DüŞÜNDÜm ki, əməl çəmənzarında



Yüklə 192,16 Kb.
səhifə3/5
tarix30.10.2017
ölçüsü192,16 Kb.
#22660
1   2   3   4   5
Etdi hər kəs buna az-çox heyrət. 
Rəqsi əvvəldən o heç sevməz ikən 
Bu şətarət ona gəlmiş nerədən?! 
Gözlərindən süzülən işvə, əda 
Lordu cəzb etdi həmən bir anda. 
Yanaşıb rəqsə edərkən dəvət, 
Onu rədd etmədi Şəmsa... Fürsət! 
Qoşdular rəqsə bərabər, məmnun... 
Gənc ərəblər şaşırıb qaldı zəbun. 
Həp ürəkdən qıza kin bəslədilər, 
“İştə sapqın və şərəfsiz!” — dedilər. 

... Nəşə çılğınlığı lordun gözünü 


Yapdı bir falçı daşı. 
Mey qızıllatdı bakırdan üzünü, 
Sallanıb durdu başı. 
Süzərək qız onu, qəlbindəki öc atəşini 
Yeniyor qəhvə ilə, 
Lorda tez-tez sonaraq badə buraxmaz peşini 
Yeni bir işvə ilə. 
... Sallanıb durdu hərif əsnəyərək, 
Yetişir — söylədi — gəl! 
Süslü, şahanə odam var, gerçək, 
Gedəlim, bax, nə gözəl... 
Onu rədd etmədi Şəmsa, getdi 
Bir müsafir kimi şən. 
İngilis zövqünü təbrik etdi 
Yolda hər qarşı gələn. 
... Yarın erkən günəşin dadlı, qızıl busələri 
Azərin ruhuna gül sərpərkən, 
Geyinib çıxdı bir az dinləyə bakir səhəri. 
Bir xəbər duydu həmən, 
Qonşular bir yeni şey görmək üçün toplaşaraq, 
Sardı hər çöhrəyi getdikcə maraq. 
Görünüb qarşıda bir dəstə polis, ən arada 
Keçdi Şərq afəti əsmər Şəmsa. 
“İştə, qatil bu gözəl qız!..” — deyə erkək və qadın 
Süzdülər həp onu şaşqın-şaşqın. 
İki qurşunla bitirmiş gecə azğın lordu, 
Bəlkə azcıq nəfəs alsın yurdu. 
Bəlkə azcıq nəfəs alsın əzilən insanlar. 
Axmasın Nilə günahsız qanlar. 
Dünkü yoldaşları nifrətlə atarkən salonu, 
İmdi izlərdi onu. 
Bir ilahəydi o hürriyyəti təmsil edərək, 
Görmək istərdi tikənlikdə çiçək. 

Berlin. 

TISBAĞANIN ZÖVQÜ 

“H” 


Avropanın yaşıl bir yaylasında 
Konsert üçün böyük hazırlıq vardı. 
Seyrə gələn bütün erkək, qadında 
Çox yeni bir şeyə maraq uçardı. 
Orkestro çaldı, pərdə açıldı, 
Maraqlı gözlərdən heyrət saçıldı. 
Səhnə boşdu, yalnız ən orta yerdə 
Yuvarlaqca boz bir ləkə göründü. 
Dəyişdi musiqi həp pərdə-pərdə, 
Getdikcə incələn bir şerə döndü. 
Bağanın qafası çıxıb qılafdan 
O dadlı ahəngi dinlərdi heyran. 

Zürafə boynuna bənzərdi boynu, 


Məğrur, ədalı bir duruşu vardı. 
Musiqidən sərxoş olurkən... onu 
Kim seyr edərsə bir sevinc duyardı. 
Birdən çalğı susdu, ahəng pozuldu, 
İncə heyvancığaz görünməz oldu.

... Ağsaçlı bir professor, parisli bir lisançı, 


Azərin yanında gülümsəyirdi. 
O duymuşdu: Bu mühitə Azər bir az yabançı... 
“Gördünmü? Lövhə çox gözəl!” deyirdi, 
Tısbağalar belə bizdə musiqidən zövq alır. 
Sizdə nasıl, bu sınaqlar varmıdır?” 
Azər gülüb “xayır!” dedi: “Bizdə deyil tısbağa, 
İnsan belə görməz bu zövqü əsla! 
Şərqin bir çox ölkəsini mən gəzib də dolaşdım. 
Çox ellərə yanaşdım. 
Orda insan sürüləri yığın-yığın məhv olur, 
Ətməyini güc bulur. 
Çoluq-çocuq, ac-yalavac paçavraya bürünür, 
Çöplüklərdə sürünür. 
Aşçıların atdıqları gəmikləri qırarlar, 
Bir az ilik ararlar.” 

O məhsullu Şərqin halı çox səfil... 


Öylə yoxsul var ki, ot yeyib yaşar. 
Fəqət burda yalnız insanlar deyil, 
Tısbağalar belə eşqindən coşar. 
Çox düşündüm bunu dəmindən bəri, 
Hər zövqü bir acı bəslər düşünsən! 
İştə Qərbin azğın səadətləri 
Alır qida Şərqin fəlakətindən. 

Şərqə doğru 

“Ə” 

Qərbi sarmışdı dumanlar, sislər... 


Acılar duydu içindən Azər. 
Özləyib Şərqi, həmən çıxdı yola, 
Bəlkə bir düşgünə yardımçı ola. 
Bəlkə Şərqin o sıcaq qoynunda 
Üşüyən könlünü azcıq ovuda. 
Yoxdu yollarda tamaşaya maraq, 
Tarlalar ölgün, ağaclar çılpaq... 
Qəsvətindən uyuyan yolçulara 
Ninni söylərdi uğultuyla bora. 
Bir səhər Azər uyurkən, şaqraq 
Bir səda sazla həmavaz olaraq, 
Onu qaldırdı yataqdan erkən, 
Bəlli... varmışdı o gün şərqə tren. 

Eşidilən türkü 

“H” 
Vəfalı yar ikən, bir düşman kimi 
Qıydı mənə heyran olduğum gözəl. 
Saldı gözdən, illərcə Sənan kimi 
Qapısında çoban olduğum gözəl. 

Dedim “öldür məni”, sallanıb keçdi, 


Süzgün baxışları qəlbimi deşdi, 
Bir kələbək kimi qanımı içdi, 
Dərdindən pərişan olduğum gözəl. 

Ah, nə çıxılmaz yol imiş bu sevda, 


Tən etdi hər görən, güldü hər gəda, 
Xəstə bir quş ikən məni yuvamda 
Dustaq etdi qurban olduğum gözəl. 

“Ə” 


Türkü susmuşdu, gülümsərdi günəş, 
Hər könül aldı günəşdən atəş. 
Ta uzaqdan çökək atəşgədələr, 
Coşğun almas dəniz inlər və gülər, 
Düşünən Azərə eylərdi səlam, 
Kəndisindən umaraq bir ilham. 

Yeni varmışdı o “Altun şəhr”ə, 


Yanaşıb durdu bir ölgün çöhrə. 
“Yardım et! — söylədi — azcıq para ver, 
Yeyəcəksiz, geyəcəksiz bəklər 
Yeddi baş ailə qülbəmdə məni, 
Ölüdür həpsi, fəqət yox kəfəni.” 

Onu Azər süzüyorkən tanıdı, 


Bir zaman hökmi-rəvan sultan idi. 
Xeyli zəngindi bu miskin cahil, 
Əski milyonçu ikən, imdi səfil... 
Öncə bənzərdi o bir torba ətə, 
İmdi bənzər diri bir iskeletə. 

Əl açıb söylədi təkrar edərək: 


“Gürüyorsun ki, acam, eylə kömək”. 
Dedi Azər: — Bu dilənmək imiş, 
Çalış, uğraş, bularaq sən də bir iş. 
Yox deyil işçiyə ətmək parası... 
Hərifin döndü bu sözdən qafası, 
Dedi: — Heç gəlməz əlimdən qara iş... 

Azər 


Ya!? Bu adət kötü... həm çox müdhiş!.. 
Səndə baş var ya!..

(qafasına işarətlə) 



Şaşırdınmı, bu nə? 

Azər 


Zahirindən nə çıxar, bax içinə, 
Varmı elmin? 

Xayır... 



Azər 
Artıq yetişir, 
Sənə ölmək yaşamaqdan eyidir. 
Çünki baş yox, çalışan əllər yox. 
Ölüsən... Get, didinib söyləmə çox. 

Sus, yetər, sus! - nə deyirsən bə sənin, 


Allahın yoxmu? Bu həzyan nə için? 

Azər 


Allahın burda, əzizim, işi nə!? 
O sürülmüş ki, vətən xaricinə... 

Ya bu çanlar, bu əzanlar nə demək? 



Azər 

Yas tutar keçmişə həp inləyərək. 

Sən də sapmış kimisən, bəsbəlli... 


Sarsılıb getdimi dinin təməli!? 

Azər 


Gündə bir rəngə girərkən dünya, 
Hanki şeydir ki, dəyişməz əcəba? 
İnqilab!.. İştə dəyişdin belə sən, 
Tülkü oldun qoca bir arslan ikən. 
Sənə bənzər bilirəm minlərcə. 
Güclü, sərsəm buğa həp oldu cücə. 

Sən ki bir əqrəb imişsən gerçək, 


Bu zəhərlər, bu tikənlər nə demək!? 
Sərvətim əldə bulunsaydı, saqın, 
Mənə gülməzdi bu gün hər sapqın. 

Azər 


Öyünüb durma, o sərvət əsla 
Sənə aid deyil, azğın, budala! 
Ot satan, pambıq atan, halva qapan - 
Hər gələn bəhs eləyir milyondan. 
Əcəba, sən onu nerdən aldın, 
Şübhəsiz, başqalarından çaldın. 
O sənin kəndi qazancınsa, neçin 
İmdi qur-qur ötər aclıqdan için? 
Get qazan, imdi də iş var, para var, 
Çalışır imdi də başlar, qollar. 
Həp əməkdən çıxıyorkən ətmək, 
Böylə arsızca dilənmək nə demək? 

Bir də yükləndiyiniz altunlar, 


Hanki bir xeyr işə olmuşdu mədar?! 
Kiminiz oldu xurafata ənis, 
Kiminiz yoxsula cəllad, iblis... 
Sizi cəlb etdi sokat töhfələri, 
Varınız süslədi aşüftələri. 
Uyuturkən sizi qəflət və qürur 
Qopdu tufan, əzilib hər məğrur, 
Paralar getdi, cəhalət qaldı. 
Eviniz ətməyə həsrət qaldı. 
İştə, övladınız abdal, sərxoş, 
Həpsi cahil, bacarıqsız, başı boş. 
Acıram mən sizə, lakin eyi bil, 
Mərhəmət çox da gözəl töhfə deyil. 
Bu səfalət batağından ancaq, 
Sizi qurtarsa ölüm qurtaracaq. 

KOR NEYZƏN 

Azər yaşıl ormanlardan qülbəsinə dönərkən, 
Axşam qəribliyi saçan üfüqləri dinlədi. 
Zümrüd dağlar üstündəki al şəfəqlər sönərkən, 
Qonşu bağçalarda həzin bir ney səsi inlədi. 
Bu səs yorğun Azərdə çox acı bir iz buraxdı.

Əsasına dayanaraq addım-addım yürüdü. 


Suya gedən köy qızları ona heyrətlə baxdı, 
Çox sürmədi göy üzünü bir əsmərlik bürüdü. 
Göz qırparıq gülümsədi ona Zöhrə yıldızı, 
Sanki o da dinləyirdi bu sinirli fəryadı. 
Bu sırada yavaş-yavaş susdu neydəki sızı, 
Coşğun, yaralı bir səslə yanıq türkü başladı. 

Türkü 


Gözəlsən, eşin yox bizim ellərdə, 
Dilbərsən, dolaşır adın dillərdə. 
İncəsən, yetişmiş incə bellərdə 
Əsla sənə bənzər çiçək görmədim, 
Sənin kimi şən bir mələk görmədim. 
Şəhla gözlərində səadət gülər, 
Sanki hər afətdən pərəstiş dilər. 
Sənin Məcnunların Leylayı neylər? 
Sənsiz cənnət xərabəzarə bənzər, 
Sənsiz könül issız məzarə bənzər. 

Azər həmən qarşıdakı bir bağçaya yanaşdı, 


Girmək için izn istədi, bir səs duydu “gəl!” deyə. 
Girdi, gözü çardaq altında bir kora sataşdı, 
Xoş-beş etdi, gördü bənzər o çox arif kimsəyə. 
— Nerəlisən? 
— İranlıyam. 
— Adın nədir? 
— Qəhrəman. 
— Bu bağçada bir ney çalan vardı?.. 
— Mənəm, əmriniz? 
— Eşitdim də maraq etdim, olurmu birdə çalsan? 
— Olur — deyə, aldı neyi, dərdli idi, şübhəsiz. 
Çaldı, çaldı, inlədikcə, dağı-daşı inlətdi, 
Köyə dönən quzuları belə yoldan eylədi. 
Acı bir hal keçirərək birdən neyi tərk etdi, 
Keçmişini anar kimi həzin-həzin söylədi: 

Yad ellərə düşdüm, gəlib-gedən yox, 


Yanaram, sızlaram əlac edən yox, 
Uğrunda bitdiyim nazik bədən yox. 
Dərd aldı sağımı, ölüm solumu, 
Namərd Araz kəsdi mənim yolumu. 

Bilmədim vuruldum yosma bir qıza, 


Əridim ürəkdən qan sıza-sıza, 
Söyləsəm dərdimi aya, yıldıza, 
Yıldızlar gülümsər, ay axıb gedər, 
Dinləməz halımı yan baxıb gedər. 

Urmi bir şəhərdir, ətrafı gülzar, 


Gül bağları var ki, gəzənlər azar, 
Zərdüştün günəşi orda az qızar. 
Çox zaman mayısdan seçilməz yazı; 
Xoşdur o torpağın hər sözü, sazı. 

O gül diyarında şən bir bülbülə 


Uyub qondum mən də qönçə bir gülə. 
Xain bir ovçunun namərd əlilə, 
Bütün əşrəf ikən onun vurğunu, 
Bəbir xan kimsəyə vermədi onu. 
On səkkiz baharlıq o qönçə güldən 
Hər səhər göz busəsi alırdım mən. 
Çox çevik bir ovçu idim... Çox zaman 
Kəndisindən ayırmazdı Bəbir xan. 
Bir gün yenə ova hazırlanırkən, 
Qız “sən getmə!” deyə söz aldı məndən. 
Getmədim, dinlədim çılğın könlümü, 
Gözə aldırmışdım o gün ölümü. 
Ovçular atlanıb yola düşdülər, 
Artıq durub düşünməyi kim dinlər? 
Mələksima güllü bağa sovuşdu, 
Könül çırpınaraq peşincə qoşdu. 
Ətrafını sardı gül fidanları, 
Saxladı məndən o nazlı şikarı. 
Aradım, aradım, epey yoruldum, 
Püsküllü söyüdün altında buldum. 
Ömrümün baharı xəzanə döndü, 
Dünya gözlərimdə zindanə döndü. 

Bu sırada yaşlı bir bağçavan üzüm gətirdi, 


Zavallı kor dərin bir ah çəkib sözü bitirdi. 
Mane olmaq istəmədi onu görən ixtiyar, 
Yenə getdi “bağışlayın” dedi, “bir az işim var”. 
O gedərkən acı-acı gülümsədi Qəhrəman, 
Anlatdı ki, mənim dayımdır bu yaşlı bağçavan. 
İstəmədi əl açayım hər vicdansız səfilə, 
Alıb gətirdi İrandan məni bu qürbət elə. 
Vardım Araz kənarına... həm dirildim, həm öldüm, 
Çılğınca bir çocuq kimi həm ağladım, həm güldüm. 
Sevgilim də, cəlladım da çünki İranda qaldı... 
Heç aldırmaq istəmədim, yenə məni dərd aldı. 
Azər dedi: — Könül istər həmdərd ola səninlə... 
Zavallı ah çəkib dedi: — Maraq etdinsə, dinlə! 

Urmi civarında Əfşar elindən 


Anasız-babasız bir gənc idim mən. 
On il əvvəl katib oldum bir xana, 
Hökmü rəvan idi onun hər yana. 
Hər kəscə bəllidir Bəbir xan adı,

Baş əydirməmiş bir insan qoymadı. 


O çox məğrur idi, xeyli qurnazdı, 
Bəzən hökuməti belə saymazdı. 
Həşməti, sərvəti, şanı, şövkəti 
Olmuşdu hər yerdə dillər ziynəti. 
Övlad deyə Mələksima adında 
Tək bir qızı vardı: lətif, xoşəda... 
Gözəllər gözəli, sevda günəşi, 
O diyarda bəlkə bulunmaz eşi. 
Hər cilvəsi dilbər, incə hər halı, 
Onu təsvir için şair olmalı. 
Üz-üzə gəlincə, dəyişdi halı, 
Baxışından bəlli idi xəyalı. 
Ehtiras alovu gözünü sardı. 
Pənbə üzü bir gül kimi qızardı. 
“Nə söyləyim!” deyə mən düşünürkən, 
İncə qəhqəhələr qopardı birdən. 
Coşdu erkəkliyim, yaxlaşdım ona, 
Sarıldım sarmaşıq kimi boynuna, 
Sanki bir göyərçin döndü qartala. 
Ürküb çəkilərək dedi: “Eşq ola! 
Şaşırdınmı, nədir, eşmiyəm sana!?” 
Bu sözdən içimdə qopdu fırtına. 
Ümidimi kəsib dönmək istədim, 
Çünki yoxsul idim, “haqlısan” dedim. 
Uzaqlaşdım... Yenə nədənsə güldü, 
Güldü, şəhla gözü yenə süzüldü. 
Qollarını açdı, “getmə, gəl!” dedi. 
Yaxlaşıb sevindim, qaçmaq istədi. 
Yaxalayım derkən qaçıb yox oldu. 
Baxdım bu nazlanız bir az çox oldu. 
Çinarlıqda yalnızbaşıma gəzdim, 
Bu halda incə bir inilti sezdim. 
Həmən qoşdum, sağa-sola saparkən, 
Baxdım ki, səs gəlir bənövşəlikdən. 
Varıb gördüm ki, ah, o şeri-mənsur 
Çiçəklər qoynunda çırpınıb durur. 
Köksünü göstərib, dedi dəmincik, 
Zəhərlədi məni səmli bir böcək. 
İpəkli, tül kömləyini yırtaraq, 
İncə bir iz buldum qırmızımtraq. 
Təlaş etdim, həmən qızarmış yeri 
Əmib sordum, bəlkə füsünkar pəri 
Acıdan qurtular, derkən... Bayıldı, 
Təkrar əmib sordum bir az ayıldı, 
Sorduqca köksündə güllər açıldı. 
Gözlərindən həyat nuru saçıldı. 
Duydum ki, qız məni çoxdan sevərmiş, 
Yalnız atasından həzər edərmiş. 
Əllərim əlindən gələrkən dizə, 
Jalədən mey sondu çiçəklər bizə. 
O gül qönçəsini qopardığım gün 
Bülbüllər şakaraq yapdılar dügün. 

Axşam oldu, boz buludlar 


Döndü vulkanlı dağlara... 
Qara geydi yaşıl otlar, 
Sanki yas çökdü bağlara. 
Göy kişnədi, çaxan şimşək 
Hər kəsi qorxuya saldı. 
Ovçular ovdan dönərək 
Bəbir xanla keyfə daldı. 
Məgərsə bir bayquş bizi 
Görüb xəbər vermiş ona. 
Artıq sönüb sevinc izi, 
Qopdu acı bir fırtına. 
Məclis dağıldığı anda 
Sərxoş Bəbir ayılmışdı. 
Bunu duyan qız bir yanda 
Qorxusundan bayılmışdı. 
“Ah, bu rəzillik nə demək, 
O qız sənə eşmi!?” dedi; 
Həmən məni həbs edərək 
İntiqam almaq istədi. 
Gecə keçdi... Xidmətçilər 
Qollarımı bağladılar, 
Gözlərimə mil çəkdilər, 
Ürəyimi dağladılar. 
O gündən bəridir cahan 
Gözümdə bir məhbəs oldu. 
Bais ancaq quduz qaplan, 
O vicdansız nakəs oldu. 
Ah, nolurdu zülm aşiqi 
Cəllad hakimlər olmasa, 
Kor insanlar hər fasiqi 
Kəndinə rəhbər bulmasa...” 

Bədbəxt adam hönkür-hönkür 


Çocuq kimi ağlıyordu. 
Azər dedi: çox gülüncdür, 
Bu ağlamaq Şərqi yordu. 

YAŞAMAQ VƏ YAŞATMAQ 

Yorğun Azər hənuz yeni qülbəsinə varmışdı, 
Arxadaşlar, vətəndaşlar çevrəsini sarmışdı. 
İxtiyarlar birər donuq heykəl kimi baxardı, 
Gəncliyin almas gözləri şimşək kimi çaxardı. 
Hər üzdə çox maraqlı bir hal vardı,

Hər kəs Avropadan xəbər sorardı. 


Azər gülümsəyib dedi: — Mən gördüyüm insanlar 
Bir-birindən ayrı deyil, həpsi bir şey sayıqlar. 
Həpsi bir yuvanın quşu, həpsi bir bağ meyvəsi, 
Bir saz çalar hər ölkənin, hər dilbərin şivəsi. 
Hər kəs bir ovçudur ki, ov düşgünü, 
Qayə ancaq xoş keçirmək üç günü. 
Şərq elləri irişilməz “xəyal” üçün yaşarkən, 
Qərb aləmi az da olsa “həqiqət”dən xoşlanır. 
Şərqin sönük duyğusunu əfyun ruhu oxşarkən, 
Onlar yeni bir silah kəşfini səadət sanır. 
Şərq uğraşır yalnız “ölməyim” deyə, 
Qərb elləri maildir öldürməyə. 
Ya o, ya bu qoşar durur həp bir dilək peşincə, 
Məqsəd ancaq yarını yox, bir həyatı xoş bulmaq, 
Şərqə görə o diyarda azad ikən düşüncə, 
Yazıq!.. Yenə mümkün deyil didişmədən qurtulmaq. 
Artdıqca bilgilər artar ehtiras, 
Heç fərqi yox: əski hamam, əski tas... 

Bir ixtiyar 

Of!.. “yaşamaq, yaşatmamaq” duyğusu 
Günü-gündən vicdanları gürlədir. 
İnsanların məncə ən uğurlusu 
“Yaşatmaq” zövqünü duyan kimsədir. 
Heç bir şərəf verməz xudkamlıq sənə, 
Yüksəlmək istərsən — acı düşmənə. 

Bir gənc 

Bu yüksəliş, xayır!.. Səfil torpaqda 
Hənuz bir kimsəyə nəsib olmadı. 
Bu yolun yolçusu qalıb duzaqda, 
Sızlayan qəlbinə əlac bulmadı. 
Əzmək istəməyən bir gün əzildi, 
“Sevgi” izləyənlər dara çəkildi. 

Cahan bir bataqlıq... insan adında 


Bir yığın möhtəris böcəklə dolmuş, 
Bir-birini yeyib yaşarlar onda, 
Hər kim gücsüz olmuş, həmən boğulmuş. 
Hər şey yalan, güclü olmağa çalış! 
Əzilməyə deyil, əzməyə alış! 

Azər 


Hey, qoca dünya, hey! Səndə nələr var!? 
Hər gələn səni bir başqa şey sanır. 
Kimi bir bataqlıq deyə xor baxar, 
Kimi, ifritədir deyə aldanır. 
Kimi zindan deyə qızarkən sana, 
Üstün dar gəlincə keçər altına. 

(ixtiyarla gəncə) 


Xayır, dünya şən bir gülzarə bənzər, 
Onda cüt ayaqlı “marallar” gəzər. 
O nəşələr dolu geniş gülşəndə 
İstədiyin çiçək də var, tikən də. 
Uslu əllər çiçək dərir, gül toplar, 
Tənbəlləri çalı, tikən tırmalar. 
Deyirlər insan yonulmuş meymundur, 
Bu söz həqiqətə pək az uyğundur. 
İmdi də “meymunlar” gərçi az deyil, 
Hər halda bir hacıleylək qaz deyil. 
İnsan yonulmuş bir heyvan olsa da, 
Endirilməz heçə ondakı zəka. 
O yalnız düşünməz, düşündürür də, 
Kəşf edir gündə bir qaranlıq pərdə. 
Hər gün beynində bir yıldırım çaxar. 
Dilərsə bir anda bir cahan yıxar. 
İnsan çox tühafdır, o hər şey yapar, 
Onda yaşamaq da, yaşatmaq da var. 
“Yaşatmam, yaşaram” deyən səfillər 
Qan içən vəhşilər yolunu izlər. 
Sən nə mələksən, nə də qaplansan, 
Nə gülsən, nə tikən... yalnız insansan. 
Çalış, parla, yüksəl! Unutma ancaq, 
Yaşamaq bir haqsa, yaşatmaq da haq!.. 

YURDSUZ ÇOCUQLAR 

“Ə” 
Qışın axşamı... Bütün daş, torpaq 
Sovrulan qarla donanmışdı yenə. 
Hər tərəfdən qadın-erkək qoşaraq, 
Varmaq istərdi sıcaq evlərinə. 

Yol kənarında böyük, zift əridən 


Qazan altında kiçik yurdsuzlar 
Yaxmış atəş... isinirkən birdən 
İncə bir ruzgar inildər, sızlar. 

Fəqət onlar bu soyuqdan, qardan 


Bixəbərmiş kimi əyləncə yapar. 
Söylənən sözləri həp saçma-sapan, 
Saya gəlməz yaramazlıqları var. 

Birinin isladaraq boynunu qar, 


Çox sinirləndi həmən küfr edərək:

“Nə tühaf, sanki qarın nəştəri var, 


Ağ bir əqrəbmi bu, ya buzlu sinək”?! 

Biri “sus!” — derdi — “əzizim, bunu sən 


Get də, zənginlərə sor! Gör nə deyir? 
İştə bax, qarşıda bir pəncərədən 
Bizi bir incə qadın seyr eləyir. 

Onca bunlar, bu amansız qarlar 


Rəqs edən bir kələbəkdən də gözəl... 
Səni kəskin boralar qırbaclar, 
Ninni söylər ona pürşeri-əməl.” 

Biri islaq, qara ətmək yeyərək 


Qonşudan çaldığı bir alma ilə, 
Sonra azcıq sırıtıb əsnəyərək, 
Dedi: “Yoldaş, mənə bax, bir söylə, 
Əcəba varlı çocuqlar nə yeyor?” 
Biri oynatdı həmən qaş-gözünü. 
Dedi: “Hər şey... Onu yalnız mənə sor! 
Onların mən bilirəm iç üzünü...” 

(Kəndinə məxsus məsxərə bir əda ilə, 


komikcə bir ahəng ilə təqlid edər) 

Çocuq 


Ana! Bir şey yemək istər könlüm. 

Anası 


Nə dilərsən bulunur, al ye, gülüm! 
Bəy baban imdicə almış xavyar, 
Tazə yağ var, yeni gəlmiş bal var. 

Çocuq 


Başqa şey yoxmu? 

Anası 


Toyuq var, gerçək, 
İmdi xidmətçi qızardıb verəcək. 

Çocuq 


Bıqdım artıq, yenə hər günkü yemək, 
Şübhəsiz, mədəmi bərbad edəcək. 

Anası 


Şokolad vardır. 

Çocuq 


O qalsın da sana, 
Marmelad yoxmu? 

Anası 


Xayır... 

Çocuq 


İştə fəna, 
Portağal olsa batırsam şəkərə, 
Var ümidim bir az iştah gətirə. 

Anası 


Söylərəm imdi alarlar, lakin 
Yaramaz mədə için... 

Arxadaşlar soxulub bir-birinə, 


Güldülər məsxərənin sözlərinə. 
Bunu Azər də — yaxından gülərək - 
Dinləyib derdi: “Əvət, çox gerçək, 
Nazü nemətdə yaşarkən onlar, 
Qara ətmək belə bulmaz bunlar. 
Gecələr... böylə qar altında yatar, 
Yenə sağlam və dəmir canları var. 

Kim bilir, bəlkə bütün insanlar 


Örnək alsaydı da heyvanlardan, 
Daha sağlam, daha gürbüzcə yaşar, 
Bəlkə ummazdı həkimdən dərman”. 

Uzun bıyıqları sarqıq, qalınca bir gövdə 


İçib-içib də sapıtmışdı bir yaxın evdə. 
Səndələr, söylənirdi əsnəyərək, 
Köhnə candarmalardan olsa gərək. 

Bir çocuq yaxlaşıb beş-altı adım 


Dedi: “Yoldaş! Acız, bir az yardım!..” 

Sərxoş


(qızğın və çılğın) 

Nasıl, nasıl? Sənə yoldaşmıyam mən, ah, azğın! 


Köpək yumurcağa bax!.. Öl, gəbər də, gəlmə yaxın. 
Çəkil də görməyim artıq, çəkil, rəzil, alçaq! 
Mənimlə yoldaş imiş hər donuz, cəsarətə bax!? 

Bu halı seyrə dalıb bilmədən gülümsəyərək, 


Yürürdü qarşıda şıq bir madam, yanında köpək. 
Şən, ufaq bir köpəkdi çox oynaq, 
Bir ağızlıq da vardı ağzında. 

Dedi qurnaz çocuq: “Xanım! Mənə bax, 


Vəhşilikdən bir iz ki yox onda, 
O ki qapmaz, verin, ağızlığı mən 

(sərxoşu göstərir) 

Taxayım bir bu zəvzəyən hərifə. 
Xəlqi ta qapmasın səbəb yox ikən, 
Buna çox uyğun eylə bir töhfə...” 

Gülüşdülər də kiçik sərsərilər əylənərək, 


“Əvət, əvət — dedilər — çox tikənlidir bu köpək”. 
Buna Azər də güldü qəlbində, 
Dedi: çox haqlısan, əvət mən də 
Tanıram öylə azğın insanlar 
Ki, ağızlıq vurulmadıqca qapar. 
Bəzi dostlar da var ki, üzləri şən, 
İçi lakin daşır zəhərli tikən. 
Qəlbi kin püskürüb də üzdə gülən, 
Daha qorxunc olur köpəklərdən. 

BAYRAMDI 

Bayramdı... günəş incə buludlar arasından 
Ətrafə saçıb işvə gülümsərdi təbiət, 
Pürnəşə baharın əriyən busəsi hər an 
Səhralara, ormanlara sərpərdi təravət. 

Hər göz yeni bir sevgi arardı, 


Hər üzdə sevinc izləri vardı. 

Çox yerdə qurulmuşdu səfa məclisi, yalnız 


Yoxsulları bir yas kimi xoş gün də sıxardı. 
Qış xırpalamış, onları əzmişdi amansız... 
Hər qəsvəti yalnız bir ümid eşqi yaxardı: 

Bir gün gələcək yaz olacaqdır, 


Hər kəs bir az ətmək bulacaqdır. 

Bayramdı... böyük bir evi sarmışdı şətarət, 


Həp dalğalanır qəhqəhələr, zümzüməciklər. 
Sevdalı baxışlarda gülümsərdi zərafət, 
Oxşardı gözəllikləri süslər və ipəklər. 

Əllərdə qədəhlər öpüşürkən, 


Bir incə kaman sızladı birdən... 

... Bu dəmdə Azərə yaxlaşdı nazlı bir xilqət, 


Çiçəkli dağda yetişmiş o pənbə güldə fəqət 

İz buraxmış gülər on altı bahar. 

Keçən mayıs onu Azər tanırdı bir köydən, 
O bikri-ismətə adət bəlası çox erkən 

Məhrəm olmuşdu pudralar, boyalar. 

Bu yapma süsləri Azər görüncə süzdü bir az, 
Gülümsəyir kimi heyrətlə baxdı... çox qurnaz, 

İncə bir şeydi qız, həmən duydu. 

Sevimli çöhrəsi azcıq qızardı, söylədi: “Bax, 
Gəlincə şəhrə dəyişdim, deyilmi? İştə maraq! 

Könül az-çox nə görsə həp uydu”. 

“Xayır, xayır” — dedi Azər — “Bu pudralar, boyalar 
Deyil gözəllər üçün... kim sürərsə illəti var, 

Sarı üzlərdə pənbəlik yaradır. 

Əvət, o, çirkin için bəlkə bir təsəlli olur, 
Sürüncə yaşlı qadın bəlkə azca nəşə bulur, 

Buna aldanma sən, inanma, xayır! 


Yüklə 192,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin