Adi zirə – Тмин обыкновенный – Carum Carvi L. Çətirçiçəklilər (Umbelliferae) fəsiləsinə mənsub olan birillik və ya ikiillik ot bitkisinin (Carum Carvi L.) ikitoxumlu meyvəsidir. 30 növündən Azərbaycanda 3 növünə təsadüf edilir. Əsasən Ukraynada, Qafqazda, Belorusda, Şərqi və Qərbi Sibirdə, Uzaq Şərqdə və Orta Asiyada becərilir. Azərbaycanda sənaye əhəmiyyətli plantasiyaları yoxdur, lakin yetişir və xalq arasında ədviyyə bitkisi kimi istifadə edilir.
Meyvəsi tam yetişdikdən sonra yerə töküldüyündən, əsasən tam yetişməmiş halda yığılır. Bitki biçilir, qurudulur və döyülür. Meyvəsinin uzunluğu 3-6 mm, eni isə 1-2 mm-dir.
Hündürlüyü 30-80 sm-ə çatan ikiillik bitkidir. Gövdəsinin üzərində sıra ilə düzülmüş uzunsov lələkvarı yarpaqları vardır. Yerüstü gövdəsinin başında ağ rəngli xırda çiçəkləri çətir şəklində düzülmüşdür. Meyvəsi bir-birinə yapışıq halda iki dənədən ibarətdir. Meyvəsinin xoş iyi və dadı vardır. Zirə meşə zonalarında yabanı halda bitir. Azərbaycanın subalt çəmənlərində dağ zirəsinə daha çox təsadüf olunur. Zirə xoşagələn ətirli bir bitki kimi Abşeron kəndlərində çoxdan bəri becərilir və dərman məqsədilə istifadə olunur. Meyvələrini yetişən dövrdə toplayır, quru binalarda və ya günəş altında qurudub tədarük məntəqəsinə təhvil verirlər.
Meyvəsinin tərkibində 3-7% efir yağı, 22% piyli yağ və 25%-ə qədər zülal maddəsi vardır. Efir yağının tərkibinin 50-60%-ni karvon adlanan ətirli maddə təşkil edir.
Meyvənin rəngi boz-sarımtıl, dadı kəskin yandırıcı acı ədviyyəlidir. Nəmliyi 12%, zibil qatışığı 2%, zədələnmiş və yetişməmiş meyvələri 12%-dən çox olmamalıdır. Zirə kisələrdə və tarasız daşınır.
Zirədən çörəkçilikdə, qənnadı sənayesində, pendir istehsalında, kələmin turşudulmasında, likör-araq sənayesində istifadə olunur. Zirədən alınan efir yağı likör-araq, ətriyyat və tütünçülük sənayesində, həmçinin, təbabətdə işlədilir. Efir yağının antibakterial xassələri vardır. Dərmanların ətirləndirilməsində də istifadə edilir. Balverən bitkidir.
Dostları ilə paylaş: |