Oslo ilə tanışlıq
Gecə Osloda restorandan çıxıb taksi ilə otelə qayıdanda saat on ikiyə qalırdı. Üç nəfər idik, üçümüz də içkili. Mənə elə gəlirdi ki, mən yoldaşlarımdan bir balaca ayığam, çünki, onlara baxanda daha sərbəst, daha diri yeriyirdim. Otelin karusel kimi fırlanan qapısından birtəhər içəri keçib foyedə boy-boya dayandıq. Bizdən – Fikrət müəllimdən və məndən – beş-altı yaş böyük Tapdıq müəllim təklif etdi ki, gəlin foyedə oturub nəfəsimizi dərək, hərəmizə bir fincan çaydan-zaddan nəsə bədənə vuraq, sonra yuxarı qalxarıq. Razılaşıb hərəmiz bir kresloya tərəf getdik. Yorulub heydən düşmüşdük. Kresloda yayxanıb əyləşmək adama ləzzət verirdi.
Günümüzün proqramı çox sıx olmuşdu. Şəhər meriyasında qısa görüşdən sonra bələdçi ilə şəhərə çıxmışdıq. Uzaq məsafələrə meriyanın verdiyi maşında getsək də, daha çox piyada hərlənməli olmuşduq. Ölkəmizdə hərəmiz bir rayonun icra hakimiyyətində çalışırdıq. Bakıdan Oslo şəhəri ilə tanış olmağa göndərilmişdik. Norveçin paytaxtının planlaşmasından, arxitekturasından, mədəni mühitindən tutmuş mətbəxinə qədər hər şeylə maraqlanırdıq. Biznes mərkəzində, Neft Fondunda, Sosial Rifah nazirliyinin şəhər şöbəsində, Nobel Sülh mükafatının təqdim edildiyi, divarları iri sarımtıl mozaikalarla bəzədilmiş muzeyin nəhəng salonunda, parklarda, küçələrdə, baş kilsədə... haralarda olmamışdıq?
Günorta əlüstü nahar etdiyimizə görə axşam özümüz xudmani bir restoranda möhkəm oturmuşduq, yeyib-içib yükümüzü tutmuşduq.
Tapdıq müəllim əlinin işarəsi ilə xidmətçini yanımıza çağırdı. O, kofe sifariş etdi, bizsə limonlu çay istədik. Xidmətçi aralanandan sonra məlum oldu ki, bir an əvvəl üçümüzün də beynindən eyni fikir keçib. Üçümüzü də xidmətçinin qoca olması düşündürüb. Yoldaşlarım qoca xidmətçini necə təsvir edərdilər bilmirəm, ancaq mənim təsvirimdə o, belə görünürdü: İpək kimi gümüşü saçları seyrək, azacıq boynu batıq, uzun, arıq, cəld, nəcib görkəmli, xəfif təbəssümlü birisi. Mülayim baxışları vardı.
Heç beş dəqiqə keçməmişdi, qoca xidmətçi dediklərimizi gətirib qənşərimizə düzüb getdi. Tapdıq müəllimlə Fikrət müəllim, elə mən də deyəsən, qocanı gələndə öndən, gedəndə arxadan bir də başdan ayağa süzdük.
Tapdıq müəllim mızıldandı:
Görəsən bu inventarı haradan tapıblar?
Fikrət müəllim sanki onun cavabını verdi:
Mən uşaq olanda kəndimizdə bir suyu bu kişiyə oxşayan çayçı Sərxan vardı. Əlli ildi çayçılıq edirdi. O vaxt çayxanalarda çayniklə çay verməzdilər. Əllərində yeddi-səkkiz çay stəkanını üst-üstə yığıb birdən gətirərdi. Çox zarafatcıldı. Hərəyə bir şəbədə qoşardı. Məsələn, biri ona müştərilik eləyib xeyir vermirdisə, yəni çayxanaya ayaq basmırdısa, ondan söz düşüncə söhbətin şirin yerində ucadan soruşardı: “Hansı Dədəxandan danışırsınız, o, kişidir, yoxsa arvad?”
Mən yoldaşlarıma çay içə-içə qulaq asdığıma görə çayımı tez içib qurtardım. İkinci fincanı sifariş etmək istəyirdim. Elə bu anda qoca xidmətçi bizə yaxınlaşıb nəzakətlə dedi:
Cənablar, beş dəqiqədən sonra mənim xidmət saatım bitir, əlavə bir şey buyuracaqsınızmı?
Mən ikinci çayı sifariş verdim. Yoldaşlarım isə hələ indi əllərini fincanın qulpuna atdılar.
Qoca xidmətçi çayımı gətirəndə Tapdıq müəllim dilləndi:
Mən çay da istədim, zəhmət olmasa bir çay!
Qoca xidmətçi saatını göstərərək təbəssümlə dedi:
Tapdıq müəllim cəld cibindən 20 avroluq çıxardıb qoca xidmətçiyə uzadaraq xahişini təkrarladı:
Xahiş edirəm, mənə bir çay!
Qoca xidmətçi pula sarı baxmadı və üzündəki əvvəlki təbəssümlə çıxıb getdi.
O, gedəndən sonra biz təxminən on beş dəqiqə də oturduq, ancaq qoca xidmətçi daha gözə görünmədi.
Ertəsi gün gecə otelə dünənkindən bir saat tez qayıtmışdıq. Yenə foyedə çay içmək istədik. Bu dəfə xidmətçi cavan bir oğlan çıxdı. Danışığından məlum oldu ki, ukraynalıdır. Adı da Mikola. Bizə istiqanlı yanaşırdı. Necə olsa, sovet dövründən qalmışdıq, bir ölkənin vətəndaşı olmuşduq. Dilim dinc durmadı, dünənki qoca xidmətçini soruşdum. Mikola dilləndi:
Hə, Arnold dayını deyirsiniz. O, sabah bu vaxt burada olacaq. Çox zirək qocadır. Onu Osloda çoxları tanıyır. Məsul vəzifələrdə çalışıb, hətta on beş-iyirmi il əvvəl bir müddət bu ölkənin hansısa naziri olub.
Tapdıq müəllim təəccüblə soruşdu:
Fikrət müəllim də heyrətləndi və Tapdıq müəllimin sualına əlavə etdi:
Keçmiş nazir indi gəlib oteldə xidmətçilik edir?
Xidmətçi gülümsədi:
Bu ölkədə belə şeylərə adi baxırlar. Arnold dayı sadə adamdır. Tək yaşayır. Bir oğlu var, o da cavanlıqdan ruhi xəstədir, uzun illərdi dəlixanadadır. Arnold dayı həvəsdən düşmür, çalışır. Burada bizə verilən maaşın yarısına işləyir. Söhbətimiz olub, özünün dediyinə görə bu işdən nə qazanırsa, hamısını oğlu yatan dəlixananın hesabına köçürdür.
Fikrət müəllim soruşdu:
Məgər dəlixana onun qəpik-quruşuna qalıb?
Mikola çiyinlərini çəkdi:
Mikola aralanıb getdi.
Deyəsən, üçümüzün də qoca xidmətçiyə ürəyi yandı. Mən bunu öz içimdən, yoldaşlarımın üzündən hiss etdim.
Biz otaqlarımıza çəkildik. Sabah səhər İstanbula, oradan da Bakıya dönəcəkdik. Yır-yığış eləyib çamadanımı yığmağa başladım. Hərdən otellərdə nəyisə unutmağım var, ona görə də diqqətimi toplamışdım. İşimi qurtaranda gözüm stolun üstündəki bir cüt nara sataşdı. Bakıdan on-on iki nar gətirmişdim, paylamışdım, qalanı bunlardı. O dəqiqə fikrimdən keçdi ki, sabah səhər oteldən çıxanda bu iki narı sellofan torbaya qoyub resepşndə buraxım, qoy bir müştəri adından qoca xidmətçiyə çatdırılsın. Yəqin ki, qoca Arnold o qoşa nardan ya birini, ya da elə ikisini də mütləq dəlixanadakı oğluna aparacaqdı.
Dostları ilə paylaş: |