8. Folklorun estetik funksiyası
Şübhəsiz ki, folklor həm də estetik funksiyanı da yerinə yetirir. Estetik funksiya folklor formalarının zahiri formal və daxili semantik özəllikləri baxımından insanların bədii-estetik zövqlərinin ödəməsini nəzərdə tutur. Funksionalizm nəzəriyyəsinin yaradıcısı B.Malinovski bu funksiyanı mədəniyyətin mənəvi funksiyası kimi dəyərləndirərək onu fizioloji və psixoloji tələbatlardan sonra yer alan ikinci dərəcəli funksiya hesab edirdi. Bu məsələyə münasibətdə Kirill Vasilyeviç Çistovun mövqeyi daha dialektik təsir bağışlayır. Alim belə bir fikir irəli sürür ki, monofolklor mədəniyyəti mərhələsində folklorun digər funksiyaları, dualist mədəniyyət mərhələsində (müəllifin yanaşmasında dualist mədəniyyət mərhələsi yazının meydana gəlməsi və kütləviləşməsindən sonrakı mədəniyyət mərhələsidir − S.X. ) isə estetik funksiya daha qabarıqdır. Alimin yanaşmasına görə folklor mətni funksiyası baxımından, əsasən, iki yerə ayrılır:
1. Qeyri-estetik funksiyalı folklor janrları;
2. Estetik funksiyalı folklor janrları.
Folklorun çoxsaylı funksiyaları içərisində estetik və qeyri-estetik funksiyaların münasibəti məsələsi olduqca mühüm məsələlərdən biridir. Çistov bir məsələni nəzərə almır ki, sinxron planda götürüldükdə daha çox estetik funksiyası qabarıq görünən janrlar da diaxron tarixi inkişaf prosesindən keçmişdir və onların da hər birinin daxili diaxron strukturunda digər, məsələn, magik, ritual və s. funksiyaların mövcudluğu mümkündür.
Digər tərəfdən "estetik funksiya" anlayışının folklordakı məzmununun izahı da zəruridir. Folklordakı estetik funksiya yazılı mədəniyyətin estetik funksiyasından xeyli fərqlidir. Belə ki, burada dünyanın estetik dərki və bədii təqdimi daha çox kollektiv yaddaşa əsaslanır. Folklordakı estetik kriteriyaların, gerçəkliyin harmonik qavranılmasının da əsasında mifoloji dünya modelinə əsaslanan folklor faktları dayanır. Folklor mətnlərində miflə poetiklik iç-içə olduğundan nəyin ayrılıqda mif, nəyin bədiilik olduğunu asanlıqla müəyyənləşdirmək mümkün olmur. Folklor mətnləri bir çox hallarda mifopoetik araşdırma tələb edir. Bundan əlavə, Alan Dandesin folklorun reallaşmaq istəyən, lakin mədəniyyət tərəfindən tabularla qadağan olunmuş təhtəlşüurda sıxılmış enerjinin reallaşma məkanı olması barədəki konseptual yanaşması ilə estetik funksiya kimi dəyərləndirdiyi anlayışlar arasında da sıx bağlılıq vardır. Bizim folklor mətnlərində estetik meyarlarla şərtlənərək meydana gələn süjet, kompozisiya, obrazlar sistemi və s.-nin bir çox hallarda yuxarıda qeyd etdiyimiz amillərlə də şərtləndiyinin şahidi oluruq.
Yuxarıda qeyd edilən funksiyalardan əlavə, folklorun adaptasiya, sosiallaşdırma, aksioloji, pedaqoji və s. digər çoxsaylı funksiyaları da vardır. Folklorun bir mədəniyyət hadisəsi kimi sosial-mədəni kontekstdə dərki baxımından bu funksiyaların olduqca mühüm rolu vardır.
Dostları ilə paylaş: |