Əjdər ol qəzənfər müəllimgilin Şuşaya yürüşü portret hekayəLƏr yаzıçı Nаmiq Аbdullаyеvin ахırı



Yüklə 394,98 Kb.
səhifə18/21
tarix01.01.2022
ölçüsü394,98 Kb.
#104077
1   ...   13   14   15   16   17   18   19   20   21
2015

Cehiz

Yas yerində qarşı-qarşıya oturmuşduq. Görən kimi onu tanımışdım. Adı da dəqiq yadımda qalmışdı: Bəydəmir. O, qocalsa da, tanınmaz hala düşməmişdi. Qırğı gözləri yenə də adama iti-iti baxırdı. Saçları dümağ ağarmışdı, amma sıxlığını elə də itirməmişdi.

Baxışlarımız bir neçə dəfə toqquşdu. Adam məni tanıya bilməzdi. Düz qırx üç il idi mən bu adamı görmək istəyirdim, amma düzünü deyim ki, bir dəfə də olsun onun sorağına çıxmamışdım. Əslində Bəydəmir özü məni, yaxud bizim ailədən kimisə axtarmalıydı. Bəlkə də o, son illərdə bizim ata ocağımıza gəlib, həyət qapısını bağlı görüb çıxıb gedib, nə bilim?! Qonşulardan bizi soruşsaydı, xəbər tutardım. Axı heç olmasa ildə bir-iki dəfə boş evimizə baş çəkməyim var. Qonşumuz, həm də evimizə göz-qulaq olan İlyas kişini sonuncu dəfə təxminən iki ay bundan qabaq görmüşdüm, bir söz deməmişdi. Ata evimizlə daha maraqlanan yox idi, deyəsən dünyada hamı bilirdi ki, o evdə heç kəs yaşamır və yaşamaq fikrində də deyil. Bir İlyas kişiyə güvənirdim, o da əlimdən getmişdi. İndi elə İlyas kişinin yas yerindəyik. Mən Bəydəmirin İlyas kişini tanıdığını bilmirdim.

Molla fatihə verir. Böyür-başımız seyrəlir. Amma Bəydəmirlə mən yerimizdən tərpənmirik, yenə üz-üzəyik.

Fikrim uzaqlara gedir. Bir yaz səhəri idi. Yatağımızdan təzəcə durmuşduq. Görünür, bazar günü imiş. Atam bazar günləri bizimlə olardı. Hələ səhər yeməyi yeməmişdik. Bu, ondan yadımdadır ki, az sonra gələn qonaq da bizimlə süfrə başında oturdu.

Həyətdən səs gəldi. Atam həyətə düşdü, mən də onun arxasınca.

Atam yanaşı dayanmış oğlanla qızı görüncə gülümsəyib dedi:


  • Bəydəmir?!

“Bəydəmir ” adı ondan yadımda qaldı. Amma atam qızın adını çəkmədi, bəlkə də bilmirdi.

Bəydəmir pörtüb-qızarıb ikicə kəlmə deyə bildi:



  • Əmi, gəlmişik!

O, əynində güllü don, başında yaylıq, əlində balaca boxça olan qarayanız qızın əlindən tutmuşdu.

Atam işi başa düşüb, anamı səslədi. Anam gəlincə dilləndi:



  • Hacıbəyin oğludur, qız gətirib.

Mən atamın Hacıbəy dediyi kişini tanıyırdım, orta yaşlı adam idi. Təkəm-seyrək bizə gəlib-gedirdi.

Sonradan atam məni dostu Hacıbəygilə aparanda biləcəkdim ki, o, bizim balaca şəhərdən on-on beş kilometr aralıda salınmış qoyun fermasının müdiridir.

Anam qızın üzündən öpüb yuxarı apardı. Sonra atam, Bəydəmir və mən anamın açdığı süfrə başında əyləşdik. Anam yan otaqdakı qızın yanına girib çıxırdı, onun qulluğunda durmuşdu.

Atam Bəydəmirdən soruşdu:



  • Qanbay qızı sənə vermirdi? Niyə xalxın qızını qaçırdırdın? Dədən mənə desəydi, mən Qanbayı yumşaldardım.

Bəydəmir “Əmi!” deyib nə isə danışmaq istədi, amma boğazı qurudu, sözünün dalını gətirə bilmədi. Biz səhər yeməyini yeyib yığışandan sonra anam gəlib Bəydəmiri təbrik elədi:

  • Bəydəmir, qız qəşəng qızdır, ondan muğayat ol. Allah sizi xoşbəxt eləsin!

Söhbətdən başa düşdüm ki, qızın atası Qanbay, oğlanın atası Hacıbəyin çobanıdır. Mən qızın adını bilmək istəyirdim. İstəyirdim anam məni onun yanına aparsın. Ancaq anam ürəyimdən keçənləri üzümdən oxuya bilmirdi.

Axşam qızın adı anamın dilindən çıxdı, Güldəstə. Güldəstə girdiyi otaqdan bayıra çıxmırdı.

Ertəsi gün səhər atam fermaya xəbər göndəribmiş. Axşamçağı Bəydəmirin atası Hacıbəy gəlib oğlu ilə görüşdü. Ata-oğul həyətdə atüstü alçaqdan söhbət elədilər. Sifətləri çox ciddi və donuq idi. Anam qonağı çay içməyə dəvət eləsə də, atam evdə olmadığına görə Hacıbəy kişi yuxarı qalxmadı və çıxıb getdi.

İki gün sonra qızın anası gəldi. Hay-küylü bir arvad idi. Bəydəmirə, qızına gah qarğış eləyirdi, gah alqış.

Anam onu sakitləşdirib qızının yanına apardı.

Bəydəmir Güldəstənin anasının vay-şivənini eşidib bir qədər əvvəl mənim otağıma çəkilmişdi. Mən də Bəydəmirlə idim.

Ana-bala əvvəlcə hündürdən ağlaşdılar, yəqin ki, biri-birinə sarılmışdılar. Sonra yan otaqdan gələn ağlaşma səsi kəsildi.

Bəydəmir mənə məhəl qoymadan otağımda qaşlarını düyünləyib gəzişirdi. Sanki indicə nəsə bir fəlakət baş verəcəkdi. Hövsələm daraldı, Bəydəmiri otaqda qoyub eyvana çıxdım. Anam qonaqlara çay aparırdı. O, mənə baxıb gülümsündü. Deməli, Bəydəmirin mısmırığını sallamağına dəyməzdi.

Güldəstənin anası da bizdə çox oturmadı, qızı ilə söhbəti uzun deyilmiş, çayını içib çıxıb getdi.

Aradan bir gün, ya iki gün keçərdi, dəqiq yadımda deyil, axşam atam anama xəbər gətirdi ki, Hacıbəylə Qanbay barışıblar, toy tədarükündədirlər. Bəydəmirin üzü güldü! Anam xoş xəbəri tez hələ də gözə görünməz olub otaqdan bayıra çıxmayan Güldəstəyə apardı.

Atam da, anam da sevinirdilər. Qızları qaçırıldığına görə qız evi qanı qaraçılıq, peşmançılıq salmamışdı, milisi-zadı ortaya qatmamışdı.

Ertəsi gün səhər Bəydəmir Güldəstəni anama bərk-bərk tapşırıb getdi.

Əslində mən hekayəni bundan sonra baş verən əhvalata görə yazıram. Həmən məsələ hekayə bitəndən sonra da davam edəcək.

Gün əyilmişdi. Həyət qapımızın ağzında bir yük maşını dayandı. Pəncərədən baxıb gördük ki, maşının kabinəsindən Güldəstənin anası düşdü. Maşının banında sarı kağıza bükülmüş yüklər vardı. İki tərəfdən yüklərin hər böyründə bir cavan oğlanın başı görünürdü. Anamla həyətə endik.

Güldəstənin anası yeyin addımlarla anamın üstünə gəldi. Onlar qucaqlaşıb öpüşdülər. Güldəstənin anası sevincək dedi:


  • Güldəstəyə bir maşın cehiz alıb gətirmişəm!

  • Çox mübarək! Çox mübarək! Allah balanı xoşbəxt eləsin! – deyən anam qonağı qızının yanına çıxartdı.

Mən həyətdə qaldım. Onlar yuxarıda Güldəstə ilə ayaqüstü görüşüb geri döndülər.

Anam mənə səsləndi:



  • Darvazanı aç!

Qaçaraq gedib darvazanı açdım. Yük maşını nərilti ilə həyətimizə girdi. Güldəstənin anasının göstərişi ilə sürücü və maşının banındaki oğlanlar yük yerindən sarı kağıza bükülü ağır şifoneri və servantı biri-birinin ardınca düşürüb hıqqana-hıqqana şüşəbənd eyvanımıza qaldırdılar.

Gələnlər gedəndən sonra anam qolundan tutduğu Güldəstəni otaqdan çıxarıb şüşəbəndimizin küncündə yanaşı qoyulmuş şifonerlə servantın yanına gətirib dedi:



  • Gör anan sənə nə gözəl cehiz alıb?!

Güldəstə qızardı. Deyəsən o, anamdan yox, məndən utanırdı.

Axşam atam işdən qayıdanda mən Güldəstənin cehizinin niyə bizdə qoyulduğunun səbəbini bildim .

Anam atama dedi:


  • Oğlan evi deyib ki, gəlinin iri cehizini qoymağa yerimiz yoxdur, oğlana təzə kümə qaraldaq, sonra apararıq.

Atam gülümsədi:

  • Onlara nə var ki, iki həftəyə qamışdan, palçıqdan ev tikib yığışırlar içinə.

Üç gündən sonra Bəydəmirin adamları Güldəstəni bəzəndirib-düzəndirib, damba-durumla bizim evdən gəlin apardılar.

Çalğı səsinə qohum-qonşu da yığılmışdı. Anamın gəlin maşınına qırmızı xələt bağladığı indiki kimi yadımdadır.

Bu hadisədən sonra Bəydəmiri, Güldəstəni, onun anasını daha bizə gələn görmədim. Amma Hacıbəy ara-sıra atamı yoluxardı. Sonralar onun da ayağı bizim evdən kəsildi. Ancaq bizim ailədə hamı gözləyirdi ki, bir gün ya Hacıbəy, ya Bəydəmir, ya da onların ailəsindən kimsə cehizlik şifonerlə servantın dalınca gələcək. Biz əmanəti qoruyurduq. Şifonerlə servant fikrimizi çox məşğul edirdi. Atam arada deyirdi ki, bəs bazarda Hacıbəyi gördüm, cehizi yadına saldım, yönlü bir cavab vermədi.

İllər ötdü, bir gün atam xəbər gətirdi ki, Hacıbəy ölüb. Atam onun yasına gedibmiş, o söhbətin yeri olmadığına görə oğlu Bəydəmirə şifonerlə, servant barədə bir söz deməyib.

Bu söhbətdən çox vaxt keçib. Ata evimizdə on səkkiz ildir ki, heç kəs yaşamır. Daha bu həyətdə heç bir hadisə baş vermir.

Mollanın yenidən fatihə verməsi məni atam, anam, həyətimiz, uşaqlığım, yeniyetməliyim haqda düşüncədən ayırdı.

Fatihədən sonra Bəydəmir ayağa qalxdı. Mən də onun dalınca ölü yiyəsinə başsağlığı verib çadırdan çıxdım.

Çöldə ərklə Bəydəmirin qoluna girdim. O, məni tanımasa da, gülümsədi.



  • Bəydəmir, - onu çox nigaran saxlamadım – mən Əmirin oğluyam.

  • Allah Əmir əmiyə, anana rəhmət eləsin! Onlar öləndə buralarda olmamışam, yoxsa gələrdim. – həmsöhbətim ah çəkdi – Gör, aradan neçə illər keçib?! Mən o vaxtı Güldəstəni götürüb sizə qaçmışdım. Onların balaca bir oğlu vardı, həmin oğlan sənsən?

  • Hə, mənəm!

  • Eh!...

Bəydəmir kövrəldi, görünür, gənclik illəri xəyalından keçdi.

  • Bəydəmir, – vaxtım az olduğu üçün birbaşa mətləbə keçdim – niyə bizdə qoyduğunuz amanatı gəlib aparmırsınız?

Bəydəmir donub xeyli mənə baxdı. Deyəsən, mənə baxa-baxa onun xırda gözlərinin gilələri quyunun dibinə düşdü. O gözlərinin gilələrini quyunun dibindən çıxartmaq üçün gözlərini qapadı. Bəydəmir gözlərinin qapaqlarını qaldıranda artıq gözlərinin gilələri yerinə gəlmişdi. Ancaq onun gözləri donmuşdu. Bu təəccübdən imiş:

  • O şifonerlə servant hələ durur?!

Başımla onun dediyini təsdiq etdim.

Bəydəmir cibindən bir siqaret götürüb damağına qoydu və alışqanla siqaretini yandırdı. Dərin bir qullab vurub dedi:



  • Sizdə səbr var e...

Sonra siqaretindən bir qullab da vurub sözünə davam etdi:

  • Toyumuzdan sonra fermada balaca bir kümə qaraladıq. Ora mebel sığışmazdı. Güldəstəni sizə qaçıranda boyunda ikiaylıq uşaq vardı. Qorxurduq ki, bilən olar. Qoşulub qaçdıq, biabırçılıqdan qurtardıq.. Baş necə qarışdısa, bir də gördük iki uşağımız var. Sonra atam qəfildən öldü. Fermada qalmaq istəmədik, köçdük Sibirə. Yazıq Güldəstə Sibirdə hərdən “cehizim” deyib ağlayardı. On səkkiz il Sibirdə, Tomskda yaşadıq. İşim, maaşım pis deyildi. Güldəstə oranın havasını götürmədi, xəstələndi. Qayıtdıq bu xarabaya. On bir il bundan qabaq Güldəstəni itirdim. Nəvələrim var. Yenə həmin fermadayıq. Oğlumun ikisi də yanımdadır. Həyat oyun-oyuncaq imiş.

Onun sözünü qurtardığını və siqaretinin kötüyünü yerə atdığını görüb dilləndim:

  • Bəydəmir, istəyirsən gedək mebellərə baxaq?

Bəydəmir əvvəl “hımm” elədi, sonra tutuldu və kövrək-kövrək başını buladı:

  • Güldəstə sağ olsaydı, hə, gedərdim...

O, üzüntü içində məndən ayrıldı.

Bəydəmirlə görüşdən dörd ildən çox vaxt keçib. Ondan hələ xəbər-ətər yoxdur.


2015



Yüklə 394,98 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin