Leksik və semantik yolla yaranan ktematonimlər
S. Cəfərov leksik yolla sözlərin əmələ gəlmə prosesinin bu cür izah edir: “Leksik yolla sözlərin əmələ gəlmə prosesi morfoloji və sintaktik yolla əmələgəlmə prosesindən, əsasən, öz sadəliyi etibarilə fərqlənir. Lakin zahirən sadə görünən bu yol, həqiqətdə isə çox mürəkkəbdir. Çünki öz tarixi və mənşəyi etibarı ilə bu yolla əmələ gəlmiş yüzlərcə sözlər müasir ədəbi dilin lüğət tərkibində elə dəyişmiş və elə bir formaya düşmüşdür ki, onların nə zaman və necə əmələ gəldiyini müəyyənləşdirmək çox çətin olur. Leksik yolla sözlərin əmələgəlmə prsosesinin mahiyyəti ondan ibarətdir ki, ümumiyyətlə, leksik vahidlər (sözlər) dilə ya hazır bir şəkildə daxil olur və ya sözün tərkibində dəyişikliyin əmələ gəlməsi ilə düzəlir ” [40, s.121].
Ümumiyyətlə, leksik yolla söz yaratma və semantik yolla söz yaratma arasında çox vaxt sərhəd qoyulmur. Bu ondan irəli gəlir ki, leksik və semantik yolla söz yaratmanın mahiyyəti tam aydınlaşdırılmamışdır. Buna görə də hər iki yolla söz yaratmanı ayrı-ayrılıqda deyil bir qrupda şərh edəciyik.
Dilimizdə leksik yolla yaranan ktematonimlər heç bir qrammatik vasitənin iştirakı olmadan apelyativlərdən və yaxud da digər onomastik vahidlərdən yaranmışlar. Məsələn, “İTV” (İctimai+televiziya) , “İnşaatçılar” (inşaat+çı+lar) metro stansiyası, “Yaşıl market” (yaşıl+market), “Zirvə” (zirvə) hazırlıq kursu – ümumi sözlərdən yaramışdır. “Bakı” oykonimi əsasında “Bakı Dövlət Universiteti”, “Bakı şəhər icra hakimiyyəti”, “Gündəlik Bakı qəzeti” kimi ktematonimlər əmələ gəlmişdir. Sədərək rayonu, qəsəbə adı yeni məna kəsb edərək “Sədərək ticarət mərkəzi”, “Aygün, Günel, Leyla ” və s. şəxs adları əsasında gözəllik salonları, şadlıq evləri, “Kolanı” etnonimi ilə bağlı olaraq yaranmış “Kolanı ” şadlıq sarayı, “Kolanı” ailəvi istirahət mərkəzi, “Xəzər” hidronimi əsasında “Xəzər TV”, “Xəzər radiosu”, “Lalə, Nərgiz, Liliya” fitonimləri əsasında gül salonları, “Batabat” yaylaq adı –“Batabat “araq adı, Şəki oykonim –“Şəki pitisi”, “Şəki xan sarayı”, “Almaz” qiymətli daş adı ktematonimindən –“Almaz” sarayı ktematonimi yaranmışdır. “Azərbaycan ” toponimi əsasında yaranan ktematonimlər kəmiyyətcə digərlərində fərqlənirlər. Ktematonimlərin dörd növündə də bu halı müşahidə edirik. Məsələn, “Azərbaycan” şeiri (S. Vurğun), “Azərbaycan Milli Dirçəliş Günü”, “Azərbaycan salatı” və s. Ən çox üstünlük erqonimlərdədir. Çünki dövlət idarə və təşkilatlarının adlarının əksəriyyəti “Azərbaycan” və “dövlət” sözlərinin köməyi ilə yaranıb. Məsələn, “Azərbaycan Dövlət Pedaqoji Universiteti”, “Azərbaycan Dövlət Televiziyası”, “Azərbaycan Dövlət Neft Akademiyası” , “Azərbaycan Dövlət Dənizçilik akademiyası” və s.
A.Qurbanov qeyd edir ki, leksik yolla söz yaratma onomastik vahidlər içərisində daha çox ktematonimlərdə müşahidə olunur. Bu cəhətdən çoxlu küçə, meydan, restoran, kafe, düşərgə, mağaza, musiqi kollektivlərinin adları diqqəti cəlb edir. “Göy göl”, “Könül”, “Tello”, “Təbəssüm”, “Şənlik”, “Halay”, “Çiçək”, “Bahar”, “Şəmkir”, “Şahdağ”, “Gülüstan”, “Pirqulu”, “Xəyal”, “Röya”, “Nazilə” və s. musiqi kollektivlərinin adlarının leksik yolla əmələ gəlməsi fikri heç bir şübhə doğurmur [75, s.367].
Semantik yolla yaranan ktematonimlər konversiya yolu ilə yaranır. Yəni, müxtəlif nitq hissələrinə mənsub olan bir sıra ümumi sözlər substantivləşir və xüsusi adlar əmələ gətirir. A.Qurbanov onomastik vahidlərin semantik üsulla əmələ gəlməsində başlıca əlaməti kimi bu prosesdə bir nitq hissəsinə məxsus sözlərin başqa nitq hissəsinə keçməsi hadisəsini əsas götürür və bunun iki yollunu göstərir [75, s. 369]. Əsasən sifət və feil substantivləşərək ismin suallarına cavab verir və bunun nəticəsində də xüsusui adlar yaranır. Ancaq onu da qeyd etməliyik ki, hər isimləşən apelyativ də xüsusi ad yarada bilməz. Bu hadisə onomovahidlərin içərisində ən çox antroponim və toponimlərdə özünü göstərir. Ktematonimlərin semantik yolla yaranmasınını nəzərdən keçirdikdə müşahidə etdik ki, bu onomovahidlər isim, sifət, fel və saylar substantivləşərək yaranırlar. Fikrimizi aşağıdakı şəkildə qruplaşdıra bilərik:
1) İsmin ismə keçməsi yolu ilə yarananlar: “Qarabatdaq” (Bəzək əşyası), “Qeyrət” mətbəəsi və s.
2 ) Sifətin ismə keçməsi yolu ilə əmələ gələnlər: Məsələn, “Silsilə”(Bəzək əşyası), “Xosrov və Şirin” (Nizami Gəncəvi) və s.
3) Felin ismə keçəsi yolu ilə əmələ gələnlər: “Ayran”, “Qurut”, “Basdıq” –yemək adları və s.
4) Sayın substantivləşməsi yolu ilə yarananlar: “Çahargah”, “Segah” və s.
Dostları ilə paylaş: |