İŞARƏVERMƏ, RABİTƏ XƏTLƏRİ VƏ ONLARA XİDMƏT. OPTİK LİFLİ RABİTƏ
Dəmiryol avtomatika, telemexanika və rabitəsində üç tip naqil xətti mövcuddur: hava,kabel və optik lifli rabitə xətləri.Optik lifli rabitə dəmir yolunda tətbiq olunan ən yeni naqil hesab olunur. Avtobloklama olmayan sahələrdə hava naqil rabitə xəttinə telefon, teleqraf xətləri, avtobloklama və telemexanika sistemlərində naqil xətlərindən istifadə olunur.
Avtomatika - telemexanika dayaq xətlərinə əlavə 6 və ya 10 kV gərginlikli cərəyan naqilləri və avtomatik qurğuları (xətti-yol binaları, kiçik stansiyalar, elektrik avadanlıqları və s.), həmçinin işarəvermənin müəyyən qrupunu, avtobloklama qurğularını qidalandırır. Hava xətləri elə quraşdırılır ki, buzlaşmaya, donmaya, küləyə, yağıntıya və ildırıma davamlılığı təmin edilsin. Dayaqlar arası məsafə (dəmir-beton və ya ağac dirəklər) 35-50m, asılan məftillərin hündürlüyü yüksək gərginlikli xətlər üçün 5 m-dən, işarə və rabitə naqilləri üçün bu məsafə mənzillərdə 2,5 m, stansiyalarda 3 m və avtomobil yolları ilə kəsişmədə isə 5,5 m-dən artıq olmalıdlr. Dəmir yollarının kəsişməsində naqilin aşağı səviyyəsindən rels başlığına qədər olan məsafə 7,5 m-dən az olmamalıdır. Elektrikləşdiilmiş sahələrdə bu naqillər kontakt şəbəkəsinin dayaqlarına asılır. Teplovozlar və sabit cərəyanlı elektrik dartı sahələrində dəmir yolu boyu bir neçə dəyişən cərəyan xətləri (avtobloklama sistemi üçün 6 və ya 10 kV, uzununa elektrik təchizatı üçün 10 kV, dartı elektrik yarımstansiyalarının qidalanması üçün 38,110 və ya 220 kV) keçir ki, onlar da hava rabitə xətlərinə çox böyük maneələr yaradır. Dartı mühərrikinin kollektor dövrəsində yaranan qığılcımlar, dartı yarımstansiyalarındakı güc düzləndiriciləri rabitə xətlərində eyni maneələr yaradır. Bu maneələri aradan qaldırmaq üçün xüsusu süzgəclərdən istifadə olunur.
Son vaxtlar dəmiryol şəbəkəsində böyük sürətlə yol boyu rabitə kabelləri çəkilir. Bu kabel xətlərinin əsas üstünlüyü onların etibarlı, uzun ömürlü olması,atmosfer və elektrik maneələrindən tam mühafizə olunmasıdır. Kabel xətləri yerli və uzaq rabitədə stansiyaları, yoldəyişən sistemləri, stansiya daxili dispetçer əlaqəsini bir-biri ilə telefonla birləşdirir. Avtomatika və telemexanika kabel şəbəkəsi elektrik mərkəzləşməsini, avtobloklamanı, açıq hava və postlardakı qurğuların birləşdirici xətlərini, naqil rabitə xətlərini və s. əhatə edir. Rabitə və avtomatikanın kabel xətləri hava, yeraltı və sualtı vasitələrlə çəkilir. Yeraltı kabellər xəndəklərdə, kabellər üçün nəzərdə tutulmuş kanalizasiyada, tunellərdə və kollektorlarda yerləşdirilir. Bu kabelləri mexaniki zədələnmədən və burulğanlı cərəyanlardan qorumaq üçün mühafizə olunurlar.
İşarəvermə və rabitə təsərrüfatına Azərbaycan DY QSC-də xüsusi xidmət sahəsi - “İnfrastruktur Departamenti” rəhbərlik edir. Burada istehsal vahidi kimi “İnfrastruktur departamenti müəssisəsinin” rabitə və işarəvermə sahəsi üzrə mütəxəsislər əsas yer tutur. Rabitə və işarəvermədən daşımalar üzrə xidməti işçilər, post mərkəzləşmə növbətçiləri, yoldəyişən postlardakı növbətçilər istifadə edirlər. Kənar şəxslərin bu aparatların yerləşdiyi binaya daxil olmasına icazə verilmir. Təmir işlərinin aparılmasına yalnız stansiya üzrə növbətçi icazə verə bilər.
Rabitə və İMB xətlərinin dağılması hallarında onların bərpa olunması üçün aşağıda müəyyən olunmuş ardıcıllıq tam təmin olunmalıdır: qatar dispetçer rabitə xətlərinin, yol bloklamasının, enerji dispetçerinin, stansiyalararası qatar və yoldəyişən rabitəsinin, elektrik təchizatının teleidarəetmə qurğuları, magistral rabitənin və daha sonra rabitə və İMB-nin qalan xətlərinin nasazlıqları aradan qaldırılır.
Rabitə vasitələrinin təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri də yüksək qatar buraxma və ən böyük maneə-mühafizəetmə qabiliyyətinə malik olan yüksək sürətli optik lifli rabitə xətlərin (OLRX) tətbiqidir. Optik lifli rabitə xətləri diametri 3 sm yaxın olan kabel olub, səthi plastik kütləli qabıqla örtülür. Kabelin daxilində qalınlığı 1 mm-ə qədər olan lifləri olur ki, orada 1000 yaxın rabitə kanalları yerləşir. Kabelin tələb etdiyi güc 50Vt olur ki, o da gücu 400 Vt olan adi on iki kanallı rabitədən fərqlənir. OLRX aparatı mikrosxemlər üzərində qurularaq, nasazlıq olan hallarda asan dəyişilə bilir.
Dəmiryol nəqliyyatında rabitə şəbəkəsinin inkişafının perspektiv istiqamətlərindən biri də sputnik-peyk rabitəsinin tətbiqidir ki, bununla da ötürülən informasiyanın keyfiyyəti və şəbəkənin etibarlığı yüksəlir və xidmət olunan sahə spektri genişlənir.
Dostları ilə paylaş: |