Bəs Ulu Öndərin “Kitabi-Dədə Qorqud”a münasibətdə “bilmək” və “tanımaq” konseptlərini dəfələrlə sürəkli şəkildə vurğulaması nə ilə bağlıdır?
Burada məsələnin çox dərin qatı var.
Ulu Öndər dünyada gedən siyasi prosesləri dərindən anlayır, o cümlədən qloballaşma deyilən siyasətin alt qatlarını bütün aydınlığı ilə görürdü.
Təbii ki, qloballaşma, dialektik prosesdir: dünya vahidləşməyə doğru gedir. İndi dünyada informasiya mübadiləsi elə bir yüksək səviyyəyə çatmışdır ki, dünya sanki insanların ovcundadır. Lakin Ulu Öndər qloballaşmanın alt qatında gedən mənfi prosesləri, yəni kiçik xalqların və mədəniyyətlərin əridilməsi, yox edilməsi prosesini də aydın şəkildə müşahidə edə bilirdi. Belə bir vəziyyətdə dövlət müstəqilliyini yenidən təzəcə əldə etmiş Azərbaycanı qloballaşmanın bu məhvedici təsirindən qorumaq vəzifəsi ortaya çıxırdı. O, bir mütəfəkkir xadim kimi dərk edirdi ki, Azərbaycan xalqını qloballaşmanın bu əzici, məhvedici təsirindən yalnız xalqın öz milli dəyərləri qoruya bilər.
Folklorşünas alim S.Rzasoy yazır ki, milli mədəniyyəti etnik sistemin tarazlıq halında xalqın milli formullar əsasında yaratdığı maddi və mənəvi gerçəklərin funksional məcmusu kimi səciyyələndirmək olar. Bu baxımdan, milli mədəniyyət özünün görünən, ilkin funksiyasında xalqın milli özünüifadəsidir. Ancaq milli mədəniyyətin daha mühüm, hətta fövqəladə dərəcədə əhəmiyyətli funksiyası sistem tarazlıq halını itirəndə üzə çıxır. Dünənə qədər xalq üçün sadəcə olaraq milli mədəniyyət adlanan hadisə bu gün, yəni milli mədəniyyətlərin yaşaması üçün təhlükənin yarandığı hazırkı prosesdə bizim qarşımıza xalqın diriliyini təmin edən milli immun sistemi olaraq çıxır. Yəni hər bir orqanizmin xarici təsirlərdən özünü qoruyaraq yaşada bilməsi onun immun sisteminin nə dərəcədə güclü olmasından asılıdır. İmmuniteti zəif olan orqanizmlər xəstəliklərə davam gətirməyib məhv olur. Bu halda milli immun sistemi zəif olan xalqlar qeyri-milli ölçülərə əsaslanan qloballaşmanın təsirinə dözməyib, öz milli mahiyyətini itirir. Bu durumda Azərbaycan və digər türk xalqlarının qloballaşmanın təbii milli aşınmalarına məruz qalmaması üçün milli mədəniyyətin immun formullarını diqqətdə, daim işlək halda saxlaması günümüzün ən aktual vəzifəsidir” (8, 335).
Beləliklə, Ulu Öndər “Kitabi-Dədə Qorqud” və digər maddi və mədəniyyət abidələrimizə Azərbaycan milli kimliyinin ifadəsi kimi baxırdı. Bu cəhətdən Heydər Əliyev hər bir azərbaycanlının “Kitabi-Dədə Qorqud”u “tanımağı” və “bilməyi”ni, əslində, onun öz milli kimliyini tanımağı və bilməyi hesab edirdi.
Ulu Öndər bu milli quruculuq fəlsəfəsini sadə, anlaşıqlı və eyni zamanda müdrikanə şəkildə belə dəyərləndirmişdir: “Kitabi-Dədə Qorqud” bizim milli estetikamızın mötəbər qaynağı olaraq mənəvi və estetik dəyərlərin vəhdətini özündə əks etdirir. Gözəllik və eybəcərlik, ülvilik və alçaqlıq, komiklik və faciəlik, məhəbbət və nifrətlə bağlı olan fikirlər, bizim əcdadlarımızın estetik duyumu lakonik ədəbi formalarda eposun müxtəlif boylarında ifadə olunur. Gözəllik və hikmətin, gözəllik və qeyrətin, gözəllik və sədaqətin qırılmaz daxili harmoniyası da “Kitabi-Dədə Qorqud”a xas olan estetik və etik kateqoriyaların mahiyyətini açıqlayır” (2, 8).
Dostları ilə paylaş: |