Трансперанси Азербайджан



Yüklə 0.54 Mb.
səhifə1/6
tarix22.10.2017
ölçüsü0.54 Mb.
  1   2   3   4   5   6

Ölkədə korrupsiyanın səviyyəsinin qiymətləndirilməsi

Azərbaycanda işgüzar mühitin fikirləri əsasında hazırlanmış təhqiqat işi



Statoil Azerbaijan a.s”-nın maliyyə dəstəyilə

Şəffaflıq Azərbaycan”ın nəşri





Ölkədə korrupsiyanın səviyyəsinin qiymətləndirilməsi:

Azərbaycanda işgüzar mühitin fikirləri əsasında hazırlanmış təhqiqat işi
Bakı 2006

Bu hesabat 2006-cı ilin yanvar - iyun aylarında “Şəffaflıq Azərbaycan”ın (direktorlar şurasının sədri Fuad Suleymanov, icraçı direktor Rəna Səfərəliyeva) sifarişilə, Tatyana Sulinanın rəhbərliyi altında sosioloqlar qrupunun Azərbaycanda korrupsiya problemi mövzusunda işguzar adamlar arasında apardığı sosioloji sorğu nəticələrinin təhlilindən ibarətdir.


Bu layihə “Statoil Azerbaijan a.s”-nın maliyyə dəstəyi ilə gerçəkləşib. Biz eləcə də bu nəşr üzərində işləmiş şəxslərə - təxminən 50 nəfərlik işçi heyətə öz təşəkkürümüzü bildiririk.
Hesabat dörd hissədən ibarətdir: Qısa Çıxarış, Azərbaycanda korrupsiya səviyyəsinin qiymətləndirilməsi, Demoqrafik məlumatların təhlili və Araşdırmanın metodologiyasının təsviri. Araşdırmanın əsasını təşkil etmiş anket sualları hesabatın mətnində verilmişdir.

Sorğunun təşkili: Tatyana Sulina

Hesabatın tərtibi: Rəna Səfərəliyeva

Hesabatın keyfiyyəti üzərində nəzarət: Rasim Musabəyov

Qrafiklərin tərtibi: Zəminə Əliyeva

Rəssam: Rəşid Şərif


© Şəffaflıq Azərbaycan
Ünvan: C. Cabbarlı küç. 16, mənzil 7

Bakı, Azərbaycan


Tel./fax: (994 12) 596 20 38
E-poçt: transpaz@azeronline.com
Veb-səhifə: www.transparency-az.org
www.alac-az.org

İçindəkilər

I. Qısa Çıxarış 3


II. ÖLKƏDƏ KORRUPSİYA SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 9


III. Respondentlərin demoqrafik məlumatları 37


IV. TƏDQİQATIN METODOLOQİYASI VƏ SEÇİMİN TƏMSİLÇİLİYİ 39

I. Qısa Çıxarış
Ölkədəki vəziyyətin ümumi qiymətləndirilməsi: Ölkədəki ümumi vəziyyət və iqtisadiyyatın səviyyəsi müsbət yöndə inkişaf edir. Bununla belə, hər üç iş adamından biri ölkədəki biznes mühitinin onların öz bizneslərini daha da inkişaf etdirməyə maneçilik törətdiyindən, şikayətlənirlər. Bu tendesiya hökumət və ictimaiyyətin davamlı olaraq özəl sektorun işinin dəstəklənməsini zəruri edir. Bu hökumətin, xüsusilə qeyri neft sektorunun inkişafı prioritetləri sırasında göstərməsindən sonra daha da aktuallaşır. Bakıda bir qrup iş adamları ilə keçirilən sorğunun nəticəsi göstərir ki, bu sahədə problemlər mövcuddur. Rəyi soruşulanların üçdə biri (35,51%) xarici ölkədə biznes qurmağa daha çox maraq göstərdiklərini vurğulayıblar.
İşgüzar mühitin inkişafı: Respondentlər arasında iqtisadiyyatın inkişaf perspektivləri ilə bağlı aparılan sorğuda iştirak edənlərin əksəriyyəti optimist ruhdadırlar. Gələcəyə ümidlə yanaşanların faizi pesimist düşüncədə olan respondentlərin sayından 7 dəfə artıqdır. Maraqlıdır ki, iki il bundan öncə keçirilən belə bir sorğuda optimist mövqedə olan insanların sayı ən aşağı idi. İqtisadiyyatın inkişafı əvvəlki illərdə olduğu kimi daha çox Bakıda müşahidə edilir və inkişafa səbəb dünya bazarında neftin qiymətinin yüksəlişi və Bakı-Tiflis-Ceyhan neft kəmərinin işə salınması kimi amillərdir. Regionlarda iş adamlarının optimist yöndə çıxış etmələrinə səbəb isə dövlət tərəfindən son illər regionlara xüsusi diqqətin yetirilməsi, yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı real addımların atması ilə əlaqədardır. Son illər, regionların inkişafı məqsədilə atılan addımlar iş adamları tərəfindən müsbət qiymətləndirilir, amma bununla yanaşı hələ də istənilən səviyyə tam olaraq əldə edilməyib və müxtəlif sahələrə fərqli yanaşmalar mövcuddur.
Şəxsi həyat səviyyəsinin qiymətləndirilməsi: Böyük əksəriyyət öz həyat səviyyəsinin yüksək olduğunu bildirib. Bununla belə, digər inkişaf etmış ölkələrdən fərqli olaraq yerli sahibkarlar ölkədə əmlak statusunun formalaşması və qorunmasına hələ də tam zəmanət verməkdə çətinlik çəkirlər.
Ölkənin əsas problemləri Əhalinin hər təbəqəsindən olan vətəndaşların iştirak etdiyi sorğuda işgüzar dairədən olan respondentlər işsizlik problemindən demək olar ki, heç bir narahatçılıq keçirmirlər və dövlət tərəfindən sosial müdafiəyə heç bir ehtiyac duymurlar. Qarabağ probleminin həlli ölkədə ən vacib problem hesab olunur. İş adamlarının yarıdan çoxu belə hesab edir. Münaqişənin iqtisadi deyil, siyasi yolla həll edilə biləcəyini daha inandırıcı hesab edən iş adamları münaqişənin həllinə birbaşa təsirlərinin nədən ibarət ola biləcəyini deməyə çətinlik çəkirlər.
Korrupsiya anlayışının qavranılması. 2 il bundan əvvəlki sorğuların nəticəsinə görə, vətəndaşlar korrupsiya məfhumunu əsasən rüşvət kimi şərh etdikləri halda, iş dairələri nümayəndələri bunun daha çox vəzifədən sui-istifadə, qanun pozuntusu və ictimai vəsaitlərdən öz şəxsi maraqları üçün istifadə halları ilə müşayiət olunduğunu söyləyirlər. Bununla yanaşı, hər iki sorğu iştirakçıları hədiyyə almağı heç də korrupsiyanın bir forması kimi qiymətləndirmirlər.
Korrupsiyanın səviyyəsinin qiymətləndirilməsi Son zamanlar korrupsiyanın dərəcəsini aşağı salmaq üçün hökumət və vətəndaş cəmiyyəti tərəfindən edilən cəhdlər göz qabağındadır. Lakin onun tam şəkildə ləğvi hələ ki, mümkün deyil.
Korrupsiyaya münasibət. Korrupsiyanın mənimsənilməsi və onun qəbul edilməməsi ilə bağlı fikirlər arasında çox böyük uyğunsuzluq var. Bu isə onu göstərir ki, bir qrup iş adamı bu ictimai qüsura həddən artıq aludə olub. 2 il bundan əvvəl aparılmış sorğuda da analoji tendensiya özünü büruzə verirdi. Eyni zamanda, əhalinin reaksiyası iş dairələri ilə müqayisədə daha neqativ olmuşdu. Bu isə onunla izah oluna bilər ki, biznesmenlər özləri korrupsiyaya yol açırlar. Belə ki, sorğuda iştirak edən biznesmenlərin üçdə ikisi elə hesab edirdi ki, rüşvət vermək ənənəvi hal alıb və rüşvət verənin öz istəyi əsasında həyata keçirilir, başqa sözlə desək, onlar korrupsiyaya bəraət qazandırırdılar,
Korrupsiyanın səbəbləri. 2004-cü ildə aparılan sorğu, korrupsiyanın əsas səbəbi kimi məhz hakim təbəqənin korrupsiyaya uğramasını göstərirdi. İkinci əsas səbəb kimi isə bütün məmurların maaşlarının aşağı olması idi. Respondentlər öz cavablarında nə sovet irsinin qalıqlarını, nə cəmiyyətin mənəvi tənəzzülünü, nə də ki, Allaha inamsızlığı korrupsiyanın əsas səbəbi kimi göstərmirdilər. O cümlədən, adi vətəndaşların çoxu hesab edirdi ki, ölkəmizdə mövcud olan korrupsiyanın səviyyəsi özəl sektora da öz təsirini göstərir və bu, əslində korrupsiyanın səbəbi yox, onun nəticəsidir. Sonuncu sorğuda isə respondentlərin rəyi əvvəlkindən çox fərqlənir, belə ki bu səbəb digərləri ilə müqayisədə daha çox üstünlük qazanır, bu da onu sübut edir ki, özəl sektor öz gücünə əmindir və ölkədə korrupsiyanın səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərəcəyinə böyük ümid bəsləyir.
Digər səbəblər – qanunların qeyri-mükəmməl olması və qanunverici qurumların onlardan xəbərsiz olması, ədalət məhkəməsinin icraedici hakimiyyətdən asılı olması, o cümlədən Azərbaycan ictimaiyyətinin zəiflik ifadəsi olan hakimiyyət üzərində ictimai nəzarətin olmaması və müstəqil KİV-in azlığı kimi səbəblərdir.
Hakimiyyət piramidası üzrə korrupsiyanın yayılması. Respondentlərin təxminən yarısı korrupsiyanın hakimiyyət piramidası üzrə eyni dərəcədə yayıldığını hesab etdikləri halda, digərləri korrupsiyanın məhz yuxarı dairələrdə daha çox olduğunu təkid edirlər.
Son 3 ildə korrupsiyanın inkişaf səviyyəsi. Korrupsiyanın inkişaf səviyyəsi ilə bağlı respondentlər arasında son 3 ildə optimizm müşahidə olunur. Sorğu iştirakçılarının dörddə üç hissəsi korrupsiyanın səviyyəsinin aşağı salınması üçün iqtisadi islahatların aparıldığını, qanunverici və institusional bazanın yaradıldığını, həmçinin hökumətin kadr siyasətində əsaslı dəyişikliklərin nəzərə çarpdığını təqdirə layiq hesab edirlər. Vətəndaş cəmiyyətinin və KİV-in aktivləşməsi çox aşağı qiymətləndirilir, bu isə bu yöndə atılan addımların lazımi səviyyədə olmamasından xəbər verir. Eyni zamanda bir qrup respondent mövcud vəziyyətin korrupsiyaya yol açdığını və ona qarşı sistemli mübarizə aparılmadığını söyləyir. Cəmiyyətin demokratikləşdirilməsində irəliləmənin müşahidə olunmaması da çox vacib məqamlardan biri kimi göstərilir. İşgüzar qruplar iqtisadi islahatların keçirilməsi siyasətində nəzərə çarpan irəliləyişlərin olduğunu söyləyir. Eyni zamanda onlar arasında vacib ictimai məsələlərə təsir göstərə bilən qeyri-hökumət təşkilatlarına qarşı skeptik münasibət mövcuddur.
Azərbaycanda korrupsiya ila mübarizənin perspektivləri. Respondentlər arasında optimistlərin sayı az da olsa, pessimistlərin sayından yüksəkdir. Bunu həm hökumətin qanunverici və institutsional bazanın yaradılması üçün həyata keçirdiyi tədbirlərin nəticəsi, həm də ictimaiyyətin korrupsiyanı cilovlamaq məqsədilə atdığı addımların ifadəsi kimi şərh etmək olar .
Korrupsiyaya qarşı mübarizədə qanunvericlik və institutsional baza. İş adamlarının əksəriyyəti korrupsiya ilə mübarizə üzrə Dövlət Komissiyasının yaradılması və müvafiq qanunun qəbul edilməsindən xəbərdardırlar. Lakin sorğuda iştirak edənlərin təxminən yarısı Azərbaycan Respublikası Baş Prokurorluğunun nəzdində korrupsiya ilə mübarizə İdarəsinin yaradılmasından və bununla bağlı Milli Proqramın qəbul edilməsindən bixəbərdirlər. Korrupsiyayla mübarizə məsələsində ictimai rəyə və aktivliyə nəzər saldıqda mövcud vəziyyəti heç cür qənaətbəxş hesab etmək olmaz. Ona görə də anti-korrupsiya proqramını həyata keçirən Dövlət Komitəsinin, o cümlədən digər dövlət orqanlarının fəaliyyətinin müntəzəm şəkildə mətbuatda işıqlandırılması çox vacibdir, çünki respondentlər bu strukturların effektivliyinə şübhə ilə yanaşırlar.
Korrupsiyanın korrelyasiyası məsələsində qanunvericiliyinin rolunun qiymətləndirilməsi respondentlərdən xüsusi bilik tələb edir ki, bu da onların bir çoxunda olduqca aşağı səviyyədədir. Eyni zamanda demək olar ki, respondentlərin çoxu elə hesab edir ki, korrupsiyaya səbəb məhz qanunların natamam olmasıdır. Digər tərəfdən isə sorğuda iştirak edən hər beşinci şəxs əmindir ki, korrupsiyaya əlverişli şərait yaradan ziddiyyətli normalar bilərəkdən qanunvericiliyə daxil edilir. 2004-cü ilin respondentləri arasında da analoji rəy mövcud idi.
Korrupsiyayla mübarizəyə kim rəhbərlik etməlidir. İş adamlarının fikri bütövlüklə sadə vətəndaşların – 2004-cü ilin sorğu iştirakçılarının fikri ilə üst-üstə düşür. Yuxarda göründüyü kimi, iş adamları biznes assosiasiyalarının işini yüksək qiymətləndirir. Bu da onu göstərir ki, biznesmenlər ölkənin ictimai həyatında oynadıqları rolu tam dərk edir. Əhali arasında aparılmış əvvəlki sorğudan fərqli olaraq bu dəfəki araşdırmalarda dövlət orqanları ilə müqayisədə, hakimiyyət sisteminə daxil olmayan ictimai institutlara (partiyalara, bələdiyyələrə, qeyri-hökumət təşkilatlarına, dini strukturlara) inam çox azdır. Hətta bəzi sorğu iştirakçıları qeyd edir ki, korrupsiyayla mübarizəyə Prezident şəxsən özü və xalq rəhbərlik etməlidir. Çox güman ki, bu zaman onlar müxtəlif ictimai hərəkatları nəzərdə tuturlar. Respondentlərin bu cavabı bir tərəfdən obyektiv reallığı əks etdirir, yəni Korrupsiya ilə mübarizə hakimiyyət, hüquq-mühafizə orqanları və birbaşa dövlət başçısı tərəfindən idarə olunmasa, heç bir nailiyyətin əldə olunması mümkün deyil. Eyni zamanda 2004-cü ildə olduğu kimi müxtəlif iş dairələrindən olan respondentlər korrupsiya ilə mübarizə prosesində həm biznesin, həm də ictimaiyyətin tamamilə uzaqlaşdırılmasını tələb edir, başqa sözlə desək, onlar bütün ağırlığı və məsuliyyəti hakimiyyətə həvalə etmək istəyirlər.

Korrupsiya ila mübarizə tədbirləri haqqında. Bu gün iş dairələrindən olan adamlar inkişaf etmiş demokratik ölkələrin təcrübəsindən – islahatların aparılması və dövlət idarəetmə sistemində şəffaflığın təmin olunması, müstəqil məhkəmələrin yaradılması, monopoliyaların ləğvi və dövlət sektorunda maaş və müavinətlərin artırılması - istifadə etməyin tərəfdarı kimi çıxış edirlər. Güman etmək olar ki, əhali ilə müqayisədə iş adamları korrupsiyanın səviyyəsini aşağı salmaq üçün lazım olan rasional metodlarla daha yaxından tanışdırlar. Sıravi vətəndaşlardan fərqli olaraq, iş dairələri korrupsiyanın cilovlanmasında ictimai rəyə daha az etimad göstərirlər. 2004-cü ilin araşdırmaları isə göstərir ki, vətəndaşlar korrupsiyaya müqavimət göstərməyə hazır olmasalar da hər halda onu stimullaşdırmırlar, biznesmenlər isə əksər hallarda özləri korrupsiyanın təşəbbüskarı olur.
Respondentlərin təqdimatında müxtəlif xidmətlər əvəzində rüşvət və zorla pul qoparma hallarının tezliyi. Korrupsiya bəlası demək olar ki, iş həyatının bütün sahələrini bürüyüb, hətta bu yaxınlarda informasiyaya daxilolma barəsində Qanunun qəbul olunmasına baxmayaraq qanunvericilik aktları haqda hər hansı bir məlumatın alınması rüşvətsiz ötüşmür, baxmayaraq ki, bu sahədə digər xidmət dairələri ilə müqayisədə korrupsiya mümkünlüyünün səviyyəsi daha aşağıdır. Respondentlərin cavabına görə rüşvətxorluqda birinci yeri ayrı-ayrı şirkətlərin fəaliyyət doğruluğuna nəzarət edən müxtəlif instansiyalar tutur. Biznes yaratmaq üçün lisenziya almaq və yaxud ayrı-ayrı instansiyalarda qeydiyyata düşmək də, rüşvətxor məmurlar üçün əsas gəlir mənbəyidir. Aydındır ki, yerli hakimiyyət nümayəndələri və polis də “özgə şirkətlər” üçün inzibati maneələri aradan qaldırmağa yardım edir. Rüşvətxorluqda, Gömrük İdarəsi çox az faizlə Vergi İdarəsindən geridə qalır. Hətta birbaşa dövlət strukturlarının maraqlarına xidmət edən hesabatların verilməsi belə rüşvətlə müşayiət olunur. Bizneslə əlaqəli hər hansı bir məsələ, mülkiyyətin əldə olunması və ya qeydiyyata salınması, və yaxud məhkəmə yardımı rüşvətlə müşayiət oluna bilər.
Rüşvətlə qarşılaşma mümkünlüyü şirkətin miqyasından asılı olaraq dəyişir. Xırda müəssisələr üçün yeni iş açmaq və ya lisenziya əldə etmək, lazımi informasiyanı əldə etmək, yerli hakimiyyət və polis tərəfindən olan inzibati maneələri dəf etmək, rəqiblərlə mübarizədə öz mülkünü və biznesini qoruyub saxlamaq, dövlət və ya bələdiyyədən sifariş almaq, məhkəmədə öz hüquqlarının müdafiəsinə qalxmaq, mülkiyyət əldə etmək və ya onu qeydiyyata salmaq, idxal-ixrac əməliyyatları ilə bağlı problemləri çözmək demək olar ki, rüşvət vermədən qeyri-mümkündür. Eyni zamanda bu müəssisələr üçün korrupsiya xərclərinə məruz qalmadan vergilərin ödənilməsi ilə bağlı problemləri həll etmək və ya müxtəlif strukturlara hesabat vermək daha asandır.
Bir çox hallarda rüşvət vermə, rüşvətalma mümkünlüyündən daha üstündür. Belə ki, bir çox biznesmenlər hər hansı bir xidmət üçün onlardan rüşvət istəməmişdən qabaq öz istəkləri ilə rüşvət təklif edirlər. Bu hal özünü daha çox mülkiyyət əldə etmək və ya onu qeydiyyata salmaq, hökumət nümayəndəsinin himayədarlığını qazanmaq, idxal-ixrac əməliyyatlarını həyata keçirmək, dövlət və ya bələdiyyədən sifariş almaq, məhkəmə yardımı, güc strukturları tərəfindən müdafiə məsələlərində özünü büruzə verir.
Ölkədə biznesin inkişafına əsas maneə qanunvericilik səviyyəsində xüsusi mülkiyyətin zəif müdafiəsi, məhkəmələrin fəaliyyətinin effektiv olmaması, o cümlədən yerli icraedici hakimiyyət tərəfindən həddən artıq inzibati əngəllərin və nəzarətin mövcud olması, məmurların iş həyatında bilavasitə qohumların iştirakı və öz şirkətlərindən ibarət monopoliyaların yaradılmasıdır. Ən az hallarda təzyiqin məhsul üçün “lazımi” tədarükçülərin və sifarişçilərin seçilməsi, pulun hakimiyyət tərəfindən yaradılan, lakin qanunla nəzarət edilməyən ayrı-ayrı fondlara köçürülməsi, (o cümlədən seçkilər üçün ayrılması) məmurları şirkət rəhbərliyinə yalnız öz adamlarını işə götürməyi məcbur etmək kimi formalarından istifadə olunur.
İri müəssisələr üçün işləmək və ayaqda qalmaq xırda müəssisələrə nisbətən daha asandır. Maraqlıdır ki, xırda müəssisələrlə müqayisədə ayrı-ayrı sahibkarlar hakimiyyətin qanunsuz fəaliyyətindən daha az əziyyət çəkirlər, yəqin ki onlar sadəcə məmurların diqqətindən yayınırlar.
Kölgə iqtisadiyyat. Məlumdur ki, 90-cı illərin əvvəllərində ölkədə qanunvericiliyin yaradılmasının mürəkkəbliyi, biznesmenlərin hüquqi savadsızlığı, heç bir mədəni bazar münasibətlərinin olmaması ilə müşayiət olunan iş şəraiti o qədər mürəkkəb idi ki, qanun pozuntusuna yol vermədən özəl sektorda işləmək ümumilikdə qeyri-mümkün idi.
Hazırda ölkə ərazisində az da olsa bazar münasibətlərinin formalaşması və özəl sektorun müəyyən bir hissəsinin leqal biznes idarəçiliyinə keçməyə hazır olması biznesmenlərin məhz qeyri-leqal kapitalın amnistiya qazanması uğrunda mübarizə apardıqlarını düşünməyə vadar edir. Lakin onlar eyni zamanda keçmiş xətalarına görə narahatdırlar, bu isə onların yoxlanış aparan çoxsaylı instansiyaların həyata keçirə biləcəyi sanksiyalar qarşısında aciz olduğunu göstərir. Sanksiyalardan qaçmaq üçün onlar daima məmurları (dilə tutmağa çalışırlar) və bu daimi təhlükədən yeganə çıxış yolu amnistiyadır. Lakin respondentlərin dörddə üç hissəsi amnistiyaya qarşı çıxış etmiş və bir o qədəri də bu suala cavab verməkdən imtina etmişdilər. Maraqlı burasıdır ki, xarici kapitalla maliyyələşən şirkətlər amnistiyanı yerli şirkətlərdən daha çox dəstəkləyir, həmçinin xırda şirkətlərə nisbətən iri şirkətlər daha çox bunun lehinədir. İşgüzar qurumlar arasındakı bu vəziyyət bütün digər maraqlı tərəflərin, o cümlədən beynəlxalq təşkilatlar və ekspertlərin bilavasitə müdaxiləsi ilə qeyri-leqal kapitalın amnistiyası barəsində geniş müzakirələr apara biləcək bir təşkilatın yaradılması labüddür.
Respondentlərin çoxu hesab edir ki, kölgə iqdisadiyyatı ölkədəki iqtisadi fəaliyyətin təxminən üçdə birindən, üçdə ikisinə qədərini təşkil edir. Özəl sektorun qeyri-qanuni ödəmələri barəsində açıqlama verən respondentlərin çoxu bunun aylıq mənfəətin 10-30%-i təşkil etdiyini söyləyir. Maraqlıdır ki, şəxsi korrupsiya təcrübəsi ilə bağlı çoxlu sayda suallara cavab verən respondentlər də bu fikirdə idilər.
Şəxsi (fərdi) korrupsiya praktikası. Respondentlərin əksəriyyəti şirkətlərinin problemlərini həll edərkən korrupsiyayla üzləşmiş, yaxud da onların əməkdaşları belə bir halla qarşılaşmışlar. Şəxsi korrupsiya təcrübəsilə bağlı suala cavab verməkdən yayınan respondentlərin çoxu bildirib ki, bu həssas sual biznesmenlər üçün heç də ürək açan deyil. Azərbaycandakı mövcud şəraitdə aşkar rüşvətxorluq və ya "xeyirxahlığın" əvəzi arasında sərhəd müəyyən etmək həddən artıq çətindir. Bununla yanaşı, ölkənin az qala bütün iş qurumlarının korrupsiyaya cəlb olunması barədə fikir də öz təsdiqini tapmır. Respondentlər qeyd edirdilər ki. özəl sektorda işləmək xeyli asanlaşıb və korrupsiyanın səviyyəsi bir qədər aşağı düşüb. Eyni zamanda, verilən rüşvətin ümumi həcminin dinamikası ilə bağlı suala verilən cavabların nəticələrinə görə son 3 ildə rüşvətin ümumi məbləğinin qalxması müşaiyət olunur. Əgər ölkə iqtisadiyyatının inkişafda olduğunu və bununla əlaqədar olaraq özəl sektorun gəlirlərinin və müvafiq olaraq xərclərinin, o cümlədən də korrupsiya ödəmələrinin səviyyəsinin qalxmasının təbii olduğunu nəzərə alsaq, mövcud ziddiyyəti aradan qaldırmış oluruq. Beləliklə, ümumi ödənişlərin qalxması ilə yanaşı rüşvətin xüsusi çəkisi və tezliyi mənfəət nisbətində azalmışdır. Qeyri-qanuni məbləğlərin ayrılmasına daha çox Bakı və Gəncə-Qazax regionunda (respondentlərin 64%i bu ərazilərdəndir), başqa sözlə desək, ölkə iqtisadiyyatının daha coşğun inkişaf etdiyi ərazilərdə rast gəlinir. Müşahidə aparılmış obyektlərin özəyini təşkil edən yerli şirkət nümayəndələrinin cavabları da yuxarıda əks olunmuş tendensiyayla tamamilə üst-üstə düşür.
Respondentlərin demoqrafiq məlumatları. Bütün sorğu iştirakçılarının, daha dəqiq desək, xırda müəssisə sahiblərinin, orta və iri həcmli şirkət menecerlərinin cəmi 12%-i qadınlardan ibarətdir, halbuki ölkə əhalisinin, eyni zamanda kişilərin pul qazanmasına şərait yaradan işçi qüvvəsinin böyük hissəsini qadınlar təşkil edir. O cümlədən, statistika təhsil səviyyəsinə görə Azərbaycan qadınlarının kişilərdən heç də geri qalmadığını sübut edir. Ölkədəki ali təhsilli şəxslərin təxminən yarısı qadınlardan ibarətdir. Ölkə ərazisində qadınların üstünlük təşkil etdiyi ənənəvi məşğulluq sahələrində belə, qadınların sayı ümumi sorğu iştirakçılarının üçdə bir hissəsini ötmür. Qadınlar daha çox kommunal və ya fərdi xidmət sahəsi, QHT, səhiyyə, o cümlədən sosial xidmət sahələrində rəhbər vəzifələrdə çalışırlar. Müəssisənin həcmi böyüdükcə isə zərif cinsin nümayəndələrinin rəhbər vəzifə tutma şansı azalır. Gənc nəslin ölkənin iş həyatında aktiv rol oynaması da göz qabağındadır. Biznesmenlərin təhsilinin ümumi səviyyəsi yüksəkdir – sorğuda iştirak edənlərin praktiki olaraq hamısı xüsusi orta təhsilə və yaxud ali təhsilə malikdir, bu isə ölkə təhsilinin orta səviyyəsindən qat-qat yüksəkdir.

Respondentlərin statusu. Sorğuya yalnız yuxarı dairənin meneceri olmaqla yanaşı, müəssisə rəhbəri vəzifəsində çalışan şəxslər cəlb olunmuşdur. Ümumilikdə 133 müəssisə sahibi və 67 müəssisə rəhbərindən ibarət 200 respondent sorğuda iştirak etmişdir.
Tədqiqatların metodologiyası və seçimin təmsili. Sorğu iştirakçılarının seçimini müəyyənləşdirən zaman İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası Statistikası üzrə Dövlət Komitəsi tərəfindən verilən məlumatlardan istifadə olunmuşdur. Bu seçim ilk növbədə ölkə iqtisadiyyatının aşağıdakı qollara bölünməsinə əsaslanır:


  1. Kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı

  2. Balıqçılıq və balıq yetişdirmə

  3. Mədən sənayesi

  4. Emal sənayesi

  5. Elektrik enerjisi, qaz və suyun istehsalı və çatdırılması

  6. Tikinti

  7. Topdan və pərakəndə satış; avtomobil, məişət və şəxsi əşyaların təmiri.

  8. Qonaq evləri və restoranlar tərəfindən göstərilən xidmət

  9. Nəqliyyat, anbar təsərrüfatı və rabitə

  10. Maliyyə işləri

  11. Daşınmaz əmlakla bağlı aparılan əməliyyatlar, icarə və müştərilərə göstərilən xidmət

  12. Təhsil

  13. Səhiyyə və sosial xidmət göstərilməsi

  14. Elmi-texniki və konsaltinq xidməti

  15. Digər kommunal, sosial və fərdi xidmətlər

  16. Qeyri-hökümət təşkilatları

Aparılan araşdırmaların spesifikasını nəzərə aldıqda siyahıda dövlət idarəçiliyi və müdafiəsi; sosial təminat, eksteritorial təşkilat və orqanların olmadığının şahidi oluruq.

Seçim aparılmasında digər əhəmiyyətli amil isə şirkətlərin kapital mənşəyinə görə bölünməsidir. Ümumi saydan 10-u xarici şirkət, 5-i müştərək müəssisə, 183-ü özəl (yerli) müəssisə və 2-i QHT-dir.
Seçimin aparılmasının 3-cü əsas faktoru isə Azərbaycanın 11 (Bakı daxil olmaqla) iqtisadi regiona bölünməsidir. Yuxası Qarabağ və Kəlbəcər-Laçın iqtisadi regionlarının işğal altında olması və bu ərazilərdə sorğu aparılmasının təhlükəsiz olmaması Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi regionlarının sorğuda iştirak etməsini tamamilə qeyri-mümkün etmişdir.
Nəhayət, seçim zamanı ən vacib faktorlardan biri kimi müəssisənin ölçüsü müəyyən olunmuşdur. 14 iri, 170 xırda və 16 fərdi sahibkar müəssisəsində araşdırmalar aparılmışdır. Araşdırmalar üçün hazırlıq aparılan zaman müəyyən olunmuşdur ki, Azəsbaycanda orta və iri müəssisələrlə bağlı qanunvericiliklə möhkəmləndirilmiş vahid fikir mövcud deyil.

II. Ölkədə Korrupsİyanın səvİyyəsİnİn qİymətləndİrİlməsİ
Ölkədəki vəzİyyətİn qİymətləndİrİlməsİ



Dostları ilə paylaş:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə