Təlimdə sistemlilik və ardıcıllıq prinsipi.Təlimdə elmilik, sistemlilik, varislik bilik, bacarıq və vərdişlərin ardıcıl surətdə inkişafı üçün yalnız yeni biliklər arasında deyil, habelə tam, vahid sistemin ünsürləri olmaq etibarilə əvvəlki biliklər arasında da müvafiq əlaqə yaratmaq üçün keçilmiş materiala arxalanmaqda səciyyələnir. Əsl sistem varislik və fənlərarası əlaqələr yaradılmadan mümkün deyildir. Sistemlilik materialın ardıcıl surətdə yerləşdirilməsi ilə təmin edilir. Sistematiklik və ardıcıllıq aşağıdakı elmi müddəalara əsaslanır:
Xarici aləm bir-biri ilə qarşılıqlı əlaqədə olan cisim və hadisələrin sistemindən ibarətdir. Xarici aləmin mənzərəsi beyində ancaq dəqiq əks (inikas) olunan zaman insan həqiqi biliklərə yiyələnir.
Mütəşəkkil qaydada təşkil olunan təlim elmi biliklər sistemini formalaşdırmağın universal vasitəsi və yoludur.
Elmi biliklər sistemi tədris materialının daxili məntiqi ilə yaradılır və şagirdlərin idraki imkanları ilə müəyyən olunur.
Təlim prosesində atılan hər bir addım arasında fasilələr, ardıcıllığın pozulması halları və idarə olunmaz momentlər nə qədər az olarsa, təlim prosesi bir o qədər uğurlu keçər və yüksək nəticələr verər.