Həqiqi irfan budur. Yəni insanda həmin zikri və Allahı yad etmək hissini vücuda gətirir. Allah qarşısında dayanmaq üçün lazımi baxış yaradır.
Hüdudsuz zikr
Bütün bu vaciblərin və ilahi hökmlərin həddi və ölçüsü var. O həddə və sərhədə çatdıqda bitir, vəzifə tamamlanır: "zikrdən savayı". Zikrin həddi yoxdur, sonu yoxdur. Belə deyil ki, zikr və xatırlama müəyyən həddə çatdıqda deyək daha bəsdir, daha lazım deyil. Sonra həzrətin özü izah edir və buyurur: "Kim vacibləri yerinə yetirsə, onları öz (son) həddinə çatdırmışdır". Misal üçün, ramazan ayı bitdikdə siz bu vacibi öz sərhədinə çatdırmısınız, sizə daha bir şey vacib deyil. Həcc edən şəxs həccin son əməllərinə çatdıqda onu son sərhədə çatdırmışdır: “zikrdən savayı”. Yalnız zikr digər vaciblər kimi deyil. Hədisdə digər vaciblərin adı çəkilməyib. Zəkat da belədir. Zəkatı verdikdən sonra vacib olmur, təyin edilən miqdarda vacibdir. Xüms da belədir. Qohumlara baş çəkmək də belədir. Digər vaciblər də bu qəbildəndir. Lakin zikr belə deyil: “Zikr belə deyil. Allah-Taala onun azına razı olmamış və onun üçün hədd təyin etməmişdir”.1 Allah onun üçün elə bir hədd qoymayıb ki, həmin həddə çatdıqda daha bitsin. Sonra həzrət bu ayəni oxudu: “Ey iman gətirənlər! Allahı çox zikr edin!”2 Zikrin əhəmiyyəti budur.