Təlimdə əyanilik prinsipi. Əyanilik prinsipinin tarixi qədimdir. O, təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bilavasitə qavranılan konkret şeylər və hadisələr üzərində qurmağı nəzərdə tutur.
Təlim prosesində əyaniliyin idrak yükü çoxmənalıdır:
əyani surətlərdə konkret hadisələrin, bizi əhatə edən aləmdə olan cisimlərin müxtəlifliyi əks olunur;
əyanilik dərketmə fəaliyyətini asanlaşdırır və təchiz edir; o, şagirdin canlı gerçəkliyi qavramasını və müşahidə etməsini təşkil edir; əyaniliyin yaratdığı canlı assosiasiyalar uzun müddət yadda qalır; o, təxəyyülün yaranmasına kömək edir, deməli, yaradıcı fəallığa yardım göstərməsi sayəsində heç də quru, ölgün bir sxem kimi çıxış etmir, çünki əyani surət onların konkretləşdirilməsi üçün köməkçi bir əsas olur. Nəhayət, əyanilik ümumiləşdirmələrə də kömək edir;
təlimin inkişafetdirici vəzifəsinin yerinə yetirilməsində əyaniliyin rolu böyükdür; o, şagirdin sensor dairəsinə xeyli təsir göstərir, həmçinin onda müşahidəçiliyi, təfəkkürü, təxəyyülü inkişaf etdirir, fəallığını artırır, onda öyrənməyə olan marağın inkişafına kömək edir;
nəhayət, əyanilik mənimsəmənin keyfiyyətini yüksəldir, biliyin təchiz olunmasına, aydın və şüurlu şəkildə başa düşülməsinə kömək edir.
Müəllim əyaniliyin ən qiymətli məziyyətlərini etiraf etməklə bərabər bunu da nəzərdə tutmalıdır ki, əyanilik çox kəskin bir silahdır və ondan diqqətlə, bacarıqla istifadə edilməlidir. Əks halda o, şagirdləri başlıca məsələlərin həllindən yayındırar, məqsədi parlaq vasitə ilə əvəz edər, biliklərə dərindən yiyələnmək, mühüm əlaqə və qanunauyğunluqları dərk etmək yolu üzərində bir maneəyə çevrilər. İdraki məsələlərin həllinin xarakteri, şagirdin idrak fəaliyyətinin xarakterinin özü də xeyli dərəcədə əyanilik növlərinin tətbiqindən asılıdır.