Ədəbiyyat tariximizdə yeni ad: Səfəvilər dövründə yaşamış
Azərbaycan şairi Ətai
Tehran Universitetinin Mərkəzi Kitabxanasından ədəbiyyat tariximizə dair maraqlı bir əlyazmanın surətini əldə etmişik. Əsəri 1973-cü ildə kitabxanaya təqdim edən Həsən Ricai belə bir qeyd yazmışdır ki, əlyazma İsfahan ətrafındakı kəndlərdən birindən alınmışdır. Kitabın üzərində nə zamansa ona sahib olan şəxs belə yazıbdır: “Qəndim qurtarıb. İsfahana qənd almağa gedirəm”. Əlyazmanı Həsən Ricai 30 riala alıb və onun cildləməsinə də 30 rial xərcləyibdir.
Əlyazmanı vərəqləyərkən onun məcmuə olduğunu görürük. Buraya indiyədək adı bizə məlum olmayan Ətai adlı şairin “Yusif və Züleyxa” poeması, Sədi Şirazinin “Gülüstan” əsərindəki bəzi sözlərin lüğəti, “Nəqli-cənnət və duzəx”, “Cəngi-Əli” adlı kiçik həcmli poemalar, İmadəddin Nəsiminin “Ya Əli, səndən mədəd” rədifli şeiri daxil edilmişdir. Bu şeir professor Cahangir Qəhrəmanov tərəfindən tərtib edilmiş Nəsimi divanının elmi-tənqidi mətninin üçcildliyinin III cildində 15, burada isə 16 beytdən ibarətdir. Bir sıra misralarda fərqlərin olduğunu görürük. Əlyazma toplusu içində ən böyük maraq doğuran indiyədək bizə məlum olmayan Ətai adlı şairin “Yusif və Züleyxa” poemasıdır. Azərbaycan ədəbiyyatında ilk anadilli əzərlərimizin meydana çıxdığı XIII əsrdən bəri “Yusif və Züleyxa” mövzusunda çoxsaylı poemalar yazılmışdır. Bu mövzuda yazılmış ilk poema XIII əsr şairi Əlinin “Qisseyi Yusif və Züleyxa” məsnəvisidir. Süjet eyniliyinə baxmayaraq, hər bir müəllif bu mövzuda yazdığı əsərə özünə məxsus bir cəhət əlavə etməyə çalışmışdır.
Ətainin surətini əldə etdiyimiz “Yusif və Züleyxa” poemasının əlyazması bir neçə yerdən, əvvəldən və sondan naqisdir, bir sıra yerlərdə yazılar pozulmuşdur və ya çox çətinliklə oxunur. Buna baxmayaraq, əlyazmanın iki yerində onun üzərində işin tamamlanması barədə katib qeydinə rast gəlirik. Katib qeydində belə yazılmışdır: “Təmmət əl-kitab be övni-mələkəl-vəhhab əla yədi-həqirül-fəqir vəl-üsyanül-kəsir müznibül-möhtac Qasım vələdi-Sevindik vələdi-Mirzə vələdi-Sevindik Uçuq oğlu Qinaq ğəfərullah ləhu və li validəhu və əhsənül Hüma və əleyhə dər ruzi şənbə fi vəqti-zöhr dər səneye od il dər əhdi-şah Abbas Sani dər an zəman ki, şücaətpənah Səfiqulu xan dər dəste-ləzgi bimürüvvət dər dağıstan be qətl dər risaneənd fi-hicrətül Nəbəviyyətül-Müstəfəviyyə sənə 1070”.
Buradakı məlumatdan bəlli olur ki, əlyazmanın köçürülməsi işini Qasım vələdi-Sevindik vələdi-Mirzə vələdi-Sevindik Uçuq oğlu Qinaq adlı katib Səfəvi hökmdarı II Şah Abbasın hakimiyyəti dövründə şücaətli sərkərdə Səfiqulu xan Dağıstanda olduğu zaman bir ləzgi tərəfindən namərdcəsinə qətlə yetirildiyi vaxt, hicrətin 1070-ci ilində-od ilində şənbə günü günorta çağı bitirmişdir. Qeyd etmək istərdik ki, Səfəvilərin hakimiyyəti dövründə tarix kitablarında on iki illik tsiklə daxil olan illərdən biri “od ili” adlanır, bu il müasir horoskoplardakı inək ilinə uyğun gəlir. Hicri tarixin 1070-ci ili miladi tarixin 1666-cı ilinə uyğun gəlir. II Şah Abbas az, cəmi otuz üç il yaşamışdır (həyatı illəri: 1633-1666). Uşaq vaxtı, doqquz yaşında taxta çıxmış, Səfəvilər dövlətini iyirmi dörd il idarə etmiş, vəfatına qədər hakimiyyətdə olmuşdur. Göründüyü kimi, əsərin köçürülməsi tarixi, II Şah Abbas hakimiyyətinin son ilinə təsadüf edir. Təzkirələrdə və digər mənbələrdə Ətainin həyatının dəqiq illərinə dair heç bir məlumata rast gəlmədik. Əsərin yeganə məlum əlyazması əsasında onun Səfəvilər dövründə, XVII əsrdə yaşadığını iddia edə bilərik. Haqqında danışdığımız əlyazma Tehran Universitetinin Mərkəzi Kitabxanasında 8441-ci nömrə altında saxlanır. Poemanın dilinin sadə, xalq danışıq dilinə yaxın olduğunu qeyd etmək istərdik. İnanırıq ki, əsərin hərtərəfli tədqiqi və nəşri Səfəvilər dövrü ədəbiyyat tariximizi yeni maraqlı faktlarla zənginləşdirəcəkdir. Poemadan iki kiçik parçanı diqqətə çatdırırıq.
Paşa Kərimov,
filologiya üzrə elmlər doktoru
Şeir qoftəni-Yəqub əleyhüssəlam
Yəqub aydır: Yusifim, şahım, mənim,
Xanda vardın, yari-həmrahım mənim?
Ey mənim cani-dilim, bağrım qanı,
Yerdə-gögdə şöleyi-mahım mənim.
Qalmadı səbrü qərarım munda heç,
Düşdü dağlar başına rahım mənim.
Yüzüni görsət ki, görsün gözlərim,
Yoxsa dağlar yandırır ahım mənim.
Firqətin yandırdı, bilməm handasan
Getmədün, gəl izzəti-canın mənim.
Ey rəsidə növcəvanım, vay oğul,
Heç muradın bulmayanım, vay oğul.
Dünyada kam almayanım, vay oğul,
Ey gedübən gəlməyənim, vay oğul.
Bivəfa yarım, həbibim, vay oğul,
Cümlə dərdim, təbibim, vay oğul.
Nə əcaib mehriban qurd imiş ol,
Yutmış ətin, köynəgin yırtmamış ol.
Hörmət etmiş Yusifin pirəhəninə,
Kaş ki, onu eyləyəydi caninə.
Yeməyəydi Yusifin nazik tənin,
Köynəginə sürməyəydi al qanın.
----------------------------------------
----------------------------------------
Rubil aydır qurdu: məlum eyləgil,
Yusifi neyçün yedin, sən söyləgil.
Dinmədi şol qurt, der ol dəm, ey yar,
Ey Rubil, bu səndən oldu hər nə var.
Yəqub aydır qurda, ey qurt, söyləgil,
Həqq yüziçün müşkilim həll eyləgil.
Yəquba qurd aydır: ey sahibgiran,
Bil ki, peyğəmbər əti qurda həram.
Yəquba aydır: varmı Yusif, söyləgil,
Uşbu müşkil halı məlim eyləgil.
Qurt aydır ki, muni məndən sormagil,
Yoxsa oğlanlar yüzini görməgil,
Çün bu sözi qurtdan eşitdi özi,
Yaşlan doldi onun iki gözi...
* * *
Ayıtdı: Hud peyğəmbərəm, bilgil məni,
Uş buraya görməgə gəldim səni.
Həqq kitabında sənin əhvalını,
Oxudum, bildim bu vəsfi-halını.
Həqq-Taaladan dilədim mən səni,
Ayıtdım: Axır görsət onu, ey qəni!
Həqq-Taala hacətim etdi qəbul,
Dedi: Var get, sən o çah içində ol!
Ta ki, Yusif onda gəlir, görəsən,
Səbr qılsam, sən murada yetəsən.
Ol söz ilən gəlmişəm bu çahə mən,
Çox zəmandır intizarəm rahə mən.
İki ildir bu çahdə intizar,
Baxar idim yoluna, bilgil, ey yar!
Dostları ilə paylaş: |