Ключевые слова: Ширван, Азербайджан, Ашуг Шакир, ашугского творчеста, традиции ашугского искусства.
Azərbaycan folklor irsinin bir qolu olan aşıq sənəti sözü, musiqini və poeziyanı özündə mükəmməl şəkildə birləşdirib, həm forma, həm də məzmun baxımından kamilləşərək bu günümüzə gəlib çıxmışdır.
XV-XVl yüzillərdə Azərbaycanda aşıq sənəti yeni bir tarixi mərhələyə qədəm qoydu. Bu dövr aşıq yaradıcılığının yayılması ilə yanaşı yeni-yeni aşıq mühiti və aşıq məktəblərinin yaranması ilə də xarakterikdir. Bunun səbəbi bu dövrdə aşıq yaradıcılığında yeni fəlsəfi-ürfani, dini baxışların zənginləşməsi, habelə ayrı-ayrı təriqətlərə yaxınlıq, daha çox təsəvvüf, məna və rəmzlərin işlənmə müxtəlifliyi, yaranan aşıq mühiti və məktəblərində ifa tərzi və özünəməxsus repertuar seçimində özünü büruzə vermişdir.
Yaxın və uzaq keçmişimizdən günümüzə qədərki mənzərədə Təbriz, Göyçə Borçalı, Anadolu mühit və məktəbləri bütünlükdə elmimizin, mədəniyyətimizin inkişafına əvəzsiz töhfələrdə səciyyələnir. Bu böyük mədəniyyət ocaqlarından biri də Şirvan aşıq mühitidir.
Min ilə yaxın dövlətçilik tarixinə malik olan Şirvan ərazisində bu tarix ərzində əbədiyaşar maddi və mədəni nümunələr yaranmışdır. Qərblə şərqin, cənubla şimalın qovuşma nöqtəsində yerləşən bu bölgədə belə bir mədəniyyətin yaranması heç də təəccüb doğurmur. Çünki müxtəlif mədəniyyətlərin qovuşma ərazisində formalaşan Şirvan mədəniyyəti müxtəlif mədəniyyətlərdən bəhrələnmiş, özünəməxsus xüsusiyyətləri qoruyaraq, bugünümüzə gəlib çatan böyük inkişaf yolunu keçmişdir.
“Şirvan aşıq məktəbi bu vilayətin paytaxtı olan Şamaxı mühiti əsasında formalaşmışdır. Lakin Şamaxı tez-tez baş verən təbii fəlakətlər üzündən dəyişmiş, buradakı əhali məcburi miqrasiyalara məcbur qalaraq ətraf yaşayış məskənlərinə – indiki Ağsu, Quba, Bakı və eləcə də aran rayonlarına səpələnmişlər. Mühitin ilk yayılma və genişlənmə səbəbi də bu məcburi miqrasiyalar olmuşdur (1,103). Kökü qədimlərə gedib çıxan, Molla Qasım (XIII), Məlik Kürəli (XIX), Abbas Bayatlı (XVI), Dostu Şirvani (XVIII), Aşıq Abdulla (XVII), Saleh Şirvanlı (XVIII), Baba Şirvanlı (XVIII), Dəllək Murad, Xaltanlı Tağı, Məhəmməd Varxiyanlı (XVIII-XIX), Aşıq Oruc Turcanlı (XIX), nəhayət, Aşıq Ağaməhəmməd, Aşıq İbrahim, Aşıq Bilal, Aşıq Şamil, Aşıq Qurbanxan, Aşıq Şakir (XX) və. bu el şairləri, saz-söz ustalarını yetirən bu mühitin ümumazərbaycan aşıq sənətində müstəsna yeri olmuşdur.
Professor Azad Nəbiyev Azərbaycan aşıq sənətində Şirvan aşıq məktəbinin tarixi rolunu xarakterizə edərək yazır: “Şirvan məktəbi Azərbaycan aşıq məktəbləri içərisində yaranma zamanına və dövrünə, ədəbi mühitlərə bölünmə çevrəsinə, aşıq şeirinin yaranma və inkişaf vüsətinə görə ən qədim məktəblərdən biridir. O, aşıq şeiri şəkillərinin meydana gəldiyi, ən başlıcası, ozanın aşığa rekonstruksiyası prosesini özündə yaşadıb yeni aşıq institutunun formalaşmasını Anadoludan sonra şərtləndirən məktəblərdən biri, yaxud birincilərindəndir” (2, 149).
Azərbaycanın istər ictimai-siyasi, istərsə də elmi-mədəni həyatında mühüm yer tutan Şirvan mədəniyyət tarixinə çoxlu sayda musiqi, söz sənət sahibləri bəxş etmişdir. Şirvan aşıq mühiti təşəkküldən üzü bəri həm ifaçı, həm də yaradıcı mühit kimi fəaliyyət göstərmişdir.
Eyni zamanda söyləməliyik ki, ayrı-ayrı aşıq mühitlərində bu sənətin ənənələri, məktəbləri, hava və üslub xüsusiyyətləri, sənətkarlıq və ifaçılıq qaydaları ustad aşıqların yaradıcılığında qorunaraq inkişaf etmiş, daha da zənginləşmişdir.
Ötən çağlarda olduğu kimi, XX yüzillikdə də bu mühit qüdrətli sənətkarlar yetişdirmişdir. Bu görkəmli sənətkarlardan biri də Şirvan diyarının yetirdiyi ustad aşıq Şakir Hacıyevdir. Zəngin sənət irsi olan aşıq Şakir Hacıyev Şirvan aşıq mühitini bütöv Azərbaycan aşıq sənəti səviyyəsinə qaldıran yaradıcı aşıq olmuşdur. Böyük ənənəni yaşatmış Şirvan aşıq mühitinin yetişdirməsi aşıq Şakir Hacıyev Şirvan aşıq məktəbinin inkişafı və onun formalaşmasında xüsusi yer tutur. Aşığın yaradıcılığı çoxcəhətlidir. Aşıq Şakir klassik havalar və dastan bilicisi kimi eyni zamanda neçə-neçə qoşma, gəraylı, dastan və aşıq mahnılarının müəllifidir.
XX əsrin ortalarında Şirvan aşıq məktəbi məhz ustad aşıq Şakir Hacıyevin şəxsində öz tərəqqi və inkişaf dövrünü yaşadı. Aşıq Şakir Hacıyev Şirvan aşıq məktəbinin ənənələrini davam etdirməklə bərabər yaşatmış, təkmilləşdirmiş və yeni bir sənət cığırı açmışdır. Seyfəddin Qəniyev Aşıq Şakir haqqında ilk olaraq yazmış olduğu “Adım Şakir, mahalım Şirvan” kitabında Aşıq Şakirin şərəfli ömür yolunu, sənətkar taleyini xarakterizə edərək yazır: “Dədə Şakir haqqında yazmaq üçün neçə-neçə insanla görüşmüş, onların ustad haqqında çox dəyərli fikirlərini eşitmişəm. Ünsiyyətdə olduğum yüzlərlə insanın Şakir haqqında fəxrlə dedikləri “Aşıq Şakirinki Allah vergisi, Allah qisməti idi. Yoxsa heç kəs öz hünəri, öz səyi ilə Şakir mərtəbəsinə ucala bilməzdi”…Və bir “Şakir mərtəbəsin”də neçə-neçə Şakirlərin “yaşadığının” şahidi olmuşam. Aşıq Şakir, Xanəndə Şakir, Natiq Şakir, Rəqqas Şakir, Eyhami – Şirvan Şakir, Dirijor Şakir, bir də camalı ilə gözəllikdə Yusif misallı Şakir… Bəli, bu qədər bənzərsizliyi qeyri-adiliyi yalnız və yalnız Allah-taala ürəkdən sevdiyi bəndələrinə əta edir…” (3, 9).
Aşıq Şakir Hacıyevin yaradıcılığının ana xəttini Azərbaycanın füsunkar təbiəti, başı qarlı dağları, bərəkətli çölləri, əməksevər insanları haqqında yazılmış əsərlər təşkil edir. Onun yaradıcılığında vətənə bağlılıq, sülh, düşmənə nifrət, əmək adamlarının tərənnümü yer tuturdu. Aşıq Şakir xalq içindən çıxıb xalq üçün oxumuşdu. Böyük ustad aşıqlığın yüksək vəzifəsini gözəl duyurdu. Aşıq Şakir ilə bizi ayıran təxminən otuz altı il belə bu el aşığını xalqın yaddaşından silə bilməmişdir. Onun ölməz sənəti səs xəzinəmizdə insanların yaddaşında, xatirəsində bu gün də yaşayır.
Aşıq Şakir Hacıyevin yaradıcılıq irsinin öyrənilməsi XX əsr aşıq musiqisinin maraqlı çalarlarının üzə çıxarılması, eyni zamanda aşıq Şakirin musiqi irsi, dövrü, poetik irsi, yaradıcılığının müxtəlif mərhələlərində Şirvan aşıq musiqisinə verdiyi töhfələrin tədqiqata cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bütün bunlar onu deməyə imkan verir ki, XX əsr zaman kəsimində Şirvan aşıq mühitinin Aşıq Şakir Hacıyev kimi böyük bir nümayəndəsinin olması və bu gün onun araşdırılması bütövlükdə Şirvan aşıq musiqisi xəzinəsinə yeni nəzərlərlə baxmağı tələb edir. Bu gün Aşıq Şakir sənət irsinin musiqişünaslıqda da sistemli və kompleks şəkildə araşdırılması həllini gözləyən məsələlərdən biridir.
1. Aşıq Şakirin musiqi və poetik irsinin birlikdə araşdırılması;
2. Aşıq Şakirin Şirvan aşıq mühitində rolu və əhəmiyyəti;
3. Aşıq Şakirin ifasında olan klassik havaların nəzəri təhlili;
4. Aşıq Şakirin ifasında olan ənənəvi aşıq havalarının və eyni zamanda özünün yazmış olduğu aşıq mahnılarının nəzəri təhlilə cəlb edilməsi.
Araşdırılmaqda olan işin nəzəri əhəmiyyəti ilk növbədə onunla müəyyənləşdirilir ki, burada musiqişünaslıq və folklorşünaslıq da xüsusən Aşıq yaradıcılığının, Şirvan mühitinin öyrənilməsində bitkin mənbə kimi maraqlıdır. XX yüzilin zəngin mədəniyyət xəzinəsinə öz töhfəsini vermiş görkəmli bir aşığın, aşıq Şakir Hacıyevin musiqi irsi, poetik irsi, bütövlükdə yaradıcılığı haqqında bitkin məlumatlar musiqişünaslar, folklorşünaslar, aspirant və müəllimlər üçün nəzəri qaynaq, mənbə rolunu oynaya bilər. Tədqiqatda əldə olunmuş nəticənin əsas müddəaları aşıq Şakirin ifasında nota alınmış havalar, aşıq mahnıları Azərbaycanın musiqi təhsil ocaqlarında əyani vasitə kimi istifadə oluna bilər.
Folklorşünas alimlər Mürsəl Mürsəlov, Seyfəddin Qəniyev, Ağalar Mirzə, Əhliman Rəhimov, Yaqut Bahadurqızı Əşrəfova, Qalib Sayılov, Tariyel Qəniyev, Tofiq Abdullayev, Şirvanın böyük ustad aşıqları Aşıq Mirzə Bilal, Xaltanlı Tağı, Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Bəylər, Aşıq Pənah və s. haqqında monoqrafiya və məqalələrində buna yer ayırmışdır. Lakin qeyd etmək lazımdır ki, bütövlükdə Şirvanın aşıq mühitinin ustad aşıqlarının hər birinin özünəməxsus xüsusiyyətləri, ifa mədəniyyəti, oxu üslubu, bütövlükdə aşıq sənətinə verdikləri töhfələr var. Bu baxımdan onların yaradıcılığının öyrənilməsi, ifa etdikləri aşıq havaları və mahnılarının nota yazılması və tədqiqata cəlb olunması musiqişünaslıqda öz həllini gözləyən aktual məsələlərdən biridir.
Məhz Aşıq Şakirin yaradıcılığı bütün strukturu və özünəməxsusluğu ilə mənsub olduğu Şirvan aşıq mühitinə xas hadisədir. Sənətkarın yaradıcılığının öyrənilməsi istər folklorşünaslıq, istərsə də musiqişünaslıq baxımından obyektiv metodoloji baza kimi həmin mühit kontekstində tədqiq olunmalıdır.
Aşıq Şakirin ifasında ondan artıq havacat – “Şirvan şikəstəsi”, “Döymə Kərəmi”, “Maral”, “Bala Nərgiz”, “Yurdumun”, “Kəndimiz”, “Boylana-boylana”, “Bakı”, “Nə bağ bildi, nə də bağban”, “Telli sazım”, “İnciməsin”, “Səhər-səhər” və s. kimi aşıq nümunələrini aşığın şəxsi arxivindən, radionun qızıl fondundan, internet resurslarından əldə etmişik. Bu havaların hər birinin melopoetikası, melodik variantlılığı, ifa tərzi, təfsir üslubu, havalarda musiqi və şeirin melodik intonasiya, ritmik və bədii əlaqəsi – bütün bu kimi məsələlər araşdırmada öz həllini gözləyir.
Şirvan aşıq yaradıcılığında “aşıq havaları” və “aşıq mahnıları” kimi anlayışlar mövcuddur. Bütövlükdə Şirvan aşıq mühitinin ənənəvi xüsusiyyətlərindən biri də ustad aşıqların mahnı yaradıcılığıdır. Mahnı yaradıcılığı və mahnı ifaçılığı Şirvan aşıq mühitinin qədim sənətkarlıq ənənələrindən biridir. Peşəkar ustad aşıqların yaratdıqları mahnılar aşıqların repertuarına daxil edilmiş, tədricən mühitin ənənəvi havasına çevrilmiş, ifaçılıqda ənənəvi hava kimi yaşamışdır. Aşıq Şakirin özünün bəstələdiyi bir neçə aşıq mahnısı “Səhər-səhər”, “Kəndimiz”, “Yurdumun”, “Xub yaraşır nazlı yara” və s. kimi mahnılar bu gün də aşıqların, xanəndələrin repertuarında geniş yer tutur. Məhz ustad aşığın ifasında olan bu mahnıların notlaşdırılması, melodiya, forma, lad və üslub baxımından araşdırılması nəzərdə tutulan sahələrdir.
Aşıq Şakirin yaradıcılığının ən kamil nümunələri təkcə Şirvanda deyil, Azərbaycanın digər bölgələrində – Güney Azərbaycan, Dağıstan, Anadolu aşıqlarının repertuarının aktiv hissəsinə daxil olub, bu gün də sevə-sevə oxunur.
Vaxtilə Aşıq Şakirin səsi Moskvanın böyük sütunlu salonlarında əks-səda verib. Hələ sovet dönəmində, 1984-cü ildə Aşıq Şakirin səsi sovet hakimiyyətinin ideoloji düşməni olan ölkələrdə dillənilirdi. ABŞ-dan dövlət mühafizəsinə verilmişdir və ABŞ-ın Los-Anceles şəhər radiosu ilə səsləndirilən iki veriliş yazılmışdır. Ayda bir dəfə efirə çıxan “Sandi Oprea” adlı bu verilişin aparıcıları Fret Həyat və Fret Azad olmuşdular. Verilişin biri dahi bəstəkar Üzeyir Hacıbəyova həsr olunmuş, ikincisi isə ümumilikdə Azərbaycan xalq musiqi alətlərindən, onların xüsusiyyətləri və ifa tərzlərindən bəhs edilən bu verilişin daimi rubrikası aşıq yaradıcılığı olmuşdur. Aparıcıların qeyd etdiklərinə görə, ayda bir dəfə efirə çıxan bu radio proqramının redaksiyasına dinləyicilər tərəfindən göndərilən çoxsaylı məktublarda Aşıq Şakirin lent yazılarının səsləndirilməsi xahiş olunurdu (4, 210).
Məqalənin başlıca məqsədi Aşıq Şakirin yaradıcılığının səciyyəvi cəhətlərini müəyyənləşdirməklə konkret sənətkarın timsalında Şirvan aşığının gerçək sənətkar statusunu üzə çıxarmaq, eyni zamanda aşığın sənət irsi haqqında, sənət yolu haqqında dolğun təsəvvür yaratmaqdır.
Şirvan bölgəsində şifahi ənənəli musiqinin iki professional qolunun – aşıq və muğam sənətinin əsrlər boyu yanaşı addımlaması peşəkar xanəndə-sazəndə ifaçılığının inkişaf etməsi Aşıq Şakir ifaçılığında da özünü əyani şəkildə büruzə verir. Onun oxuduğu aşıq havalarında xanəndə nəfəslərinin olması havaların arasında vokal ifa etdiyi muğam parçalarını buna misal gətirmək olar. Aşıq Şakir muğamlarımızın da mahir bilicisi və ifaçısı olmuşdur. Onu yaxından dinləyən xanəndələr, ziyalılar və müasirləri qeyd edirlər ki, Aşıq Şakir aşıq kimi də, xanəndə kimi də əvəzedilməz idi. Ustad xanəndə Ağaxan Abdullayevin dediklərindən: “Mən Aşıq Şakiri kəndimizdə – Türkanda toy məclislərində görmüşəm. Oxuduğu “Zəminxarə”, “Dilkəş” və s. kimi muğam şöbələri eşidənlərə xüsusi zövq verirdi. Əgər Şakir sazı yerə qoysaydı, ondan gözəl xanəndə olardı..” (4, 94). Tədqiqatımızda Aşıq Şakirin ifaçılığının muğam və xanəndə ifaçılığı ilə qarşılıqlı əlaqələrinin elmi cəhətdən tədqiqi, eyni zamanda aşıq musiqisinin musiqi folkloru, muğam sənəti və xanəndə ifaçılığı ilə tarixi ənənəvi əlaqəsinin Şirvan kontekstində təhlili nəzərdə tutulmuşdur.
Aşıq Şakir yaradıcı ustad aşıqlardandır. Onun özünün yaratdığı iki dastan, onlarla gəraylı, qoşma, aşıq mahnısı var ki, bu gün də Şirvan aşıqlarının repertuarında aktiv yer tutaraq, dillər əzbəri olmuşdur.
Aşıq Şakir Şirvan aşıq ifaçılığını öz arxasınca çəkib aparmağı bacardı. Aşıq Şakirin şagirdi olub-olmamasından asılı olmayaraq Şirvan “üstündə” oxuyan yüzlərlə aşığın müəllimi olmuşdur. Aşıq Şakiri hətta görməyən aşıqlar belə radiodan, lent yazılarından onun ifaçılıq tərzini, oxu üslubunu öyrənməklə özlərinə ustad bildilər. Şakirsevər insanların toy-düyünlərdə, səsini yazdıqları lent yazılarında, toy mərasimində aşığın iştirakının bəzi spesifik məqamlarını görürük. Aşıq Şakirin gözəl, rəvan danışığının və gözəl səsinin, ifasının və necə gözəl məclis apardığının şahidi oluruq. Dastan, nağıl söyləyərkən, yaxud hər hansı havanı oxuyarkən çox məharətlə obraza girir, dinləyiciyə xüsusi zövq bəxş edir. Onun oxuduğu məclislərin şahidi olan müasirlərinin söylədiklərinə görə Aşıq Şakir məclislər, toy-büsatlar yaraşığı idi. Onun apardığı məclislər əsl sənətkarlıq nümunəsi idi.
Xalqımızın görkəmli ustad aşığı Şakir Hacıyevin ifalarını layiqincə qorumaq və onun sənət irsini tədqiq etmək həm də bizim mənəvi borcumuzdur. Bu məqsədlə Şakir Hacıyevin yaradıcılığı haqqında tədqiqat işi üzərində işləməyi lazım bildik. Bununla Aşıq Şakirin söz və musiqi repertuarı, şairliyi və aşıqlığının səciyyəvi cəhətlərini müəyyənləşdirilməklə Şirvan aşıq mühitinin regional özəllikləri və Şirvan aşıq musiqisi haqqında elmi təsəvvürləri genişləndirmək, Aşıq Şakirin ifasında olan aşıq havalarının məqam və melodiya xüsusiyyətlərini aşkar etmək, bir sözlə, Aşıq Şakir irsini müfəssəl tədqiq etmiş olarıq. Həm də düşünürük ki, bu Aşıq Şakiri sevənlərə bir töhfə olar.
Dostları ilə paylaş: |