İnteraktiv təlim metodlarının təsnifatı və məzmunu
Akvarium
Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir. Akvarium bir neçə variantda keçirilə bilər.
“Akvarium”un keçirilməsinin I variantı:
Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, reqlamentə əməl etmək, bir-birinin sözünü kəsməmək və s.) müəyyən edilir. Şagirdlər iki qrupa bölünür. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir.
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.
“Akvarium”un keçirilməsinin II vaiantı:
“Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və I variantdan fərqli olaraq, iştirakçılar bu zaman yalnız problemin “lehinə” olan dəlilləri söyləyirlər.
Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər, dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks-dəlillərini hazırlayırlar. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.
Burada qrupların vahid fikrə gəlməsi vacib deyil.
Qərarlar ağacı
Bu üsul mürəkkəb və birmənalı olmayan vəziyyətlərdə qərar qəbulunu asanlaşdırır. O həmçinin bu qərarların qəbul edilməsi zamanı rəhbər tutulmuş motivlərin təhlili üçün də lazım ola bilər.
“Qərarlar ağacı” mübahisəli qərar və nöqteyi-nəzərlərin şagirdlərə daha yaxşı aydınlaşdırılmasına kömək edir; şagirdlərin biliklərin cəlbedici formada ümumiləşdirilməsinə və qiymətləndirilməsinə imkan yaradır. Bu üsuldan istifadə etməklə şagirdlər mümkün olan qərarların bütün variantlarını, eləcə də bunların hər biri ilə bağlı müsbət və mənfi cəhətləri müfəssəl təhlil edirlər. Məşğələlər zamanı şagirdlər aşağıdakı cədvəli doldururlar.
“Qərarlar ağacı” problem
Qərar
Tətbiq etmə qaydası.
Məşğələ başlanmazdan əvvəl aparıcı təhlil ediləcək problemi müəyyənləşdirir, qruplar üçün cədvəlləri hazırlayır.
Əvvəlki dərslər (ev tapşırığı) zamanı şagirdlər şərtləşdirilmiş problemlə, tarixi şəraitlə bağlı biliklər əldə edirlər.
Müəllim şagirdləri 4-6 nəfərlik qruplara (4-5) bölür. Hər bir qrup doldurmaq üçün cədvəllər və markerlər alır. Müəllim tapşırığın yerinə yetirilməsi üçün vaxt müəyyənləşdirir: 15 dəqiqədən 20 dəqiqəyədək.
Qruplarda iş zamanı şagirdlər problemin həlli variantlarının üstünlük və çatışmazlıqlarını qeyd edir, sonra isə bu problemlə bağlı qərar qəbul edirlər.
Tapşırıq yerinə yetirildikdən sonra qrupların nümayəndələri növbə ilə öz işlərinin nəticəsini təqdim edirlər. Zərurət olduqda müəllim cədvəlləri müqayisə edir, qrupları eyni qərarlara gətirib çıxarmış səbəbləri açıqlayır, suallara cavab verir.
Əqli hücum
“Əqli hücum” – şagirdlərin fəallığının həvəsləndirilməsi və ideyaların sürətli generasiyası üsuludur.
Bu üsuldan konkret problemin həlli, ya da yeni mövzunun öyrənilməsi zamanı suala cavab axtarmaq üçün istifadə oluna bilər.
Dostları ilə paylaş: |