1. Folklorun qoruyuculuq funksiyası
İstər monofolklor mərhələsində, istərsə də yazı mədəniyyətinin yaranmasından sonrakı milli mədəniyyət mərhələsində qoruyuculuq funksiyası folklorda aparıcı mövqedə olmuşdur. Bu funksiya insanın öz təhlükəsizliyini təmin etməsi və fiziki tələbatlarını ödəməsi məqsədilə gerçəkləşdirdiyi fəaliyyəti nəzərdə tutur (ilkin əmək alətləri, yaşayış üçün sığınacaqlar, mənzillər, xalq təbabəti, silah, nəqliyyat vasitələri, enerji mənbələri və s.).
Belə bir ümumfəlsəfi qənaət vardır ki, mövcudluq insanın başlıca həyat strategiyasıdır. Bu strategiya mağaradan kosmik gəmiyə qədər sivilizasiya yolu qət etmiş bəşəriyyətin inkişafının bütün mərhələlərində dəyişməz olaraq qalmışdır. İnsan tarixin bütün mərhələlərində və bütün situasiyalarda həmişə sağ qalmaq, qidalanmaq, nəsil artırmaq və s. kimi fizioloji tələbatların prioritetliyi şəraitində fəaliyyət göstərmişdir. Bu qanunauyğunluq bu gün də öz funksionallığını qoruyub saxlamaqdadır. İnsanlar arasında ilkin qeyri-verbal və verbal kommunikasiyanın meydana gəlməsi ilə şərtlənərək bəşəriyyətin bu tələbatı folklor modelləri, kollektiv yaddaş mexanizmləri vasitəsilə həyata keçirilməyə başlanılmışdır. İbtidai dövrlərdə insanların hazırladıqları ilkin əmək alətləri, ilkin yaşayış məskənləri, ilkin məişət əşyaları və s. istisnasız olaraq folklor nümunələridirlər. Ona görə ki:
1. Onların hazırlanmasında iştirak edən təcrübə kollektiv təcrübədir;
2. Həmin təcrübənin arxasında aktiv kommunikativ situasiyada olan xalq, sosium dayanır;
3. Həmin təcrübə nəsildən nəsilə şifahi ənənə vasitəsilə (ənənəvi mədəniyyətlərdə postfiqurativ olaraq) ötürülür;
4. Həmin təcrübə onu daşıyan xalqın yaşam keyfiyyətləri, ünsiyyət və ümumi bilik səviyyəsi ilə şərtlənərək funksional struktura və inkişaf potensialına malikdir;
5. İlkin mədəni artefaktların özü qoruyuculuq funksiyasını yerinə yetirməklə yanaşı, digər funksional keyfiyyətlərə malik olaraq yeni səviyyədə kommunikasiyanın gerçəkləşməsinə yardımçı olur.
Dostları ilə paylaş: |