5. Fənn kurikulumları qabaqlayıcı xarakter daşıyır. Bu, onun konseptuallığından irəli gəlir. Kurikulumlar bütün təlim nəticələrini əks etdirməklə sonrakı nailiyyətləri fərz etməyə imkan yaradır. Öyrənmə prosesində əldə edilən nailiyyətin hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün şərait əmələ gəlir. Bəzən yeni kurikulumların izahedici xarakterə malik olduğu göstərilir. Təbii ki, belə bir yanaşma yeni kurikulumların nəticəyönümlü xarakterini, onun qabaqlayıcı funksiyasını zəiflədir. Bütün bunlarla yanaşı, fənn kurikulumları həm də:
- müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan balanslaşdırılmış və əhatəli yanaşmanı özündə saxlayır;
- təlimin fəal üsullarından istifadə olunmaqla məzmun standartlarının səviyyəsinə çatmağa imkan yaradır;
- şagirdlərin bilik və anlayışlarının daim qiymətləndirilməsini, tədris ili ərzində düzəlişlərin edilməsini nəzərdə tutur;
- şagirdlərin təlimə cəlb olunmasını, davamlı təhsilə hazırlanmasını və həvəsləndirilməsini təmin edir;
- şagirdlərin təhsil alarkən, bilikləri qiymətləndirilərkən, savadı artırılarkən müasir texnologiyalardan istifadə edilməsini nəzərdə tutur;
- uyğun təlim resuslarına və inzibati yardıma malik olur.
Fənn kurikulumlarında fənnin məzmunu standartlar şəklində ifadə olunur. Standartlar öyrədiləcək məzmundan xəbər verir və bacarığın xüsusiyyətini göstərir. Yəni nəyin öyrədiləcəyi və öyrədilənlərin necə nümayiş etdiriləcəyi aydın təsvir edilir. Hər bir standart altstandartlarla müşayiət edilir. Tədqiqatçılar altstandartları aşağıdakı kimi səciyyələndirirlər:
- altstandartlarda mürəkkəb fikirlər daha sadə fikirlərə bölünür;
- altstandartlar təlim məqsədlərinin müəyən olunması üçün zəmin olan komponentləri əks etdirir;
- sinifdən-sinifə keçdikcə altstandartlar dəyişir.
Biliyin kateqoriyaları baxımından ümumi xarakter daşıyan məzmun altstandartlarda hissələrə bölünərək biliyin deklorativ, prosedural və kontekstual adlanan üç böyük kateqoriyasından birinə aid olur.
Məzmun standartlarında fəaliyyət taksonomiyaların köməyi ilə sistemləşdirilir. Müxtəlif taksonomiyalardan yalnız üçü-idraki, emosional və psixomotor taksonomiyalar mütəxəssislər tərəfindən təhsil üçün əhəmiyyətli hesab edilmişdir. İdraki fəaliyyəti əks etdirən standartlar, ilk növbədə, intellektual bacarıq və vərdişlərin inkişaf etdirilməsinə istiqamətlənir. B.Blumun adı ilə bağlı olan fundamental idraki taksonomiyalarda düşünmə bacarıqları sadədən mürəkkəbə doğru mərhələlərə görə təsnif edilir. Bu taksonomiya ona görə fundamentaldır ki, sonrakı, daha mürəkkəb idraki bacarıqların (problem həlletmə, mühakiməyürütmə, isbatetmə, əlaqələndirmə) əsasını təşkil edir. K.Mur psixomotor taksonomiyaları 3 mərhələyə ayırır: təqlid (imitasiya), idarə (monipulyasiya), dəqiq icra .
Dostları ilə paylaş: |