Dağnanəsi – Чабер горный – Satureia hortensis L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olan birillik ot bitkisidir. 30 növündən Azərbaycanda 13 növünə təsadüf edilir. Vətəni Kiçik Asiyadır. Yabanı halda Cənubi Avropanın bütün ölkələrində, Krımda, Qafqazda və Zaqafqaziya respublikalarında bitir.
Dağnanəsinin çiçək açmamışdan dərilən yarpaqları ədviyyə kimi istifadə edilir. Olduqca ətirli və xoş tamlıdır. Tərkibində 1%-ə qədər efir yağı, onun isə tərkibində timol, fenol, karvakrol, pinen vardır. Təzə yarpaqlarında 50 mq% askorbin turşusu, 9 mq% karotin, 40 mq% rutin vardır. Dadı istiot dadına oxşar olub ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının əsas hissəsini karvakrol təşkil edir.
Dağnanəsinin qurudulmamış yarpaqları salata, duru xörəklərə, eləcə də xiyar, pomidor, bibər və göbələyi sirkəyə və duza qoyduqda istifadə edilir.
Qurudulmuş dağnanəsi ət, tərəvəz, göbələk və toyuq şorbalarına; mal, dana, toyuq və hind toyuğu ətlərini bişirərkən əlavə edilir. Yumurta və paxlalı dənlərdən bişirilən xörəklərə, pörtlədilmiş kələmin bütün növlərinə qatılır. Dağnanəsi xörəklərə spesifik ətir iyi verir və onları vitaminləşdirir. Dağnanəsindən likör-araq sənayesində, ətriyyat və təbabətdə də istifadə olunur.
Dostları ilə paylaş: |