2006-cı il, yay
Qrafoman
Bayaqdan qələmi əlimdə oynatsam da, yazıya girişə bilmirəm. Canımda hey yoxdur, ərincək olmuşam. Dünən də çox vurnuxdum, ortaya bir şey çıxmadı. Özümü yumşaldıb yola gətirməkdən ötrü dodaqaltı mızıldana-mızıldana vərəqin qırağında yazdığım ilan-qurbağa cızmaqaranı höccələyirəm: “Dadaş, belə olmaz axı, yanın yerdə tikiş tutmur. Dörd həftədir, bir yazının başlığını qoyub dümələnirsən. Yaxşı, getdin Romanı da, Vatikanı da gəzib-dolanıb gəldin. Gördün də, sezarların sağlığında qan-tərlə yonulmuş, təmtəraqlı açılış bayramları olmuş qədim Romanın möhtəşəm köhnə binaları necə uçub tökülüb? Ələ gələn yazılı daşları, heykəlləri, büstləri yığıb doldurublar Vatikan muzeyinə. Tikilməsini boyunlarına götürdükləri üçün fasadına on üç ölkə padşahı ilə bərabər Osmanlı sultanı Əbdülhəmidin də adı yazılmış Vatikan kilsəsinə girəndə az qala bağrın yarılmışdı. Neçə yüz illər dünyanın fikir, ideya mərkəzi olmuş Vatikanın azman divarlarının sirli görkəmi, qorxuncluğu səni əzmişdi və sübut eləməyə çalışmışdı ki, hələ də onun pəncəsi altındasan. Yaxşı ki, sağ-salamat vətənə qayıtdın, başın ayazıdı, özünə gəldin. Hətta, təzədən vurub getdin Qəbələyə, təmiz hava uddun, yedin, içdin, yatdın, dincəldin, halal xoşun olsun! Bəsdi də. Getdikcə cızığından çıxırsan. Əlin qələmdən soyuyub. Yazı masası arxasında oturmusan, ancaq fikrini cəmləyə bilmirsən. Gözləyirsən zəng gəlsin, qələmi atıb cumasan telefona və özünü inandırasan ki, məşğulsan. Amma gözünə döndüyüm telefon susur. Dinşəyirsən birdən arvad-uşaq sənin adını çəkər. Xasiyyətinə bələdəm, adını birinin dilindən eşidən kimi kəsdirəcəksən onun cənəsinin altını. Hə, nə var, nə olub? Tərslikdən adını tutan yoxdur. Hesab elə ki, unudulmusan, lap belə sən hec kəsə lazım deyilsən. Sonra? Hə, çay dalınca da gedə bilməzsən, qənşərindəki dolu armudu stəkan səni marıtdayır. Heç dara-bara eləmə, az qurcux, stulun boşalmış ayağını yumruqla yerinə bərkitmək vaxtaparan iş deyil. Zəhmət çək, yerini rahatla, qaxıl otur cırıldayan stulunda. Yazının adını “Qrafoman” qoymusan, elə bilirsən əldə qələm tutmaq asandır? Havayı yazı yazılır? Gərək can yandırasan, kürəyinin arasından tər getsin!
Haqqında yazacağın qrafoman deyir ki, onun yazı masası arxasında bir oturumu üç-dörd saatdır. Ancaq sən?!..”
Nə isə...
Qeydlərdən gözümü çəkib qələmi barmaqlarımın arasında bərk-bərk sıxıram, aha, deyəsən canıma istilik gəlir...
Hə də, “Qrafoman” – yazı-pozu düşkünü deməkdir, bunu hamınız bilirsiniz. Özünüzə götürməyin, haşa sizdən, əskiklik gətirən sözdür, mayasında horralıq, cövhərində qaxınc, sərki qatışığı var. Ancaq mən bu sözü necə lazımdırsa elə, sevə-sevə, tumarlaya-tumarlaya işlədəcəyəm, yandı-qındı verməkdə canı-başı özü ilə olmayan əbləhlər kimi qımışa-qımışa deyil, yumşaq səslə, gülümsəyə-gülümsəyə deyəcəyəm. Bəri başdan söz verirəm ki, mətndə mən tərəfdən özünü dartmaq və yekəxanalıq söhbəti olmayacaq. Çünki haqqında yazacağım qrafoman, həqiqətən tikansız, yapışıqlı, canlara dəyən kişidir. Özü də yaşa dolduqca şirinləşir. Üzü elə bilirsən, projektordur. Lazım oldu olmadı yanır, işiq saçır.
Qrafomanın bir ucdan yazıb sapa düzdüyü bivec, sarsaq şeirlər heç kəsin, xüsusilə qələm yoldaşlarının zərrəcə xətrinə dəymir, əksinə, şair tay-tuşları, ədəbi mühitin istedad dərəcəsindən, kateqoriyasından və yaşından asılı olmayaraq bütün üzvləri onu tədbirlərdə, görüşlərdə, xeyirdə-şərdə qabağa verirlər.
Sanki başqa cür ola bilməz; o, yığıncaqlarda mütləq çıxış etməlidir və sözünü şeirlə bitirməlidir. Amma, öyütikilmişin oğlunda bir boş xasiyyət var ki, kəsədən gedə bilmir, yazdıqlarının ucdantutma hamısı uzundərədir. Hələ bu cəhənnəmə, birtəhər ötüşdürmək olar. Dözülməzi odur ki, həmkarım kürsüyə, mikrofona yerikləyir, telekamera görəndə hövllənir, qanı coşur. Bəzi məşhurlaşmış zirək ziyalılarımız kimi baxmaz mikrofonu kim qoydurub, yığıncağının məqsədi nədir, fürsət tapıb kürsüyə pərçimlənəcək. Mən onun bu sərək hərəkətini dəfələrlə görmüşəm. Çəkindirmək istəsəm də, xeyri olmayıb. Sonuncu dəfə Şamaxıda Sabir poeziya günləri keçiriləndə o, ara vermədən üç şeiri biri-birinə calayıb oxudu. Özünü elə apardı ki, guya havaya üfürdüyü bir şeirdir. Nə var-nə var, AzTV-nin bu tədbirə həsr etdiyi verilişdə efiri çox tutsun. Daha bilmir ki, belə maymaqlıqla AzTV-də ədəbiyyat məsələlərinə baxan Sadıq müəllimə kəf gələ bilməz. Buna deyən gərəkdir ki, lap mən ölum, kamera qabağında yarım saat xoruzlandın, bəs lentə alınan materialın montajı? Bəs qayçılama? Alkoqolik içkidən, narkoman iynədən doyub-dolanmadığı kimi bu da şeir yazmaqdan və tədbirlərdə sinəsini qabardıb ağzından od püskürtməkdən usanmır. Şeir oxuyanda ona qulaq asdılar-asmadılar, bəxtəvər oğlunun vecinə deyil, yazdığını axıra qədər guruldatmalıdır. Özü də qiraət vaxtı sanki azan verir, qəti tempdən düşmür, necə başlayıbsa, elə də nöqtəni qoyur. Allahtərəfi, demək lazımdır ki, onun elədiyini də hər yetən bacarmaz. Məsələn, Azərbaycanda əl-əl gəzsən, ona bənzər handa bir şair tapmaq olar ki, oxuduğu şeir məclisin boyuna biçilmiş olsun. Əruzda yaza bilmədiyinə görə onu meyxanaçılarla müqayisə eləmirəm, həm də meyxana deyənlər çox şitini-şorunu çıxardırlar. O nə sözdür, “Oho-oho, necədür sənünçün?” Bu kişidə bəy vasvasılığı var, hər sözü yağlayıb yun parça ilə par-par parıldadandan sonra misraya oturdur. Yazı-pozusunda nöqtə, vergül, qafiyə-zad yerli-yerində olur. Şeirlərində nöqtə-vergül işlətməyənlər barədə deyir ki, onlar nöqtə-vergülü mətndə haralara qoymağı bilmədiklərinə görə durğu işarələrindən imtina edirlər. Şeirləri kimi onun geyim-keçimi də səliqəlidir. Əynindəkilər ucuz, nimdaş olsa da, zalım oğlu, ütülü-mütülü, daram gəzəndir, hətta bəzən hündür boyunu elə şax saxlayır, elə bilirsən cavanlığında Türkiyə ordusunda üç il təpik döyüb.
Hər bir yığıncağa getməyə vaxt tapır, hamının işinə yaramağa çalışır. Məsələn, kimdir canına cəfa basıb qələm dostunun oğlunun toyuna “Ey qələm dostumun oğlu Vilayət!” rədifli on dörd-on beş bəndlik şeir həsr edən? Lap bu şeir kəllə suyu olsa da.... Toy hər şair üçün poeziya axşamı ola bilməz. Kimsə deyə bilər ki, bunun nəyi pisdir? Guya toyda sağlıq deyənlər gül vurur? Heç olmasa bunun dediyi qafiyəli, ritmli sağlıqdır. Həm də adamın beynini deşən gur musiqidən min dəfə yaxşıdır.
Hər gördüyünə kitabını versə də, mən yüz faiz bilirəm ki, onun şeirlərini heç bir kopoyoğlu, köpəkqızı oxumur. Kimisə qınamıram, onda oxunulası bir şey də yoxdur. Amma şeiri pis demir. Özü isə, bayaq dediyim kimi, keçiləsi adam deyil.
Rəhmətlik baməzə şair Rəfiq Zəka Xəndan danışırdı ki, Özbəkistanda yaşayan bir soydaşımız Bakıya qonaq gəlmişdi. Qonağımın şairlik damarı da vardı. İş elə düşdü ki, onunla üçü verilən bir alimin hüzürünə (Yaxşı, siz deyən olsun “Hüzn” yerinə) gedəsi olduq. Məclisin gur yerində qonağım qulağıma pıçıldayıb mərhum haqqında şeir oxumaq istədiyini bildirdi. Çaş-baş qaldım, bu nə deyir ə?! Bizim yas yerlərimizdə məclis təkcə mollanındır. Bəlkə Özbəkistanda hüzürdə şeir oxumaq dəbdədir?
Qonağımı fikrindən daşındırmaq üçün yavaşca ondan soruşdum:
- Sən ki, rəhmətliyi tanımırdın, heç adını da bilmirsən, haçan ona şeir qoşdun?
- Mən onun haqqında tipovoy (birtipli - red.) şeir oxuyacağam.
- O necə olur?
- Bir layihə ilə yüzlərlə eyni cür ev, məktəb, xəstəxana, kitabxana tikmirlər?
- Noolsun?
- Necə noolsun? Ölü ölüdür də. Mən ölüm haqqında da, ad günü haqqında da, yubiley haqqında da, toy haqqında da... tipovoy şeirlər yazmışam. Hər tipovoy şeirimin birinci misrasında altı hecalıq boş yerim var, səbəbkarın adı üçündür. Adı həmən yerə dürtüşdürüb, barıtı alışdırıram.
- Birdən tutaq ki, mərhumun adı altı hecalı olmadı, məsələn üç, dörd, yaxud beş hecalı oldu, bəs onda?
- Əvvəla, kimdir yas yerində heca hərriyən? İkincisi də, nə var şeirə su qatmağa? “Əli”nin dalını-qabağını sözlə doldurmaq çətin işdirmi? Məsələn: “Əziz dostum Əli!” əgər müəllimdirsə, “Ey Əli müəllim!”, həkimdirsə, “Bizim Əli həkim!”, qohumdursa, “Canım-gözüm Əli!” və sair.
Gördüm biabır olacağam, qonağımın gözünü oğurlayıb arada gəzən cavan xidmətçiyə pıçıldadım ki, mollaya de, fatihə versin. Fikrim qonağı məclisdən aralamaq idi. Demə, cavan xidmətçi xam imiş. Sağ əlinin iki barmağını qoşalayıb yanımızdan mollaya uca səslə işarə verdi:
Molla əmi, iki nəfərlik fatihə ver, getmək istəyən var!
Bu xidmətçiyə deyən gərəkdir ki, ay uzunqulaq, “iki nəfərlik fatihə” nə olan şeydir? Niyə məni qonağın yanında başıaşağı eləyirsən?
Yaxşı ki, molla tez qanımın arasına girdi. O, fatihə verən kimi qonağımın qolundan tutub yas yerindən çıxartdım. Məclisdən çıxanda göz qoyub gördüm ki, içəridəkilər xısın-xısın bizə gülür. Pərt oldum. Özbəkistanlı qonağım mərhum haqqında tipovoy şeirini oxusaydı, bundan da betər olacaqdı.
Dostları ilə paylaş: |