Məsələnin qoyuluşu: Azərbaycan folklorunda qurbanvermə motivi və onun ritual-mifoloji semantikasının bir problem kimi tədqiqi milli folklorşünaslıq elmimizin aktual vəzifələri sırasına daxildir.
Problemin aktuallığı, ilk növbədə, bu motivin Azərbaycan folklorunda zənginliyinə rəğmən, onun folklorşünaslıqda lazımınca tədqiq olunmamasından irəli gəlir. Folkorumuzun müxtəlif janrlarında, xüsusilə nağıllarda, dastanlarda ayrı-ayrı qurbanvermə faktlarından məqalələr şəklində bəhs olunsa da, bu yazılarda həmin faktların daha çox təsvirinə üstünlük verilmişdir.
Son onilliklərdə “Oğuznamə” eposuna marağın artması kontekstində bir sıra fundamental araşdırmalar meydana çıxmışdır. Bunlarda oğuz rituallarına, o cümlədən qurbanvermə rituallarına da toxunulmuş, qurbanvermənin ritual-mifoloji semantikası haqqında dəyərli təhlillər aparılmışdır. Lakin bu araşdırmalar folklorumuzun tarixi inkişafının konkret bir epoxasına (oğuzların dönəminə) aid olduğu üçün Azərbaycan folklorunun bütün zənginliyini, təbii olaraq, özündə əks etdirmir.
Mövzunun aktuallığının digər səbəblərinə gəlincə, burada son onilliklərdə folklor süjetlərinin motivlər baxımından öyrənilməsi xüsusi qeyd edilməlidir. Belə ki, süjetin mənalı sintaqmatik vahidi olan motiv öz poetik-semantik strukturu baxımından folklor düşüncəsinin ən arxaik görüşlərini özündə sabit sxemlər şəklində qoruyur. Motiv, ümumiyyətlə, süjetin sabit, təkrarlanan formuludur. Bu məna vahidinin öyrənilməsi folklor poetikasının tədqiqi istiqamətində yeni perspektivlər açır.
Dostları ilə paylaş: |