Zənci qadın fiquru.
Saydım, işə girəndən düz iyirmi doqquz gün sonra ad günüm olmuşdu. İstəmirdim iş yoldaşlarımdan kimsə bundan xəbər tutsun. Hədiyyə verməyi xoşlasam da, hədiyyə almaqla əvvəldən aram yoxdur. Təmtəraqlı ad günü keçirdənlərin hərəkəti həmişə mənə qəribə gəlib. Məncə, hansısa yaşa çatdığın üçün Allaha şükür eləmək olar, amma həmin gündə məclis düzəltmək, atılıb-düşmək, hədiyyə gözləmək... nəsə belə şeylər mənlik deyil. Hətta adi təbrikin özü də bəzən mənə şit gəlir. İndiyəcən cəmi bircə dəfə dostlarım “hə”mi, “yox”umu soruşmadan yığışıb ad günümü keçirdiblər, o da iyirmi yaşım tamam olanda. Tələbə idik, dünya vecimizə deyildi, üçdə alacağımız yox idi, beşdə verəcəyimiz, dostlarla yığışıb Tiflisə getmişdik. Tərs kimi... yox, yox, bəlkə də düz kimi ad günüm səfərimizin ikinci gününə düşmüşdü. Baş qatmağa hər dəqiqə bir hoqqa uyduran biz, restoranda ad günümü keçirmək adı ilə kef eləyirdik. Dostlarımdan hansısa musiqiçilərdən birinin cibinə pul basması ilə müğənni mikrofondan ad günümü xüsusi coşğunluqla təbrik elədi, tuş çaldırdı. Kefi duru olan restoran əhli məni alqışa tutdu. İyirmi yaşa kim əl çalmaz ki?.. Dəstəmizə restoranda qonşu stoldan bizlə yaşıd iki rus, bir gürcü qızı da qoşuldu. Saf qızlar idi. Ad günüm olduğu üçün fırfıra kimi başıma dolanırdılar, qulağıma xoş sözlər pıçıldayırdılar.
Nəsə o gün heç yadımdan çıxmır. Dostlarım mənə qızıl suyuna çəkilmiş stol üstü zəngli saat bağışlamışdılar. Xoşuma gəlmişdi, yaxşı saat idi. Universiteti bitirəndə qaldığım otaqda çarpayımla, stol-stulumla uzun-uzadı vidalaşıb - mən indi də beləyəm, ayrıldığım evlərlə, otellərlə, limanlarla, vağzallarla dodaqaltı sağollaşıram - məndən sonra gələnlər üçün hədiyyə qoyub getdim. Sonralar demək olar ki, yönlü bir ad günü qeyd etmədim. Başım qarışdı, bəzən ad günü keçirmək hayında olmadım.
Qızımın ağlı kəsəndən yaşımın sayına uyğun sayda şamları onunla birgə söndürmək xətrinə ad günümdə evə tort alıb gətirirəm. Xanımım təmtərağı sevmədiyimi bildiyinə görə yüngülvari süfrə düzəldir, yeməyimizi yeyirik, tortumuzu çayla bədənə vururuq, gəzintiyə çıxırıq, bu da olur mənim ad günüm. Hədiyyəm də nə?! Xanımım öz istəyimə uyğun mənə dörd-beş diyircəkli qələm, bir də illik qəşəng iş bloknotu alır. Vəssalam-şüttamam! Ad günüm ilin əvvəlindədir, ona görə də bloknot yerinə düşür. Altı yaşlı qızım isə ötən il ad günümdən bir gün qabaq çəkdiyi şəklimi mənə bağışlamışdı. Şəkildən də olmazdı ha! Ayaqlarım, qollarım yun çubuğu, pırtlaşıq qıvrım saçlarım çöp süpürgə, burnum kök, gözlərim küçə lampası, qulaqlarım kələm yarpaqları. Bu şəkildə yəqin anasının da barmağı vardı, o, qızım vasitəsilə mənimlə zarafat etmişdir. “Bəh! Bəh! Nə qəşəng çəkmisən. Lap özümə oxşayır!” deməklə qızımın hədiyyəsini uzun-uzadı tərifləyib bir mərəkə düzəltmişdim ki, gəl görəsən. Əsas odur ki, ad günümdə qızımı doyunca sevindirə bilirəm.
Balaca iş otağımın qapısı yüngülcə döyüldü. Adətən qadınlar qapını belə döyür. Yanılmamışdım, gələn Pərvanə xanım idi. Onu qapıda görəndə gözüm kəlləmə çıxdı. Pərvanə xanım məni təbrikə gəlmişdi. Onun əllərində xüsusi səliqə ilə bağlanmış beş qırmızı gül, bir də bəzəkli sellofan torba vardı. Özü isə gözümə o qədər gözəl göründü ki... Elə bil bu günü çoxdan gözləyirmiş.
Pərvanə xanım idarəmizin kadrlar şöbəsində çalışırdı. Onunla işə girən günü tanış olmuşduq. Sənədlərimi hazırlamaqda mənə kömək etmişdi. Hamar sarışın saçları çiyinlərinə tökülmüş bu qadının təxminən qırx beş-qırx altı yaşı olardı. Gülərüz idi. Danışığından rus dilində təhsil aldığı aydın sezilirdi, bəzi sözlərimizi düzgün səsləndirmirdi. Məni təbrik edəndə “Sizi təbrik edirəm!”i ədəbi dili bilməyən rus məktəbində oxumuş yerli bakılılar kimi “Süzi təbrik edirəm!” kimi dedi. Amma danışığı şirin idi.
Pərvanə xanım ad günümün tarixini şəxsi işimdən öyrənmişdi yəqin, axı təzəcə işə girmişdim, sənədlərim onun əlindən keçmişdi.
Niyə onun diqqətini cəlb etmişdim görəsən? Yubileyim də deyildi. Otuz iki yaşım tamam olurdu. Salam-məlikdən başqa isti kəlmə kəsməmişdik bu iyirmi doqquz gündə. Pərvanə xanım bir qızımın olduğunu, hətta onun adını da, yaşını da bilirmiş. O, məni təbrik edəndə qızıma da, həyat yoldaşıma da xoşbəxtlik dilədi. Demə, onun da, dediyinə görə, mənim kimi aman-zaman bir qızı varmış.
Çaş-baş qalmışdım, bilmirdim Pərvanə xanıma necə təşəkkür edim. Hətta xəcalət çəkdim ki, ad günümü iş yoldaşlarımdan gizli saxlamışam. Balaca bir tort alıb, otağıma gəlib-gedəni qonaq eləsəydim, dünya dağılmazdı ki?...
Pərvanə xanımın hədiyyəsini axşam evə gətirdim. İstəyirdim qızım, bükülü hədiyyənin üstünə gül şəklində yapışdırılmış qırmızı lenti görüb sevinsin. Pərvanə xanım barədə bir neçə xoş söz deyəndən sonra bağlamanı qızımla bərabər açdıq. Qutudan əlində bir dəstə çəhrayı, mənim tanımadığım çiçək dəstəsi tutmuş utancaq, başıaşağı, romantik görünüşlü bir zənci qızının uzunsov fiquru çıxdı. Fiqur yüngül materialdan idi. Qızım fiquru kukla kimi qucağına alıb bir qədər əzizləyəndən sonra soruşdu:
Ata, bu qız niyə belə qaradır?
Çünki o zəncidir - cavab verdim.
Zənci nə deməkdir?- Qızım gözlərini döydü.
İzah etməyə məcbur oldum:
Zənci qara dərili insanlara deyilir. Bizim ölkəmiz kimi ölkələr var ki, orada zəncilər yaşayır. - Afrika ölkələrinin adlarını saymağa başladım. - Həbəşistan, Qana, Nigeriya...
- Bu qız hansı ölkədəndir?
Tutuldum. Mən nəinki zəncilərin hansı ölkədən olduğunu ayırd edə bilmirəm, hətta yaponları, çinliləri, vyetnamlıları qarışıq salıram. Keçən söhbətdir, Moskvanın “Turist” mehmanxanasında bir yaponla tanış olmuşdum. Demə, o, tək deyilmiş, böyük bir dəstədənmiş. Sonrakı gün tanışımı tanıya bilmədim. Foyedə, dəhlizdə hansı yapona gülümsəyib salam verirdimsə, qarşımdakının məni tanımadığını anlayırdım.
Xanımımın üzünə baxdım. Cavabı o da bilmirdi.
Qızımın sualına ciddi yanaşdım:
- Həbəşistandan! – bu ölkənin adı qızımın dilinə yaxşı yata bilərdi.
Yaxşı ki, qızım daha mənə sual vermədi. Zənci qadın fiqurunu götürüb öz otağına getdi.
Bir neçə gün sonra işdə Pərvanə xanıma rast gəlib yenidən ona təşşəkkür edirəm. Yenə onun bir əlində balaca çiçək buketi, o biri əlində hədiyyə torbası var. O, dəhlizdə liftə doğru gedir. Yəqin yolu başqa mərtəbəyədir. Görəsən indi o, kimin ad gününü təbrik etməyə tələsir? Əcəb diqqətcil qadındır. Bəlkə bu, onun kadrlarla işləməyindən irəli gəlir? Amma Kadrlar şöbəsinin başqa işçiləri də var, axı?!
Bir müddət sonra eyni mənzərə təkrar olunur. Yenə də Pərvanə xanım yükünü tutub kimisə sevindirməyə gedir.
Aylar keçdikcə kollektivlə isinişirəm, iş yoldaşlarımı yaxından tanımağa başlayıram. On dörd il bu idarədə çalışan Pərvanə xanımın bir mədəni, xeyirxah, işgüzar qadın kimi işçilər arasında xüsusi hörməti var. Məlum olur ki, bu qadın yetmiş səkkiz nəfərlik kollektivdə il boyu heç kəsin ad gününü ötürmür. Əlbəttə, başqaları da biri-birinin ad gününü, yubileyini gül-çiçəklə, hədiyyə ilə təbrik edir, amma Pərvanə xanıma çatan olmaz. Hesablayanda yetmiş səkkiz adamlıq güllərin, hədiyyələrin pulu az da deyil. Belə çıxır ki, o, elə qazandıqlarını ad günlərinə xərcləyir. Axı işdən kənarda da qohum-əqrəba, qohum-qonşu, dost-tanış var. Biləndə ki, Pərvanə xanımın əri yaxşı yerdə işləyir, qazancı çoxdur, bir az toxdadım. Bircə onu düşündüm ki, gərək bu həssas qadının ad gününü ötürməyim, onu yüngülvarı bir hədiyyə ilə olsa da, mütləq təbrik edim.
Həmin gün gəlib çıxdı. Noyabrın 16-sı idi. Dünən ətir mağazasından aldığım qadın parfümünə bir buket gül də əlavə edib işə yollandım. Onun ucbatından işə hətta yeddi-səkkiz dəqiqə gecikmişdim də. Birbaşa təbrikə getmədim. Düşündüm ki, səhərin gözü açılmamış Pərvanə xanımın iş otağına cummayım, fasiləyə yaxın onu ayaqüstü təbrik edərəm. Təbrik nə qədər çəkir ki...
Yarım saat keçməmiş Pərvanə xanımla bir sektorda işləyən Leyla adlı cavan bir qız əlində podnos kabinetimə gəldi və gülə-gülə “ Bu gün Pərvanə xanımın ad günüdür!” deyərək xırda plastik boşqabda bir dilim tortu stolun üstünə qoyub getdi.
Başım işə necə qarışdısa, bir də onda ayıldım ki, fasiləyə üçcə dəqiqə qalıb. Tez-tələsik özümü qaydaya saldım, buketi və hədiyyəni götürüb Pərvanə xanımın otağına sarı götürüldüm.
Qapını döydüm. “Gəlin! Gəlin!” səsini eşitdikdən sonra qapını açıb bir addım içəri atınca şoka düşdüm. İlahi, içəridə nə qədər gül-çiçək var idi?! Otağın ortasında güllər dörd tərəfdən məni dövrəyə aldı. Otaq gül mağazasını xatırladırdı.
İrili-xırdalı buketlər, ekibanalar, gül səbətləri, mənzərə tabloları, əlvan kağızlara bükülüb rəngli lentlərlə bağlanmış hədiyyələr səliqə ilə yan-yana düzülmüşdü. Heç məşhur adamların yubileyinə də bu qədər gül-çiçək, hədiyyə gətirilmir.
Bəzənib-düzənmiş Pərvanə xanım məğrur duruşla dayanıb mənim təbrikimi gözləyirdi. Hiss etdim ki, o, möhkəm forslanır, başqalarından seçildiyini əminliklə nümayiş etdirir. Təbiətində kübarlıq olan bu qadın bir az da üstünə qoymuşdu.
Sallanıb durmadım, Pərvanə xanımı təbrik edib binamızdan çıxdım. Beş-on dəqiqə gəzib hava almaq, ayaqlarımı açmaq istəyirdim. Bəlkə əlüstü bir şey də yeyəcəkdim kafelərin birində. Pərvanə xanımın gülləri və hədiyyələri gözümün qabağından getmirdi. Görəsən, bu boyda təmtəraq Pərvanə xanımın nəyinə lazımdı? Azara bax, il boyu işdə hamının ad gününü bir-bir təbrik elə ki, axırda hamı birdən sənin ad gününə gül, hədiyyə gətirsin. Hələ ərinmədən yetmiş səkkiz adamın hərəsinə bir dilim tort göndərib xəbər ver ki, bu gün sənin ad günündür, birdən kiminsə yadından çıxar ha! Özün də güllərin, hədiyyələrin arasında dayanıb müxtəlif pozalarda şəkillər çəkdir və ona-buna göstərib dərinə-qabığna sığma . Bəlkə Pərvanə xanım bu həngaməni ərinə görə düzəldir? Əri onun ad günü şəkillərinə baxıb nə qədər qiymətli, hörmətli xanımı olduğunu görüb arvadına yenidən aşiq olsun?! Bəlkə bu onun kollektivimizdəki hansısa qadına və yaxud qadınlara verdiyi acıqdır? Bəlkə özü ad günü keşirməkdən xüsusi həzz alır? Bəlkə düşündüklərimi günü sabah Pərvanə xanıma deyim? Görəsən işdə ona bu vaxta qədər bu barədə bir söz deyən olubmu?
Axşam işdən çıxanda görürəm ki, üç-dörd nəfər Pərvanə xanımın güllərini və hədiyyələrini daşıyıb iri bir avtobusa yığır. Görünür, bu maşını onun əri göndərib.
Yəqin Pərvanə xanım gündüz otağında yaratdığı görüntünü axşam da evində yaradacaq. Əcəb məşğuliyyət tapıb özünə. Həyatsevər adamlar həyatdan zövq almaq üçün min bir səbəb tapırlar, amma mənim kimilər beyinlərini sarsaq fikirlərlə doldururlar.
Evdə xanımım qapını üzümə açan kimi, qızım onun böyründən çıxıb əlində tutduğu zənci qadın fiqurunu mənə göstərib deyir:
Ata, anamla bu gün zənci qıza ad qoymuşuq.
Həə? – qızımı əyləndirmək üçün guya təəccüblə soruşuram – Nə ad qoydunuz?
Qızım sinəsini qabağa verib həvəslə deyir:
2015, qış.
Dostları ilə paylaş: |