonra M.Ə.Fərzanənin bir sıra kitabları və tərcümələri işıq üzü görmüşdür. “Kitabi-Dədə Qorqud”, C.Məmmədquluzadənin “Molla Nəsrəddin” xatirələri və novellaları, Şəhriyarın şeirləri və “Heydərbabaya salam” poeması, “Hopopnamə”nin yeni çapı, Ələviyyə Babayevanın “Haradasan, dost, haradasan?”, Əziz Nesinin “Belə gəlmiş, belə getməz” romanları müəllifin tərcüməçilik fəaliyyəti ilə bağlı olmuşdur.
Səksəninci illərdə isə M.Ə.Fərzanə 1945-1946-cı illərdə yazılmış bəzi dərslikləri yenidən nəşr etdirmişdir. “Varlıq” dərgisinin səhifələrində onun aşağıdakı elmi məqalələri də nəşr olunmuşdur: Azərbaycan fars dillərində geniş müqəddimə ilə “Molla Nəsrəddin lətifələri”, “Azərbaycanın el sözləri”, “Atalar sözləri, məsəllər və deyimlər”, “Azərbaycan ədəbiyyatı antologiyası”, “Dilimizin fonetik sözlüyü”, “Azərbaycanın əsas inciləri” və s.
O, Azərbaycan dilindən fars dilinə, fars dilindən Azərbaycan dilinə onlarla əsər tərcümə etmiş, 100-dən artıq elmi və publisistik məqalənin, neçə-neçə kitabın müəllifi olmuşdur.
M.Ə.Fərzanə bütün bu xidmətlərinə görə uzun illər Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı olmuşdur. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Pedaqoji Universitetinin fəxri doktoru olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı folklor antologiyasının Cənubi Azərbaycan folklorunu əhatə edəcək 3 cildini Fərzanə tərtib etmişdir.
Ümumiyyətlə, M.Ə.Fərzanənin elmi-ədəbi, bədii yaradı- cılığına nəzər salanda görürük ki, o, əsərləri və bütövlükdə yaradıcılığı ilə ana dilimizin inkişafına, zənginliklərinin üzə çıxarılmasına, öyrədilməsinə yorulmadan xidmət etmişdir.
Zəngin yaradıcılıq yolu keçən M.Ə.Fərzanə ahıl çağlarında belə, ömrünün sonunadək əlində qələm xalqının rifah halının yüksəlməsində fəallıq göstərmişdir.
Nəzakət İsmayılova.
Cənubi Azərbaycan ədəbiyyatı müasir mərhələdə, yaxud “Varlıq” ədəbi məktəbinin nümayəndələri,
Bakı, “Elm və təhsil”, 2010, s. 70-78
BAŞLIQLAR
Ön söz əvəzi 3
I İnanclar 17
II Alqışlar, qarğışlar, andlar 31
III Sayalar, holavarlar 47
IV Nağıllar 53
V Atalar sözü və məsəllər 120
VI Tapmacalar 146
VII Bayatılar 153
VIII Lətifələr 175
IX Yuxuyozmalar 204
X Uşaq folkloru 244
XI Xalq mahnıları 262
XII El deyimləri 283
XIII Yekanat və Həmədan folkloru 302
XIV Etnoqrafik cizgilər 375
Məmmmədəli Fərzanə 449
Güney Azərbaycan folkloru,
I kitab (Təbriz, Yekanat və Həmədan
ərazilərindən toplanmış folklor örnəkləri).
Bakı, “Elm və təhsil” nəşriyyatı, 2013
Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli
Kompyuterdə yığdı:
Ülviyyə Əliyeva
Korrektoru:
Sönməz Abbaslı
Kompyuter tərtibçisi və
texniki redaktoru:
Ramin Abdullayev
Kağız formatı:
Mətbəə kağızı: №1
Həcmi: 456 səh.
Tirajı: 300
Kitab AMEA Folklor İnstitutunun
Redaksiya-Nəşriyyat şöbəsində yığılmış, səhifələnmiş,
“Elm və təhsil” nəşriyyatında hazır diapozitivlərdən
ofset üsulu ilə çap olunmuşdur.