179
MİLLİ DİNLƏR
Əksər tarixçilərin fikrincə, “Veda”ların bir hissəsi olan “Yadjurveda” e.ə.
X əsrdə təşəkkül tapmışdır. “Yadjurveda” iki hissəyə bölünür: “Şukla” (“Ağ”)
və “Krişna” (“Qara”). Bəzi hissələri nəsr şəklində, bəziləri isə nəzm şəklində
olan “Yadjurveda” qurban gətirmə ayinlərini təsvir edən mətnlərdən və bu
ayinlər zamanı təkrarlanaraq oxunan nəğmələrdən - “mantra”lardan, onların
fəlsəfi izahından ibarətdir.
“Veda”lar içində müqəddəsliyinə və əhəmiyyətinə görə “Riqveda”dan
sonra “Samaveda” gəlir. Sanskrit dilində “dini nəğmələr” mənasını verən
“Samaveda” kitabında əsasən mühüm qurban ayinləri vaxtı kahinlər tərəfindən
oxunan ilahi mahnılar (“udqatar”) daxildir.
“Atharvaveda”da isə cadu və ovsun dualarından ibarətdir. Digər
“Veda”lardan fərqli olaraq, burada təkcə tanrılar və əfsanələr haqqında deyil,
bəşər övladından, onun fərdi və ictimai həyatından, qorxu və xəstəliklərindən,
eləcə də insan həyatının digər tərəflərindən bəhs olunur. “Atharvaveda”da
həmçinin tibb və nücum elmi ilə bağlı məlumatlara da yer verilib.
Hinduizmin müqəddəs kitablarının ikinci qrupunu təşkil edən “Smriti”
(sanskrit dilində “yadda saxlanılan” deməkdir) mətnlərinə gəlincə, hinduistlər
inanırlar ki, bu külliyyat vəhy vasitəsi ilə deyil, rəvayət yolu ilə formalaşmışdır.
“Smriti” külliyyatına bu kitablar daxildir:
1. “Vedanqa” – özündə qrammatika, nücum kimi elmlərlə bağlı
məlumatları ehtiva edən, həmçinin dini ayinlərin yerinə yetirilmə qaydasını
açıqlayan kitablar toplusu;
2. “Dharmaşastra”lar və ya qanunlar;
3. Puranalar və ya qədim əhvalatlar;
4. “İtixas”lar və ya dastanlar;
5. “Aqama”lar və ya ehkamlar.
Qeyd edək ki, “Mahabharata” və “Ramayana” kimi məşhur hind dastanları,
eləcə də “Mahabharata”nın bir hissəsi olan “Bhaqavat-Gita” Hinduizmin
müqəddəs kitablarının “Smriti” qrupuna daxildir.
Dostları ilə paylaş: